• cümə axşamı, 28 mart, 16:15
  • Baku Bakı 16°C

Novruzda bayram şənlikləri olmayacaq?

04.03.20 12:39 1824
Novruzda bayram şənlikləri olmayacaq?
Konsertlər təxirə salınır, teatrlara isə hələ ki hansısa göstəriş verilməyib
Çində başlayan, sonradan isə bütün dünyada sürətlə yayılan koronavirus epidemiyası kütləvi tədbirlərin təqvimini ciddi şəkildə dəyişir. Məsələ koronavirusun hava-nəfəs yolu ilə ötürülməsində və buna görə də tez yayılmasındadır. Yoluxmamaq üçün həkimlər insanların kütləvi yığıldığı yerlərə getməməyi məsləhət görürlər.
Dünyanın bir çox ölkələrində kütləvi tədbirlər, eyni zamanda mədəniyyət ocaqlarında konsert və tamaşaların nümayişi ləğv edilib. Azərbaycanda isə ilk tədris günü martın 10-da olmaqla, martın 3-dən 9-dək bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi müvəqqəti dayandırılıb. Əsas məqsəd bu müddət ərzində təhsil müəssisələrində tibbi-profilaktik, sanitar-epidemioloji tədbirlərin intensivləşdirilməsidir.
Hər il Novruz bayramı ərəfəsində mədəniyyət ocaqlarımız, xüsusən də teatrlarımız bayram şənlikləri üçün tamaşalar hazırlayır. Bəs görəsən bu dəfə necə, onlar kütləvi tədbirlər və bayram şənlikləri keçirəcəklərmi? Mədəniyyət ocaqlarımız bu bayrama necə hazırlaşır? Ölkə ərazisində yaranan virus xofu onlardan yan keçibmi? Bu suallarla mədəniyyət ocaqlarıma müraciət etdik. Məlum oldu ki, yayılan virusla bağlı Mədəniyyət Nazirliyindən teatrlar və mədəniyyət ocaqlarına hər hansı göstəriş verilməyib. Onun üçün teatrlarımız əvvəlki qaydada işlərinə davam etsələr də, özəl teatrlarda vəziyyət bir qədər fərqlidir. Konsert proqramına hazırlaşan müğənnilərin konsertləri ləğv olunub, satılan biletlər tamaşaçılara geri qaytarılır.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallının "Kaspi”yə verdiyi məlumata görə, Novruz bayramı ərəfəsində teatrda "Novruz şənliyi” tamaşası nümayiş olunacaq: "Koronavirusla bağlı bizə hər hansı tapşırıq verilməyib. Hələ ki repertuarda hər hansı tamaşamız ləğv olunmayıb. Martın 6-da ilk tamaşamızı - Ə.Haqverdiyevin "Yaşar”ını nümayiş etdirəcəyik. Novruz bayramı ilə bağlı uşaqların əyləncə proqramına gəldikdə isə, martın 20-dən sonra tamaşaçıların görüşünə əyləncəli və maraqlı tamaşa ilə gələcəyik. "Sehrli buta” adlanan tamaşamızın artıq məşqlərinə başlanılıb. Hələ ki bu gün vəziyyət belədir. Üç gündən sonra necə olacağını deyə bilmərəm”.
Daha sonra Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə əlaqə saxladıq. Teatrın mətbuat katibi Fəridə Rüstəmova deyir ki, teatrda yaradıcı proses öz axarı ilə davam edir: "Teatrımızın repertuarında öncədən müəyyən olunmuş tamaşalarımız nümayiş olunacaq. Tamaşaçılarımız repertuarımızı izləyərək bizə bilet üçün müraciət edirlər. Repertuarımız saytımızda var. Bayram günlərində repertuarda təqdim olunan tamaşalarımız nümayiş olunacaq. Açığı, tamaşaçı baxımından da problemimiz yoxdur”.
Fəridə xanımdan Novruz bayramı günlərində teatrda Üzeyir Hacıbəylinin "O olmasın, bu olsun”, "Arşın mal alan” musiqili komediyalarında İran İslam Respublikasının görkəmli sənətçisi Bərdia Kiyarəsin dirijorluq edib-etməyəcəyini soruşduq. Teatrın sözçüsü hazırda onun gəlişinin təxirə düşdüyünü bildirdi. Onu da qeyd etdi ki, bayram günləri üçün teatrın yaradıcı kollektivi "Kosa, keçəl və qoğal” adlı tamaşa üzərində çalışır. Hazırda tamaşa üzərində məşq prosesi gedir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bildirir ki, dünyada və ölkəmizdə yayılan koronavirusla bağlı heç bir xəbərdarlıq və məlumat göndərilmədiyi üçün onlar əvvəlki rejim ilə çalışacaqlar: "Mart ayında biz öncədən müəyyənləşdirdiyimiz tamaşalarımızı nümayiş etdirəcəyik. Hətta bayram ərəfəsində də qastrolçuların tamaşaları olacaq. Təxirə düşən hər hansı tamaşamız yoxdur. Ancaq öz tamaşalarımızı keçirəcəyik, yayılan virusla bağlı teatrımızda hər hansı dəyişiklik gözlənilmir”.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının sözçüsü Həmidə Rüstəmova teatrın bayram repertuarının artıq hazır olduğunu və bilet satışlarında heç bir axsama olmadığını qeyd etdi: "Novruz bayramı günlərində repertuarımızda olan tamaşaları uşaqlarımıza təqdim edəcəyik. Hazırda Anar Məmmədovun quruluşunda hazırlanan "Qızıl balıq” tamaşasının son məşqləri gedir. Tamaşanın Milli Teatr günündə, martın 10-da premyerası keçiriləcək. Mart ayında, xüsusən də tətil günlərində repertuarımızda olan maraqlı tamaşalarla uşaqlarımıza bayram əhval-ruhiyyəsi bəxş edəcəyik”.
H.Rüstəmova koronavirus təhlükəsi ilə əlaqədar nazirlikdən teatrlara heç bir göstəriş verilmədiyini bildirdi: "Uşaqlarla işləyən teatr olduğumuz üçün gigiyena məsələlərinə hər zaman yüksək səviyyədə əməl edirik. Teatrımızda hər hansı göstəriş olmadan da təmizliyə riayət olunur. Bizdə təmizlik vasitələrindən istifadə hər zaman yüksək səviyyədə olub”.
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat katibi Pərvin Nurəliyeva deyir ki, Novruz bayramı ərəfəsində teatrda öncədən nəzərdə tutulmuş bütün tamaşalar oynanılacaq: "Bayram günlərində teatra nə qədər tamaşaçının gəlib-gəlməyəcəyini indidən bilmək çətindir. Bayramla bağlı xüsusi bir tamaşa hazırlamırıq. Sadəcə, uşaq tamaşalarımız çoxdur və o tamaşaları nümayiş etdirəcəyik. Məktəblər bağlandığı üçün bilet satışında azalma müşahidə edilir. Amma teatr həmişəki kimi öz qaydasında tamaşaları izləyicilərinə təqdim edəcək. Hələ ki tamaşalarımızın təxirə salınması ilə bağlı göstəriş verilməyib, əgər belə hal olsa, hamı kimi bizdə də karantin elan olunar”.
Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyir ki, virusun yayılması teatrlara da təsirsiz ötüşməyib: "Onu kim deyir ki, virusun teatrlara təsiri yoxdur? Mədəniyyət Nazirliyinin layihəsinə əsasən, hər ay özəl teatrlar bir dövlət teatrında tamaşa nümayiş etdirmək hüququna malikdir. Dünən bizim Abdulla Şaiq adına Dövlət Kukla Teatrının səhnəsində 2 tamaşamızın nümayiş olunacağı gözlənilirdi. Ancaq hər iki tamaşanın biletləri satılsa da, tamaşalar təxirə düşdü. Martın 5-də xeyriyyə tamaşasında çıxış edəcəyimiz gözlənilsə də, həmin tamaşamız da ləğv olundu. Ayın 7-də "Qırmızı papaq” tamaşasının premyerası nəzərdə tutulub. Ehtimal edirəm ki, o da təxirə düşəcək. Martın 12-də nümayiş etdirməyə hazırlaşdığımız bir tamaşamız təxirə düşüb. Hər halda, yersiz-yurdsuz teatrın bir tamaşası təxirə düşübsə, görün o biri teatrlarda vəziyyət necədir? Tamaşalarımız ləğv olunsa da, teatrın kollektivi olaraq işimizi saxlamamışıq, məşq edirik. Koronovirusla bağlı bir neçə yerə müraciət edib, məlumat vermişəm ki, maliyyə dəstəyi göstərilsə, maarifləndirici tamaşa hazırlamaq istəyirik. Hazırladığımız tamaşa insanlar arasında bu xofun aradan qaldırılmasına yardımçı olar. Ancaq cəmiyyət içinə çıxanda görürük ki, insanlar maska axtarır ki, öz sağlamlığının qeydinə qalsın. Heç kim bu maarifləndirici işə diqqət və maliyyə ayırmaq marağında deyil”.
Bakı Dövlət Sirkinin mətbuat katibi Mahir Rəsuloğlusirkdə müəyyən yenilənmə işləri aparıldığı üçün heç bir proqram həyata keçirilmədiyini bildirdi: "Bununla əlaqədar bayram günlərində proqram nümayiş etdirməyəcəyik. Nə vaxt fəaliyyətə başlayacağımız dəqiq deyil. Hansısa bir sirki dəvət etmək üçün əvvəlcədən müqavilələr bağlanır, razılaşmalar olur. Virusla bağlı isə heç bir göstəriş almamışıq”.
Kütləvi mədəni tədbirlərdən biri də konsertlərdir. Onlar öncədən planlaşdırılsa da, mətbuatdan həmin konsertlərin bir-bir təxirə düşdüyü xəbərini eşidirik. Belə ki, Xalq artisti Röya koronavirusun yayılmasının qarşısının alınmasına yönəlik profilaktik tədbirlərə uyğun olaraq 6,7, 8 və 9 mart tarixlərində Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan "Nazlı” adlı solo konsertinin tarixini dəyişdirib. Sənətçi nəzərdə tutulan 4 günlük solo konsertin hər birində 3000-dən çox tamaşaçının iştirak edəcəyini nəzərə alaraq, Azərbaycanda və bütün dünyada aparılan profilaktik tədbirlərə və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı tövsiyəyə uyğun olaraq, bu qərarı verib: "Bu tipli kütləvi tədbirlərdə virusun yayılma təhlükəsini nəzərə aldıq. Bizim üçün insanlarımızın, sevimli tamaşaçılarımızın səhhəti ilə bağlı məsələlər vacib olduğu üçün həyata keçirilən profilaktik tədbirlərə dəstək göstərmək qərarını verdik”, - deyə Röya Ayxan bildirib. Xalq artisti solo konsertinin yeni tarixi barədə əlavə məlumat veriləcəyini qeyd edib.
Onu da bildirək ki, 4, 5, 6, 7 və 8 mart 2020-ci il tarixlərində Heydər Əliyev Sarayında keçiriləcəyi gözlənilən "Bu Şəhərdə"nin "CanaVar” adlı konserti də virusla bağlı təxirə salınıb.
Xəyalə Rəis
banner

Oxşar Xəbərlər