• cümə axşamı, 18 aprel, 12:45
  • Baku Bakı 22°C

Növbəti 10 ilin prioritetləri

12.02.21 15:30 1806
Növbəti 10 ilin prioritetləri
Və ya Azərbaycanın inkişafında yeni mərhələnin başlanğıcı
Son 17 ildə dinamik inkişaf əsasında Azərbaycan iqtisadiyyatının həcmi 3 dəfədən çox böyüyüb, güclü sosial-iqtisadi infrastruktur yaradılıb, pozitiv demoqrafik artım şəraitində yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Mövcud maliyyə imkanları tarixi maksimuma çatdırılıb və ölkə yuxarı orta gəlirli dövlətlər qrupunda möhkəmlənib. Artan iqtisadi güc Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkə regional iqtisadiyyatın lokomotivi olaraq dünyanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından birinə çevrilib. Bütün bunlar Azərbaycanın regionda siyasi, iqtisadi, hərbi rolunu yüksəldib. Həyata keçirilən sosial-iqtisadi quruculuq və ərazi bütövlüyünün təmini uzunmüddətli dövrdə Azərbaycanın daha keyfiyyətli inkişaf mərhələsinə keçməsinə, sürətlə inkişaf edən, yüksək rifaha malik lider dövlət olmasına möhkəm əsaslar yaradıb. Müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olub. Ölkənin ərazi bütövlüyünün bərpası ilə səciyyələnən yeni strateji dövrdə dərin struktur-institusional islahatlar hesabına yüksək iqtisadi artım mənbələrinin tapılması vasitəsilə Azərbaycan dövlətinin qüdrətinin daha da artırılması, yüksək rifah cəmiyyətinin qurulması, azad edilmiş bölgələrə tarixi qayıdış və əbədi məskunlaşma təmin edilməlidir. Bütün bunları nəzərə alan Prezident İlham Əliyev fevralın 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.


Məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması
Sözügedən dövlət sənədinin əhəmiyyətini, ondan irəli gələn vəzifələri "Kaspi” qəzetinə şərh edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, Azərbaycan Prezidentinin imzaladığı məlum Sərəncamla 2030-cu ilədək ölkəmizin sosial-iqtisadi inkişafı üzrə Milli Prioritetləri təsdiq edilib. Onun sözlərinə görə, növbəti 10 ildə ölkə iqtisadiyyatı 5 əsas istiqamət üzrə inkişaf edəcək: "Bunlar dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat, dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət, rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış, təmiz ətraf mühit və "yaşıl artım” ölkəsi olmaq kimi hədəflərdir. Diqqəti çəkən əsas məqamlardan biri iqtisadi inkişafda inklüzivlik və innovativliyin daha da önə çəkilməsidir. Sadə dildə desək, inklüziv inkişaf dəyərin yaradılmasında və bölüşdürülməsində bütün cəmiyyətin daha yaxından iştirak etməsi və gələcək nəsillər üçün dəyər bir hissəsinin qorunub saxlanılmasıdır. Digər tərəfdən, müasir çağırışlara uyğun olaraq ümumi dəyərdə innovativ payın daha da artırılmasına nail olmaq əsas hədəflərdəndir. Ən əsas məqamlardan biri də qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların vətənə qayıdışının təmin olunmasıdır. Növbəti dövr eyni zamanda məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması və yeni quruculuq dövrü kimi də yadda qalacaq”.

Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı
İqtisadçı millət vəkili deyib ki, Yeni Milli Prioritetlər ölkəmizin gələcək inkişafı baxımından müstəsna əhəmiyyətə malikdir: "Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə əsasən, minimum və orta pensiya məbləğlərində də artımlar olacaq. Prioritetlərin reallaşdırılması müavinət, təqaüd və digər sosial ödəniş məbləğlərinin də artmasına imkan yaradacaq. Sənədə əsasən, pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün onun maliyyə dayanıqlığı gücləndirilməli, pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyi artırılacaq. Bu pensiya islahatların davam etdirilməsi və pensiya məbləği müəyyənləşən zaman yığımlar üçün mütənasibliyin genişlənəcəyindən xəbər verir”.


Beynəlxalq və regional nəqliyyat-logistika dəhlizləri

Deputat V.Bayramov "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin sərəncamının icrasının təmin edilməsi üçün Baş nazir Əli Əsədovun sərəncamı ilə komissiya yaradılmasına da diqqət çəkib. Vurğulayıb ki, 15 gün müddətində işçi qruplarını formalaşdırmalı olan komissiya 7 ay ərzində strategiya layihəsini hazırlayıb başa çatdırmalıdır: "Regionun yeni siyasi-iqtisadi reallığı kontekstində hazırlanacaq sənəd, eyni zamanda milli prioritetlərin mütləq üstünlüyünü nəzərdə tutacaq. Strategiya hazırlandıqdan sonra artıq konkret istiqamətlər üzrə fəaliyyətlər də elan ediləcək. Eyni zamanda həmin fəaliyyətlərin səmərəliyinin ölçülməsi üçün konkret bençmarkların hazırlanması da məqsədəuyğundur. Vacib məqamlardan biri də qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanaraq iqtisadi inkişafa təkan verməsidir. Aydındır ki, yalnız şaxələnmiş iqtisadiyyat dayanıqlı ola bilər. Bu məqsədlə konsepsiya neftdən asılılığın minimumlaşdırılmasını əsas hədəflərdən biri kimi müəyyənləşdirir. Bu baxımdan da Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payının tədricən azaldılması və fiskal qaydaların tətbiqi vacibdir. Fiskal gəlirlərin əhəmiyyətli hissəsinin qeyri-neft sektoru hesabına formalaşmasına nail olunmaq iqtisadiyyatın dayanıqlığı baxımdan mütləqdir. Bu həm də qiymətlərin aşağı və stabil olmasının təmin edilməsinə imkan yarada bilər. Bütövlükdə, yeni yaradılan komissiya növbəti 5 ildə Azərbaycanda iqtisadi inkişafın gücləndirilməsi üçün sistemli fəaliyyətlərin hazırlanmasını həyata keçirməlidir. Bu illərin, həmçinin Böyük Qayıdış dövrü olacağını nəzərə alsaq, söhbət kifayət qədər strateji müddətdən gedir”.


İxrac potensialının tam reallaşdırılması
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin digər üzvü Aydın Hüseynov da "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in mühüm dövlət konsepsiyası olduğunu söyləyib. O bildirib ki, burada nəzərdə tutulan tədbirlər həddindən artıq geniş və çoxşaxəli olmaqla bir çox dövlət orqanları qarşısında mühüm vəzifələr qoyur: "Milli Prioritetlərə əsasən, müxtəlif proqram və layihələr hazırlanacaqdır.Sənəddə 5 strateji hədəf və hər hədəfə uyğun alt prioritetlər müəyyən edilib. Birinci hədəf dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat quruculuğudur. Həmin hədəfə uyğun olaraq qarşıdakı 10 il ərzində yüksək iqtisadi artımın və ölkənin davamlı inkişafının təmin edilməsi üçün möhkəm zəmin yaradılması nəzərdə tutulub. Burada həm davamlı və yüksək iqtisadi artım, həm də daxili və xarici təsirlərə dayanıqlıq kimi alt prioritetlər əsas yer tutur. Ümumilikdə, prioritetlərə əsasən, 2030-cu ilə qədər iqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunması proqnozlaşdırılır. Bunun üçün yüksək gəlirli iş yerlərinin yaradılması, həyat səviyyəsinin ilbəil yaxşılaşdırılması, iqtisadiyyatın dərin şaxələndirilməsi, mallar və xidmətlər üzrə ixrac potensialının tam reallaşdırılması üçün yeni "hərəkətverici qüvvələr”in tapılması, qeyri-neft sektorunun əsas drayver kimi gücünün artırılması nəzərdə tutulub”.

Sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
Millət vəkili deyib ki, hazırda neft sektoru sosial-iqtisadi inkişafın dayaqlarından biri olsa da, yaxın on ildə qeyri-neft iqtisadiyyatı inkişafın mərkəzinə çevriləcək. Onun fikrincə, qeyri-neft sektorunun əsas şaxələrinə dövlət dəstəyi ilə bərabər, özəl sektorun maliyyə dəstəyi də artırılacaq: "Plana əsasən, özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalı, məhkəmə-hüquq sistemində şəffaflıq artırılmalı, haqsız rəqabətin qarşısı alınmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməli, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin edilməsi üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməlidir. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı da sürətləndirilməlidir. Milli bank sektorunun dayanıqlığı təmin olunmalı, ona olan etimad yüksəlməli, real iqtisadiyyatın maliyyələşdirilməsində bankların payı artırılmalı və sahibkarlıq fəaliyyətinin inkişafına təkan verməlidir. Bank kreditlərinin sahibkarlıq fəaliyyəti üçün əlçatanlığını təmin edəcək real işlək mexanizmlər hərəkətə gətirilməli, bank kreditlərinin təminatı məsələlərində bürokratik əngəllər aradan qaldırılmalıdır”.

İnvestisiyaların səmərəli tənzimlənməsi
İqtisadçı deputat A.Hüseynov diqqətə çatdırıb ki, plana əsasən ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaların, o cümlədən infrastruktur sahələrinə strateji investorların cəlb olunması təmin edilməlidir: "Təbii olaraq bu zaman ölkənin milli maraqlarının qorunması və xarici investorlara rəqabət mühitinin yaradılması ilə investisiyaların səmərəli tənzimlənməsi diqqət mərkəzində olmalıdır. Dövlət investisiyalarının və dövlət şirkətlərinin fəaliyyətinin iqtisadi səmərəsi yüksəldilməli, bu sahədə şəffaflıq səviyyəsi artırılmalıdır. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır.Kölgə iqtisadiyyatı minimuma endirilməli, özəl və dövlət sektorunda şəffaflıq səviyyəsi ən yüksək standartlara çatdırılmalıdır. İqtisadi idarəetmədə müasir korporativ davranış mədəniyyətinin tətbiqi genişləndirilməli və təşviq olunmalı, korrupsiya ilə mübarizə gücləndirilməli, yeni çağırışlara cavab verən müasir dövlət qulluğu sistemi və etikası formalaşmalıdır”.

Azərbaycanın böyük gələcəyinə tam inteqrasiya
Millət vəkili söyləyib ki, Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Onun sözlərinə görə, bu hədəf üzrə işlər tamamilə yeni reallıqlar əsasında Azərbaycanın inkişafında yeni bir mərhələnin başlanması deməkdir: "Qarabağ bölgəsi zəngin iqtisadi sərvətlərə, istehsal, ixrac üzrə rəqabətqabiliyyətli istehsal drayverlərinə, eyni zamanda, geoiqtisadi və strateji logistika, nəqliyyat imkanlarına malik bölgədir. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu, stimullar əsasında və dövlət-özəl tərəfdaşlığının inkişafı çərçivəsində həyata keçirilməlidir. Yalnız belə şəraitdə işğaldan azad olunan ərazilərin Azərbaycanın böyük gələcəyinə tam inteqrasiyasını təmin etmək mümkündür. İşğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa ediləcək, bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevriləcək, ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olacaqdır. Nəticədə bu bölgədə yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcəkdir”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər