AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

O, Prezidentin oxuduğu universitetə qəbul olunub

O, Prezidentin oxuduğu universitetə qəbul olunub

Təfsilat
23 Avqust 2013, 10:31 1755
Ali məktəblərə keçirilən builki qəbul imtahanlarında Binəqədi rayonundakı orta məktəb məzunlarından da yüksək nailiyyətlərə imza atan gənclər olub. Onlar arasında nəinki ölkəmizin ali təhsil ocaqlarına, hətta xarici ölkələrin ali məktəblərinə daxil olanlar vardır. Belə binəqədili gənclərdən biri də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Beynəlxalq Əlaqələr Universitetinin tələbəsi adını qazanmış Murad Azər oğlu Məmmədovdur. Həmin ali məktəbin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə daxil olan M.Məmmədov Binəqədi rayonundakı T.Heybətov adına 126 nömrəli orta məktəbi bitirib. O, bu ilin may ayının 29-da keçirilən test imtahanlarında rus bölməsində II ixtisas qrupu üzrə respublikada ən yüksək nəticələr göstərərək 677 bal toplayıb. M.Məmmədovun ali məktəbə qəbulunu fərqləndirən əsas cəhət həmin ali məktəbdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təhsil alması və orada pedaqoji fəaliyyət göstərməsidir.

Binəqədi Rayon İcra Hakimiyyətinin (BRİH) başçısı Xaləddin İsgəndərov tələbə adını qazanmış Murad Məmmədovu, onun valideynlərini, bitirdiyi orta məktəbin direktorunu qəbul edib. BRİH mətbuat xidmətindən “Kaspi”yə verilən məlumata görə, Muradı, onun valideynlərini və müəllimlərini təbrik edən X.İsgəndərov belə nüfuzlu ali məktəbə qəbul olmağı bir gəncin həyatında ən əlamətdar hadisə kimi qiymətləndirib. İcra başçısı həmçinin vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin məzunu olduğu və çalışdığı ali məktəbin tələbəsi olmaq ikiqat sevindirici olmaqla yanaşı, Muradın üzərinə əlavə məsuliyyət qoyur. X.İsgəndərov təhsilə hərtərəfli qayğı göstərən, gənclərin xaricdə təhsil almasına güclü dəstək verən ölkə başçısı İlham Əliyevin etimadını doğrultmağın, xaricdə təhsil aldığı müddətdə Azərbaycanın adını uca tutmağın, öz biliyi, bacarığı və çalışqanlığı ilə ölkəmizi layiqincə təmsil etməyin vətəninə və dövlətinə sadiq hər bir azərbaycanlı gəncin ən ümdə vəzifəsi olduğuna toxunaraq, gənc Murada öz tövsiyələrini verib. RİH başçısı rayondan ali məktəblərə qəbul olan məzunlarla sentyabr ayında görüşəcəyini deyərək, sadəcə Murad Məmmədovla indi görüşməsinin gəncin həftəsonu Rusiya Federasiyasına getməsi ilə əlaqədar olduğunu bildirib.

Rufik İSMAYILOV