• cümə, 19 Aprel, 05:04
  • Baku Bakı 18°C

Nurayın nəğməkar ailəsi – Ailə

05.07.16 12:35 11389
Nurayın nəğməkar ailəsi – Ailə
Gülnar Rəhman: "Ailə qurmaq lotereya kimi bir şeydir, qarşına kimin çıxacağını bilmirsən”

Son zamanların məşhur siması, "İgid əsgər” mahnısı ilə xalqın sevgisini qazanan 5 yaşlı Nuray haqqında yəqin ki, məlumatlısınız. Əslində o, "İgid əsgər” mahnısını ifa etməmişdən əvvəl ötən il "Türkvision bala” yarışmasında Azərbaycana qalibiyyət gətirmişdi. Valideynləri Gülnar və Əkbər Rəhmanla birlikdə bütün Azərbaycanı və eləcə də türk dünyasını özünə heyran qoyan Nurayın ailəsinə, evdə necə uşaq olduğuna nəzər saldıq.
"Ailə” rubrikasının bu dəfəki qonaqları Rəhmanlar ailəsidir. Gülnar və Əkbər Rəhman 7 ildir eyni həyatı bölüşürlər. Nuray və Sübhan adlı iki övladları var. Əvvəlcə müsahiblərimizin tanışlıq tarixçələrinə nəzər salaq.

"Birinci mən sevdim”
Bu gün övladları Nurayın uğurları ilə fəxr edən cütlüyümüz eyni məktəbdə oxuyub. Əkbər məktəbin diqqət çəkən oğlanlarından olub. Xüsusilə aşağı sinfin qızları ona xüsusi sevgi bəsləyib. Qızlardan biri də indiki həyat yoldaşı Gülnar olub. Gülnar deyir ki, Əkbər onun ilk sevgisidir və uzun müddət Əkbərin xəbəri olmadan onu platonik şəkildə sevib. Amma o dövrdə Əkbərin Gülnardan xəbəri olmayıb: "Əkbər məndən yuxarı sinifdə oxuyurdu. Birinci mən sevmişəm. Aramızda platonik sevgi olub. Məktəbi bitirdiyim il artıq münasibətimiz yarandı. 7-ci sinifdən məndə Əkbərə qarşı hisslər var idi. Əkbər məktəbi məndən əvvəl qurtarmışdı. O, məktəbi bitirdikdən sonra düşündüm ki, artıq Əkbəri bir də görməyəcəm. Elə bu sevgi də platonik olaraq qalacaq. 11-ci sinifdə oxuyanda bacımın toyu oldu. Toyu da yaxın musiqiçi dostumuz aparırdı. Restorana girdikdə gördüm ki, Əkbər musiqiçilərin içində oturub. Əkbərin sinif yoldaşları ilə münasibətim var idi. Amma Əkbər məktəbi bitirib Fransaya getmişdi. Məni toyda görəndən sonra onun da yadına məktəb illəri düşüb. Bir-birimizin telefon nömrələrini tapdıq və münasibətimiz başladı”.

"Düşündüm ki, qız əldən getdi”
Gülnarın bacısının toyu Əkbərin skripkaçı kimi iştirak etdiyi ilk toy olub. Deyir ki, uzun illər məktəbdə diqqətini çəkmədiyi Gülnardan toyda xoşu gəlib: "Gülnarı toyda görüb vuruldum. Onun bibisi oğlu mobil telefon ustası olduğu üçün mənim tanışlığım var idi. Hər dəfə telefonumu ona düzəltdirirdim. Gülnarla həmin oğlanı toyda mehriban, səmimi şəkildə gördüm. Düşündüm ki, qız əldən getdi. Amma sən demə, bibisi oğlu imiş. Sonra biz danışdıq, tanış olduq, ailə qurduq. Məncə, həyatda bizdən asılı olmayan məqamlar var və qismətə çox inanıram. Əslində, mən Fransada qalmaq istəyirdim, heç gəlmək fikrim yox idi. Amma tale elə gətirdi ki, Gülnarla ailə qurdum və qaldım. Biz evləndik, 7 ildir ilk günkü kimi bir-birimizi sevirik”.

"Nuray uşaqlıqdan yaşıdlarından seçilib”

Müsahiblərimiz deyir ki, Nurayın istedadı 2 yaşından ortaya çıxıb. Əkbərin sözlərinə görə, Nuray körpə vaxtından fərqliliyi ilə həmyaşıdlarından seçilib: "Baldızımın toyu olmalı idi. Nurayın o zaman 2 yaşı var idi. Toyda Gülnarla fikirləşdik ki, baldızıma sürpriz edib duet oxuyaq. Bizim duetimiz orda bəyənildi və Gülnarla bir yerdə işləməyə başladıq. Bir gün evdə hazırlaşanda "Nossa”nı oxuyurduq. Nuray da evdə özü üçün oynayırdı. 2 yaşı var idi. Başladı mahnının bütün sözlərini oxumağa. Özü də səhvsiz oxuyurdu. Hətta notlarda belə, səhv etməməyi bizdə böyük maraq oyatdı ki, bu, necə ola bilər? Sonra mahnını Nuraya öyrətdik. Gördük ki, Nuray bu mahnını çox yaxşı oxuyur. Skripkanı da mənə Nuray özü aldırdı. O, daim öyrənməyə can atır, uşaq kimi hərəkət etmir. Nuray kimi uşağın kaprizlərini götürmək asan deyil. Nuray iki yaşından hər şeyi özü seçir. Biz ona uşaqlıqdan seçim şansı vermişik. Paltarını belə özü alır. Nurayın sənətə marağı, istedadı 2 yaşından ortaya çıxdı. Valideyn uşağının bacarıqlarını inkişaf etdirməlidir. Məsələn, oğlum Sübhanın musiqi bacarığı Nurayınkı qədər deyil”.

"Borcumuzu yerinə yetirdik”
Müsahiblərimiz Nurayı məşhurlaşdıran "Əsgər” mahnısından da danışdı. Gülnar deyir ki, aprel döyüşləri gedən bir zaman onlar da əsgərlərimizə dəstək olmaq, onlarda ruh yüksəkliyi yaratmaq üçün bu mahnını Nuraya oxutdurub, klip çəkiblər: "Mahnı öz möhürünü illər öncə qoyub. Hər zaman sevə-sevə dinləyirdim. Nuray bunu oxuyan zaman aprel döyüşləri olmuşdu. O döyüşlər bizə çox təsir etdi. İstədik ki, vətənpərvər ruhda nəsə edək. O zaman hər kəs əlindən nə gəlirsə, onu etməliydi. Əlimizdən gələn o oldu və etdik. Çox gözəl də alındı. Mahnı Nurayın səhnədəki hərəkətlərindən sonra sevildi. O hərəkətlər hissiyyatla bağlı idi. Hələ məktəbə getmədiyi üçün biz ona, sadəcə, mahnını öyrətmişdik”.

"Acı olsun, həqiqət olsun”
Uşaqların tərbiyəsinə gəlincə isə, həmsöhbətlərimiz deyir ki, övladlarına ilk olaraq yalan danışmamağı öyrədirlər: "Övladlarımız nə istəyirsə, mütləq onu tapıb alırıq. Tək məqsədimiz onların arzularını həyata keçirməkdir. Nəyəsə də "yox” deyəndə mütləq səbəbini izah edirik. Çalışırıq, ailədə yalan olmasın. Acı olsun, həqiqət olsun. Düzdür, bəzən sözü üzə deyəni çoxları sevmir, amma əsas odur düz danışırsan. Cəzasını çəkəcəksən, amma düzgün olsun. Cəza metodlarına gəldikdə isə, ideal cəza üsulu küncdə dayanmaqdır. Bundan ağırı isə küncdə tək ayaq üstə dayanmaqdır”.

"Arzum həyata keçdi”
Müsahiblərimizin xoşbəxtlik anlayışları fərqlidir. Gülnar deyir ki, onun üçün xoşbəxtlik Əkbərə qovuşmaqdır: "Hamı ailə qurur. Ailə qurmaq lotereya kimi bir şeydir, qarşına kim çıxacağını bilmirsən. Düzdür, insanın arzuları, ümidləri, xəyalları olur. Məni ən çox xoşbəxt edən odur ki, ilk sevgim Əkbər olub və elə Əkbərə də qismət oldum. Arzum Əkbərə qovuşmaq idi, Allah mənə onu da nəsib etdi. Əkbərlə biz nəinki həyat yoldaşı, həm də iş yoldaşı, dostuq. Mən bacılarıma danışmadığımı Əkbərə danışıram”.

"Çəkişməsən, bərkişməzsən”

Əkbər düşünür ki, qüsursuz insan yoxdur, mühüm olan o qüsurları əvvəlcədən danışıb müzakirə etməkdir: "Biz ailə quranda hər ikimizin səhvlərini, qüsurlarını əvvəlcədən oturub danışdıq ki, sonra bu bizə problem yaratmasın. Qüsursuz insan yoxdur, əsas odur, bir-birinlə rahat danışa biləsən. Bizim də problemlərimiz olub, bəzən bu, daha şiddətli olur. Mən ona normal baxıram. Çox az müddət keçir və biz barışırıq. Hətta dalaşdığımızı belə, unuduruq. Aramızda kin saxlamaq yoxdur. Həddindən artıq çox dalaşmışıq. Xüsusən evlənənə qədər. Amma bütün davalara baxmayaraq, tezliklə barışırdıq. Atalarımız deyib ki, "çəkişməsən, bərkişməzsən”. Biz o prinsiplə hərəkət edirik. Bütün ailələr bu davalardan üzüağ çıxmağı bacarmalıdır. Əgər bunu bacardınsa, onda heç bir problem olmur”.
Aygün ƏZİZ

banner

Oxşar Xəbərlər