O müəllimə - Üçüncü yazı
Həyatımıza
istiqamət verən, bizə bir neçə illik dərs desə də, hər zaman yol göstərən müəllimlər
var. Bu yazı da həmin müəllimlərimdən birinə aiddir. Bu dəfə söhbət açacağım o
müəllimə Sürəyya xanımdır. Sürəyya müəllimədən yalnız bir il dərs almışam. Azərbaycan
dili və ədəbiyyatından 10-cu sinifdə müəllimim olub. Amma o zaman belə idi. Bu
gün biz Sürəyya müəllimə ilə yaxın dostuq. Bəli, aramızda müəyyən yaş fərqi
var, lakin biz hər şeyə rəğmən, dost olmağı bacarmışıq. Buna zəmin yaradan isə
hər sahədə biri-birimizi anlamamız və dəstək olmağımızdır.
Bu günün
özündə də Sürəyya müəllimədən yeddi il əvvəl eşitdiyim maraqlı məlumatlar gərəyim
olur. O, bizə dərsdən əlavə, tarix, mədəniyyət və digər sahələrlə bağlı əlavələr,
faktlar da danışardı. Mənə görə, insanın əsl dostu ondan nəsə öyrənə bildiyi,
savadına, bilgisinə, dünyagörüşünə nəsə qatan biridir. Bu zaman yaşından,
cinsindən, irqindən, vəzifəsindən asılı olmayaraq, həmin insan sizin əsl
dostunuz olur.
Universitetə
daxil olduqdan sonra da Sürəyya müəllimə ilə əlaqələrimiz davam etdi. O,
tez-tez məni evinə qonaq çağırırdı. Hər getdiyimdə vaxtın necə keçdiyini ikimiz
də anlamırdıq. Sonda gördüyümüz tək şey stolun üstündəki boş fincanlar,
kitablar, jurnallar və qaralmış hava idi. Bəli, isti çayın bərabərliyində insana
daha da isti səmimilik gətirən Sürəyya müəllimə ilə kitablardan, yazılardan,
maraqlı tarixdən, ədəbiyyatdan o qədər danışmışıq ki, axşamın düşməsindən xəbərimiz
də olmayıb. Hətta gülməli bir əhvalat da olmuşdu, bir dəfə müəllimənin nəvəsi
yanımıza gəlib demişdi ki, "ay nənə, beş saatdır danışırsınız e...”. Amma o beş
saatlıq söhbət bizə beş dəqiqə kimi gəlirdi...
Sürəyya
müəllimə ilə Bakıdakı son görüşümüzdə mənə "qızıl” hədiyyə etdi: öz
kitabxanasından qızıl dəyərində kitablar, özü də "bunları sənə əmanət edirəm”
deyərək. Sonra Türkiyəyə - oğlunun yanına köçdü. Artıq bir ildən çoxdur ki,
İstanbulda yaşayır. Lakin biz bu gün də ədəbiyyatdan, tarixdən və dünyagörüşdən
söhbət edirik. Hər həftə həyəcanla Sürəyya müəllimədən gələcək videozəngləri
gözləyirəm (Allah bu texnologiyanı da var eləsin). Aramızda kilometrlərlə məsafə
olsa da, biz görüntülü zənglə söhbət edir, yeni aldığımız və oxuduğumuz
kitabları müzakirə edir, öyrəndiyimiz bilgiləri bir-birimizlə paylaşırıq. Hə,
Sürəyya müəlliməni "o müəllimə” edən də budur. O, hər gün öyrənir, "neçə il
oxumuşam”, "necə yerlərə çatmışam” - deməyərək, hər gün oxuyur, hər yaşadığı
gün yeni bilgi almadan yatmaq istəmir. Kaş bütün müəllimlərimiz belə olsa...
Son
olaraq, mənə öyrətdiyiniz və öyrədəcəyiniz, paylaşdığınız və paylaşacağınız, ən
əsası da bu ölkənin şagirdlərinə və şəxsən mənə illərlə "o müəllimə” olduğunuz
üçün böyük təşəkkürlər!