• cümə axşamı, 28 mart, 20:06
  • Baku Bakı 13°C

“Növbəti stansiya Avropa”

11.07.15 12:46 2796
“Növbəti stansiya Avropa”
Həftə sonu şəhər gəzintisinə çıxdım. Həmişə getdiyim məkanlardan fərqli olaraq, bu dəfə dənizkənarı Milli Parka, el arasında “bulvar” kimi tanınan yerə üz tutdum. Bulvarda bir qədər irəlilədikdən sonra bir neçə gəncin bir yerə yığışdığını gördüm. Özlüyümdə dedim ki, yəqin pul-zad paylayırlar. Sürətlə gənclərin toplaşdığı yerə yaxınlaşdım. Sən demə, ora toplaşmış gənclərin azarı pul deyilmiş. Dava gitara davası imiş. İnlellekti başından vulkan kimi püskürən gənclər gitara ilə şəkil çəkdirmək üçün növbəyə düzülübmüş.Tam əminliklə deyə bilərəm ki, ilk baxışdan musiqiçiyə də oxşamırdılar, yenə o cəhənnəm, heç axtarsan, notların adını və sayını da bilmirlər. Yəqin ki, çəkdirdikləri gitaralı şəkillərini axşam Facebookda paylaşıb 100-150 “like” – “bəyənmə” yığacaqlar.
Bu gənclərdən bir qədər uzaqlaşmışdım ki, irəlidə milli musiqi alətlərimizin açıq sərgisinin keçirildiyini gördüm. Bura da insan axını az deyildi, amma burada gitaradan fərqli olaraq, tarla, kamanla, sazla şəkil çəkdirmək istəyən gənclərə təsadüf etmədim. Milli musiqi alətlərimizi bir-bir nəzərdən keçirib dənizin sahili ilə yoluma davam etməyə başladım. İrəlidə bir neçə qızın bir yerdə balıq tutmağa çalışdığını sezdim. Onlara yaxınlaşdıqda gördüm ki, yanılmışam. Bu qızların əlindəki balıq tutmaq üçün tilov deyil, “selfie” çubuğu imiş. Özlərini sanki fotosessiyada hiss edən qızlar şəklin biri bir qəpikdən çəkib gedirdilər. Qızların biri ağzını büzür, biri dodağını şişirdir, bir sözlə, cürbəcür pozalar verirdilər. Qızların bu vəziyyəti heç də dənizin sərin mehi ilə vəhdət təşkil etmirdi. Yəqin, bunlar da bayaqkı gənclər kimi çəkdirdikləri şəkilləri axşam İnstaqramda guppuldadacaqlar.
Artıq xeyli gəzmişdim. Bir az oturub dincəlmək qərarına gəldim.Yaxınlaşdığım ilk skamyaya oturub yerimi təzə rahatlamışdım ki, ətli-canlı, 24-25 yaşlarında bir “qaqaş” yaxınlaşıb mənə dedi:
- Qaqaş, burada oturma.
- Niyə?
- O biri skamyada mən sevgilimlə öpüşürəm. Sən bizə mane olursan.
- Yaxşı, mən gedirəm. Təki siz mehriban olun!
Artıq əsəbimdən bilmirdim nə edim? Niyə gənliyimiz belə formalaşır? Bütün bunları fikirləşə-fikirləşə beynimdən bir anlıq evə qayıtmaq fikri keçdi. Metroya çatdım və qatara minən kimi burada da bulvardakı vəziyyətdən fərqli bir şey görə bilmədim. Kimi sevgilisi ilə min hoqqadan çıxır, kimi yalandan əlində kitab tutub özünü ağıllı göstərir, kimisi də dəbdəbəli telefonlarını az qalsın adamın gözünə soxurdu... Metroda diqqətimi çəkən məqamlardan biri də yaşlı insanların ayaq üstə durması idi. Oturacaqlarda oturanların əksəriyyətinin gənclər, əsasən oğlanlar olduğu da gözümdən yayınmadı. Bütün bunlar gözümün önündə bir kino kadrı kimi canlanırdı. Gəncliyimiz niyə bu vəziyyətdədir? Gənclər niyə savadlanmaq istəmir? Bəlkə onların savad dedikləri elə Facebook, İnstaqramda şəkil paylaşmaqdır? Bütün bunları fikirləşə-fikirləşə uca bir səs məni, elə bil, yuxudan oyatdı:
“Qapılar bağlanır, növbəti stansiya Avropa!!!”
Həmidağa Məcidov
Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi
banner

Oxşar Xəbərlər