• cümə, 19 Aprel, 02:29
  • Baku Bakı 18°C

Obrazı necə yaratmalı?

14.10.19 12:03 884
Obrazı necə yaratmalı?
Məşhur Amerika yazıçısı Ernest Heminqueyin gənc yazarlara belə bir tövsiyəsi var: "Elə bir obraz yaradın ki, onu öz yanınızda görə biləsiniz, yaratdığınız obraz ətrafınızda dolaşa bilsin. Heminquey sözün əsl mənasında dünyanı gəzib, görmüş bir sənətkar olub. Bir neçə dəfə ailə qurub, ayrı-ayrı şəhərlərdə yaşayıb, müxtəlif qadınlara sevgi macərası olub. Yəni onun təcrübəsi və həyat yolu imkan verib ki, belə bir məsləhət versin.
Ədəbi obrazlar, əslində, canlı varlıqlardır. Onların ömrü hətta insan ömründən də uzundur. Servantesin Don Kixotu, Tolstoyun Anna Kareninası, Şekspirin Hamleti, Floberin Madam Bovarisi, Coysun Ulissi bizimlə birgə yaşayır, bizdən sonra da yaşayacaq. Biz tez-tez hər gün bu qəhrəmanları xatırladan insanlarla rastlaşırıq. Bəzən elə olur ki, müəllif ikinci plana keçir, onun yaratdığı qəhrəman daha çox qabarır. Məsələn, Don Kixot obrazını buna misal çəkmək olar. Məncə, Migel de Servantes tanınmaqda öz obrazından geri qalır. Buna müəllifin xoşbəxtliyi də demək olar, bir az da müasir düşüncə ilə yanaşsaq müəllifin ölümü də deyə bilərik. Azərbaycan ədəbiyyatında da dillər əzbəri olan, özünə müstəqil yaşamaq hüququ qazanan ədəbi qəhrəmanlar var. Mirzə Cəlilin Şeyx Nəsrullahı, Mirzə Fətəli Axundovun Hacı Qarası kimi obrazlar özgür yaşamaq hüququ əldə ediblər.
Ədəbi tənqidçilərin bir qismi hesab edir ki, əsərin qəhrəmanı yadda qalmalı, oxucuda dərin təəssürat oyatmalıdır. Qəhrəmanı xatırlanmayan əsər uzun müddət yaşaya bilməz, unudulacaqdır. Bəzi tənqidçilər isə düşünür ki, əsas əsərin süjeti yadda qalmalıdır, hadisələr oxucunun cəlb etməlidir. Qəhrəmanlar obrazlar yadda qalmasa da əsərin süjet xətti oxucunu təsiri altına almalıdır.
Bəs bu obrazı necə yaratmaq lazımdır? Ona əbədi həyat qazandırmaq üçün yazıçı nə etməlidir, necə yazmalıdır? Bu sual yazıçıların heç də hamısını maraqlandırmır. İndi kitab bazarında daha çox gündəmdə olmaq və çox satılmaq əsas meyara çevrilib. Yenə qayıdıram Ernest Heminqueyin gənc yazarlara tövsiyəsinə. İndi bu tövsiyə nə qədər aktualdır. Dünyada ədəbiyyatın istiqamətinin dəyişdiyi, hətta postmodernizimin də köhnəldiyi bir dövrdə Heminqueyin məsləhəti öz dəyərində qalırmı? Təbii ki yazıçı yaratdığı obrazı hiss etməli, görməli və ona inanmalıdır. İndiki ədəbi tələblərlə yanaşsaq yazıçı öz obrazını bu tələblərdən kənarda da saxlaya bilər. Lakin əsas məsələ odur ki, oxucu əsərin qəhrəmanlarına inansın.
Yazıçı öz qəhrəmanını necə seçməlidir? Həyatdan, tanıdığı adamlardan, şahidi olduğu hadisələrdən, yoxsa özündən əvvəlki dövrdən, tarixdən götürməlidir? Bəlkə təxəyyülündə yaratmalıdır, fantaziyasını işə salmalıdır, mətn içində olan mətnlərdə gizlənməlidir? Bəlkə, paralel zamanlar içində olmalıdır qəhrəman, həm indiki həm keçmişi həm də gələcəyin içində var-gəl etməlidir? Bu suallar qalsın bir yana. Mətnə necə başlamaq lazımdır? Yazacağı əsərin süjetini əvvəlcədən düşünürlər, yoxsa hər şey yazanda meydana gəlir. Reallığı yazmalı, yoxsa özündən uydurmalı? Olmuş hadisəni öz əlavələrinlə zənginləşdirib oxucuya təqdim etsə necə olar? Bəs qəhrəmanların adları? Onlar necə olsun, təsadüfi bir ad, yoxsa obrazı ifadə edən ad olmalıdır? Bəlkə, yazıçı qəhrəmanının əvəzinə danışmalıdır, obrazı müəllifə çevirməlidir? Digər tərəfdən müəllif qarşısında mürəkkəb, yoxsa sadə yazmaq sualı da var. Oxucu sadə əsərləri başa düşdüyünə görə bəyənməyə bilər. Ya da qarışıq süjetlər, mürəkkəb cümlələrlə oxucunu qaranlığa salmaq lazımdır...
Bu qədər sualların qarşısında müəllif elə yazmalıdır ki, oxucuda əlavə sual yaranmasın.

Səxavət Sahil
banner

Oxşar Xəbərlər