AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Novella Cəfəroğlu Müsavatı bir-birinə vurdu

Novella Cəfəroğlu Müsavatı bir-birinə vurdu

Siyasət
19 İyun 2013, 16:33 1551
Hüquq müdafiəçisi, Müsavat Partiyasının üzvü Novella Cəfəroğlunun “Freedom House” təşkilatının “Keçid dövrü ölkələri-2013” hesabatı ilə bağlı virtualaz.org-a açıqlaması böyük qalmaqala səbəb olub. Həmin açıqlamasında hüquq müdafiəçisi deyib ki, Azərbaycanda insan haqlarının pozulması ilə bağlı hallar var, hesabatda dövlətimiz haqqında yer alan fikirlər ona çox pis təsir edir.

Novella Cəfəroğlu bildirib ki, Ermənistanda, Gürcüstanda, Rusiyada, Ukraynada vəziyyət Azərbaycandan daha acınacaqlıdır: “Ermənistanda 500 min insan qaçır, prezident seçkilərində namizədi güllələyirlər. Gürcüstanda son zamanlarda baş verənlər göz qabağındadır. Ukraynada baş nazir Yuliya Timoşenko, jurnalistlər həbs olunur. Bu ölkələr həmin siyahıda yer almır. Amma Azərbaycanı son beş ölkə sırasına salırlar. Mən hakimiyyətdən razı deyiləm. Amma dövlətimiz haqqında bu fikirlərin səsləndirilməsi və haqsız araşdırmalar aparılaraq belə hesabatların ictimaiyyətə təqdim olunması mənə pis təsir edir. Keçmiş sovet ölkələri arasında ən yaxşı durumda olan Azərbaycandır. Keçmiş sovet ölkələri bir kənara qalsın. Araşdırma aparılarkən ölkələrdə olan vəziyyətlər düzgün qiymətləndirilməlidir. Necə olur ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda, Tacikistanda insan haqları pozulur, digər ölkələrdə pozulmur? Belə hesabat olmaz. “Freedom House” təşkilatı qələt eləyib. Monitorinqlər düzgün aparılarsa, biz də bu nəticələrlə razılaşarıq”.

Onun bu açıqlaması, xüsusən “Freedom House qələt eləyib” deməsi üzvü olduğu Müsavat Partiyasında böyük gərginliyə səbəb olub...
Məsələn, Müsavat başqanının müşaviri Yadigar Sadıqov partiyanın qərarını gözləmədən N. Cəfəroğlunun özünün üzüsulu Müsavatdan çıxıb getməsini tələb edib.

İsa Qəmbərin ən yaxın adamlarından olan, hüquq müdafiəçisi Leyla Yunusun qaynı (Arif Yunusun qardaşı) Ramiz Yunus isə daha sərt tonda və üslubda danışıb, “mənə qalsa, onu Müsavatdan iti qovan kimi (ifadə ona məxsusdur) qovardım” deyib...

Müsavatın digər tanınmış və nüfuzlu simalarından olan Sevinc Hüseynova isə N.Cəfəroğlunun öz fikirlərini düzgün ifadə edə bilməməsinə diqqət çəkərək, Ramiz Yunusa öz etirazını bildirib və Milli Şurada Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizəd irəli sürülməsi üçün daha çox sözügedən şəxsin qardaşı arvadının, yəni, Leyla Yunusun canfəşanlıq etdiyini xatırladıb.

Bu ittihamlara cavab olaraq Novella Cəfəroğlu Gün.Az-a açıqlamasında deyib ki sözə görə partiyadan uzaqlaşdırmaq kimi fikirlər doğru deyil. “Məni qınaya, söz deyə bilərlər amma Müsavatdan çıxarılmağımı Leyla Yunus görməyəcək. Mən Azərbaycana işləyən insanam, Leyla Yunus ömrü boyu Rusiyaya işləyib. Ömür boyu Rusiyanın əlində olub, indiyə kimi deməmişəm indi deyirəm. Rusiyanın agenti olub hər zaman, ağzımı açdırmasın. O və qaynı kimilər sadəcə mənim nüfuzuma paxıllıq edirlər”.

N.Cəfəroğlu deyib ki, nə Leyla Yunus, nə əri, nə qaynı heç vaxt onu maraqlandırmayıb: “Mən onunla özümü müqayisə edə bilmərəm. 20 ildən çoxdur yol gələn insanam. Leylanı it kimi qovmaq lazımdır. Vaxt gələcək bütün məsələlər açılacaq, müharibə vaxtı onun kimlə işlədiyi, müharibədən sonra necə işlədiyi məlum olacaq. Vaxtilə onun Müdafiə Nazirliyində işi sayəsində bu günə düşdük. Onun çox işlərini bilirik amma yenə də demirik. Mən vətənimi sevib danışıram. Azərbaycanı təhqir etməyə heç kimə imkan verməyəcəyəm, yenə də deyərəm ki, Azərbaycanı son pillədə saxlamağa ixtiyarları yoxdur”.

Hüquq müdafiəçisi onun Müsavatdan çıxarılması ilə bağlı partiya fəallarının sosial şəbəkələrdə səsləndirdiyi fikirlərə də münasibət bildirib. Bildirib ki, onu Müsavat Partiyasından çıxarsalar belə, özü ərizə yazmayacaq. “Məni Partiyadan çıxarsalar da buna hörmətlə yanaşacağam. Birincisi mən öz ərizəmlə Müsavatdan çıxan deyiləm. İstəyirlər məni partiyadan çıxarsınlar, özləri bilərlər. Mənim atam da, babam da Müsavata bağlı insanlar olublar. Məni partiyadan çıxarda bilərlər, amma müsavatçılıqdan çıxara bilməzlər. Burda çıxararlar, gedib Türkiyədə Müsavatın üzvü olaram. Partiyadan çıxmaq müsavatçılıqdan çıxmaq demək deyil. Müsavatda niyə “Freedom House”u tənqid eləmək olmaz. Haqqımda həmin fikri səsləndirənlər bolşevikdirlər. Mənim Leyla Yunus kimi nə Antalyada villam var, nə də Almaniyada evlərim. Müsavat məni partiya üzvlüyündən çıxarmaq istəyirsə çıxarsın, heç vecimə də deyil”-deyə hüquq müdafiəçisi əsəbi tonda bildirib.

İlham QULİYEV