• cümə axşamı, 28 mart, 16:44
  • Baku Bakı 16°C

“O, çəkiliş meydanında qorxulu görünürdü...” - Fotolar

24.11.17 13:00 12220
“O, çəkiliş meydanında qorxulu görünürdü...” - Fotolar
Görkəmli kino rejissoru Eldar Ryazanovun 90 yaşı tamam oldu. Rusiyada ilk dəfə olaraq yubiley ərəfəsində ona vətəni Samarada heykəl qoyulub. Eldar Ryazanovun adını daşıyan bağça-bağda, onun ailəsinin yaşadığı binanın yaxınlığında indi Eldar Aleksandroviçlə yanaşı oturmaq olar.Məşhur rejissorun qızı Olqa Ryazanova Samarada olarkən atası haqqında «MK»-ya danışıb.
Onlar yad insanlar kimi görüşüblər

- Atanızın heykəlini qoyarkən sizinlə məsləhətləşmişdilərmi?
- Mənə heykəlin eskizlərini göstərmişdilər, xoşuma gəlmişdi. Heykəltəraş Vaxa Mikaberidze ümidlərimi doğrultdu. Atamın heykəli bəzilərindəki kimi saxta yox, onun olduğu kimi, təbii və gözəl alınıb.

- Bir dəfə İrina Skobsevoyla Sergey Bondarçukun heykəli yanında görüşdüm. Yerli kişilər Sergey Fyodoroviçin xatirəsinə orada içki qonaqlığı təşkil etmişdilər. Bunu görən İrina Konstantinovnanın əvvəlcə kefi pozuldu, sonra onlara dedi ki, «bəlkə də bu, yaxşıdır. Amma heykəlin öz həyatı var».
- Burda da belə bir təhlükə var. Atam skamyada əyləşib. Yanında boş yer çoxdur. Ona görə də istənilən adam onun yanında oturub içki məclisi qura bilər.

- Belə bir ehtimal var ki, atanızın muzeyini Samarada açacaqlar?
- Söz veriblər ki, bu ilin dekabrında birinci mərtəbəni açacaqlar. Ev üçmərtəbəlidir. Birinci mərtəbədə atamın valideynləri ilə yaşadığı otaq bərpa olunacaq. İkinci mərtəbə onun yaradıcılığına həsr olunacaq. Üçüncüdə isə multimedia məkanı olacaq ki, oranı gəzib dolaşmaq mümkün olacaq.

- Muzeyin açılmasında sizin də iştirakınız var?
- Biz onlarla əlaqə saxlayırıq. Muzeyin rəhbərliyinin xahişi ilə mən FS arxivinə getmişdim. Öz babam Aleksandr Semyonoviç Ryazanov haqqında maraqlı məlumatlar topladım. Belə arxivlərə girməyə yalnız qohumların ixtiyarı olduğu üçün onlar mənə müraciət etmişdilər. Keçmiş anları yada salmaq hərdən insana kədər gətirir, ağrılı olur. Ona görə də könülsüz də olsa, arxivə getməyə razılaşdım. Arxivə daxil olandan və məlumatları əldə edəndən sonra fikirləşdim ki, bütün bunları nahaq yerə oxumamışam. Çox kədərlənirəm ki, babam haqqında nələri öyrəndiyimdən atamın xəbəri olmadı.

- Babanızı nədə günahlandırırdılar?
- O, 1937-ci ildə böhtan üstündə həbs olunub və 18 ildən artıq həbsxanada yatıb. Bu əsassız böhtan üzündən 58-ci maddə üzrə ona əksinqilabçı adı verərək həbs ediblər. İttihamda nələr yox idi! Onu Kommunist Partiyası əleyhinə çıxışlarda, antisovet danışıqlarda, sovet həqiqətinə böhtan atmaqda günahlandırırdılar. Sosial təhlükəli element kimi babam Borkutlaqa göndərilib. Oradan qaçıb, ancaq onu tutublar və həbs müddətini artırıblar. O hansı instansiyalara məktub yazmayıb!.. 1953-cü ildə bağışlanması üçün Beriyaya məktub göndərib, ancaq rədd cavabı alıb.

- Babanz nə ilə məşğul idi?
- 24 yaşı olanda Aleksandr Semyonoviç Ryazanov «Konstantinovskaya manufaktura»dadirektor köməkçisi olub. 1923-cü ildə o, partiya konfransında iqtisadi mövzuda çıxış edib. Çıxış edərkən düşünmürdü ki, bu, əksinqilabi trotskiçilikdir... Bundan sonra o, 14 il normal həyat yaşadı, Çinə və İrana ezamiyyətlərə getdi. 1937-ci ildə isə onun çoxdankı çıxışını yada saldılar. Məlum oldu ki, o, "alman kəşfiyyatı orqanlarının gələcək agenti” kimi "SSRİ ərazisində diversiya şəbəkəsini” tətbiq edirmiş.Atam doğulmamışdan əvvəl valideynləri Tehranın ticarət nümayəndəliyində işləyirdilər. Adının nə üçün Eldar olduğu buradan məlum olur. Moskvaya qayıdandan sonra Aleksandr Semyonoviç içməyə başlayır və elə ona görə də atam 3 yaşında ikən nənəm ondan ayrılır. Sonralar nənəm ikinci dəfə ərə gedib və bir oğlan da dünyaya gətirib. Ögey babam atama doğma balası kimi baxdığına görə, mən onu yeganə babam hesab edirəm.

- Hansı sənədlərə baxmağa sizə icazə verdilər?
- Üzləşdirmə protokollarına, gecə saatlarındakı uzun sürən dindirmələrə və babamın avtobioqrafiyasına. Bu sənədlər insanda güclü qəzəb hissi yaradır. Bu sənədlərdən mən babamın həyatını əvvəldən axıra qədər öyrəndim. Sənədlərin içərisində müxtəlif ünvanlara, hətta Stalinə də ünvanlanmış, babamın öz günahsızlığını sübut etməyə çalışdığı məktublar da var idi. Yalnız 1955-ci ildə cinayət tərkibi olmadığı üçün iş bağlanıb.

- Yaşıdımız olan nəslin nümayəndələri nə üçünsə öz valideynlərinin keçmişi ilə heç vaxt maraqlanmayıblar.
- 1930-cu ildə atamın valideynləri ayrıldığına görə, o öz atası ilə ünsiyyətdə olmayıb. 1937-ci ildə isə onun atasını həbs ediblər. O vaxt atamın 39 yaşı olub. Müharibə illərində atam düşərgədə olan babama məktub yazıb. Cavabında isə şimal təbiətinin təsviri olan məktub alıb. Atam bundan bərk inciyib. Sənədləri oxuyandan sonra mənə aydın oldu ki, nəyə görə o vaxt babam belə edib. O istəməyib ki, oğlu belə «təhlükəli element»lə məktublaşsın. 1960-cı illərdə - atam məşhur rejissor olan vaxtlarda Aleksandr Semyonoviç onu tapıb. Onlar yad insanlar kimi görüşüblər. Atam babama bir qədər pul verib, bir neçə ildən sonra isə onun dəfn mərasimində iştirak edib.

- Sizə sənədlərin surətini çıxarmağa icazə verdilərmi?
- Mən babamın bioqrafiyasını öyrənmək üçün daha vacib olan böyük həcmdə sənədlərin surətini çıxarıb muzeyə təhvil verə bildim.
Sovet insanı

- Necə düşünürsünüz, Eldar Aleksandroviç sovet insanı idi?
- Əlbəttə, bəs necə ola bilərdi? Mən də sovet insanıyam, ola bilər ki, yarımçıq...

- Bu ki, doğum tarixi ilə yox, mentalitetlə məlum olur.
- Əvvəla, o da, mən də ateistik. Baxmayaraq ki, atam dindarlara hörmət bəsləyirdi. Mənə gəldikdə isə, yumşaq desəm, ehtiram etmirəm. Onun filmləri də sovet həqiqətləri haqqında çəkilirdi. Ayrılıqda isə çətin ki, çəkə bilərdi.

- O, şəraiti olduğu kimi qəbul edirdi? Yoxsa buna qarşı çıxırdı?
- Atamda vətəndaş təəssübkeşliyi güclü idi. O, yığıncaqlardakı çıxışlarında senzuranı, bürokratik nizam-intizamı ciddi tənqid edir və bu, müzakirələrə səbəb olurdu. Buna görə də atamın hərdən problemləri olurdu.

- Biz Ryazanovun Kinematoqrafiya İttifaqının qurultayındakı çıxışını səbirsizliklə gözləyərdik. Amma hansısa məqamda ümumi süstlük yarandı və Eldar Aleksandroviç bəzi həmkarları kimi yığıncaqlara gəlməkdən əl çəkdi.
- Atam bütün qurultaylarda sözün düzünü deyərdi.

- Atanız ən çox nəyi qiymətləndirirdi?
- Bunu heç vaxt təhlil etməmişəm. Baxmayaraq ki, atam qızğın fəaliyyət göstərirdi, düşünürəm ki, onun üçün vacib yerdə ailəsi dururdu. Atamın ciddi məşğul olmasına baxmayaraq, ailəsinə bu qədər güc sərf etməsi, can yandırması, diqqət ayırması qıraqdan bəzilərinə qəribə görünə bilərdi. Mən özümü heç vaxt gücsüz hiss etməmişəm, hər zaman arxamda böyük bir dağın olduğunu hiss edərək yaşamışam. O, etibarlı və məqsədinə hər zaman çatan insan idi. Əgər nəsə vəd edibsə, həmişə yerinə yetirərdi.

- Siz möhtəşəm kinematoqrafik ailədə böyümüsünüz. Ananız Zoya Petrovna Fomina da rejissor idi, sənədli filmlər çəkirdi. Təəccüblüdür ki, sizdə bu sahəyə maraq oyanmayıb.
- Birincisi, aktyorluq qabiliyyətim heç vaxt olmayıb. Tək bircə dəfə atamın çəkdiyi «Quldur qocalar» filmində oynamışam və bu mənə bəs edib. İkincisi isə, rejissora təslim olmaq, ümumiyyətlə kimdənsə asılı olmaq xarakterimə uyğun deyil.

- Atanız sizi çəkiliş meydanına aparıb. Deyirlər, o qəzəblənəndə çox dəhşətli görünürmüş...
- Hə, o çox qorxulu görünürdü. Əlbəttə, atam məsləhətlərə qulaq asırdı, aktyorlara improvizasiya üçün azadlıq verirdi, ancaq həmişə onların dediyini mütləq kimi qəbul etmirdi. Onun dediyini başqa cür edəndə çox əsəbləşərdi.

- Eldar Ryazanov uzun illər Emil Braqinski ilə birlikdə çalışıb. Onların pyesləri ölkə teatrlarına səpələnmişdi. Demək olarmı ki, onların yolu ayrılanda, atanızın yaradıcılığının «romantik dövrü» də sona çatdı?
- Belə demək olar... Bu duetin təbii ayrılığı oldu. Bu, gurultulu qırılma deyildi. Atam Qriqori Qorinlə əməkdaşlıq edirdi. Onlar birlikdə «Kasıb Qusardan ötrü siz də dua edin» filmini çəkdilər. Təbiidir ki, onların həyatında nəsə dəyişdi.
İnsanlar başa düşürlər ki, mənim atam kimdir

- «Andersen. Məhəbbətsiz həyat» - bu film Eldar Ryazanovun tərcümeyi-halında ayrıca yer tutur. Hamı öyrəşmişdi ki, o, komediya və tragikomediyalar çəkir. Tamamilə başqa bir şey çəkməyi arzulayırdımı?
- Onun tammetrajlı film kimi ilk debütü «Bahar səsləri» olsa da, atama ºöhrəti «Karnaval gecəsi» gətirdi. Film Lüdmila Qurçenko və Yuri Belovu "ulduz” etdi, Ryazanov isə sovet komediya kinosunun baş qəhrəmanı oldu. Atamın axırıncı filmlərini komediya adlandırmaq çətindir. Amma atam təkcə komediya janrında deyil, başqa janrlarda da çəkirdi. Belə işlərə geniş nəzərlərlə baxırdı.

- Atanızın reallaşdıra bilmədiyi hansı fikirləri var idi?
- Eldar Ryazanov uşaqlıqdan xoşladığı Rostanın pyesini ekranlaşdırmaq istəyirdi. Ona ideya gəlmişdi ki, şair rolunu şair oynamalıdır. Ona görə də Yevtuşenkonu dəvət etdi. Ancaq ona ultimatum verdilər: istənilən başqa bir aktyor, lap küçədən olsun, ancaq Yevtuşenko olmamalıdır. 24 saat ərzində cavab verilməli idi. Atam filmi çəkməkdən imtina etdi və 2 il işsiz oturdu. Yevtuşenkonun 40 yaşı olanda, 1972-ci ildə o, şairə kino sınağı ilə bağlı lent hədiyyə etmək istəyirdi. Ancaq filmotekasında bunu tapa bilmədi. Sanki belə şey olmamış kimi lent yoxa çıxmışdı. Atam əsgər Vladimir Voynoviçin romanı əsasında «İvan Çonkinin həyatı və qeyri-adi macəraları» filmini çəkmək istəyirdi. Ancaq çoxlu maliyyə ehtiyacı, bürokratik və yaradıcı problemlərlə üzləşdi. Bu ideyasını da həyata keçirə bilmədi. Bu, birgə quruluş olmalı idi. Xarici tərəf Çonkini Mixail Barişnikovun oynamasını tələb edirdi. Ancaq atam heç cür Barişnikovu istəmirdi, çünki onu aktyor hesab etmirdi. Atamın artıq öz heyəti var idi: Steklov, Qundareva, Smaktunovski, Filatov, Burkov.

- Eldar Aleksandroviç itinin də adını Çonkin qoymuşdu.
- Hə, bunu həyata keçməyən işinin xətrinə etmişdi. İti də onun üçün məhz həmin vaxtlar gətirmişdilər.

- Yəqin ki, zamanla bu materiala həvəs də keçib getdi?
- Hə... O, sonralar bu fikrinə heç qayıtmadı. Atam, həmçinin «Ruslar Mariyanplastda», «Ustad və Marqarita» haqqında düşünürdü. O bu fikirlə Mərkəzi Komitənin ideoloji məsələlər üzrə katibi Zimyaninin yanına getdi və əsəri çəkmək istədiyini dedi. Əvvəlcə ona «məsləhətləşərik» dedilər. Sonra isə «qərar var ki, «Ustad»ı çəkməyəcəyik» deyə bildirdilər.
- Siz Ryazanovun qızı kimi özünüzə qarşı xüsusi münasibəti hiss edirdinizmi?
- İndiyə qədər bunu hiss edirəm. Əgər hardasa öz soyadımı demək lazım gəlirsə, insanlar başa düşürlər ki, mənim atam kimdir və o dəqiqə müsbət enerjilərini mənə yönəldirlər.
"Maskovskiy komsomolets”dən tərcümə etdi
Təranə Məhərrəmova

banner

Oxşar Xəbərlər