O sürücünün tək olmadığı bəllidir
Səhər
övladını tələsik oyadıb dərsə yola salırsan, bir az sonra ölüm xəbəri gəlir.
Martın 9-da Bakı-Sumqayıt yolunda baş verən qəzada bu xəbər bir yox, 5 ailəyə
getdi. 21 nəfər isə yaralandı. Həmin ailələrin faciəsi digərləri üçün qorxu
oldu, amma həm də var olan, amma göz yumulan bir çox problemləri ortaya
çıxardı.
Diqqət çəkən
bir məqam elə həmin sürücünün cərimələrinin sayı ilə bağlıdır. Belə ki, qəzaya səbəb
olan sürücü 2012-ci ildən indiyə qədər 61, ötən il isə 24 dəfə cərimələnib. Ötən
ilki cərimələrin 70 faizi isə sürət
həddini aşmağa görə olub. Bəs belə bir adam necə sərnişindaşıma fəaliyyəti ilə
məşğul olub? Cərimələrin sayı çox olduqda sərnişindaşıma ilə məşğul olan
sürücülərlə bağlı hər hansı tədbir görmək mümkün deyilmi?
"Polis sürücünü saxlayanda deyir qaydanı pozmuşam,
cəriməm də budur”
Daxili
İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin
rəisi Kamran Əliyevdeyir ki, yol polisi qanunun onlara verdiyi səlahiyyət
çərçivəsində xidmət göstərirlər. Hansısa sürücünün ardıcıl olaraq qayda
pozduğunu görsələr belə, onu saxlayıb hər hansı məsuliyyətə cəlb etməyə qanun
icazə vermir: "Qanunvericiliyə əsasən kobud qayda pozuntularına görə bəzi
inzibati xətalar var ki, onlar balla qiymətləndirilir. İl ərzində əgər sürücü
20 və daha artıq cərimə balı toplayırsa, onun sürücülük hüququ 6 aydan bir ilə
qədər məhdudlaşdırılır. Həmin şəxs sonuncu dəfə martın 6-da "giriş qadağandır”
nişanının tələbini pozduğuna görə, inzibati protokol tərtib olunub və 3 cərimə
balı ilə qiymətləndirilib. Həmin balla birlikdə indiyə qədər 19 balı olub. O
balla qiymətləndirilən növbəti bir xətaya yol versəydi, onun sürücülük hüququ
avtomatik olaraq müvəqqəti məhdudlaşdırılardı. Sürücünün sürücülük vəsiqəsi var
və hər hansı kateqoriyası olur, ona uyğun da nəqliyyat vasitəsini idarə edir.
Polis sürücünü saxlayanda deyir qaydanı pozmuşam, cəriməm də budur. Ondan o tərəfə
polisin o şəxs haqqında hansısa tədbir görməyə nə səlahiyyəti var?”.
"İnspektor 3 saniyədə neçə avtobusa baxa bilər?”
K.Əliyev
bildirdi ki, hər bir təşkilat, hər bir fiziki-hüquqi şəxs öz üzərinə düşən işi
görməlidir: "Yol polisi təkcə sərnişindaşıma ilə məşğul olanlara deyil, bütün
sürücülərə nəzarət edir. Bu gün respublikada 1 milyon 400 minə yaxın nəqliyyat
vasitəsi var. Biz ancaq avtobusa, taksiyə nəzarət edəsi deyilik ki? Digər nəqliyyat
vasitələrinin də nəzarəti yol polisindədir. Deyirlər ki, necə olub ki, bu maşın
postdan keçir? Bir dəqiqə ərzində bir postdan 50 avtobus keçir. Hər bir
avtomobilin də postdan keçmə müddəti 3 saniyədir. İnspektor 3 saniyədə neçə avtobusun
içinə baxa bilər? Əksəriyyətinin içərisi də görünmür. Hər postdan keçən
avtobusu inspektor saxlayıb içini yoxlamalıdır? Camaat da narazılıq edir ki,
bu, yerində yoxlanılmalıdır. Düz deyirlər, qarajdan, avtovağzaldan çıxanda
yoxlanılmalıdır. Buna nəzarət edən qurumlar var, hər şeyi yol polisindən gözləmək
olmaz”.
"Sürücü
intizamsızdırsa, bizdə bu haqda məlumat var”
Problemə
səbəb olan sürücünün bir nəfər olmadığı hər birimizə məlumdur. Bəs cəriməsi çox
olan nə qədər sürücü sərnişindaşıma ilə məşğuldur? Bununla bağlı hər hansı
monitorinq, araşdırma aparılırmı? Şöbə rəisinin sözlərinə görə, sərnişindaşımaya
hər sürücünü cəlb etmək olmaz. O deyir ki, sürücüləri bu işə cəlb edərkən
onların intizamlı olub-olmadığını müəyyənləşdirmək elə də çətin deyil: "Ümumiyyətlə,
bu fəaliyyət növü sistemləşdirilməli, müəyyənləşdirilməlidir ki, kim sərnişindaşıma
ilə məşğul ola bilər, kim yox. Biz onu ancaq vəsiqə və kateqoriya ilə müəyyən
edə bilirik. Amma daşıyıcı şirkətlər sürücünün intizamlı və ya intizamsız
olmasından asılı olmayaraq, onu işə qəbul edə bilərlər. Əgər həmin sürücü
intizamsızdırsa, bizdə bu haqda məlumat var. Biz istənilən təşkilata istənilən
şəxs haqqında bu məlumatı verməyə hazırıq. Hansı sürücünün nə qədər qayda
pozuntusu var, o intizamlıdır, yoxsa yox? Əslində, bizim məlumat verməyimizə
ehtiyac da yoxdur, internet resurslarında işə götürəcəkləri sürücü haqqındakı məlumatları
əldə edə bilirlər. Belə olan halda daşıyıcı şirkətlər intizamsız sürücünü
daşımaya yaxın qoymamalıdırlar. Qaydaları bilən hər sürücünü də sərnişindaşımaya
götürmək olmaz. Onlar sərnişindaşıma ilə bağlı tam məlumatlı olmalıdırlar. Amma
onun avtobus sürməsini qadağan etməklə bağlı biz heç nə edə bilmirik”.
"...daha
ciddi tədbir görsək, bütün əhali yollarda qalacaq”
K.Əliyev
onu da bildirdi ki, sərnişindaşıma ilə bağlı daha ciddi işlər görsələr, bütün əhali
yollarda qalar: "Sərnişindaşıma ilə məşğul olan sürücüləri hələ nə qədər məsuliyyətə
cəlb edirik. Yenə görürsünüz ki, ictimai nəqliyyat vasitələrini idarə edən
sürücülər arasında nə qədər çox qayda pozan var. Biz onlarla bağlı daha ciddi tədbir
görsək, bütün əhali yollarda qalacaq. Sabah əhali şikayət edəcək ki, bu sürücülərin
hamısını yoldan kənarlaşdırdılar, yollarda qalmışıq”. K.Əliyev sonda onu da
qeyd etdi ki, qəzaya səbəb olan "Ford” markalı avtobusun yük daşımaq üçün nəzərdə
tutulan avtomobil olması haqda yazılanlar əsassızdır.
"Aidiyyəti qurumların hər birinin öz məsuliyyəti var”
Amma yenə
də günahkarı müəyyənləşdirmək elə də asan deyil. Çünki aidiyyəti qurumlar məsuliyyəti
üzərlərindən atırlar. Təhlükəsiz Yol Alyansının koordinatoruŞahin Camalov "Kaspi”yə
açıqlamasında bildirdi ki, bu məsələ ilə bağlı qurumların hər birinin öz məsuliyyəti
var: "Biz həmin sürücünün cəriməsinin
konkret nə ilə bağlı olduğunu bilmirik. Amma sərnişindaşıma ilə məşğul olan
sürücünün il ərzində 24 cəriməsi varsa, bununla bağlı hər hansı bir tədbir
görülməliydi. 24 cəriməsi olan sürücü sərnişindaşıma ilə necə məşğul olub? Həmin
insanın psixoloji durumu yoxlanılıbmı?”.
"İnspektorlar
qorxularından o avtobusları saxlamırlar”
Avtosfer.az saytının baş
redaktoru, nəqliyyat üzrə ekspert Elməddin Muradlıbildirdi ki, elə
qayda pozuntuları var ki, il ərzində nə qədər törətsən də, bununla bağlı limit
yoxdur: "Sərxoş
sürücülər və başqa bəzi xətalar var ki, il ərzində təkrar törədildikdə
sürücülük hüququ məhdudlaşdırılır, yaxud inzibati qaydada həbs verilir. Amma il
ərzində 15 dəfə işıqforun qırmızı işığından keçsən də, yol polisinin burada edə
biləcəyi başqa bir şey yoxdur. Cərimə balı yazır, cərimə tətbiq edir.
Qanunvericilik ona imkan vermir ki, il ərzində 3 dəfə işıqforun qırmızı
işığından keçən sürücünün sürücülük hüququ avtomatik məhdudlaşdırılsın. Amma
sürücü il ərzində bir dəfə sərxoş tutulursa, 400 manat və ya 5 bal tərtib olunur, ikinci dəfə tutulanda
sürücülük hüququ məhdudlaşdırılır, həm də inzibati qaydada həbs cəzası düşür.
24 nədir ki, il ərzində 100 dəfə radara düşənlər, yaxud bu kimi cərimələnənlər
var. Amma normal sürücü təbii ki, məsuliyyətli olmalıdır”.
E.Muradlı
deyir ki, polis sərnişindaşıma ilə məşğul olan sürücünü yolda saxlayanda, sərnişinlərin
hamısının etirazı ilə qarşılaşır: "Problem ondadır ki, biz deyirik, çox adam da
düzgün başa düşmür. Yol polisinin tərəfini tutduğumuzu deyirlər. Amma reallıq
budur ki, yol polisi sərnişin daşıyan bir avtobusu saxlayır. Sürücü heç
avtobusdan düşmür. Sərnişinlər düşüb inspektorun üstünə hücum çəkirlər.
İnspektorlar qorxularından o avtobusları saxlamırlar”.
"Burada
qınanılası bir obyekt var”
Ekspert
bildirdi ki, Nəqliyyat Nazirliyi burada düzgün mexanizm formalaşdırmadığı üçün
acı nəticələrini tez bir zamanda aradan qaldırmaq çətin olur: "Baş verən hadisədən
sonra 20 Yanvar dairəsində "Ford”ların giriş-çıxışını tam məhdudlaşdırıblar.
İnsanlar hay-küy salırlar ki, bəs biz nə ilə gedək? O da düz deyil, insan mənzil
başına gedib çatmalıdır. Burada qınanılası bir obyekt var, o da nəqliyyat
strukturudur. Nəqliyyat Nazirliyi vaxtında bu sistemi qurmadı, başıpozuq
insanların əlinə verdi. Onlar da bu cür mənzərəyə gətirib çıxardılar. O
"Ford”ların əksəriyyəti yük üçün nəzərdə tutulanlardır. Çünki sırf sərnişin
üçün nəzərdə tutulan "Ford”lar bahadır. Servisdə onu dəyişdirib sərnişin daşıma
üçün istifadə edirlər. Sərnişin daşıma üçün nəzərdə tutulan həmin "Ford”larda
16-17 nəfər otura bilir. Amma yük maşınından sərnişin maşınına çevrilənlərə 25
nəfər adam yığırlar. Nəqliyyat Nazirliyi vaxtında onlara belə bir səlahiyyət
verib, indi isə heç nə edə bilmir. Təzə yaradılan strukturdur, onları qınaya
bilmirəm. Nəqliyyat Nazirliyinin uzun illər tör-töküntülərini yeni yaranmış
struktur necə qısa zamanda yığışdırsın? Hansısa "Ford”lar yığışdırılırsa,
onların yerinə dövlət tərəfindən normal avtobuslar xəttə buraxılmalıdır”.
"Qanunu sərtləşdirməklə heç nə olmur, normal
tətbiq etmək lazımdır”
Görünən
odur ki, qanunvericilik bu cür sürücülərlə bağlı hər hansı tədbir görməyə imkan
vermir. Bəs qanunda dəyişiklik edilməsinə və ya sərtləşdirilməsinə ehtiyac
varmı? Hüquqşünas Ərşad Hüseynov deyir
ki, qanunların dəyişdirilməsinə yox, düzgün şəkildə tətbiqinə ehtiyac var: "Cərimələrin sərtləşdirilməsi həyata
keçirilir, amma effektli olmur. Deməli, pul hər şeyi həll etmir. Məsuliyyətə cəlb
etməyəndən sonra bunun nə əhəmiyyəti var? Məsuliyyətin labüdlüyü təmin
olunmalıdır. Hər kəs etdiyi qanun pozuntusuna görə mütləq cavab verəcəyini bilməlidir.
Azərbaycanda avtobus sürücülərinin hamısının demək olar ki, həmin sürücü qədər
cəriməsi var. Bəlkə də o hələ yaxşısıdır, ondan betərləri də var. Qanunu sərtləşdirməklə
heç nə olmur, normal tətbiq etmək lazımdır. Texniki cəhətdən heç nəyə yaramayan
avtobuslardan necə sərnişin daşıyırmış? Texniki baxışdan necə keçirmiş? Ondan
sonra digər suallara cavab tapıla bilər. İki il bundan əvvəl sürücülük
hüququnun müvəqqəti məhdudlaşdırılması balı 12 idi. Bunu birdəfəlik ləğv etmək
istəyirdilər. Yəni ki, sənin cərimə balların müəyyən bir həddə çatırsa, deməli,
sən sürücü deyilsən. Az qaldı ki, onu ləğv etsinlər. 12-ni 20-yə qaldırıb
saxladılar. Bu mexanizmi təkmilləşdirmək lazımdır. Qanunlarda elə bir problem
yoxdur, amma tətbiqlə bağlı onu deyə bilmərəm”.
Aygün Asimqızı