• cümə axşamı, 25 aprel, 11:32
  • Baku Bakı 14°C

Nulanddan əsaslı saymazlıq

21.02.15 10:33 597
Nulanddan əsaslı saymazlıq

ABŞ dövlət katibinin köməkçisi Bakıda müxalifətlə niyə görüşmədi - sualına cavab tapmaq üçün dağa-daşa düşmək lazım deyil
Məlum olduğu kimi, ABŞ dövlət katibinin köməkçisi Viktoriya Nuland br neçə gün öncə ölkəmizdə səfərdə oldu. Səfər zamanı o, rəsmilərlə bir sıra görüşlər keçirdi və səfərini yekunlaşdıraraq ölkəni tərk etdi. Nulandın belə səfər qrafiki ölkə radikallarını dərindən məyus etdi. Belə ki, onlar düşünürdü ki, Nuland müxalifətlə mütləq görüş keçirəcək. Hətta bu barədə radikal media əvvəcədən xüsusi canfəşanlq göstərirdi. Lakin Nulandın radikalları saya salmaması onları xeyli pəjmürdə etdi.
Ümumiyyətlə müxalifətin Nulandın səfərindən gözləntiləri böyük idi. Onlar bu səfəri özləri üçün bir növ, reabilitasiya hesab edirdilər. Hətta onlar hesab edirdilər ki, səfər zamanı ABŞ rəsmisi hakimiyyət barəsində sərt ifadələr işlədəcək, ölkədə demokratiyanın durumu ilə bağlı tənqid söyləyəcək və s.
Lakin səfərin yekununda keçirdiyi mətbuat konfransında Nuland bu istiqamətdə heç bir kəskin ifadədən istifadə etmədi. Əksinə, hakimiyyətlə əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyi ilə bağlı mesajlar verdi. Hətta bəzi dairələr tərəfindən iddia olunan ABŞ-ın Azərbaycanda guya “rəngli inqilab” etmək niyyəti barədə söz-söhbətin də doğru olmaması barədə bəyanat verdi.
Beləliklə də, daim öz nicatını Azərbaycanın sərhədlərindən xaricdə axtaran radikal müxalifət həmişə olduğu kimi, bu dəfə də öz layiqli cavabını aldı. Nulandın müxalifətlə görüşməməsi Qərbin Azərbaycanda yeganə ciddi siyasi qüvvə kimi hazırkı hakimiyyəti tanıdığını ortaya qoyur. Dəfələrlə bu cür acınacaqlı situasiyaya düşməsinə baxmayaraq, yenə də özü üçün dərs çıxara bilməyən radikallar çox güman ki, gələcəkdə də bu bu taledən qurtula bilməyəcəklər.
Onlar dərk etmirlər ki, hər seçki yaxınlaşarkən xalqla işləmək, alternativ inkişaf proqramları, ideyalar irəli sürməkdənsə ümidlərini xarici ölkələrə, beynəlxalq təşkilatlara bağlayan ölkə müxalifətinin miskin durumu artıq xaricilərə də bəllidir. Və xarici dairələr yerli müxalifətdən yalnız alət kimi istifadə edirlər. Əslində bu, ciddi siyasi qüvvə üçün intihara bərabərdir.
Görünür, belə vəziyyətdən nəticə çıxarmaq hazırkı radikalların imkanları xaricindədir. Çünki bu düşərgə 1990-cı illərin təfəkküründən hələ də ayrıla bilmir. Belə ki, məhz 1992-ci ildə onlar xarici dəstək hesabına hakimiyyətə gəlmişdilər və ona görə bu gün də hesab edirlər ki, xalqla işləməkdənsə, xaricdə havadar axtarmaq daha “perspektivli”dir.
Qeyd edək ki, xarici qüvvələrə arxalanmaq məsələsində də prinsipsizlik müxalifətin bu günkü miskin durumunun səbəblərindəndir. Belə ki, daim özlərini Qərbyönümlü qüvvə kimi göstərən radikallar 2013-cü il prezident seçkiləri öncəsi “reverans” edərək qəflətən Rusiyameyilli oldular. Nə var, nə var, Rüstəm İbrahimbəyov Rusiyaya bağlı idi və guya ona oradan dəstək var idi... Tezliklə İbrahimbəyov “kartı da yandıqdan” sonra müxalifət üzünü guya yenidən Qərbə çevirəsi oldu. Bütün bunların Qərbin gözü qarşısında baş verdiyini və buna görə də daha da gözdən düşdüklərini sanki radikallar dərk etmək iqtidarında deyillər.
Bəlkə də radikalları Nulandın səfəri öncəsi həvəsləndirən ABŞ-ın bəzi QHT-lərinin fəaliyyəti olub. Lakin məlumdur ki, ABŞ böyük dövlətdir və onun ciddi maraqları var. Bu maraqların təmin olunması üçün onun ciddi qüvvələrlə, rəsmi dairələrlə əməkdaşlığa böyük ehtiyacı var, nəinki heç bir təsir imkanı olmayan Azərbaycan müxalifəti ilə. Günün reallığı budur ki, mövcud geosiyasi vəziyyət ABŞ-ı Azərbaycan dövləti və hakimiyyəti ilə dərindən əməkdaşlıq etməyə sövq edir. Bura həm enerji, həm təhlükəsizlik və həm də demokratiya daxildir.
Azərbaycan da dəfələrlə ABŞ-la əməkdaşlıqda maraqlı olduğunu bəyan edib və əməli cəhətdən də bunu sübut edib. Ölkəmizin liderlik etdiyi enerji layihələri bibaşa ABŞ-ın maraqlarına uyğundur. Çünki ABŞ daim öz müttəfiqi olan Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıq yaşayıb. Bu gün isə Azərbaycan dövləti bu narahatlığın aradan qaldırılmasına öz milli maraqları çərçivəsində töhfəsini verir.
Bəs buna alternativ olaraq radikal müxalifət nə təklif edə bilər ki, ABŞ və Qərb onların siyasi hakimiyyətə gəlməsində maraqlı olsun? Əlbəttə ki, heç nə. Qərb dairələrinə yaxşı məlumdur ki, hazırkı radikallar əgər hakimiyyətə gəlsələr, nəinki qərbli tərəfdaşlarının, heç öz ölkələrnin milli maraqlarını belə təmin edə bilməzlər. Çünki 1992-93-cü illərdə onlar öz “bacarıqları”nı hamıya yetərincə nümayiş etdiriblər. Məhz buna görə də ABŞ və digər Qərb dairələrinin heç bir zaman radikal müxalifət düşərgəsinə dəstək verməsi mümkün deyil.
V.Nulandın səfəri Qərbin praqmatik siyasətə üstünlük verdiyini ortaya qoydu. Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov müsahibəsində ABŞ-la Azərbaycanın ciddi məsələlərdə fikir mübadiləsinə ehtiyac duyduğunu və səfər zamanı yalnız bu istiqamətdə əhəmiyyətli görüşlərin keçirildiyini, bunun müqabilində müxalifətlə görüşün Nuland üçün heç bir əhəmiyyət daşımadığını və buna görə də onlarla görüşmədiyini qeyd edib.
Həmçinin əlavə edib ki, radikal müxalifətin ölkənin daxili və xaricində gedən proseslərə heç bir təsir qüvvəsinin olmaması, bir növ gücsüzlüyü də onlarla görüşün nəzərdə tutulmamasının səbəbidir: “ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın Azərbaycana səfəri zamanı onlarla görüşməməsi də bu baxımdan təsadüfi deyil. Diplomat xanım ölkəmizə ABŞ və Azərbaycanın strateji müttəfiq olması barədə xüsusi mesajları çatdırmaq üçün gəlib. Bu səfər çox əhəmiyyətli idi. Səfər zamanı Azərbaycanda gedən iqtisadi inkişaf, ölkəmizin enerji təhlükəsizliyindəki rolu, işğalçı tərəfindən qeyri-qanuni, qondarma məhkəməsi qurulmuş azərbaycanlı girovların buraxılması, atəşkəsin pozulması ilə bağlı Ermənistanın təxribatları da müzakirə olundu. Nulandın bu qədər mühüm məsələlər varkən heç bir təsir imkanı olmayanlarla görüşməməsində qeyri-adi heç nə yoxdur”.
Politoloq Qabil Hüseynli də V.Nulandın müxalifətlə görüşməməsini təxminən eyni cür izah edib: “O, kəlbəcərli girovlarla bağlı prinsipial bəyanat verib, sonradan İrəvanda müəyyən korrektələrlə həmin bəyanatını təkrarlayıb. Azərbaycanda müxalifətin nümayəndələri elə vəziyyətdədir ki, Viktoriya Nulandın onlara vaxt ayırması onun tərəfindən vaxt itkisi demək olardı. Düzdür, Nuland “Ayna-Zerkalo” qəzetinin baş redaktoru, NİDA-çı gənclərlə görüşdü, amma onlara da çox az vaxt ayırdı. Həmin görüş də sırf vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş hesab edilir”.
Güründüyü kimi, ABŞ Azərbaycanda real siyasi qüvvə kimi yalnız hazırkı iqtidarı qəbul edir və onunla əməkdaşlıqda maraqlı olduğunu nümayiş etdirir. Ölkə radikallarına isə V.Nulandın son səfərindən özləri üçün dərs çıxarmaq qalır.
T.Dadaşov
banner

Oxşar Xəbərlər