• cümə axşamı, 28 mart, 15:38
  • Baku Bakı 16°C

Novruz bitsə də, turist axını bitməyib - Reportaj

31.03.17 13:00 5710
Novruz bitsə də, turist axını bitməyib - Reportaj

Azərbaycana gələn turistlərin 99 faizinin yolu buradan düşür. Heç kim Qədim şəhərə – İçərişəhərə baş çəkməmiş ölkəsinə qayıtmaq istəmir. Biz də 9 günlük Novruz tətilindən sonra İçərişəhərdəki abı-havanı görmək üçün sözügedən məkana yollandıq. Gördüklərimiz bizi sevindirməyə bilməzdi. 9 günlük bayram aksiyaları, konsertləri, Novruzun personajları yığışdırılsa da, İçərişəhər yenə də turistlərlə qaynaşırdı. Kimisi şəkil çəkdirir, kimisi restoranda oturub yemək yeyir, çay içir, kimisi suvenirlərə baxır, kimisi alış-veriş edirdi... Daha çox gözə dəyən isə ərəblər və İrandan olan azərbaycanlılar və farslar idi.
"Qonaqlara yumurta döyüşdürməyi təklif edirdik”
İran farslarından olan Şəhrizad Şehri ilk dəfədir Azərbaycana gəlib. Deyir ki, şəhərimizin özəl abı-havası var: "Şəhərinizdə qədimiliklə müasirlik birləşib. Xüsusilə arxitekturanızda bu, nəzərə çarpır. İnsanlarınız da xoş təsir bağışlayır, turistlərə xüsusi diqqət göstərir, kömək etməyi sevirlər. Milli mətbəxinizin zənginliyi və dadından isə doymaq olmur. Adam bir dəfəyə hamısının dadına baxmaq istəyir. Bu da mümkün deyil (gülür – L.M.)”.


İçərişəhərin Qız Qalası tərəfdən olan çıxışında müştərisini gözləyən taksi sürücüsü Nağı dayı ilə də söhbətləşdik. Novruz bayramından başlayaraq indiyə qədər turistlərin hesabına qazanclarının əvvəlkinə nisbətən çox olduğunu dedi. Taksi sürücülərinin adətən əcnəbilərə gediş haqqını ikiqat, üçqat baha deməsinə gəlincə, həmsöhbətimiz bildirdi ki, bu, mümkünsüzdür: "Çünki turistlər arasında üstünlük təşkil edən ərəblər və iranlıların buraya ilk gəlişi deyil və onlar hər şeyi gözəl bilirlər. Hətta xüsusilə də iranlı qonaqlar qiyməti elə salırlar ki, onu heç yerli müştərilərimiz edə bilmir. Ümumilikdə isə müştərilərimizin çoxluğundan razıyıq. İlin bütün fəsillərində belə turistlər olsa, bəy kefində olarıq”.
Biz də arzulayırıq ki, turistlər yalnız Novruz bayramı ərəfəsində deyil, ilin bütün fəsillərində ölkəmizə gəlsinlər və biz də onlardan reportaj hazırlayaq.

Lalə MUSAQIZI
Fotoları çəkdi: Günel AZADƏ












banner

Oxşar Xəbərlər