• cümə axşamı, 28 mart, 15:07
  • Baku Bakı 16°C

O, həm də mətbuatımızın zinəti idi

29.03.17 13:00 2018
O, həm də mətbuatımızın zinəti idi
XX əsrin əvvəllərində təkcə Azərbaycanda deyil, bütün Şərqdə böyük əks-səda doğuran "Molla Nəsərəddin” jurnalı haqqında Mirzə Cəlil təvazökarlıq edərək yazırdı: "Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. "Molla Nəsrəddin” bir necə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam. Bu əziz yoldaşlarımızdan biri də mərhum Əliqulu Nəcəfovdur. Həqiqi və ləzzətli əhli-qələm şairimiz bu dünyadan vaxtsız getdi”.
Nəcəfov Əliqulu Məşədi Ələkbər Hacı Nəcəf oğlu Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda 1882-ci ildə anadan olub (Bəzi tədqiqatlarda 1880, ya 1881-ci il kimi də göstərilir. Şairin öz yazılarından da 1982-ci il ehtimal olunur). Əliqulunun səkkiz yaşı olanda atası Məşədi Ələkbər onu məhəllə məscidinə göndərir. Əliqulu burada ərəb-fars dillərini öyrənir. Bu zaman (1893-cü il) Naxçıvanda görkəmli maarifpərvər xadim Məmmədtağı Sidqi yeni üsullu dörd sinifli "Məktəbi-tərbiyə”ni açır.Əliqulu bu məktəbin ilk məzunlarından olur. Yeni üsullu məktəb Əliqulunun dünyagörüşünü dəyişdirir. O, burada klassik ədəbiyyatla, dünya elmləri ilə tanış olmaqla yanaşı, sevimli müəllimi M.Sidqidən "bədii yaradıcılığın sirlərini də öyrənir”. Əslində Əlqulunun bədi yaradıcılığa meyl etməsi təbii idi. Çünki atası "Səba”, əmisi "Fani”, ana babası "Məddah” təxəllüsü ilə tanınan şairlər olub. Ailədə şeirə, sənətə olan maraq Əliqulunu da bu yola sövq edir və o tez-tez "Darülürfan” ədəbi məclislərində iştirak edirdi.
1896-cı ildə Əliqulunun atası xəstələnir. "16 yaşlı Əliqulu Təbrizə müalicəyə gedən atasına himayəçi kimi qoşulur”. İrandakı cəhalət Əliqulunu ilk satirik şeirlərini yazmağa sövq edir və onu daha çox ədəbiyyata, şeiriyyata bağlayır. Bu haqda Əli Səbri yazırdı: "...varlı, iqtidarlı tacir oğlu Ə.Qəmküsar atasının vəfatından sonra ticarətinə davam etməyib, səadətini ədəbiyyatda gördü”. Beləliklə, ilk dəfə "Şərqi-rus”da çap olunan Ə.Qəmküsar sonralar "Cüvəllağı” təxəllüsü ilə məşhur mollanəsrəddinçi kimi tanındı. Artıq "1906-cı ilin ortalarından adı mollanəsrəddinçilərin sırasında” çəkilən Ə.Qəmküsar elə o vaxtdan həm şair, həm də publisist kimi "İrşad”, "Tərəqqi”, "Zənbur”, "Yeni irşad” və s. dövrü mətbuatda da çap olunmağa başlayır.
Həmin illərdə Əliqulu həm də Culfa ticarət komisyonunda işləyirdi. Atası Məşədi Ələkbərin ölümündən sonra ailənin bütün ağırlığı onun üzərində idi. Ticarət işləri ilə bağlı tez-tez İrana səfər edən Əliqulu həm də Səttarxanın rəhbərliyi ilə başlamış milli-azadlıq hərəkatının iştirakcısına çevrilir. "İranda inqilabi mübarizənin qızğın çağlarında onun səsi vətənin müxtəlif yerlərindən gəlirdi. O, gah Culfada, gah Təbrizdə, gah da məşrutə hərəkatının cərəyan etdiyi ayrı yerdə olurdu”. O, İranda baş verən milli-azadlıq hərəkatına öz dəstəyini həm publisist-şair, həm də aktyor kimi verirdi. "Məktəb və cərayid nə qədər tərəqqi və təaliyə xidmət edirsə, bir o qədər dəxi teatr millətin maddi və mənəvi nəvai satın islah edir”.
"Bir kişi nə qədər şöhrət və var-dövlət qazanır-qazansın, ailədən bəxti gətirməyibsə, xoşbəxt ola bilmir”. Əliqulu Qəmküsarın da ailə sarıdan bəxti gətirmədi və o, ömrü boyu bu acıları yaşadı. Əliqulu 1907-ci ildə özü sevib-secdiyi Xəndan xanımla evlənir. Amma Əliqulunun ailə xoşbəxtliyi çox tez bitir. O, beş illik ailə həyatında əvvəl iki körpə qızını, 1912-ci ildə isə mehriban, xoş xasiyyətli ömür-gün yoldaşı Xəndan xanımı itirir. Əzizlərini belə tez və qəfil itirməsi şairi ədəbiyyatdan uzaqlaşırır, içkiyə meyl edir. Günü-gündən bədəni zəyifləyən Əliqulu qızdırma xəstəliyinə tutulur...
Bu ağır xəbəri eşidən Mirzə Cəlil Həmidə xanımın tövsiyəsilə onun dadına çatır. Ə.Qəmküsarı yenidən həyata qaytarır, yazmağa-yaratmağa, "yaşamağa” sövq edir. Mirzə Cəlil "1912-ci ilin yayında Ə.Qəmküsarı Pyatiqorskiyə müalicəyə yola salır”. Əslində bu zaman Mirzə Cəlilin öz işləri də yaxşı deyildi. Bu haqda Həmidə xanım Cavanşirin xatirələrindən oxuyuruq: "1912-ci ilin yayında Cəlil yanımıza gələ bilmədi. Mənim sürəkli xəstələnməyim, jurnalın boykot edilməsi onun maliyyə işlərini möhkəm axsatmışdı. Ciddi çətinlik içindəydi...”. Məhz belə bir zamanda Mirzə Cəlil xeyirxahlığını mollanəsrəddinçi məslək yoldaşından əsirgəmədi. Elə Mirzə Cəlilin böyüklüyü də bunda idi. Ə.Qəmküsar Pyatiqorskidə müalicə olub qayıdarkən Mirzə Cəlilin xahişilə "Tiflisə köçür, daimi yaşamaq üçün "Molla Nəsrəddin”in redaksiyası yerləşən Davud kücəsindəki 24 nömrəli evə yazılır”. M.Cəlilin ailəsi ilə yaşadığı bu evdə Əliqulu da ailənin sevimli bir üzvü kimi qəbul edilir. Hətta Mirzə Cəlil jurnalın taleyini də Əliquluya etibar edir. O, Tiflis qubernatorluğuna yazdığı 1913-cü il 16 yanvar tarixli məktubunda xahiş edirdi ki: "bundan sonra "Molla Nəsrəddin” jurnalının redaktorluğuna Naxçıvan əhli Əliqulu Nəcəfovun adını əlavə etməyə icazə versin”.
Beləliklə, Əliqulu Qəmküsarın adı redaktor kimi jurnalın "1913-cü il 6-cı nömrəsindən yazılmağa başlayır”. Ə.Qəmküsarın "Molla Nəsrəddin”ə redaktorluq etməsini dövrü mətbuat sevinclə qarşılayır. Xüsusən də "Kaspi” qəzeti. Qəzet 3 mart 1913-cü il tarixli sayında yazırdı: "Bu adam uzun müddət tatar (Azərbaycan Q.D.) qəzetlərində işləmiş və "Molla Nəsrəddin” jurnalında da əməkdaşlıq etmişdir. Ümid etmək olar ki, Ə.Q.Nəcəfovun "Molla Nəsrəddin”ə redaktor gəlməsi həm jurnala, həm də xalqa daha xeyir vermiş olar”.
Əslində Ə.Qəmküsarın "Molla Nəsrəddin”ə redaktor təyin edildiyi vaxt "jurnalın həyatında bəzi cəhətdən böhranlı illər hesab edilir”. Mirzə Cəlil kimi böyük bir satirik qismən də olsa jurnaldan uzaqlaşır (səbəbi - qardaşı Ələkbərin xəstəliyi və həbs edilməsi, Həmidə xanımın xəstəliyi, ailə təsərrüfatı işlərinin idarə edilməsi (bu işdə ona həmişə kömək edən qardaşı Ələkbər idi), maddi vəziyyətin çətinləşməsi və s), jurnal Sabir kimi böyük bir şairi itirir, "Molla Nəsrəddin”in "əsas simalarından biri” olan Ömər Faiq əfəndi xəstəliyi ilə əlaqədar Tiflisi tərk etməyə məcbur olur, 1914-cü ildə məşhur rəssam Şmerlinq həbs edilir və s. Bütün bunlara baxmayaraq, çar hakim dairələri tərəfindən dəfələrlə məhkəmələrə, təqiblərə, həbslərə məruz qalan, "hökumət üçün qorxulu, şübhəli və etibarsız adamlar” siyahısına düşən Əliqulu Qəmküsar 1913-1915-ci illərdə "Molla Nəsrəddin”i yaşada bilir.
"Ə.Qəmküsarın dünyagörüşünün formalaşmasında bir sıra mühüm amillər var ki, bunlardan ən başlıcası C.Məmmədquluzadə yaradıcılığının təsiri ilə bağlıdır”. Təkcə dünyagörüşünün formalaşmasındamı? Yox. Əliqulu Qəmküsarın bütövlükdə həyatındakı çətinliklərin aradan qaldırılmasında da Mirzə Cəlil və Həmidə xanım böyük rol oynamışdır. Odur ki, Mirzə Cəlillə Əliqulu Qəmküsar arasında bir məssəb, əqidə yaxınlığından əlavə, sarsılmaz dostluq əlaqələri var olub. Bu Əliqulunun yaradıcılığına da sirayət etmişdir. Mətbuatşünas alim İslam Ağayev bu haqda yazırdı: "XX əsr Azərbaycan ədəbi-bədii fikrində nəzm və publisist nəsr janrının qarışığı əsasında felyeton yazmaq təcrübəsindən ilk dəfə C.Məmmədquluzadə istifadə etmişdir. Əsası ilk dəfə C.Məmmədquluzadə tərəfindən qoyulan bu üsul sonradan dövri satrik mətbuatda yayılmışdı. Lakin heç bir sənətkar bu üsuldan Ə.Qəmküsar qədər müvəffəqiyyətlə istifadə etməmişdir”.
Mirzə Cəlilin "Ölülər” əsərinin "səhnəyə qoyulması məsələsini də ilk dəfə Əliqulu Qəmküsar irəli sürüb və Şeyx Nəsrullah surətini təkrarolunmaz bir obraz kimi yaradaraq həmişəlik Azərbaycan teatr mədəniyyəti tarixinə yazır”. "Şuşada, Tiflisdə, Dağıstanda, Səmərqənddə, Daşkənddə və Volqaboyu şəhərlərdə "Ölülər”i miyonlara sevdirən Əliqulu bir daha aktyorluq istedadını nümayiş etdirir.
"1917-ci ildə 26-cı nömrəsindən sonra "Molla Nəsrəddin” Zaqafqaziyada siyasi hadisələrin kəskinləşməsi ilə əlaqədar olaraq bağlanır”. Mirzə Cəlil Qarabağa gedir, Əliqulu Qəmküsar isə Tiflisdə qalır və bir müddət bolşevik ideologiyasını təbliğ edən "Al bayraq”, "Gələcək” qəzetləri ilə əməkdaşlıq edir. Amma bu illər onun həyatında yenidən çətin günlər başlayır. Şairi yaxından tanıyan Əziz Şərif o günləri belə xatırlayırdı: "Ürəyi böyük dərdli, baxışlarında insanlara sönməz bir məhəbbət olan istedadlı şair dərin maddi ehtiyac içərisində, yırım-yırtıq paltar və ayaqqabıda gəzirdi”. Çox təəssüflər ki, maarifə, yeniliyə qənim kəsilənlər ona bu günü də çox gördülər. "1919-cu il mart ayının 14-də axşam saat 11 radələrində Ə.Qəmküsar qardaşı Rzaqulu Nəcəfovun yaşadığı mənzilin qapısı ağzında vəhşicəsinə qətl edildi”. Əksər tədqiqatçılar bu ölümə səbəb kimi Ə.Qəmküsarın yazdığı "İngiltərə” rədifli satirik şeirini göstərirlər. "...Ə.Qəmküsar ingilisləri ifşa edən "İngiltərə” rədifli şerini yazdığına görə öldürüldü”.
Çoxcəhətli yaradıclıq fəaliyyətinə malik olan Ə.Qəmküsar özündən sonra həm bir şair, həm də bir publisist kimi zəngin irs qoyub getdi. Bu irsdə onun yaradıcılığının "müasirlik və aktuallığı, siyasi-ictimai pafosu, yığcamlılığı, konkretliliyi diqqəti cəlb edir”. Publisistik yazıları, satirik şeirləri, felyetonları yalnız dövrünün deyil, elə bu günün də diqqətəlayiq nümunələridir. "Azərbaycan ədəbiyyatının zinəti” adlandırılan bu nümunələrin müəllifi Ə.Qəmküsar həm də Azərbaycan satirik mətbuatının zinəti idi.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər