AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

O imzanı tariximizə Rəsulzadə atdı Müsahibə

O imzanı tariximizə Rəsulzadə atdı Müsahibə

Müsahibə
30 May 2013, 08:23 2139
"Kimliyimizin tarixi boyutları ilə bağlı olaraq Rəsulzadə həm mikroskop, həm də teleskop rolunu oynamışdır. Türk tarixini, sanki mikroskopla incələyərcəsinə milləti içindən yeyib gəmirən xəstəlikləri, mikrobları göstərmişdir"

Cümhuriyyətin 95 illiyində dahi Məhəmməd Əmini yad eləmək, eyni zamanda müstəqilliyimizi borclu olduğumuz azadlıq mücahidlərini xatırlamaq üçün üzümüzü əsl Rəsulzadə sevdalısı Güntay Gəncalpa tutduq və suallarımızı ünvanladıq:


- Sizə görə, Məhəmməd Əmin Rəsulzadə kimdir və ona münasibət qaneedicidirmi?

- Rəsulzadə çağları aydınladan, mənsub olduğu milllətinin gələcəyi ilə bağlı yeni üfüq açan ərdəmli bir türkdü. Bəşər tarixində həm siyasətçi, həm də qələm sahibi olan dahilərin sayı çox deyildir. Bu istisna şəxsiyyətlərdən biri də Rəsulzadədir. Rəsulzadə İranın, Qafqazın, Osmanlının, Rusiyanın tarixi və mədəni özəlliklərini çox dərindən bilən bir ziyalı idi. Xüsusən türk tarixini çox ayrıntılı biçimdə bilirdi. Yazdıqları əsərlərində bunu açıqca görməkdəyik. Çox gənc yaşındaykən düşüncə həyatına başlamış və düşüncə həyatı da çox təlatümlü, hərəkətli keçmişdir. İranda olduğu müddətdə bütün Qacar ölkəsini milli türk dövləti etmək niyyətində idi. Bu üzdən də orada “İrani-no” (Yeni İran) qəzetini çıxarırdı. Yəni əskisinə bənzəməyən yeni İran, türk ölkəsi və dövləti olması gərəkən bir İran yaratmaq fikrində idi. Lakin İranın tarixi və sosial mühiti onun bu idealının gerçəkləşməsi üçün uyğun deyildi. Bu zaman 25 yaşlarında, çox gənciydi. Ancaq onun gənclik duyğularını dərin düşüncələri yönləndirirdi. Osmanlıda “Türk Yurdu” dərgisində “İran türkləri” başlıqlı yazıları çap olduğunda 27 yaşındaydı. Göründüyü kimi, çox gənckən nə qədər bilgili və təcrübəli olduğu gözlər önündədir. Ağlında şəkilləndirdiyi türklük düşüncəsini bir coğrafiyada gerçəkləşdirmək istəyirdi. Qafqaza döndüyündə burada xəyallarını həyata keçirməyə çalışdı və bacardı. Bu zaman o, 34 yaşında, hələ də gənc olmasına baxmayaraq, bu gənc şəxsiyyətin ağlında dolaşanlar bir millət yaradacaq, bir ölkə təsis edəcək və böyük gələcəyin əsasını qoyacaqdı. Yazıb-oxuması olmayan bir xalq kütləsi var idi. Tarixçilərin verdiyi bilgiyə görə, təqribən 80 nəfər oxumuş insan var idi və Rəsulzadə bu 80 nəfərlə bir tarix icad etməyə başladı. Belə geri qalmış bir toplum üçün sekulyar bir dövlət qurmaq asan iş deyildi. Bu asan olmayan işi Rəsulzadə bacardı. Rəsulzadənin həyatı mənə görə üç mərhələdən ibarətdir:

1) Milli şüura köklü şəkildə sahib olmaq üçün axtarışda olduğu gənclik illəri. Bu dönəm 1918-ci ilə qədər davam etmişdi.

2) Modern milli şüuru mənimsədikdən sonra onu öz ölkəsində tətbiq etmə mərhələsi. Bu dönəm də 1918-ci ildən başlayaraq 1920-ci ilə qədər davam etmişdi. Ancaq bu tətbiqetmə təmiz bir vicdana, dərin bilgiyə dayandığı üçün bütün tariximizi öz təsiri altına aldı. O zaman həyatda olmayan bizlər də dünyaya gəldiyimizdə onun tətbiqatının və düşüncəsinin təsirinə düşdük.

3) Türk tarix fəlsəfəsini yazma və türk kimliyi və gələcəyi üçün aydın bir üfüq bəlli etmə mərhələsi. Bu dönəm 1920-ci ildən başlayaraq həyatının sonuna qədər davam etmişdir.
Mən tarixlə, tarix fəlsəfəsi ilə məşğul olan birisi olaraq, deyə bilərəm ki, Rəsulzadə kimi tarixçi və tarix fəlsəfəsi ilə məşğul olan şəxsiyyət daha sonrakı dönəmlərdə ortaya çıxmamışdır. Kimliyimizin tarixi boyutları ilə bağlı olaraq Rəsulzadə həm mikroskop, həm də teleskop rolunu oynamışdır. Türk tarixini, sanki mikroskopla incələyərcəsinə milləti içindən yeyib gəmirən xəstəlikləri, mikrobları göstərmişdir. Rəsulzadənin tarix metodologiyasından önəmli bir dərs almalıyıq. O da budur ki, tənqid edilməyən mövzu çürüyər, tənqid edilməyən durum fəlakət törədər. Rəsulzadənin tarix üzərinə tənqidi də bu niyyətə xidmət etmişdi. Ancaq bununla yanaşı, gələcəkdə aydınlanan türk ulusunun düşüncə üfüqündə bir aydınlıq da göstərmişdir. Bu qədər böyük işi necə bacarmışdır? O, dövləti devrildikdən sonra da düşüncələrini mətnləşdirərək millətini aydınlatmağa davam etmişdi. Onun mətnləşdirdiyi düşüncələr oxucu üçün teleskop rolunu oynamaqdadır. Uzaqdakı hədəfi göstərir. Bu üzdən də 70 il üzərindən keçsə də, Rəsulzadənin mətnləşdirdiyi düşüncələrinə ehtiyac ortaya çıxdı. Rəsulzadənin ağrı və əzablarından bizə iki miras qalmışdır:

1) İstiqlal bayrağı;
2) Kitabları.

Bu mirasa bütün nəsillər sarılacaq. Ayrıca, onun tarixə baxış bucağı sovet dönəmində söndürüldü və müstəqillik sonrasında da Rəsulzadənin tarix fəlsəfəsi ilə tarixə və gələcəyə yanaşılmadı. Mənim düşüncə həyatımın, tarix biliklərimin biçimlənməsində Rəsulzadənin böyük təsiri olub. Kimsə Rəsulzadə və onun cəsarəti qədər mənim tarix anlayışıma təsir göstərməmişdir. Ona olan münasibət haqqında da bunları söyləyə bilərəm: Onun kitablarının oxunması üçün dövlət bir işlər görməlidir. Bugünkü dövləti, bu neməti indiki idarəçilərə başqa biri deyil, o, miras buraxmışdı.

- Sizcə, biz müstəqil olduqmu?

- Müstəqillik bir məfkurədir. Bu məfkurəni də Rəsulzadə bizə miras buraxmışdır. Məfkurəni Ziya Göyalp belə tərif edir: Müqəddəs duyğu, müqəddəs düşüncə və müqəddəs davranışın bir yerdə bir bütün təşkil etməsinin adına “məfkurə” deyilməkdədir. Bax bu müqəddəs məfkurə bir millətin şərəf və milli namusunu ifadə etməkdədir. Bu baxımdan biz 1918-ci ildə müstəqil olduq. Ən önəmlisi müstəqil bir ölkə kimi dünyada var olmaqdır. Bunun acısını bizim dədələrimiz çox çəkmişlər. Bu müstəqilliyi arzu edən Məhəmməd Hadi o zaman yazırd:
“Atmış miləl imzasını övraqi-həyata,
Yox millətimin xətti bu imzalar içində”
Yəni Hadi deyir ki, mənim millətimdən başqa bütün millətlər müstəqildir. O imzanı da tariximizə Rəsulzadə atdı və dedi ki, “Bir kərə yüksələn bayraq bir daha enməz.”

- Niyə məhz iki il? Daha çox davam etməsi üçün nə etmək lazım idi?

- O zamankı dünya siyasi düzəni belə idi. Azərbaycan Cümhuriyyətinin xarici arxası Osmanlı imperatorluğu idi. Osmanlı Türk imperatorluğu olmasaydı, Rəsulzadə təkbaşına ölkə qura bilməzdi. Necə ki ermənilər Bakını işğal etmişdilər və paytaxt Gəncə seçilmişdi. Türk ordusu gəlib Bakını azad etdikdən sonra paytaxt Bakı oldu. Osmanlı bərəkəti daşıb Qafqazı sarmışdı. Osmanlının dünya savaşında yenilməsi tariximiz üçün böyük fəlakət doğurdu. Azərbaycan arxasız qaldı. Osmanlının məqsədi Güney Azərbaycanla Quzey Azərbaycanı birləşdirib vahid türk dövləti yaratmaq idi. O zaman Nuru Paşa Bakıya yardıma tələsərkən, Xəlil Paşa da Güney Azərbaycana girib orada ermənilərin Urmu və civarında törətdikləri qətlləri durdurdu. Məqsədləri iki Azərbaycanı birləşdirmək idi. Bu yolla Mərkəzi Asiyaya rahatca çıxmaq mümkün olacaqdı. Lakin Osmanlı imperatorluğumuzun yenilməsi bizə çox zərər verdi. İstanbul işğal edildi, Mustafa Kamal qurtuluş savaşı başlatdı... Rusiyanın hücumları qarşısında yeni təsis edilmiş, professional ordusu olmayan Azərbaycan müqavimət göstərə bilməzdi. Ona görə də iki əsrə bərabər olan işləri Rəsulzadə və həmfikirləri o iki ildə edə bildilər. Ən önəmlisi, millətin şüuruna istiqlal məfkurəsini əkə bilmələri oldu.

- Bayrağımızın üç rəngi haqda nə söyləyə bilərsiniz?

- Bayrağımız rəngləri etibarı ilə cahanşümul bayraqdır. Bəlkə də dünyada bu gözəllikdə bayraq yoxdur. Klassik türk tarixinin antezidir. Türk dili və türk zəkası ilə bütün bilgiləri mənimsəyərək İslami dəyərləri anlamağı ifadə etməkdədir. Mavi rəng türk dilinə verilən önəmi göstərməkdədir. Çünki hər ulusun canlı tarixi və gələcəyi onun dilində öz varlığını yaşadar. Türk dili ilə modern çağı anlamaq ikinci rəngin anlamıdır. Ayrıca, türkçə ilə və modern ağlın imkanları ilə dini dəyərlərimizi dərk etmək nəzərdə tutulmuşdur.

Nigar İsfəndiyarqızı