• cümə axşamı, 25 aprel, 17:49
  • Baku Bakı 23°C

O mehriban, o əziz illərin xatirələri

15.09.17 10:15 3912
O mehriban, o əziz illərin xatirələri
Məktəb illəri hər kəsin həyatında ən yadda qalan dövrdür. Bütün şıltaqlıqlarımızı edə bildiyimiz, nazımızın çəkildiyi illərdir. Məncə, elə bir insan yoxdur ki, istər məktəb, istərsə də universitet illərindən xatirəsi olmasın. Hamının danışmağa mütləq ki, xoş bir anı var. Həmin günlər, illər keçsə də unudulmayacaq. Həmişə hansısa mövzuda ekspert kimi müraciət edib, fikirlərini aldığımız müsahiblərimizə bu dəfə fərqli istiqamətdə müraciət etdik. Onlardan məktəb illərini neçə keçirdiklərini, həmin dövrdə sevgi məktubu alıb-almadıqlarını, təhsil illərindən yadda qalan maraqlı hadisələri xəbər aldıq.
"Məktəbdən qaçmaq üçün yollar düşünürdüm”
Sosioloq Cavid İmamoğlu deyir ki, ilk dərs günü dərsdən qaçan yeganə şagird olub: "1992-ci ildə, sentyabrın 1-də Biləcəri qəsəbəsində yerləşən 2 saylı orta məktəbə getmişəm. Məktəb vaxtı nə çox dəcəl, nə də özünə qapalı olmuşam. Bəlkə də tərəzi bürcü olmağımla əlaqədar olaraq, orta mövqeyi saxlaya bilmişəm. Çılğın uşaqlıq dövründən sonra məktəbə alışmağım çox maraqlı olub. İlk gün bütün sinif yoldaşlarım ağlayıb, səs-küy salan zaman mən arxa partada sakit oturub məktəbdən qaçmaq yolları barədə düşünürdüm. Arxada, pəncərənin yanında oturduğum üçün sinifdən çıxmağım çox asan oldu. Məktəbdə parta arxasında oturmaqdansa, gedib uşaqlarla oynamağa üstünlük verirdim. Amma bu sadəcə, bir gün oldu. Sonra məktəbin ən nümunəvi şagirdlərindən oldum. 9-cu sinfə qədər şərəf lövhəsində şəklim olub. Mənim məktəbə uyğunlaşma prosesim hələ də xatırlanır. Birinci sinifdə ilk dərs günü məktəbdən qaçan yeganə şagird olmuşam. Məktəblə bağlı xatirələrim çoxdur. İbtidai sinifdə iki müəllimim olub, hər ikisi sevib-saydığım müəllimlərimdən idi. Yuxarı siniflərdə isə coğrafiya müəllimimiz Gülzadə, riyaziyyat müəllimimiz Sədrxan müəllim ən sevdiyim və yadda qalan müəllimlərdəndir. Çünki onlar sadəcə, məktəb dərsini tədris etmirdilər, həmçinin bizi motivasiya edirdilər, bəzi şıltaqlıqlarımıza səbirlə yanaşırdılar. Bəlkə də bu həyatın mənim üçün ssenarisidir ki, nə sinif, nə də qrup yoldaşlarımla yaxın münasibətdə olmamışam. Amma əvəzində, əsgər yoldaşlarımla, həyatın tamamilə başqa sferalarında olan insanlarla dostluq etmişəm”.
Bakalavr təhsilini Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında politologiya ixtisası üzrə alan Cavid bəy, bu seçimin tamamilə təsadüfü olduğunu deyir: "15 yer qeyd etmişdim, 8-ci yerə düşdüm. Universitetə başladığım ilk gündən son günə qədər də o ixtisasdan bir şey anlamamışam. Çünki ruhuma, düşüncələrimə uyğun deyildi. Amma magistr təhsilimi Bakı Dövlət Universitetində sosial iş ixtisası üzrə oxumuşam. Bu sahəyə də gəlişim təsadüfi olsa da, mənim üçün yazılmış bir təsadüf idi. Bəlkə də heç təsadüf deyildi. Mənim bütün gələcək karyeram, həyatım, düşüncələrim bu ixtisasdan sonra formalaşdı.
Müsahibimiz universitet vaxtı sevgi məktubu yazmağından yox, yazdırmağından da söz açdı: "Bakalavr təhsili aldığım dövrdə digər qrupdan bir qızdan xoşum gəlirdi. Özüm yazmağı bilmirdim, amma qrup yoldaşıma şerlər yazdırırdım. Və sətirlərin ilk hərfləri ilə "səni sevirəm”, "sevgilim” sözləri düzəlirdi. O zaman hər şey çətin idi. Yaradıcı olmağa çalışırdım. Onu da qeyd edim ki, həmin qızdan bir qarşılıq da gözləmirdim və heç vaxt yaxınlaşıb "səni sevirəm” də demədim”.
Sosioloq məktəb vaxtı ən yaddaqalan hadisələrdən birini bizimlə bölüşdü: "Məktəb vaxtı çox şirin, toppuş uşaq olmuşam. Yuxarı sinfin qızları tənəffüs vaxtı gəlib müəllimdən icazə alır, məni dəhlizə çıxardıb doyunca öpürdülər. Üzüm bütün dodaq boyası olurdu”.
C. İmamoğlu gənclərə məsləhət görür ki, təhsili məktəb və ya universitet divarları ilə məhdudlaşdırmasınlar. O deyir ki, doğulduğumuz gündən öləcəyimiz günədək öyrənməliyik.
"Müəllimə "Allah səni öldürsün” dedim”
Marketoloq Seymur Quliyev deyir ki, sinif yoldaşlarından fərqli olaraq, məktəbə gedəndə artıq yazıb-oxumağı bilirdi: "1994-cü ildə, sentyabr ayının 1-də evimizin yaxınlığında yerləşən 35 saylı məktəbə getmişəm. Elə də dəcəl uşaq olmamışam. 4 il bağçaya getdiyimdən həm məktəb həyatına alışmışdım, həm də digər sinif yoldaşlarımdan fərqli olaraq, yazıb-oxumağı bilirdim. Ən çox sevdiyim fənlər coğrafiya, sevmədiyim isə riyaziyyat, fizika, kimya idi. Ən çox sevdiyim müəllimim isə hələ də əlaqələrimin qaldığı və 7 il əziyyətimizi çəkən sinif rəhbərimiz, dil və ədəbiyyat müəllimimiz Əfqan Əsgərovdur. Yaxşı oxuyan şagirdlərdən olmuşam. Sinif yoldaşlarımın hamısı ilə olmasa da, bəziləri ilə əlaqələr qalır. İbtidai sinifdən yalnız bir sinif yoldaşımla - İsa ilə münasibətimiz davam edir. Hal-hazırda o, İtalyanın Milan şəhərində yaşayır. Milana səfərim zamanı da görüşmüşdük. 5-ci sinifdən sonra sinfi dəyişdim və yeni yoldaşlarım oldu. Onlarla 7 il birlikdə oxuduq. Oğlanların əksəriyyəti ilə münasibətlər qalır. Bir sinif yoldaşım isə indi də ən yaxın dostlarımdan biri olan Rəşad Nurəliyevdir. İndi o, mühəndislik üzrə fəlsəfə doktorudur. Amerika, İtaliya və Fransada təhsil alıb. Orta məktəb illərim çox maraqlı və bir o qədər də qəribə olub. Uşaqların qruplara bölünməsi, sinif nümayəndəmizin partanın üstünə sərmək üçün ağ parça gətirməyən şagirdlərdən şikayət etməsi, sinif yoldaşım olan bir qızı itələdiyim üçün küncdə bir ayaq üstündə qalmağım və s. kimi xoş xatirələr var. Xatırlayıram ki, ibtidai sinifdə müəlliməmiz dabankeşlə əlimə vurmuşdu. Mən də üzünə "Allah səni öldürsün demişdim". Bir saat sonra müəlliməyə zəng gəldi ki, bəs qardaşı xəstələnib. Düzü, əvvəl sevindim ki, ahım tutdu, amma sonra pis oldum”.
S.Quliyevdən məktəb vaxtı kiməsə məktub yazdığını və ya kimdənsə məktub aldığını soruşduq: "Məktub yazdığım biri olmayıb, amma xatırlayıram ki, 6, yada 7-ci sinifdə oxuyarkən paralel sinifdə oxuyan bir qız oğlanlar günündə mənə kağıza bükülmüş ətir göndərmişdi. O kağız isə məktub idi. Sinif yoldaşlarım sağ olsunlar, ətri məndən çox istifadə etdilər. Məktubda isə maraqlı sözlər yazılmışdı”.
Müsahibəmizdən həmin məktubda nə yazıldığını soruşsaq da ,gülərək "sirdir” deyib, ali təhsilindən danışmağa başladı: "Universitet və ixtisas seçimim təsadüfi oldu. Qafqaz Universitetinə, o zaman təşkil olunan sınaq imtahanlarından birində iştirak etmək üçün getmişdim. Universitet olduqca gözəl idi və heyran qalmışdım. Sınaq imtahanından çıxarkən "kaş yaxşı bal yığıb bu universitetdə oxuya bilərdim!" deyə öz-özümə danışırdım. Qəbul imtahanın nəticələri çıxanda artıq Qafqaz Universitetinin tələbəsi idim. Qafqaz Universitetinin biznesin təşkili və idarəedilməsi ixtisasına qəbul oldum. Yəni, niyyətin hara, mənzilin ora! İxtisas seçimim isə təsadüfi olmuşdu. Bu ixtisasın yer kvotası çox olduğu üçün seçmişdim. Elə yaxşı ki, bu ixtisası seçmişəm.Universitetdə oxuyarkən isə hər günüm xoş keçib”.
S.Quliyevdən sonda gənclərə nə məsləhət gördüyünü soruşduq: "Təhsil alan gənclərə klassik olaraq "yaxşı oxuyun və gələcəyinizi düşünün” deməyəcəyəm. Bunları demək lazım deyil. Gənclərimiz ağıllı və düşüncəlidir. Özləri hər şeyi yaxşı bilir. Sadəcə, həyatın dadını çıxarmaq üçün əlimizdə olan hər anın dəyərini bilək və oxuyaraq öyrənək, öyrənərək həyatdan həzz alaq”.
"Həmin məktubda mənə olan sevgisindən yazmışdı”
İqtisadçı Könül Nuriyeva ilk təhsilini anasının istəyinə, ikinci təhsilini isə atasının və özünün istəyinə uyğun aldığını bildirir: "1996-cı ildə xarici dillər təmayüllü gimnaziyaya getmişəm. Məktəb vaxtı yox, amma o vaxta qədər çox dəcəl uşaq olmuşam. Məktəbə getdikdən sonra sinif rəhbərimdən qorxmuşam, həm də sinif nümayəndəsi olduğum üçün dəcəllikdən əl çəkmişdim. Lakin buna baxmayaraq, çılğın uşaqlıq dövründən ayrılıb məktəbə uyğunlaşmaq, 45 dəqiqə parta arxasında oturub müəllimə qulaq asmaq mənə çox çətin gəlirdi. Amma sonra yavaş-yavaş alışdım. Məktəbdə əlaçı, nümunəvi şagirdlərdən oldum. Ən çox sevdiyim coğrafiya, ingilis dili və ibtidai sinif müəllimlərim olub. Həmin müəllimlər öz fənlərini maraqlı və sevərək tədris edirdilər. Sinif yoldaşlarımın hamısı ilə də olmasa, bəziləri ilə əlaqəm qalıb. Real görüşə bilməsək də, sosial şəbəkədə söhbətlərimiz olur. Bakalavr təhsilimi Bakı Slavyan Universitetində rus-ingilis dilində tərcümə üzrə almışam. Anam həmişə qızlarından birinin tərcüməçi olmağını istəyirdi. Böyük bacım öz istədiyi ixtisasın arxasınca gedərək, bu istəyi yerinə yetirə bilməmişdi. Mən anamı bu istəyinə çatdırdım. İkinci təhsilimi tamam fərqli sahədə aldım. Bunu isə atam istəyirdi. Həmçinin özümün də marağım vardı. Ona görə də, magistr təhsilimi iqtisadiyyat üzrə oxudum. İndi də hal-hazırda bu iş üzrə fəaliyyət göstərirəm”.
Müsahibimizdən məktəb vaxtı sevgi məktubu alıb-almadığını soruşduq: "Məktəb vaxtı sinif yoldaşımın məndən xoşu gəldiyini hiss etmişdim. Bir dəfə müəlliməmiz sevgi haqqında yazmağımızı tapşırmış. Hər kəs şablon - anaya, vətənə olan sevgidən yazmışdı. Müəlliməmiz yazılar haqqında fikirlərini söyləyərkən, o oğlanın yazısını daha çox bəyəndiyini demişdi Və bu da mənə maraqlı gəlmişdi. Bir dəfə hər kəs idman dərsində olanda gedib müəllimənin otağından yazını götürüb oxudum. Həqiqətən də həmin məktubda mənə olan sevgisindən yazmışdı”.
İqtisadçı universitet vaxtı yaşanan bir hadisəni də danışdı: "Bizim universitetin pəncərələri elə idi ki, bir otaqdan o birinə rahat keçmək olurdu. Məndən bir kurs yuxarı da oxuyan bir oğlan vardı. Məndən xoşu gəlirdi. Bir gün əlində gül, sevgi etirafı etmək üçün bizim otağa gəlib. Həmin gün də mən dərsdən tez getmişdim. O, eşq elan edən zaman, görüb ki, mən dərsdə yoxam. Müəllimlərin və tələbələrin qarşısında pis olub, utanaraq gedib”.
Günel Azadə
banner

Oxşar Xəbərlər