AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Novella Cəfəroğlu: ”Ramiz Yunus kimi gədələr...”

Novella Cəfəroğlu: ”Ramiz Yunus kimi gədələr...”

Siyasət
19 İyun 2013, 17:33 1710
Hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlunun “Freedom House” təşkilatının hesabatına verdiyi rəy birmənalı qarşılanmayıb. Xüsusilə də mövzu facebookda müzakirələrə səbəb olub. Novella Cəfəroğlunun Müsavat Partiyasının üzvlüyündən çıxarılması təklifləri də səsləndirilib.

Müzakirələrlə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu “Qafqazinfo”ya açıqlama verib. O, qeyd edib ki, 20 ildir öz fikirlərini deyir: “Sosial şəbəkələrdə olan insanlar bolşevik olmamalıdır. Mən həmin sayta dediklərim fikirlər kontekstdən çıxarılıb. Mən əvvəlcə demişəm ki, Azərbaycanda insan haqları pozulur. Mən hakimiyyəti sevməyən adamam. Demişəm ki, Tofiq Yaqublu, NİDA-çılar, jurnalistlər, hətta 3 nəfər OMON-çu da həbsdən azad olunmalıdır. Həmin OMON-çuların da hüquqları pozulub. Bunların hamısı dərhal həbsdən çıxarılmalıdır. Siyasi məhbus məsələsi Azərbaycanda kökündən həll olunmalıdır. Bundan sonra biz Qarabağdan gələn 500 min köçkünün dərdinə qalmalıyıq. Sərbəst toplaşmaq azadlığı təmin edilməlidir. Hakimiyyət bütün bunları həll etməlidir. Bunlar həll olunsa, bizim beynəlxalq təşkilatlar qarşısında dilimiz uzun olar. Bunlardan sonra qeyd etmişəm ki, Azərbaycan hakimiyyəti və dövləti ayrıdır. Mənim dövlətimə kimsə çırtma vuranda ürəyim ağrıyır. Ukrayna , Rusiya, Ermənistanda da vəziyyət ağırdır. “Freedom House” bunları birlikdə tənqid edəndə Azərbaycanı da onların sırasına salmalıdır. Postsovet ölkələri durumlarına görə hamısı bir yerdədir. Hamısı birlikdə tənqid olunmalıdır. 500 min insanı köçkün salan Ermənistana çırtma da vurmurlar, söz də demirlər. Amma Azərbaycana gələndə bu vəziyyət dəyişir”.

Facebookda açılan müzakirələrə də fikir bildirən hüquq müdafiəçisinin sözlərinə görə, Ramiz Yunus yazır ki, “mən belə insanları Müsavatdan iti qovalayan kimi qovardım”: “Ramiz Yunus Amerikada oturub söz danışmasın. Biz müsavatçı olmağımızla həmişə şərəf duymuşuq. Elçibəyin yaxın dostu olan bir xanım Müsavata ləkə gətirməz. Dədəm, babalarım həmişə Müsavatı dəstəkləyiblər. Ramiz Yunus kimi gədələr və onun gəlini Leyla Yunus Azərbaycanı heç vaxt sevməyiblər. Biz küçələrdə mübarizə aparanda onlar evdə kompyuter başında olublar. Yaxşısı budur ki, elə evdə oturub yazılarını yazsınlar, mənə söz deməsinlər.”