• cümə, 29 Mart, 04:15
  • Baku Bakı 7°C

Növbəti Türkiyə-Rusiya gərginliyi yaşana bilərmi?

11.02.17 10:00 696
Növbəti Türkiyə-Rusiya gərginliyi yaşana bilərmi?
Dünya mediası Türkiyə ilə Rusiya arasında yaşanan növbəti qalmaqalı müzakirə edir. Bu dəfəki qalmaqal əvvəlki effekti yaratmasa da, hər halda ikitərəfli münasibətlərə təsirsiz ötüşməyəcək. Beləliklə, insident Rusiyaya məxsus təyyarənin türk əsgərlərinin olduğu binanı atəşə tutması və nəticədə 3 əsgərin şəhid olması, 11-nin isə yaralanmasından ibarətdir. Türkiyə Silahlı Qüvvələrinin yaydığı xəbərə görə, insident Suriyanın Əl Bab qəsəbəsində baş verib. "Fərat Qalxanı” əməliyyatının həyata keçirildiyi bölgədə İŞİD hədəflərinə qarşı edilən hücum zamanı yaralanan əsgərlər xəstəxanaya yerləşdirilib.
Putinlə Ərdoğan nədən danışıblar?
Ən önəmlisi odur ki, hadisə ilə əlaqədar Rusiya prezidenti Vladimir Putin dərhal türk həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib və hadisədən kədərləndiyini bildirib, ona başsağlığı verib. Tərəflər beynəlxalq terrorla mübarizə və Suriya məsələsini müzakirə ediblər, Suriyada terror təşkilatı İŞİD-ə qarşı hərbi əməkdaşlığı gücləndirmək barədə razılıq əldə olunub. Telefon danışığında Türkiyə, Rusiya və İran başçılığında Suriya məsələsinə həll yolu tapılması məqsədilə başladılan Astana prosesinə də toxunulub. İki lider Astana və Cenevrə danışıqlarının təşviq edilməsi üçün fəal əməkdaşlığa hazır olduqlarını ifadə ediblər. Mart ayının axırında Rusiyada keçiriləcək Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurası yığıncağı ilə əlaqəli fikir mübadiləsi aparaniki dövlət başçısı iqtisadiyyat və digər sahələrdə də əməkdaşlıq məsələsini müzakirə ediblər.
Təhqiqat komissiyası yaradılmayacaq
"Rusiya və Türkiyə Suriyadakı türk hərbçilərinə səhvən endirilən zərbə ilə bağlı insidenti araşdırmaq üçün təhqiqat komissiyası yaratmayacaqlar, çünki məsələ tam aydındır”.Bu barədə "RİA Novosti”yə Ankaradakı yüksək çinli hərbi mənbə bildirib. "İnsidentdən dərhal sonra Rusiya tərəfi ilə müvafiq məsləhətləşmələr aparılıb. Aramızda koordinasiya mövcuddur, hazırda əlaqələndirməni daha güclü və səmərəli etmək üçün danışıqlar aparılır. Məlumatıma görə, faciə ilə bağlı hər hansı xüsusi komissiya yaratmaq planlaşdırılmır, çünki vəziyyət məlum və aydındır”, - deyə mənbə bildirib.
Əl Bab mühasirəyə alınıb
Baş nazir Binəli Yıldırım Suriyada cərəyan edən proseslərlə əlaqəli Ankarada jurnalistlərə verdiyi açıqlamada, Əl Babın mühasirəyə alındığını, qəsəbənin ətrafındakı məhəllələrə nəzarətin ələ keçirildiyini bildirib. Əl Baba hakim, strateji təpələrə də nəzarətin ələ keçirildiyini ifadə edən baş nazir Əsəd qüvvələrinin isə cənub istiqamətdən qəsəbəyə irəlilədiklərini, onlarla gərginlik yaşanmaması üçün koalisiya qüvvələri və Rusiya ilə koordinasiya içində hərəkət edilərək, lazımlı tədbirlərin həyata keçirildiyini bildirib. Digər tərəfdən, Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar və Rusiya Federasiyası Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov arasında da telefon danışığı baş tutub. General Gerasimov Əl Babda baş verən hadisəyə görə Hulusi Akara kədərləndiyini bildirib və başsağlığı verib. Rusiya Müdafiə Nazirliyi tərəfindən yayımlanan açıqlamada isə Akar və Gerasimovun birgə əməliyyatlar və bölgədəki vəziyyətlə bağlı daha yaxın koordinasiya təmin edilməsi və məlumat ötürülməsinə dair qərara gəldikləri bildirilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rus həmkarı Sergey Lavrov arasında da mövzu ilə bağlı telefon danışığı olub. Lavrov da Çavuşoğluna başsağlığı verib.
Kılıçdaroğlu: Başsağlığı azdır
CHP lideri Kamal Kılıçdaroğlu Əl Babda şəhid olan türk əsgərləri ilə bağlı açıqlama verib. Kılıçdaroğlu Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edərək başsağlığı verməsinin az olduğunu bildirib. Kılıçdaroğlu Tvitter hesabında qeyd edib ki, əsgərlərimizin şəhid edilməsi Rusiya tərəfinin quru başsağlığı ilə bitməyəcək qədər önəmli hadisədir.
Niyə insident Tramp-Ərdoğan danışığından sonra baş verib?
Hər iki tərəf hadisənin səhv üzündən baş verdiyini bildirsə də, ortaya bir sıra suallar çıxır. Niyə məhz bu insident Tramp-Ərdoğan telefon söhbətindən sonra baş verib? Bundan əlavə, insident ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) yeni rəhbəri Mik Pompeonun Türkiyəyə səfərinə bir gün qalmışa təsadüf edib. Özü dəPompeo bu vəzifəyə gəldikdən 17 gün sonra regional səfərlər çərçivəsindəki ilk xarici səfərini məhz Türkiyəyə edib.
MKİ rəhbəri MİT rəhbəri Hakan Fidanla yanaşı, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşüb.Səfərdə terrorla mübarizə məsələsi, Suriyanın Əl Bab bölgəsində davam edən əməliyyat, Rakka bölgəsində mümkün əməliyyatlar müzakirə olunub.Görüşlərdə ABŞ-ın separatçı terror təşkilatı PKK-nın Suriyadakı qolu PYD/YPG-yəyardım etməməsi tələbi bir də gündəmə gətirilib. Səfərdə, həmçinin Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə mübarizə məsələsinin də müzakirə olunması gözlənilir.
Suriya ilə sərhəddə irimiqyaslı terror əməliyyatı
Belə bir mürəkkəb vəziyyətdə Türkiyədə keçirilən reydləri Qərb mətbuatıəsas mövzularından birinə çevirib. Məlumata görə, Türkiyədə 4 nəfəri tutublar, onların yanında 150 kiloqramlıq partlayıcı və dəmir parçalarıyla dolu 24 intiharçı kəməri, 15 kiloqrama yaxın partlayıcı maddə, partlayıcıları uzaqdan idarəetmə mexanizmləri, silah-sursat tapılıb. "USA Today”qəzeti əməliyyatın Suriya ilə sərhəddə, Qaziantep vilayətində keçirildiyini yazır. Vilayət rəhbərliyinin yaydığı məlumatda şübhəlilərin Suriyada fəaliyyət göstərən "İslam Dövləti” (İŞİD) yaraqlılarından təlimat aldığı deyilir. Türkiyənin dövlət agentlikləri tutulanlardan birinin hansısa terror hücumunda iştiraka görə axtarışda olduğunu yazır. Həbs edilənlər haqda, hələ ki bundan artıq bilgi verilməyib. Türkiyə terror hücumlarından son zamanlar xüsusilə əziyyət çəkdiyindən, hökumət terrorla mübarizəni gücləndirib. Keçən həftə ölkənin 29 vilayətində əməliyyatlar aparılıb, terrorçularla əlaqədə şübhəli bilinən 800-dən çox adamı tutublar.
Üstəlik, Türkiyə Suriyanın şimalında İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir, İŞİD mövqelərinə hava zərbələri endirir.Qəzetlər dünənki hadisənin Mərkəzi Kəşfiyyat İdarəsi rəhbərinin Ankaraya səfəri gününə düşdüyünü vurğulayırlar. "The New York Post” qəzetinin adının gizli saxlanmasını istəyən dövlət rəsmisindən aldığı məlumata görə, əsas müzakirə mövzusu Suriyada birgə əməliyyat planlarıdır. Adını açıqlamayan təhlükəsizlik rəsmisi Türkiyənin Gülən hərəkatı və kürd yaraqlılarıyla mübarizədə ABŞ-dan dəstək istəyəcəyini söyləyib. MKİ direktorunun Ankaraya səfəri ABŞ-la münasibətlərin yoluna qoyulacağıyla bağlı ölkədə ümidlər yaradıb.
Azər
banner

Oxşar Xəbərlər