• cümə, 29 Mart, 14:45
  • Baku Bakı 14°C

Növbətçi xarakterli sənəd

20.05.17 11:30 1398
Növbətçi xarakterli sənəd
Son günlər cəbhə xəttində vəziyyət yenidən gərginləşib. Ermənistan silahlı birləşmələri nəinki ön xətdəki mövqelərimizi, hətta yaşayış məntəqələrimizi, dinc əhalinin yaşadığı əraziləri də minaatanlardan, iriçaplı pulemyotlardan atəşə tuturlar. Düzdür, hələlik insan tələfatı yoxdur və Azərbaycan Silahlı Qüvvələrinin ön xətdəki birləşmələri tərəfindən cavab atəşi açılır, düşmən susdurulur. Bununla belə, ermənilər tərəfindən atəşkəs növbəti gün yenidən pozulur, gərginlik abı-havası davam edir. Belə bir vəziyyətdə ATƏT-in Minsk qrupunun həmsədrləri protokol xarakterli bəyanat yayaraq, bununla işlərini bitmiş hesab edirlər. Münaqişənin dinc yolla həllinə məsul olan, üzərlərinə vasitəçilik missiyasını götürən tərəflər bu davranışları ilə işğala məruz qalanla işğalçıya növbəti dəfə eyni münasibət sərgiləmiş olurlar. Təbii ki, bu, ərazisinin 20 faizdən artıq hissəsi Ermənistan tərəfindən işğal olunan Azərbaycanı heç bir halda qane edə bilməz. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyi həmsədrlərin son bəyanatına öz münasibətini ifadə edən rəsmi mövqeyini ortaya qoyub.

XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevbildirib ki, Azərbaycanın Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 25-ci ildönümü və Ermənistan prezidentinin parlamentdə çıxış edərək Yenilənmiş Madrid Prinsiplərini inkar edən açıqlamasının müqabilində ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız atəşkəs haqqında 18 may 2017-ci il tarixli standart bəyanatı simptomatik xarakter daşıyır. Onun sözlərinə görə, Azərbaycanın digər işğal olunmuş rayonlarının əhalisi kimi 80.000-ə yaxın Laçın sakini 25 ildir ki, qaçqın və məcburi köçkün vəziyyətində yaşadığı halda, rayonun işğalının 25-ci ildönümü günü bəyanatla çıxış edən Minsk Qrupunun həmsədrləri tərəfindən bu haqda heç nə deyilməməsi ədalətsiz və qeyri-obyektiv yanaşmadır. XİN rəsmisi Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren ərazilərində fəaliyyət göstərdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, Ermənistanın gücdən istifadə edərək Azərbaycan ərazilərinin işğalı fonunda Silahlı Qüvvələrimiz ölkəmizin müdafiəsini və mülki əhalinin təhlükəsizliyini təmin edir: "Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükəni və Azərbaycanın hava məkanının dərinliklərinə nəzarət etmək cəhdinin qarşısını almaq üçün mayın 15-də provokativ şəkildə müdafiənin ön xəttinə çıxarılmış Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus "OSA” zenit-raket kompleksi legitim hərbi hədəf olaraq məhv edilib. Təəssüflər olsun ki, atəşkəsin pozulmasından narahatlıq ifadə edən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatında Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnika və şəxsi heyətin Azərbaycanın suveren ərazilərində qeyri-qanuni mövcud olması faktına yenə də göz yumulur. Həmsədrlərin bəyanatında Ermənistan silahlı qüvvələrinin keçən ilin aprelində olduğu kimi cəbhənin Ağdam və Tərtər istiqamətləri boyunca sıx yaşayan mülki əhalini və mülki obyektləri 16-17 may tarixlərində minaatanlardan və digər silahlardan intensiv atəşə tutması və sonra video görüntülər yayaraq bunu rəsmən etiraf etməsi barəsində heç nə deyilmir”.

H.Hacıyev bir daha bəyan edib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu cəbhədə gərginliyin yaranmasının və atəşkəsin pozulmasının əsas səbəbidir. O, bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri ilk növbədə elə özlərinin hazırladığı Yenilənmiş Madrid Prinsiplərini rəhbər tutaraq, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməli və ATƏT-in Budapeşt Sammitinin qərarına uyğun olaraq münaqişənin BMT TŞ-nın qətnamələri əsasında siyasi yolla həlli üçün intensiv substantiv danışıqların davam etdirilməsinə çağırış etməli idilər.

Mövzuya dair fikirlərini "Kaspi”yə bölüşən millət vəkili, politoloq Hikmət Məmmədov qeyd edib ki, həmsədrlərin son bəyanatı növbətçi xarakter daşıyır. O, deyib ki, BMT Təhlükəsizlik Şurasından mandat almış ATƏT-in Minsk qrupunun xüsusi təyinatı var. Deputatın sözlərinə görə, bu qrup məhz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək üçün yaradılıb: "Əgər bu qrupun üzvləri hesab edirlərsə ki, sadəcə bəyanatlar verməklə problemi həll edəcəklər və nəticədə onların bu fəaliyyəti status-kvonun saxlanmasına xidmət edəcək, yanılırlar. Fikrimcə, 2016-cı ilin aprel hadisələrini tez-tez xatırlatmaq lazımdır. Bu hadisə sübut edib ki, Dağlıq Qarabağ problemi heç bir halda dondurulmuş münaqişə sayıla bilməz, Azərbaycan xalqı status-kvonun bu cür qalması ilə heç zaman barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü mütləq bərpa edəcəkdir. Bu, Azərbaycanın müstəsna hüququdur. Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir, BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qəbul etdiyi qətnamələr ölkəmizin lehinədir. Zaman keçdikcə beynəlxalq münasibətlərdə yaranan şərtlər də Azərbaycanın lehinə dəyişir. Hazırkı beynəlxalq münasibətlər, həmçinin bu münasibətlərdəki tarazlıq nə 90-cı illərin, nə də 2000-ci illərin əvvəllərindəki tarazlıq deyil. Yeni aktorlar meydana çıxır. Azərbaycan ən müxtəlif güc mərkəzləri ilə öz milli maraq və mənafelərinə uyğun əlaqələr formalaşdırır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan gec-tez Dağlıq Qarabağ problemini həll edəcək. Ona görə də həmsədrlər bəyanat verərkən sürətlə dəyişən beynəlxalq vəziyyəti də nəzərə almalı, üzərlərinə düşən vəzifəni məsuliyyətlə yerinə yetirməlidirlər”.

Politoloq Fikrət Sadıxovunfikrincə, həmsədrlər yaydıqları son bəyanatda açıq-aşkar desəydilər ki, Ermənistanı dəstəkləyirik, bu, daha səmimi təsir bağışlayardı. O, qəzetimizə açıqlamasında deyib ki, həmsədrlərin bu bəyanatı boş, mənasız, konkret bir məsələyə yönəlməyən söz yığınıdır: "Ermənistan silahlı birləşmələri tərəfindən cəbhə xəttində müxtəlif təxribatlar törədilir. Biz onların zenit-raket kompleksini məhv edirik, onlar isə Azərbaycanın yaşayış məntəqəsini minaatanlardan atəşə tutur, dinc vətəndaşlarımızı hədəf seçirlər. Həmsədrlər gözəl başa düşürlər ki, bütün bu təxribata cəhdlər Azərbaycanın işğal olunmuş ərazilərində baş verir. Təəssüf ki, onlar Ermənistana təzyiq etmək, işğal altındakı ərazilərimizin boşaldılmasını tələb etmək əvəzinə, heç bir məna daşımayan bəyanat yayırlar. Bununla guya bizi sülhə, razılığa dəvət edirlər. Təbii ki, bu, Azərbaycanın maraqlarına cavab vermir. Əgər doğrudan da həmsədrlər iş görmək arzusundadırlarsa, onlar konkret ünvanlı bəyanatla çıxış etməli, günahkarın adını çəkməlidirlər. Həmsədrlər beynəlxalq hüququ, qanunları əldə rəhbər tutaraq, işğalçının Azərbaycan ərazilərini boşaltmasını təmin etməlidirlər. Əsl reallıq bundan ibarətdir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər