AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nyu-Yorkda Xəzər Forumu keçirildi

Nyu-Yorkda Xəzər Forumu keçirildi

İqtisadiyyat
26 Sentyabr 2013, 07:51 1059
Bu gün Nyu–York şəhərində Xəzər Forumu keçirilib.

APA-nın forumun işini işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, Xəzər Strateji İnstitutu (HASEN) tərəfindən təşkil olunan tədbirdə Azərbaycandan dövlət rəsmiləri, diplomatlar, millət vəkilləri, media rəhbərləri, çoxlu sayda xarici ekspert və media nümayəndəsi iştirak edib. Tədbirin müzakirə mövzusu Cənub Qaz Dəhlizi, bu dəhlizin Avropanın enerji təhlükəsizliyində iştirakı ilə bağlı məsələlər olub.

Xəzər Strateji İnstitutunun baş katibi Haldun Yavaş tədbirlə bağlı məlumat verib. H. Yavaş İstanbulda birinci Xəzər forumunun keçirildiyini xatırladıb, bu il keçirilən forumun məqsədinin regionun enerji təhlükəsizliyinin müzakirə edilməsi olduğunu vurğulayıb.

Forumun əsas tərəfdaşı olan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov da Azərbaycanın həyata keçirdiyi enerji layihələrindən, xüsusilə sonuncu TANAP layihəsindən danışıb.

BP şirkətinin “Şahdəniz” layihəsi üzrə vitse-prezidenti Alasdair Kook da çıxışını Azərbaycanın regionun enerji təhlükəsizliyində xüsusi rolunu vurğulayıb.

Daha sonra Albaniyanın xarici işlər naziri Ditmir Buşati, Bosniya və Herseqovinanın XİN rəhbəri Zlatko Laqumdjia və Makedoniyanın xarici işlər naziri Nikola Poposki çıxış edib. Onlar da Azərbaycanın regionun enerji təminatındakı rolundan bəhs edib.

Daha sonra "Avropanın enerji təhlükəsizliyindəki məsuliyyət: Cənub Qaz Dəhlizi" mövzusunda panel keçirilib.

Paneldə Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və xanım Maya Pancikidze çıxış edib. Nazirlər çıxışlardan sonra jurnalistlərin suallarını da cavablandırıb. Paneldə həmçinin ABŞ Dövlət Departamentinin təmsilçisi Karlos Pasqual və Avropa Birliyinin təmsilçisi Patrisia Flor çıxış edib.

Qeyd edək ki, Xəzər Forumu Xəzər dənizi bölgəsinin iqtisadi, siyasi və strateji potensialını öyrənmək, iş birliyi və ortaqlıq sahələrini müəyyən etmək üçün hazırlanan bir platformadır. Forum bütün dünya birliyində akademik, siyasət və iş dünyasının təmsilçilərini bir araya gətirir.