• şənbə, 20 Aprel, 01:37
  • Baku Bakı 15°C

Novella Cəfəroğlunun müdafiəsinə qalxdılar

21.06.13 09:12 1597
Novella Cəfəroğlunun müdafiəsinə qalxdılar
Bu günlərdə “Freedom House” beynəlxalq təşkilatı “Keçid dövrü ölkələri-2013” adlı növbəti hesabatını açıqlayıb. Adəti üzrə bu dəfəki sənəddə də Azərbaycan ünvanına qərəzli, həqiqəti əks etdirməyən fikirlərə yer ayrılıb. Hətta Azərbaycan insan hüquq və azadlıqlarının səviyyəsinə görə geridə qalmış ölkə kimi təqdim edilib. Əvəzində isə siyasi qətllərin gerçəkləşdiyi Ermənistan, siyasi həbslərin reallaşdığı Gürcüstan və Ukrayna daha demokratik ölkə kimi təqdim olunub. Təbii ki, bu hesabata ilk reaksiya hüquq müdafiəçilərindən gəlib.
Dilarə Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, Müsavat Partiyasının üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu “Freedom House”un hesabatında Azərbaycanla bağlı yer alan fikirlərin ona çox pis təsir etdiyini dilə gətirib. O, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyətin Azərbaycandan daha acınacaqlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Ermənistandan 500 min insanın qaçmasına, prezident seçkilərində namizədin güllələnməsinə, Ukraynada baş nazir Yuliya Timoşenkonun, jurnalistlərin həbs olunmasına, həmçinin Gürcüstanda son zamanlar baş verən hadisələrə baxmayaraq, bu ölkələrdəki hadisələr “Freedom House”un hesabatına salınmayıb. Əksinə, Azərbaycanın adı vəziyyətin gərgin olduğu son beş ölkə sırasına salınıb. Hüquq müdafiəçisi keçmiş sovet ölkələri arasında ən yaxşı durumun məhz Azərbaycanda olduğunu söyləyib. Qeyd edib ki, hər hansı beynəlxalq təşkilat araşdırma apararkən ölkələrdə olan vəziyyəti düzgün qiymətləndirməlidir: “Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq”.
N.Cəfəroğlunun bu açıqlaması müxalifət təmsilçilərinin sərt tənqidinə səbəb olub. Hətta Müsavat başqanının müşaviri Yadigar Sadıqov, İsa Qəmbərin ən yaxın adamlarından olan, hüquq müdafiəçisi Leyla Yunusun qaynı (Arif Yunusun qardaşı) Ramiz Yunus və başqaları onun partiyadan qovulmasını tələb ediblər. Beləliklə də demokratiyadan, söz azadlığından, dözümlülükdən danışan bu adamlar əsl gerçəklikdə alternativ fikrə qarşı nə qədər aqressiv olduqlarını ortaya qoyublar.
Bununla bağlı mətbuata açıqlama verən Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, deputat Çingiz Qənizadə hüquq müdafiəçisinə qarşı kampaniya aparılmasının yolverilməz olduğunu bildirib. O, N.Cəfəroğlunun 20 ildir hüquq müdafiəçisi kimi fəaliyyət göstərdiyini, ictimai-siyasi proseslərdən, xüsusən də Azərbaycanda baş verən hadisələrdən yetərincə məlumatlı olduğunu diqqətə çatdırıb. N.Cəfəroğlunun “Freedom House”un hesabatı barədə fikirlərinə cavab olaraq, sosial şəbəkədə bəzi adamların hüquq müdafiəçisinin ünvanına təhqirlər yazmasını onların “siyasi mədəniyyəti” kimi dəyərləndirib.
Ç.Qənizadə hesabatla bağlı fikirlərini də bölüşüb. Deyib ki, bəzi beynəlxalq təşkilatlar maliyyə və sair kimi yardım aldıqları ölkələrin siyasi maraqlarına xidmət edirlər. “Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” adlı hesabatını da obyektiv qəbul etmək olmaz. Həmin hesabatda Avrasiya regionunun keçmiş sovet ölkələrində vəziyyət təhlil olunur. Çox təəssüfedici haldır ki, hesabatda Azərbaycan bu gün Tacikistan, Belarus, Türkmənistan, Özbəkistan kimi ölkələrlə eyniləşdirilir, Azərbaycanda insan haqları və vətəndaş cəmiyyəti üçün həyəcanlı vəziyyətin hökm sürdüyü qeyd olunur. Belarusun Avropa üçün tam qapalı bir ölkə olduğunu nəzərə almaqla digər respublikaların Azərbaycanla eyniləşdirilməsi nəinki ədalətsizlik, hətta Allahsızlıqdır. Bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün hər cür şərait yaradılıb. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası vasitəsilə vətəndaş cəmiyyətlərinə maliyyə və sair dəstək göstərilir. Vətəndaş cəmiyyəti ilə hökumət arasında qarşılıqlı anlaşma mövcuddur və tez-tez birgə tədbirlər həyata keçirilir. Parlamentdə siyasi partiyalar kimi vətəndaş cəmiyyətinin nümayəndələri - Azay Quliyev, mən və bir neçə digər şəxs təmsil olunur. Qanunların qəbulu və müzakirəsi zamanı vətəndaş cəmiyyətinin nümayəndələri parlamentə dəvət olunur və müzakirələrdə iştirak edirlər. Bir neçə gün bundan öncə Milli Məclisdə qəbul edilmiş “İctimai iştirakçılıq” haqqında qanun icra və bələdiyyə orqanlarında vətəndaş cəmiyyətinin iştirakına daha geniş hüquqi status verəcəkdir. Eyniləşdirildiyimiz ölkələrin heç birində isə bu hallar mövcud deyildir”.
Hüquq müdafiəçisi N.Cəfəroğlunun “Freedom House”un hesabatı ilə bağlı fikirlərinə görə Müsavat Partiyasından çıxarılmasına, sərt tənqid edilməsinə hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Aydın Mirzəzadə də münasibət bildirib. O, facebook sosial şəbəkəsində hüquq müdafiəçisinin hüququnun qorunmasına ehtiyac yarandığını yazıb: “Novella Cəfəroğlunun sakit, neytral və fərdi münasibəti onun bu günə qədər olan dostlarının heç xoşuna gəlməyib. Demokratik Müsavat Partiyasının demokratik nümayəndələri necə demokratik olduqlarını tez ortaya qoydular. Bu situasiyada iki məqam xüsusi nəzərə çarpır. Azərbaycanda demokratiya dərsi keçən siyasi təşkilat öz sıralarında demokratiyaya dözümsüzlüyünü bir anda aşkarladı. Deməli, demokratiya şüar ola bilsə də, partiyadaxili münasibətlərdə iş prinsipi ola bilməzmiş. Digər vacib məsələ isə demokratik insanların Azərbaycan qadınına olan münasibəti və yolverilməz leksikonlarıdır. Prinsipcə Azərbaycan hakimiyyətinə müxalifliyini açıqlayan şəxs, xarici QHT-yə etirazı bildirəndə, nədənsə dostlarının həssas hisslərinə toxunmuş olur. Mən Novella Cəfəroğluna əks siyasi düşərgədəyəm, onun bundan sonra da Azərbaycan iqtidarını sevəcəyinə heç zaman inanmıram. Ancaq siyasi əqidəsindən asılı olmayaraq, o, Azərbaycan qadınıdır və onun aşağılanması yolverilməzdir. Belə president mənəviyyatın aşılanmasına gətirib çıxara bilər”.
Millət vəkili hesabatla bağlı fikirlərini də bölüşüb: “Bir qrup xarici ölkə QHT-ləri var ki, onları Azərbaycanda baş verən hadisələr qətiyyən maraqlandırmır. Həmin təşkilatlar əzəldən ölkəmizlə bağlı qərəzli mövqedədirlər və buna müvafiq hesabat hazırlayırlar. Bunlardan biri də “Freedom House” təşkilatıdır ki, onun “Keçid dövrü ölkələri-2013” adlı hesabatında Azərbaycan vətəndaş cəmiyyəti göstəricisinə görə aşağı reytinqdə qeyd edilib. Ümumiyyətlə, bu təşkilat hər il hazırladığı hesabatda yalnız il rəqəmi dəyişir. Azərbaycan öz müstəqillik illərində demokratik konstitusiyasını qəbul etdi və bir-birinin ardınca demokratik seçkilər həyata keçirdi. Ölkəmiz insan hüquq və azadlıqlarını nəinki elan etdi, hətta onu qəbul etdi. Bu gün ölkəmizdə söz, mətbuat azadlığı var və iqtisadi vəziyyət kifayət qədər güclənib. Azərbaycanda bu müddət ərzində cəmiyyətin ayrı-ayrı dövlət orqanları üzərində ictimai nəzarət formaları qəbul edilib. Amma bütün bunları nədənsə “Freedom House” kimi beynəlxalq təşkilatlar görməməzliyə vurur. Bunun arxasında isə kimin və nəyin dayandığını ancaq təsəvvür etmək olar. Bu baxımdan düşünürəm ki, “Freedom House”un növbəti dəfə Azərbaycanla bağlı qara rəngdə verilən hesabatı tamamilə gözlənilən idi”.
Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Bölməsinin sədri Səadət Bənəniyarlı da xanım həmkarını müdafiə edib, “Freedom House”un Azərbaycanla bağlı hesabatını isə ölkəmizdəki reallığı tam əks etdirməyən sənəd kimi qələmə verib: “Novella xanım kifayət qədər tanınmış hüquq müdafiəçisidir. O hər hansı məsələ ilə bağlı fikrini bildirərkən, peşəkarlıqdan çıxış edərək, mütləq reallığı, faktları nəzərə alır. O ki, qaldı hüquq müdafiəçisinin söylədiklərinə Müsavat Partiyasının yanaşmasına, bir siyasi təşkilat kimi həmin qurumun baş verən hadisələrə özünün mövqeyi var. Bu partiya üzvləri isə müxtəlif fikir söyləyə bilərlər. Bir siyasətçi kimi bu, onların yanaşmasıdır. Ancaq məsələ burasındadır ki, Novella xanım Azərbaycanda insan haqlarının vəziyyəti nöqteyi-nəzərindən “Freedom House”un hesabatına öz fikrini bildirib. Bu səbəbdən hüquq müdafiəçisinə qarşı təzyiqləri yolverilməz sayıram. Şəxsən mən də Növella xanımın fikirlərini dəstəkləyirəm. O, hüquq müdafiəçisi kimi həm Azərbaycanda, həm də xarici ölkələrdə insan hüquq və azadlıqlarının vəziyyətini şərh edib. Obyektiv mövqeyini ortaya qoyub. Bu fikrə qarşı olanlar, yaxşı olardı ki, ümumi sözlərlə deyil, konkret faktlarla danışaydılar. “Facebook”da Novella xanımın ünvanına kobud şəkildə, təhqiramiz ifadələr yazmaqla, əslində onlar siyasi mədəniyyətlərini nümayiş etdirirlər. Fərqli fikrə qarşı dözümsüz olduqlarını göstərirlər”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər