• çərşənbə axşamı, 19 mart, 13:13
  • Baku Bakı 8°C

“O, yazdıqlarından da nəhəng insandır”

19.06.17 11:40 6542
“O, yazdıqlarından da nəhəng insandır”
Kaspi” qəzeti yeni layihəyə start verib. Bu layihə çərçivəsində başqa dillərdən tərcümə olunan bədii əsərlərin tərcüməçiləri ilə ədəbi söhbətlər edəcəyik. Layihənin ilk qonağı məşhur İranlı yazıçı Mustafa Məsturun, eləcə də digər Şərq müəlliflərinin tərcüməçisi Ariz Tarverdiyevdir. Onunla Mustafa Məsturun "Cüzamlı əllər və donuz sümüyü”, "Tanrının ay üzündən öp” və "Mən sərçə deyiləm” romanları haqqında söhbət etdik.
– Necə oldu ki, İran ədəbiyyatından Mustafa Məsturun yaradıcılıq nümunələrini tərcümə etmək qərarına gəldiniz?
– Mustafa Məsturdan başqa da müraciət etdiyim İran yazarları var. Amma məni ən çox onun əsərlərinin tərcüməçisi kimi tanıyırlar. ATV ilə "Parlaq imzalar” nəşriyyatının birgə layihəsi var. Mənə "Tanrının ay üzündən öp” əsərini tərcümə etməyi təklif etdilər. ATV kitab layihəsində nəşr olunan bu əsər böyük əks-səda yaratdı. Oxucular tərəfindən müsbət rəy qazandı. Ümumilikdə, mən Mustafa Məsturun ilk romanını 2010-cu ildə tərcümə etmişəm. 7 il bundan əvvəl. Bundan başqa Sadiq Hidayət, Qulam Hüseyn Saidi, Cəlal Al-Əhməd və digərlərinin də əsərlərini tərcümə etmişəm. Mustafa Məsturu kəşf etməyim də elə həmin illərə təsadüf edir. Tehranda kitab sərgisində iştirak edirdim, "Cüzamlı əllər və donuz sümüyü” kitabı əlimə keçdi. Bakıya gələndən bir müddət sonra oxudum. Roman çox xoşuma gəldi. Belə bir ehtiyac yarandı ki, bu romanı Azərbaycan dilinə tərcümə edim. O, əsəri tələbəlik vaxtında tərcümə edib, "Qanun” Nəşriyyatına verdim, bəyənildi.
Mustafa Məsturu da ilk dəfə Bakıya dəvət etdik. Özü də imza mərasimində iştirak etdi. Biz "Parlaq İmza”larla birgə müəlliflə müqavilə bağlamışıq. Onun bütün əsərlərini tərcümə edəcəyik. Bunun özü də mənə bir üstünlük qazandırır. Çünki onun əsərlərini tərcümə etdikcə, inkişaf tendensiyasını müşahidə edib, üslubunu tam mənada dərk edirsən. Belə olan halda da, yazarın işlətdiyi metaforaları, ibarələri, cümlələrin sətiraltı mənalarını çözmək asan olur. Mustafa Məsturun artıq 3-cü romanıdır ki, tərcümə etmişəm. Biz onun xahişi ilə əsərləri sıralaması üzrə tərcümə və çap edirik. Yəqin istəyir ki, Azərbaycan oxucusu onun əsərlərini təkamül sırası ilə oxusun.
– İtalyanların belə bir sözü var: "Tərcüməçi müəllifə xəyanət edir”. Eko isə deyir: "Tərcüməçi müəllifin meymunudur”. Siz necə düşünürsünüz? Mustafa Məsturu tərcümə edərkən xəyanət halları olubmu?
– Bu fikri təqlid anlamında söyləyiblər. Meymunlar insanları təqlid etdiyi kimi, tərcüməçi də mətnə obrazlı yanaşaraq, mövzunu izah etməyə çalışır. Hesab edirəm ki, tərcümə özü də elə təqliddən başlayır. Dilin özü müəyyən mənada təqliddən başlayıb. Təbiətdəki səslərin təqlidi ilə sözlər yaranıb. Bunlar ən qədim sözlər hesab olunur. Müəyyən mənada tərcümə də təqliddir. Xəyanət məsələsinə gəlincə, hesab etmirəm ki, tərcüməçi bilərəkdən yazara xəyanət edir, yaxud da etməlidir. Söhbət M.Məsturun əsərlərindən gedirsə, tam səmimi deyə bilərəm ki, xəyanət etməmişəm. Çağdaş dövrdə yaşayan yazıçıların əsərlərini tərcümə etməyin bir üstünlüyü ondan ibarətdir ki, birbaşa onunla müzakirələr aparmaq imkanı olur. Sənin və oxucu üçün aydın olmayan sözlərin semantik mənalarını onların özündən soruşmaq kimi bir şansın olur. Mustafa Məstur da tərcüməyə kifayət qədər həssas yanaşanyazıçıdır. Məsələn, Rusiyada əsərinin tərcüməsini bəyənməmişdi və yayılmasına qadağa qoymuşdu. Puşkinin, səhv etmirəmsə, eyni məzmunu ifadə edən sözü var. O da tərcüməçiləri obrazlı şəkildə "Tərəqqinin poçt atları” adlandırırdı. Tərcüməçinin, obrazlı şəkildə nəyə və yaxud da kimə bənzədilməsindən asılı olmayaraq, bütün bəşəriyyətin həyatında çox mühüm bir missiyası var. Təbii ki, mətn mənbədə ifadə olunan dildən hədəf dilə çevrilərkən müəyyən qədər dəyişmələr olur. Müəyyən mənada müəllif orijinal mətnə sadiq qalmalıdır. Digər bir məsələ isə onun ünvanlandığı oxuculara anlaşıqlı olmasıdır. Bu da bir tələbdir. Əgər yazarın yazdığı fikirlər oxucu tərəfindən anlaşılmayacaqsa, daha tərcümənin nə anlamı var? Tərcüməçinin məsuliyyəti yazıçının özündən də böyük olur. Yazıçıdan da daha çox əziyyət çəkən tərcüməçi olur. Baxmayaraq ki, tərcüməçi mətnlə yazıçı arasında itir gedir. Mətni oxuyanda heç kəs onsuz da kitab səhifəsinin bir hissəsinə kiçik hərflərlə adı, soyadı yazılmış tərcüməçini ağlına gətirmir. Mütərcim oxucu ilə müəllifin arasından çəkilir. Əgər bu baş verirsə, deməli, tərcümə uğurlu alınıb. Xəyanətlə bağlı onu da demək istəyirəm ki, ərəblərdə belə bir fikir var: "Məna şairin bətnindədir”. Yəni, yazıçının, şairin nəzərdə tutduğu məna onu ürəyindədir, onun interpretasiyası isə mütərcimin öhdəliyidir.
– Mustafa Məsturun qadınlara qarşı qəribə həssaslığı var. Bunu əsərlərindəki qadın obrazlarına münasibətindən də bilmək olur, Bakıya gələndə şəxsi müşahidəm də belə oldu. Kitabımı imzalayanda bir qıraqda belə bir not yazmışdı: "Qadınlar dünyanın işıqlı tərəfində dayanıblar, kişilər isə qaranlıq”. Sizcə, bu nə ilə ilə bağlıdır?
– Onun "Şinsız, qafsız, nöqtəsiz eşqin hekayəti” adlı hekayələr kitabı var, onu da qadınlara həsr edib. O, anasınadüşkün bir insandır. Bütün obrazlarında, elə məsələn, "Cüzamlı əllər və donuz sümüyü”ndəki qadın obrazlarında qadına xüsusi yanaşması var. Hətta ən mənfi obraza - əxlaqsız qadına da xüsusi bir yanaşması var. "Cüzamlı əllər və donuz sümüyü”ndə fikir vermisinizsə, o qadına necə ülvi yanaşır, toxunulmaz hesab edir, baxmayaraq ki, cəmiyyət onu əxlaqsız biri kimi qəbul edir. Bu münasibət həmin qadını dəyişir. Adı çəkilən əsərdə bir səhnə var, maşınlar saxlayıb, ona söz atırlar, qadın bir anlıq fikirləşir... Sonra müəllif bir cümlə işlədir: "evinə qayıtdı”. Həmin kod cümlə odur, "evinə qayıtdı”. Yəni ki, həyata qayıtdı.
– Onun kitaba yazdığı fikir əsərdəki həmin o detallarla səsləşir. Qadınlar dünyanın işıqlı tərəfində dayanıblar, kişilər isə qaranlıq. Sözündən belə çıxdı ki, kişi istəsə qadınını işıqlı tərəfə də çəkə bilər, qaranlıq tərəfə də...
– Bəli. Romanda tez-tez bu ifadəni işlədir: "Bütün dünyada olan ən dəhşətli şey müharibələrdir. Onun səbəbkarları kişilərdir. Qadınlar dünyadan çıxıb getsələr, dünyanın mənzərəsi tamam başqa cür olar. Dünya dovşan ətinə bənzəyər, yarısı halal, yarısı haram. Bütün bunlar qadına münasibətin göstəricisidir.
– Mustafa Məstur Bakıya gələndə müşahidə etdim ki, o, çox həssas insandır. Əsərlərində də bu hiss olunur. Elə yazıçılar var ki, onların yazdıqları ilə özləri ziddiyyət təşkil edir. M.Məsturla daha çox ünsiyyətdə olan insan kimi deyə bilərsinizmi ki, yazıdakı Məsturla həyatdakı Məstur eyni adamlardır? Sizcə, bunun hansı daha yaxşıdır? Həyatda və yazıda eyni, yoxsa ziddiyyətli olmaq?
– Bu, əslində, ədəbiyyatın ən böyük problemlərindən biridir. M.Məsturu yaxından tanıyan bir insan kimi deyə bilərəm ki, o, yazdıqlarından da nəhəng insandır. O ki qaldı səmimiyyətə,onun yazdıqları ilə özü eynidir. Romanda ehtiva olunan fikirlər öz fikirləri ilə səsləşir. Əgər bir yazarın yazdıqları səmimidirsə, o vaxt sevilir, əgər səmimi deyilsə, oxucuda ikrah yaradır, bəyənilmir. Məsələn, Qabriel Qarsia Markes verdiyi müsahibələrdə daima özü-özünü inkar edirdi. Amma M.Məsturun 90-cı ildə verdiyi müsahibə ilə 2017-ci ildə dediyi fikirlər eynidir. Əlbəttə ki, insanın fikirləri zamanla dəyişə bilər və dəyişir. Bu mənada, Mustafa Məstur yazdıqları kimidir. Buna görə də sevilir.
– Bununla da razısınız ki, yazıdakı müəlliflə, həyatdakı müəllif eyniyyət təşkil edəndə, mətn daha da uğurlu alınır?
– Bəli. Mətn çox maraqlı bir xüsusiyyət daşıyır. Onun keçiricilik qabiliyyəti var. Yazıçı nə qədər səmimi olsa, o qədər seviləcək. Yazdıqlarından fərqli olan insanlar da var ki, oxucular əksər hallarda o müəlliflə söhbətdən sonra məyus olurlar.
– Mustafa Məsturun əsərlərində İran həyatının görünməyən tərəfləri də əks olunur. Məsələn, "Cüzamlı əllər və donuz sümüyü”ndə” Xavərən binasında gənclərin içki içmələri, necə həyat tərzi keçirdikləri təsvir olunur. Amma yəqin ki İranda belə şeylərin açıq yazılmasına icazə vermirlər. Maraqlıdır ki, onu belə yazılara görə İranda təqib edirlərmi?
– "Cüzamlı əllər və donuz sümüyü” romanını tənqidçilər Xavərən binasının en kəsiyi adlandırırlar. Çünki bu əsər bir neçə insanın eyni anda nə etdiyini göstərir. Bu romanlar vasitəsilə yazıçı oxucunu müşahidəçi mövqeyinə gətirir. Bu mənada en kəsiyi deyilir ki, eyni anda hər şeyi görmək olur. M.Məsturun dünya səhnəsinə çıxmasına Avropada, Qərbdə, Şərqdə bu qədər tərcümə olunmasına səbəb onun ifadə etdiyi İran cəmiyyətidir. Məsturun yaratdığı obrazlar bütün cəmiyyətlərlə eyniyyət təşkiledir. Biz o obrazların timsalında ətrafımızdakı insanları görürük, özümüzü təsəvvür edirik. Ona görədir ki, bu əsərlər Avropada, Türkiyədə, Azərbaycanda da eyni cür qarşılanır. O ki, qaldı tənqid məsələsinə, o, artıq İran mühiti tərəfindən qəbul olunmuş bir yazar hesab olunur. Əgər belə olmasaydı, dəfələrlə mükafata layiq görülməzdi. Onun əsərləri bir neçə dəfə ilin kitabı seçilib, "Qızıl qələm” mükafatı alıb. Əslində, nə qədər senzuraya məruz qalsa da, ən sevilən əsərlər məhdudiyyətlər, qadağalar olan ölkələrdə yaranır. Hər nə qədər yazıçını buxovlamağa çalışsalar da, o, öz fikrini simvollarla olsa belə ifadə edəcək.
– Siz düşünürsünüz ki, onun dünyada bu qədər sevilməsi məhdudiyyətlərə, qadağalara qarşı çıxması, İran mühiti üçün səciyyəvi olmayan məsələlərdən yazmasıdır?
–Hesab etmirəm ki, M. Məstur çox açıq aşkar şəkildə naqislikləri tənqid edir. Mən bununla razı deyiləm. M.Məstur ola bilər ki, müəyyən simvolik məqamlarla nələrisə açıq-aşkar ortaya qoyur ki, oxucu özü qiymətləndirsin. O, daha çox insanı mənəvi cəhətdən narahat edən problemlərə toxunur, nəinki siyasi. İnsanı mənəvi cəhətdən sıxan, uğursuzluqlara düçar edən, həyatda olduğu kimi qəbul edilməyən insanların problemlərinə müraciət edir. Bir də bəşəri problemlər - ölüm, sevgi, qadın, kişi, müharibələr, qətliamlar, mənəvi məsələlər, din, Allah, cənnət, cəhənnəm, insanın qorxuları, ümidləridir. Məhz bu mövzulara daha da çox üstünlük verir.
– "Mən sərçə deyiləm” romanındakı Daniyal Nazini müharibədə əziyyət çəkmiş insanların ümumiləşdirilmiş obrazı kimi qəbul etmək olarmı?
– Daniyal Nazi çox maraqlı obrazdır. Əslində, cəmiyyətdə dəli kimi qələmə verilən, həqiqətdə isə hər şeyi qəti söyləyən bir obrazdır. Mustafa Məstur birbaşa demir ki, o, müharibədə iştirakedib. Biz bunu oxuduqca anlayırıq. Demək olar ki, həyatın özündən zərbə almış insanın həyatının təcəssümüdür. Müəyyən məqamlarda Daniyal Nazi obrazı M.Məsturun özüdür. Necə ki, Tanrı insanı yaradıb və Tanrıya məxsus xüsusiyyətlər insanlarda var, eləcə də yazarların yaratdığı obrazlarda yazarın özündən müəyyən xüsusiyyətlər olur.
– Bəs sizcə, "Mən sərçə deyiləm” romanında onun yenidən Daniyal obrazına qayıtmasının səbəbi nə idi?
– Mənə elə gəlir ki, "Cüzamlı əllər və donuz sümüyü” romanında taleləri əks olunan bütün obrazların məntiqli sonu öz əksini tapıb. Yəni, buradakı obrazların sonrakı taleyinə aydınlıq gətirilir. Amma əsərin baş qəhrəmanı Daniyalın taleyi oxucuya məlum olmur. Əslində, Mustafa Məsturun üslubu belədir, yəni ki, bu detal istər hekayələri olsun, istər romanları digər əsərlərində də var. Məsələn, burada adı çəkilən Nigar obrazına başqa bir roman həsr edib. Onun əsərlərində olan obrazların həyatı sonrakı romanlarında davam edir. Müəllif bunu bilərəkdən edir, qəhrəmanın taleyini naməlum qoyur ki, yenidən ona qayıtsın. Buna görə də o, artıq "Mən sərçə deyiləm” romanında Daniyal obrazının taleyinə aydınlıq gətirir və sonlandırır.
– Əsərlərinin belə bir təkrarlanan məqamı var: hadisələr eyni məkanda baş verir. Yəni, sanki bəlli bir qəlib tapıb və hadisələri bu qəlibə yerləşdirir, bir oxucusu və tərcüməsi kimi bu, sizə darıxdırıcı gəlmir? Sanki Mustafa Məstur Tanrı kimi, insanları eyni zamanda müşahidə eləməyə maraqlıdır. Digər əsərlərində də belə motivlər varmı?
– Bəli, digər əsərlərində də belə motivlər var. Tanrı kimi müşahidə etmək və yazmaq. Amma "Mən sərçə deyiləm” romanında hadisələr eyni məkanda baş versə də, İbrahimin dilindən nəql olunur. Amma "Cüzamlı əllər və donuz sümüyü” əsərindəki bina, ümumilikdə, cəmiyyəti xarakterizə edir.
– M.Məsturun çox gözəl təhkiyə qurmaq istedadı var, oxuduqca sanki film səhnəsi kimi canlanır adamın gözündə. Maraqlıdır, onun əsərlərinə niyə film çəkmirlər?
– Buna bir neçə dəfə cəhd ediblər. Onun "Cüzamlı əllər və donuz sümüyü” əsərinə "Yeddi torpaq, bir asiman” adlı bir film çəkilib. Amma Mustafa Məstur bu filmə razı olmayıb. O, fikrini belə izah edir ki, əgər mən əsərimdə bir mətbəx təsvir edirəmsə, hər kəsin gözündə öz mətbəxi və ya özünün təsəvvüründə olan mətbəx canlanacaq. Həmçinin, bir otağın təsvirini verirəmsə, hər oxucu onu fərdi, özünəməxsus şəkildə təsəvvür edir. Yəni, oxucu və yazıçı bu cür bir-birini tamamlayır. Amma rejissorun təsvir elədiyi konkret bir obyektdir. Məsələn, tamaşaçı Mustafa Məsturun "Cüzamlı əllər və donuz sümüyü”ü əsərini oxuyubsa, o, artıq müəyyən təsəvvürə malikdir. Amma filmdə baxır ki, bu mənim fikirləşdiyim, təsəvvür etdiyim deyil. Ona görə də o, heç bir halda bu romana film çəkilməsinin tərəfdarı deyil. Ona dəfələrlə müraciət olunsa da, bu təklifi rədd edib. Hətta dediyim kimi, film müəyyən məqama kimi çəkilmişdi, lakin o, etirazını bildirib. Buna baxmayaraq, "Mən sərçə deyiləm” romanı özünün iştirakı ilə teatr səhnəsinə qoyulub.
– Mən belə başa düşdüm ki, Mustafa Məstur məşhurluğa çox da can atan biri deyil. Bu xüsusiyyəti Selinceri xatırladır.
– Bəli, bu, çox düzgün müşahidədir. O özü də dəfələrlə bildirib ki, ən sevdiyi yazıçı Selincerdir və etiraf edir ki, ona çox böyük təsir göstərib. Ümumiyyətlə, ona İranın Selinceri deyirlər. Selincerin Məstura təsiri böyükdür. Məsələn, o ilk dəfə Bakıya gələndə Selincerlə bağlı çox maraqlı bir təsadüf olmuşdu. "Çovdarlıqda uçurumdan qoruyan” əsərinin müzakirəsi gedirdi, biz təsadüfən ora gəlib çıxdıq. Onun üçün də çox böyük sürpriz oldu. İranda da belədir. Əgər Selincerdən danışılırsa, mütləq Mustafa Məstur yada düşür. Çünki onun yaradıcılığını dərindən bilir. Qaldı ki, məşhurluğa can atmamasına, bəli, bu, belədir. O, çox müsahibə verməyə meylli deyil. Hətta mən kitabları tərcümə etdikcə, ona xəbər verirəm. Başqa yazıçı olsa, həmin an bu xəbəri ictimailəşdirərdi ki, Azərbaycanda kitabım çap olunub. Amma əksinə, İranda media nümayəndələri onun haqqında ordan-burdan məlumat toplamağa çalışırlar. Yəni, bu dərəcədə belə şeylərə can atmayan yazıçısıdır. Halbuki, bu günün özündə də İtaliyanın "Ponte” nəşriyyatı, eləcə də digər xarici ölkələrin nəşriyyatları onun əsərlərini hələ çap olunmamışdan, oxumamışdan, hətta ideya səviyyəsində olanda belə, almağa hazırdırlar. Onun əsərləri rus, alman, italyan, ingilis, ərəb və bir çox digər dillərə tərcümə olunub. Bu yazıçı üçün çox böyük uğurdur ki, yaşadığı dövrdə qiymətləndirilir. Amma tam mənada inzivaya çəkilib də demək olmaz. Çünki son vaxtlar kitab təqdimatlarına gedir. Azərbaycana gələndə, hətta müsahibələr də verdi. Amma ümumilikdə götürəndə, həddindən artıq təvazökar insandır.
– Bakıdakı kitab təqdimatında belə bir şey müşahidə elədim. Kresloda əyləşib oxucular üçün kitab imzalayırdı. Bu zaman oradakılar müraciət edərək "məni bağışlayın ki, siz ayaq üstdə dayanıbsınız, mən isə oturmuşam” dedi...
– Bəli, belə hadisələrdən biri də biz ondan müsahibə alarkən baş vermişdi. Müsahibədən əvvəl yemək masası arxasında valideynlərindən söhbət düşəndə, uşaq kimi ağlamağa başladı. Bir hadisəni xatırladı, dedi ki, mənim valideynlərim savadsız insanlar idilər. Bir dəfə mən televiziyada ədəbiyyat nəzəriyyəsindən danışırdım. Baxmayaraq, atam nə danışdığımı başa düşmürdü, evdəki uşaqlara acıqlandı ki, sakit durun, mənim oğlum danışır. Bunu danışıb hönkür-hönkür ağlamağa başladı. Onun o cür ağlamağı mənim heç vaxt yadımdan çıxmayacaq. Eləcə də, əsərlərində anası ilə bağlı məqamlara rast gəlmək olar. Məsələn, "Cüzamlı əllər və donuz sümüyü” əsərində Danyalın anası ilə bağlı belə bir yer var: "Daniyalın anası dünyanın ən xoşbəxt insanıdır, çünki hətta yerin günəş ətrafında fırlanmasını da bilmir”. Bu elə bir sadə məlumatdır ki, istənilən insan xəbərdardır. Amma bu qadın onu belə bilmir. Müəyyən mənada çox şey bilmək insana əzab verir.
– Belə bir fikir var: deyirlər, insan daha çox oxuduqca, daha az xoşbəxt olmağa başlayır...
– Bəli, məhz buna görə Daniyalın anasını xoşbəxt adlandırır. Çünki öz anası da savadsız idi. Mən belə başa düşdüm ki, Daniyal Mustafa Məsturun özüdür, Daniyalın anası da öz anasıdır. Yəni, o, ailəsinə qarşı da həssasdır, özü də həddindən artıq həssasdır. Məsələn, o, Bakıya gələndə mən qarşıladım. Təyyarəsi bir saat tez gəlmişdi. Mən gedəndə gördüm ki, üzündə çox qəribə bir ifadə ilə gözü məni axtarır. Məni görən kimi hədsiz sevindi və qucaqladı, dedi ki, elə bildim gəlməyəcəksən... Və ya yolda getdiyimiz zaman, küçədə dayanıb bir pişiyi qucağına alıb tumarlayırdı. Onun "Qonşu pişiyi” adlı şeirlər kitabı da var, ən sonuncu kitabıdır. Pişiyin dilindən yazılmışşeirlərlə cəmiyyəti xarakterizə edir. Bu mənzərə onu göstərirdi ki, o, həqiqətən də pişikləri sevir. Yəni, səmimidir, yazdıqları kimidir.
– Maraqlıdır ki, bizdə belə yazıçılar da, şairlər də çox azdır... Demək
- Elədir... Mən belə düşünürəm ki, yazıçının müəyyən xarizması olmalıdır. Onun səs tembri, xarakteri, görünüşü, davranışı, yazısı, hətta geyim üslubu da – hamısı kompleks halında olmalıdır. Biz bunu bütöv halda, yazıçını kult kimi qəbul etməliyik.
– Maraqlıdır, Bakıya gələndə Mustafa Məsturun Azərbaycanla, buradakı ədəbi mühitlə bağlı fikirləri və təəssüratları necə oldu?
– O, burada gənc yazarlarla görüşdü. Onların ədəbiyyatla bağlı suallarını cavablandırdı. Daha sonra xalq yazıçısı Anarla görüşü oldu. Anar müəllim ona ingilis dilinə tərcümə olunmuş kitablarını bağışladı. Çox maraqlı söhbətləri oldu. Şair Səlim Babullaoğlunun poeziya gecəsində iştirak etdi. Onun şeirlərini yüksək qiymətləndirdi. Ümumi ab-havadan, məncə, razı qaldı. Ədəbi mühiti real olaraq dəyərləndirmək üçün fars dilinə çevrilmiş kitabları mütaliə etməlidir ki, bu sahədə də görülən işlər olduqca azdır.
– Belə bir detal diqqətimi çəkdi, "Cüzamlı əllər və donuz sümüyü” əsərində də var idi, "Mən sərçə deyiləm” əsərində də, bBalinaların özlərini sahilə ataraq öldürməsi səhnəsini tez-tez canlandırır. Bunun Daniyalın intiharı ilə əlaqəsi varmı, yəni bu detalı qəhrəmanın əsərin sonunda intihar edəcəyinə bir işarə kimi qəbul etmək olarmı?
– Əslində, bu günə qədər məlum olmayan faktlardan biri də balinaların özlərini səbəbsiz sahilə vurmalarıdır. Bəlkə də bununla o Daniyalın intiharının assosiasiyasını yaratmağa çalışıb. Çünki konkret olaraq, Daniyalın da intihar səbəbi məlum olmur...
Söhbətləşdi: Cahan Seyidzadə
banner

Oxşar Xəbərlər