AZE | RUS | ENG |


Novruz bitsə də, turist axını bitməyib - Reportaj

Novruz bitsə də, turist axını bitməyib - Reportaj
“İlin bütün fəsillərində belə turistlər olsa, bəy kefində olarıq”


Azərbaycana gələn turistlərin 99 faizinin yolu buradan düşür. Heç kim Qədim şəhərə – İçərişəhərə baş çəkməmiş ölkəsinə qayıtmaq istəmir. Biz də 9 günlük Novruz tətilindən sonra İçərişəhərdəki abı-havanı görmək üçün sözügedən məkana yollandıq. Gördüklərimiz bizi sevindirməyə bilməzdi. 9 günlük bayram aksiyaları, konsertləri, Novruzun personajları yığışdırılsa da, İçərişəhər yenə də turistlərlə qaynaşırdı. Kimisi şəkil çəkdirir, kimisi restoranda oturub yemək yeyir, çay içir, kimisi suvenirlərə baxır, kimisi alış-veriş edirdi... Daha çox gözə dəyən isə ərəblər və İrandan olan azərbaycanlılar və farslar idi. 
 
"Qonaqlara yumurta döyüşdürməyi təklif edirdik”
 
İran farslarından olan Şəhrizad Şehri ilk dəfədir Azərbaycana gəlib. Deyir ki, şəhərimizin özəl abı-havası var: "Şəhərinizdə qədimiliklə müasirlik birləşib. Xüsusilə arxitekturanızda bu, nəzərə çarpır. İnsanlarınız da xoş təsir bağışlayır, turistlərə xüsusi diqqət göstərir, kömək etməyi sevirlər. Milli mətbəxinizin zənginliyi və dadından isə doymaq olmur. Adam bir dəfəyə hamısının dadına baxmaq istəyir. Bu da mümkün deyil (gülür – L.M.)”.  
 


Bürc restoranının inzibatçısı Anar Gülməmmədov deyir ki, bu il ötən illərə nisbətən daha çox turist axını olub: "Qonaqlarımız əsasən ərəblərdir. Müşahidələrimə əsasən deyim ki, bu il daha çox imkanlı ərəblər bura təşrif buyurublar. Həmişə Səudiyyə Ərəbistanından gələn ərəblərlə rastlaşsaq da, bu il Livandan, İraqdan da qonaqlarımız oldu. Müştərilərimiz arasında iranlı turistlər ərəblərdən sonra sayca ikinci yerdə idi. Bolqarıstan, İngiltərə, Fransa, Hindistandan da qonaqlarımız oldu”.

Müsahibimiz onlara ən çox gəlir gətirən ərəbləri xeyli təriflədi: "Ərəblərin bir yaxşı xüsusiyyəti var ki, əksəriyyəti içən deyil. İçənlər isə ruslardan fərqli olaraq, özlərini idarə etməyi bacarırlar. İranlılar və ərəblər adətən zəif alkoqollu içkilərə üstünlük verirlər”.

A.Gülməmədov, turistləri restoranlarına cəlb etmək və onları daimi müştərilərinə çevirmək üçün əllərindən gələni etdiklərini bildirdi: "Xidmətimizi yüksək səviyyədə, yeməklərimizi son dərəcə keyfiyyətli etməyə çalışırdıq. Turistlər əsasən plov, dolma və sac yeməklərinə üstünlük verirlər. Səhər yeməkləri olan menyumuz yağ-balla, qaynadılmış, yaxud qayğanaq edilmiş yumurta ilə kifayətlənmir. Qozla yumurtanı birlikdə bişiririk, yaxud kükü və digər yeməklər təklif edirik. Novruz bayramı ərəfəsində xonçalar düzəltmişdik. Hətta turistlərə döyüşdürmək üçün yumurta da verirdik. Bizim adətlərlə maraqlanan qonaqlarımızı səməni, xonça, yumurta döyüşü, papaq atdı kimi adətlərimiz barədə məlumatlandırırdıq”.
 

 
Ərəblər Röyanı tanıdıqlarını deyirdilər
 
Bir neçə ildir restoran sektounda çalışan həmsöhbətimiz ölkəmizdə turizmin inkişafı üçün təkliflərini də verdi: "Çox istərdim ki, regionlarımıza da turist axını olsun. Onsuz da, Bakıda turist ilk olaraq İçərişəhərə gəlir. Bakıda turizmin daha da inkişafı üçün isə düşünürəm ki, işimizi mədəniyyətin üzərində qura bilərik. Turistlər bir qarın çörəyi onsuz da yeyirlər, amma mədəniyyət, musiqilərimiz ilə onları cəlb edə bilərik. Məsələn, ərəblər Röyanın səsini eşidəndə "biz bu qızı tanıyırıq” deyib dinləyirdilər. İstərdim ki, muğamlarımızı və digər milli musiqilərimizi də yaxşı təbliğ edək. Turistlər bizdən soruşurdular ki, sizdə elə bir yer varmı ki, milli rəqsləriniz nümayiş olunsun, yaxud canlı musiqi, şou-proqramlar olsun. Düşünürəm ki, turistlərin tələbatını ödəmək, həm də musiqimizi təbliğ etmək baxımından bu cür xidmətlər olmalıdır”. 
 
Ucuz və gözəl suvenir axtarışı
 
"Bürc” restoranından çıxanda, beş uşağı və xanımı ilə Ərəbistandan təşrif buyuran Salim əl Mühərrəmi ilə qarşılaşdıq. Salim ikinci ildir Bakıya gəlir. Ötən il qışda da həm Bakıda, həm də Şahdağda olub. Özünə söz verib ki, hər il müxtəlif fəsillərdə bura gələcək: "Sizdə yaz fəslinin öz gözəlliyi var. Burada uşaqlarımız da, mən də özümüzü çox rahat hiss edirik. Adam İçərişəhəri gəzdikcə gəzmək istəyir. Hər dəfə də yeni nəsə kəşf edirik”. 
 


Hindistandan olan Eminea Raiel dostu ilə bir yerdə gəzintiyə çıxıb. Şəhərimizin təmizliyi onu valeh edib: "Bakının bu qədər təmiz, bu qədər gözəl olduğunu təsəvvür etmirdik. Yeməkləriniz də çox dadlıdır. Toyuq yeməklərinizi və plovlarınızı yemişik, dadından doymaq olmur. Yerli qırmızı çaxırın dadına da bu gün baxdıq və çox bəyəndik. İndi Bakıdan yadigar qalması üçün suvenir axtarırıq. İstəyirik ki, ucuz və gözəl olsun”.  
 

 
"İranlılar çox pul xərcləməyi sevmirlər”
 
"Old Baku” Suvenir Shopunsatıcısının sözlərinə görə, turistlər daşınması asan olan xırda suvenirlərə üstünlük verirlər: "Azərbaycanda keçirilən beynəlxalq yarışmalar səbəbindən ötən illərə nisbətən bu il turistlər hədsiz dərəcədə çox oldu. Turist çox olduğuna görə xırda suvenirləri çox satırıq. Buna görə də, şükürlər olsun, bu il qazancımız yaxşı oldu. Araqçın alanlar da var. İrandan olan turistlər arasında kəlağayılarımıza da maraq görürük”.

Turistləri simicliyinə və əliaçıqlığına görə iki hissəyə bölən satıcının fikrincə, iranlı qonaqlar çox pul xərcləməyi sevmirlər: "Hər şeyin qiymətini az qala maya dəyərinə salmaq istəyirlər”.    
 


Omandan olan Abdul Moiz də ailəsi ilə iki gündür buradadır. Novruz bayramında düzənlənən tədbirləri qaçırsa da, hər şeydən razıdır: "İçərişəhərdən əvvəl Heydər Əliyev Mərkəzində olduq. Möhtəşəm idi. İçərişəhər isə qədimiliyi ilə diqqətimizi cəlb edir. Ümumiyyətlə, Azərbaycan digər kiçik ölkələrə bənzəmir. Avropa ölkələri kimi maraqlıdır, gəzməli-görməli yerləri çoxdur”.

Çinli Sealdun ÇenUkraynada məskunlaşıb. Bakıya iki gündür gəlsə də, şəhərimiz barədə təəssürtlarının çox olduğunu deyir: "Müasir infrastrukturunuz var.  Aereport ölkənin ilk vizit kartıdır. Aereportunuza isə söz ola bilməz. Özümü Avropa ölkələrindəki kimi hiss etdim. Hotelləriniz də baha deyil. Azərbaycana   gəlməmişdən əvvəl buranın qədim tarixə malik olduğunu bilirdim. Bilirdim ki, qədimdə Azərbaycandan Çinə karvanlar gedib, ölkəniz mərkəz olub. Qala divarlarınızı görəndən sonra bir daha buna əmin oldum”. 
 

 
Ərəblə iranlının fərqi 

"Cız-bız” restoranının ərəb dilində səlis danışan və qonaqları qəbul edən məsul şəxsi Toğrul deyir ki, digər restoranlardan fərqli olaraq, plovun 10-dan çox növünü  təqdim edirlər: "Restoranımızın adına uyğun olaraq, cız-bızımız da olur. Amma xarici qonaqlar cız-bızı çox da sifariş vermirlər. Adətən yeməklərimizi sacda və təndirdə hazırlayırıq”. 

Həmsöhbətimiz turistlər arasında say baxımından ilk yerləri tutan ərəblərlə iranlıların fərqindən də danışdı. Onun sözlərinə görə, bir qab yeməyi 4 nəfər iranlı bölüb yeyə bilir. Amma ərəbin biri bir qab yeməklə doymur. Çox yeməyi sevirlər. 
 


İçərişəhərə gəlib "Sehrli təndir”də təndir çörəyinin dadına baxmamaq olmaz. Təndirə çörək yapan xala deyir ki, turistlər təndir çörəyimizə xüsusi diqqət göstərirlər. Çünki bu lavaş hazırlanmasından tutmuş, ətrinə, dadına kimi digər çörəklərdən fərqlənir: "Gəlib çörəyi təndirə necə yapmağıma maraqla baxır, mənimlə şəkil çəkdirirlər. Sonra da əksəriyyəti çörəyimizdən alır”. 
 

 
Məşədi İbad nədən narazıdır?
 
Qədim şəhərdə "Məşədi İbad”la da qarşılaşdıq. Məşədi İbad personajına uyğun paltar geyən, əlində təsbeh o tərəf bu tərəfə var-gəl edərək turistləri özünə cəlb edən Vüsal deyir ki, bu personajı yaratmaq və paltarını hazırlamaq ideyası onun özünə məxsusdur: "Aidiyyəti orqana rüsum ödəyib gündəlik pulumu qazanıram. Qazancım da, şükür, pis deyil. Bircə iranlılar pulumu çox kəsirlər. Mənimlə şəkil çəkdirmək üçün adamın biri 1 manat verməlidirsə, 10 iranlı birlikdə şəkil çəkdirib 1 manat verməyi təklif edirlər. Düzdür, qonaq olduqları üçün xətirlərinə dəymirəm, amma ürəyimdə deyinirəm (gülür – L.M.)”.   
 

 
Taksi sürücüsü: "Turistlər qiyməti yerlilərdən də yaxşı salır”
 
İsmaili xanım ilk dəfədir nəvələri, oğlanları ilə birlikdə Novruz bayramını qeyd etmək üçün İrandan Bakıya gəlib. Dediyinə görə, özü gəlməsə də, hər il oğlanları ailələri ilə birgə bayramı burada keçirirlər: "Şəhərinizi çox sevdim, gözəl parklarınız, dadlı yeməkləriniz var. Dil problemimiz də olmadığından burada çox rahat gəzirik. Özümüzü evimizdəki kimi hiss edirik. Buna da səbəb sizin istiqanlı insanlarınızdır”.
 


İçərişəhərin Qız Qalası tərəfdən olan çıxışında müştərisini gözləyən taksi sürücüsü Nağı dayı ilə də söhbətləşdik. Novruz bayramından başlayaraq indiyə qədər turistlərin hesabına qazanclarının əvvəlkinə nisbətən çox olduğunu dedi. Taksi sürücülərinin adətən əcnəbilərə gediş haqqını ikiqat, üçqat baha deməsinə gəlincə, həmsöhbətimiz bildirdi ki, bu, mümkünsüzdür: "Çünki turistlər arasında üstünlük təşkil edən ərəblər və iranlıların buraya ilk gəlişi deyil və onlar hər şeyi gözəl bilirlər. Hətta xüsusilə də iranlı qonaqlar qiyməti elə salırlar ki, onu heç yerli müştərilərimiz edə bilmir. Ümumilikdə isə müştərilərimizin çoxluğundan razıyıq. İlin bütün fəsillərində belə turistlər olsa, bəy kefində olarıq”. 
Biz də arzulayırıq ki, turistlər yalnız Novruz bayramı ərəfəsində deyil, ilin bütün fəsillərində ölkəmizə gəlsinlər və biz də onlardan reportaj hazırlayaq.

Lalə MUSAQIZI
Fotoları çəkdi: Günel AZADƏ 


















Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN