• cümə, 29 Mart, 15:25
  • Baku Bakı 14°C

Ünvanlılığa və şəffaflığa xidmət edən addım

26.01.17 09:30 1150
Ünvanlılığa və şəffaflığa xidmət edən addım
Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında imzaladığı fərman dövlətin cəmiyyətin bu həssas təbəqəsinə olan diqqət və qayğısını bir daha sübuta yetirdi. Sözügedən fərman həm də dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi istiqamətində atılan bir addım kimi qəbul oluna bilər. Hər zaman diqqət mərkəzində saxlanılan qaçqın və məcburi köçkünlərin sosial rifahı bundan sonra daha da yaxşılaşacaq.

Milli Məclisin İqtisadi siyasət, səanye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov qəzetimizə açıqlamasında bildirdi ki, fərmanın imzalanmasında əsas məqsəd ünvanlılığın təmin edilməsidir: "Çünki əvvəllər bu müavinət ayrı-ayrı təşkilatlara köçürülürdü. Amma indi artıq qaçqın və məcburi köçkünlər bu pulu özləri birbaşa olaraq əldə edə və istədikləri kimi xərcləyə biləcəklər. Bu baxımdan da mən şəffaflıq nöqteyi-nəzərindən hansısa problemin yaranacağını düşünmürəm. Əsas məsələlərdən biri də status məsələsinin həll olunmasıdır. Hesab edirəm ki, bu məsələyə yenidən baxılması vacibdir. Çünki 25 ildir ki, qaçqınlara bu status verilib. Amma yerlərdə icra hakimiyyəti orqanları Qaçqınkomla birlikdə müəyyən etməlidirlər ki, həqiqətən də məcburi köçkünlər kimdir. Çünki elə insanlar var ki, onları artıq məcburi köçkün hesab etmək olmaz. Onların bir çoxunun kifayət qədər gəlirləri, normal mənzil şəraitləri və vəzifələri var. Bu baxımdan, bəzi məsələlərin öz həllinə qovuşması arzuolunandır”.
Millət vəkili Fəzail İbrahimli bildirdi ki, cəmiyyətin həssas təbəqəsi dövlətin daima nəzarəti altındadır: "Fərman bir daha sübut edir ki, qaçqın və məcburi köçkünlər daima dövlətin diqqət mərkəzində olub və olacaq. Bu günədək bu diqqətdən irəli gələn bir sıra addımlar atılıb ki, bu fərman da onlardan biri kimi qəbul oluna bilər. Bildiyiniz kimi, məcburi köçkünlərlə bağlı dövlətin starteji kursu var və bu kursun reallaşdırılması yolunda mümkün olan bütün taktiki addımlar atılır. Qaçqınların məskunlaşması, sosial qayğısı və problemləri daima diqqət mərkəzində saxlanılır. Bu fərmana birdən-birə atılan addım kimi baxmaq olmaz. Bütün bu problemlər diqqətlə öyrənilir və dərindən araşdırılır. Qaçqın və məcburi köçkünlər üçün fərmanla aylıq məvacib ayrılıb ki, bu da onların problemlərinə kömək məqsədilə nəzərdə tutulub. Qaçqınlar bizim cəmiyyətin ən həssas təbəqəsidir. Onların bəziləri böyük zəhmət bahasına öz evini yenidən qurub. Həmçinin dövlət də bu məqəsədlə onlara böyük yardım göstərib. Bundan başqa, qaçqın düşərgələrində də onların bəzi sosial qayğıları öz həllini tapıb. Hesab edirəm ki, bu fərman da məhz dövlətin onlara göstərdiyi qayğıların biridir və effektiv təsir göstərəcək. Mənim fikrimcə, bu addım həm də sui-istifadə hallarının qarşısını almış olacaq. Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Komitə bu işi reallaşdıracaq. Komitə bu kimi məsələlərdə kifayət qədər təcrübəli qurumdur. Güman edirəm ki, heç bir qeyri-şəffaflığa yol verilməyəcək”.
Millət vəkili Azər Badamov vurğuladı ki, fərmanın imzalanmasında əsas məqsəd qaçqınların kommunal, həmçinin yemək pulu və digər məsələlərlə bağlı ödənişlərini vahid hala salmaqdır: "36 manat məbləğində aylıq müavinəti birbaşa olaraq qaçqın ailələrinin kartla alması şəffaflığın təmin olunmasına xidmət edəcəkdir. Əgər əvvəlki illərdə kommunal xərclərlə bağlı ayrı-ayrı strukturlara ödənişlər olunurdusa, artıq yanvarın 1-dən etibarən ödənişlər məcburi köçkünlərin birbaşa özləri tərəfindən həyata keçiriləcək. Hesab edirəm ki, bu fərmanın imzalanması çox təqdirəlayiqdir. Fərman, həmçinin qaçqın və məcburi köçkünlər tərəfindən də gözlənilən və arzuolunan bir addım idi. Bildiyiniz kimi, sözügedən fərmanla bağlı Nazirlər Kabinetinin xüsusi qərarı var. Bu qərarda məcburi köçkünlərə müəyyən kateqoriyalara əsasən ödənişlər ediləcək. Bu qərarda hər şey aydın şəkildə öz əksini tapıb. Məsələn, qərara əsasən, dövlət qulluğunda çalışan məcburi köçkünlərə bu müavinət verilməyəcək. Ehtiyacı olan və aztəminatlı məcburi köçkünlərin hamısı isə bu müavinətdən tam şəkildə yararlana biləcəklər”.
İqtisadçı-ekspert Pərviz Heydərov qeyd etdi ki, məcburi köçkünlər üçün kommunal xidmətlərdən müvafiq güzəşt limitlərinin ləğvi zəruri xarakter daşıyır: "Bu, dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadə etmək məsələsinin getdikcə daha aktual xarakter daşıdığı bir dönəmdə olduqca yerində atılan addım sayılır. Əvvəla, ötən uzun müddət ərzində məcburi köçkün sayılan hər hansı bir fərdin və yaxud da ailənin maddi təminat baxımından ehtiyacları məsələsinin həlli istər-istəməz müəyyən həddə olsa belə, qənaətbəxş hesab edilməlidir. Ən azı o mənada ki, bu müddət ərzində hətta müvafiq dövlət güzəştləri limiti saxlanılsa belə, məcburi köçkün sayılan heç bir fərdin və yaxud ailənin onunla mövcud istehlak və dolanışıq xərcləri ilə ayaqlaşa bilməsi onsuz da faktiki olaraq mümkün sayılmır. İkinci bir tərəfdən isə, dövlət tərəfindən əhalinin sözügedən təbəqəyə aid hissəsinin maddi cəhətdən bütün tələbləri öhdəsindən əslində, kifayət qədər yaxşı gəlinmiş vəzifə sayılır ki, bunu da onlar üçün müxtəlif yerlərdə tikilən yaşayış mənzilləri, o cümlədən işlə təminat və s. kimi məsələlər kifayət qədər yaxşı sübut etməkdədir. Odur ki, məsələni, maksimum dərəcədə anlayışla qəbul etmək lazımdır. Gələcəkdə adambaşına aylıq müavinətin özü sözsüz ki, artırıla da bilər. Əsas odur ki, bundan sonra bu sahədə büdcə xərclərinə daha yaxşı nəzarət etmək mümkün olacaq və ümumiyyətlə, bu istiqamətdə ortaya çıxacaq müvafiq tələblər də olduqca anlaşıqlı xarakter daşıyacaq”.
Şəbnəm

banner

Oxşar Xəbərlər