• şənbə, 20 Aprel, 07:40
  • Baku Bakı 14°C

Ünsizadə qardaşlarının izi ilə...

06.04.17 13:30 2874
Ünsizadə qardaşlarının izi ilə...
Milli mətbuatımızın əsasını qoyan "Əkinçi" qəzeti özündən sonra "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Kaspi" və digər mətbu orqanların yaranmasına yol açır. Azərbaycan mətbuat tarixinin, qəzetçilik ənənələrinin formalaşmasında onların böyük və əvəzedilməz rolu olub. Lakin Ünsizadə qardaşlarının gördükləri genişmiqyaslı işlər hələ də kifayət qədər tədqiq edilməyib. Sovet dönəmində aparılan tədqiqatlar isə obyektiv şəkildə aparılmayıb. Onların yalnız islam ideologiyasını və xurafatı təbliğ etdiyi fikirləri irəli sürülüb. Lakin son araşdırmalar və əldə olunan faktlar isə bu deyilənlərin tam əksini söyləməyə imkan verir. Yeni tədqiqatlarla tarixin közərən izlərini Ünsizadələrin kötücəsi Zaur Səmədov işıqlandırmağı qarşısına məqsəd qoyub...
- Öncə Ünsizadələrlə olan bağlılığınızdan, qohumluq əlaqələrindən danışaq...
- Ünsizadə 18-ci əsr yazıçısı Əbdürrəhman əfəndinin təxəllüsüdür. 3 qardaş - Səid, Cəlal və Kamal əfəndi atalarının ölümündən sonra bu təxəllüsü soyad kimi götürüblər və bundan sonra bütün nəsil Ünsizadələr nəsli olaraq tanınır. Çox təəssüf ki, bizim nəslin arxivi sovet dövründə tamamilə silinib. Bizdə qalan yeganə ipucu soyadımız və xatirələrimizdi. Nənəm Elmira Ünsizadənin xatirələrinə əsasən deyə bilərəm ki, biz Səid Ünsizadədən gəlirik... Ünsizadə soyadı bizim üçün çox önəmlidir.
- Bildiyim qədər soyadınız fərqlidir. Bu önəmli soyadı rəsmi olaraq daşımağı düşünürsünüzmü?
- Bəli, düzdür, soyadım Səmədovdur. Çünki Ünsizadə soyadı mənim atamın anasına məxsusdur. Lakin artıq Ünsizadə soyadını qəbul etmişik və mən ikili soyad daşıyıram: Zaur Ünsizadə Səmədov. Düşünürəm ki, düzgün bir hərəkət etmişəm. Çünki istəməzdim ki, bu soyadı itirək. Mənim ulu babam Hacı Məmməd Ünsizadə nəslin Şamaxıda qalan yeganə nümayəndəsi olub və o, bu soyadı qoruyub. Bizdən başqa heç kim bu soyadı daşımır. Ona görə də onu yaşatmalıyıq.
- Araşdırmaya nə zaman başlamısınız, ümumiyyətlə, bu işə başlamağınıza nə səbəb oldu?
- Beşinci sinifdə oxuyanda bilirdim ki, biz Ünsizadə qardaşlarının varisiyik. O zaman başa düşmürdüm çox şeyi. Bilmirdim onlar nə ediblər, Azərbaycan tarixində hansı izlər qoyublar. Atam həmişə nənəmdən danışırdı. Nənəm daim Səid, Cəlal və Kamal əfəndini axtarıbmış. Onların qəbrinin tapılması nənəmin vəsiyyəti olub. Bizim ailədə belə bir qanun var, nəsildən nəslə arxiv keçir. Bizdə iki böyük nəsil var, nənəmin anası tərəf İsrafilbəyovlar və nənəmin atası tərəf Ünsizadələr. Ona görə də onların bütün arxivləri gəlib bizə çatır. Anamın köməyi ilə mən bu "xəzinə”ni əldə etdim. Burda əlyazmalar, ulu babalarımın 2500-ə yaxın əski şəkillər var idi. İnanmazdım ki , bizdə belə arxivlər var. Bir çox yazıları, məqalələri tapdım. Bundan sonra məndə bunu araşdırmağa maraq yarandı. Nazim Nəsrəddinovun məqalələrini oxudum, sonra özü ilə görüşdüm, ondan xeyli məlumatlar aldım. Daha sonra bir neçə dəfə Ədalət Tahirzadə ilə görüşdüm. Onun köməyi ilə Türkiyəli professor Yavuz Akpınarla görüşdüm. Araşdırma prosesində gördüm ki, məlumat həddindən artıq azdır. Onların əsas fəaliyyət dönəmi Türkiyədə olduğuna görə məlumat qıtlığı mövcuddur. Bundan sonra düşündüm ki, bu tədqiqatın bir hissəsi mən olmalıyam.
- Ünsizadələr haqqında heç kəsin bilmədiyi hansı faktları əldə etmisiniz?
- Belə bir fərziyyə var ki, Ünsizadə qardaşları "Kəşkül” qəzeti bağlanandan sonra İstanbula gedib bir daha qayıtmayıblar. Amma Ə. Hüseynzadənin arxivindən tapılan məlumat sübut edir ki, onlar sonra yenidən Azərbaycana gəliblər. Cəlal əfəndinin "Bi-Şübhə və Bi-Şek” əsəri var ki, orda Cəlal Ünsizadənin Əli bəyə göndərdiyi məktubu, satirik şeirləri var. Əsər Cəlal Ünsizadə, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin 1918-ci ildə Nuru Paşanın İslam ordusu ilə birlikdə Gəncəyə gəldikləri məlumatla başlayır. Yəni Cəlal Ünsizadə bura qayıtmışdı. Cəlal əfəndi sağ idi, amma "Həyat” qəzetində çıxan məqalədən biz bilirik ki, Səid əfəndi artıq 1905-ci ildə dünyasını dəyişmişdi. Cəlal və Səid əfəndinin Türkiyə dönəmini ümumiyyətlə, heç kim bilmir. Səid Ünsizadə İstanbulda qalsa da, Cəlal Ünsizadə İstanbuldan Ankaraya köçür. Bu da Cəlal əfəndinin Əli bəyə yazdığı məktubdan məlum olur. 1926-cı ilə kimi Cəlal əfəndi yaşayıb. Və Ankarada mətbuat müdirliyində işləyib. C. Ünsizadə ilə bağlı bir çox məlumatlar var. Türkiyə tarixçisi Zəki Toğanın xatirələrində də çox maraqlı məlumatlar mövcuddur. Osmanlı arxivindən isə onun II Sultan Həmidin kitabxanasında müdir işləməsi haqqında məlumat göstərilib.S.Ünsizadə haqqında son məlumatı Atamalıbəyovun Əli bəyə ünvanladığı məktubundan alırıq. O, yazır ki, Hacı Səid əfəndi dünyasını dəyişib və bu məlumatı "Həyat” qəzetində dərc etməsini xahiş edir. K. Ünsizadə haqqında məlumatlar isə çox təəssüf ki, olduqca azdır.Çoxları düşünür ki, Səid və Cəlal Ünsizadə həddən artıq dindar olublar, amma bu düzgün fikir deyil. Əgər "Ziya” qəzetini oxusanız, görərsiniz ki, onlar sadəcə, insanlara kömək etmək istəyirdilər və düşünürdülər ki, dinə fanatik şəkildə inanmaq yox, dini daha çox elm kimi öyrənmək vacibdir.Türk dünyasının atası sayılan İsmayıl bəy Qasprinskinin birinci məcmuəsi də Tiflisdə Ünsizadə qardaşlarının mətbuatında işıq üzü görüb. İsmayıl bəy Ünsizadələr haqqında gözəl fikirlər söyləyib, onların gördüyü işin vacibliyini vurğulayıb və "Ziyayi-Qafqaziyyə” adlı məqalə də yazıb.Bir məlumatı da sizlə paylaşmaq istəyirəm, bu məlumat heç yerdə yoxdur, şəxsi ailə məlumatıdır. Demək, Ünsizadə qardaşları köçüb gedirlər. Bir müddət sonra bir məktub gəlir, bu artıq onların övladlarından gələn məktub idi. Və məktub göndərilir mənim ulu babam Mustafa Ünsizadənin bacısı Sona xanım Ünsizadəyə. Sona xanım məktubu alır və gizlədir. Bildiyimizə görə, məktubda onların dəqiq yaşadığı ünvan haqda məlumatlar var idi. Nənəm məktubu Sona xanımdan almağa çalışsa da, çox təəssüf ki, o məktubu vermir. İndiyə kimi məktubun aqibəti heç kəsə məlum deyil və onu gizlətməklə demək olar ki, o xanım tarixin üstündən xətt çəkmiş olub.
- Araşdırma prosesində qarşılaşdığınız problemlər, çətinliklər....
- Bəli, çətinliklər olur. Bu işə başlayanda bir çox yerlərə getdim. Çox sağ olsun, müəlliməm Nigar Axundova Elmlər Akademiyasında mənə çox köməklik göstərdi. Amma sözsüz ki, orda da problemlərim oldu. Bir çox insanlarla danışdım, bu məsələnin niyə araşdırılmadığı barədə sualıma aldığım cavaba çox təəssüfləndim. Mənə dedilər ki, onlar sünnidirlər, bizim alimlərimiz isə şiədir. Mən bu cavabdan heç başa düşmədim. Bunun nə önəmi var axı? Bu insanlar bizim üçün, Azərbaycan üçün çalışıblar.İki aya yaxın "Azərbaycan Milli Arxivi”ndən cavab gözlədim. Nəhayət ki, cavab gəldi və məlum oldu ki, orda heç bir arxiv sənədi yoxdur. Mən düşünürəm ki, onlar gedərkən ya arxivi özləri ilə birlikdə Türkiyəyə aparıblar, ya da arxiv tamamilə silinib və yaxud yandırılıb. Tarix muzeyindən isə heç bir informasiya ala bilmədim. İsmayıl bəy Qasprinskinin muzeyindən - Krımdan məlumatlar aldıq. Ordan da cəmi bir neçə şəkil və bir neçə dərgi tapıldı. Ən böyük problem odur ki, şəkil tapa bilmirik. Və bir problem də ondadır ki, mətbuat tarixini dərindən araşdırmaq istəyən yoxdur. Araşdırma deyəndə təkcə "Ziyayi-Qafqaziyyə” qəzetini yaxşıca oxuyub sətirbəsətir bilmək deyil, həm də bu məcmuələrin yazarlarının, müəlliflərinin həyatını, onların keçdiyi yolları da araşdırmaq, bilmək vacibdir.
- Araşdırmaların hazırkı durumu haqqında nə deyə bilərsiniz?
- Hazırda Türkiyə Cümhuriyyətində olan məlumatları aşkar etməyə çalışırıq. Zəki Toğanın məlumatına görə, Cəlal bəy barədə sonuncu məlumat onun 1926-cı ildə rus dili tərcüməçisi kimi Türkiyənin Xarici İşlər Nazirliyində işlədiyi barədədir. Müraciət göndərmişik, cavab gözləyirik. Bundan başqa, Krımdan və Tbilisidən məlumatlar gözlənilir. Tbilisidə olan məlumatlar hələ tam aşkar olunmayıb. Ukraynanın Odessa şəhərində də arxiv sənədlərinin ola biləcəyini düşünürəm. Əsas məlumatlar Ankaradadır. Cəlal bəyin işçi qeydiyyat sənədlərini tapa bilsək, çox böyük məlumatlar əldə etmiş olarıq.Səid əfəndinin qəbri tapılıb. Məzar İstanbulda "Fatih Cami” qəbristanlığındadır. Baş daşında ölüm tarixi 1903-cü il yazılıb, amma bu bir az şübhə doğurur. Çünki "Həyat” qəzetində çıxan məqaləyə görə, o, 1905-ci ildə vəfat edib. Məzar daşının üzərində diqqət çəkən belə bir ifadə var: "Mənim haqqımda kim ətraflı məlumat almaq istəsə, kitabxanaları oxusun”. Bundan əlavə, qəbrin üzərində onun maarif şöbəsində işlədiyi və Şamaxıda anadan olduğu yazılıb. Azərbaycanda da araşdırmalar gedir. Sona xanıma göndərilən məktubu tapmağa çalışırıq.
- Araşdırmaların nəticələrini, yenilikləri ictimaiyyətə necə çatdırmağı düşünürsünüz?
"Unsizade qardaşları” adlı "facebook” səhifəmiz var. "Youtube”da məlumatlar yerləşdirməyi düşünürük. Və hazırda sayt üzərində işləyirik. Burda Ünsizadə qardaşları, Ünsizadələr nəsli haqqında ətraflı məlumatlar və elektron şəcərə sistemi yerləşdiriləcək. Saytda həmçinin "Ziya” qəzetinin elektron versiyasını yerləşdirməyi düşünürük. Çox istəyirəm ki, muzey yaradılsın və eksponatlar xalqımıza nümayiş olunsun. Ünsizadələr haqqında həm bədii kitab, həm də tarixi kitab çıxarmaq haqda fikirləşirik. "Ünsizadələrin izi ilə” adlı tədbir keçiriləcəyi də gözlənilir. Kifayət qədər fərli-fərqli ideyalarımız var. Təkcə Azərbaycanda yox, bir sıra ölkələrdə də fəaliyyətimizi genişləndiririk. Türkiyədə "Ünsizadələrin izi ilə” adlı tələbələrdən ibarət könüllülər dəstəsi var. Onlar mənə kömək etmək məqsədilə kiçik bir qurum yaradıblar. Bundan başqa, mənim Fransada, Kanadada, Hollandiyada qohumlarım var və onlar da bu mövzuda fərqli-fərqli tədbirlər həyata keçirməyə çalışırlar. Bacardığımız qədər bu məsələni həm Azərbaycanda, həm də Türkiyədə təbliğ etmək istəyirik. Çünki əlaqələrin yaradılmasında, inkişafında onlar böyük rol oynayıblar.Bu da məlumdur ki, Şamaxıda ilk məktəblərdən birini də məhz Səid əfəndi açıb. Amma indi həmin məktəb "Şamaxı-Avropa liseyi” adını daşıyır. Mən bundan narazıyam, düşünürəm ki, məktəbin adı dəyişdirilməməli idi.Ümummilli liderimiz Heydər Əliyev də vaxtilə Azərbaycan xalqının maarifçiləri sırasında Ünsizadələrin də adını çəkmişdi. İstəməzdim ki, onların bu qədər əziyyəti insanların yadından çıxsın. Onların üstündən xətt çəkmək, unutmaq tarixə ədalətsizlikdi. Və mən maksimum bu ədalətsizliyin aradan qaldırılmasına çalışıram. Düşünürəm ki, tariximizi qiymətləndirməli, tariximizi unutmamalıyıq....
Sevda Ulutau
Jurnalistika fakültəsi II kurs tələbəsi


banner

Oxşar Xəbərlər