• cümə, 19 Aprel, 06:44
  • Baku Bakı 13°C

Normadan artıq yağan yağış fermerin dostudur, yoxsa...

07.10.17 12:30 1950
Normadan artıq yağan yağış fermerin dostudur, yoxsa...
Builki payız adət etdiyimiz payızlardan olmadı. Birdən-birə qızmar istilərdən çıxıb, leysan yağmurlara tuş gəldik. Düzdür, mütəxəssislər belə bir iqlim dəyişikliyinin əvvəllər də müşahidə edildiyini desə də, bu dəfə yağıntıların miqdarı normadan bir qədər yüksək olub. Belə ki, hələ avqust ayının sonlarında sentyabr ayı üçün yağıntının miqdarının yüksək olacağı proqnoz edilsə də, sentyabr təkcə yağışla deyil hətta ilk qarla da yadda qaldı. Bəs görəsən yağntıların miqdarının bol olması aqrar sahəyə necə təsir edəcək? Bunun hansısa müsbət və mənfi tərəfləri varmı?
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadçı-ekspert Qadir Bayramlınınsözlərinə görə,son günlər ərzində yağan aramsız yağışlar kənd təsərrüfatına böyük zərər vurur: "Kənd təsərrüfatı sənayedən fərqli olaraq iqlim şəraitilə daha çox bağlıdır. Yağıntının miqdarının normadan çox olmasının təsiri ilk növbədə pambıqçılıq sahəsinə mənfi təsir göstərəcək. Çünki sentyabrın son həftəsinə olan məlumata görə, sahələrdən yığılan pambıq 40 min ton civarındadır. Yəni məhsulun böyük əksəriyyəti tarlalardadır. Əgər intensiv yağışlar yenə davam edərsə, bu sahədə qarşıya qoyulan hədəfə çatmağımız bir az çətin olacaq. Digər tərəfdən, qurumamış pambıqçılıq sahələrində texnikanın işləməsinə normal sahələrə nisbətən 30 faiz artıq yanacaq sərf edilir ki, bu da maddi çətinlik yaradır. Yağmurlu şəraitdə texnikanın sahələrə aparılması çox çətin olduğundan məhsuldarlıq da aşağı düşür. Yağıntının təsiri özünü meyvə-tərəvəz sahəsində də göstərəcək. Çünki aşırı intensiv yağışlar həmçinin meyvə yığılmasını çətinləşdirir və müəyyən qədər məhsul itkisinə gətirib çıxarır. Bütün bunlar isə bazarlarda meyvə-tərəvəzin, göyərtinin qiymət artımına gətirib çıxara bilər. Bundan başqa, normadan artıq yağan intensiv yağışlar torpağın münbit qatını yuyub aparır ki, bu da fermer üçün çox böyük itki hesab olunur. Yağışlar həm də eroziyanı gücləndirir. Ona görə də fermerlərin əvvəlcədən düşünülmüş qabaqlayıcı tədbirlərinin olması çox vacibdir. Düzdür, yağışların payız ayında yağmasının müsbət tərəfləri də var. Çünki bir çox sahələrdə taxıl və digər bitkilərdən sonra əkilən payızlıq yem bitkilərinin inkişafına kömək edir və örüşlərdə otlaqların canlanmasına səbəb olur. Bu da öz növbəsində heyvan saxlayan fermerlərin işinə yarayır. Amma bütün bu iqlim dəyişiklikləri Azərbaycanda sığortanın aktuallığını gündəmə gətirir. Fermer min bir zəhmətlə becərdiyi məhsulunu yığa bilmir. Ona görə də fermerə dəyən zərərin ödənilməsi üçün aqro-sığorta tətbiqi məsələsini vacib edir. Bu həm də fermerlərin öz işinə stimulu artırmış olar”.
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktor müavini Elmar Allahverdiyev"Kaspi”yə açıqlamasında bildirdi ki, intensiv yağışların meyvə-tərəvəz sahəsinə elə də ciddi ziyan vurmayacaq: "Çünki tərəvəz məhsullarının yığımı demək olar ki, başa çatıb. İstixana şəraitində yetişdirilən məhsullara isə yağıntının heç bir ziyanı yoxdur. Meyvəçiliyə gəldikdə isə sentyabr meyvənin yığılıb qurtardığı aydır. Ona görə də bu sahəyə ciddi mənfi təsir gözlənilmir. Əsas ziyan pambıqçılıq sahəsinə dəyə bilər. Çünki pambıq yığımı hələ ki, başa çatmayıb. Ümumilikdə yağışın yağması otlaqlar üçün, torpağın münbitliyi baxımından çox faydalıdır. Uzun müddət yağış yağmaması bir çox ərazilərdə, xüsusilə Aran zonasında torpağı şumlamaqda çətinlik yaradırdı. Bu baxımdan, yağıntıların faydalı ola biləcəyini düşünürəm. Düzdür, bu qədər yağışın yağması normal deyil. Amma müəyyən müddət sonra belə dəyişmələr baş verə bilir. Pambıqçılıqla bağlı isə onu deyə bilərəm ki, məhsulun yetişən vaxtı yağan yağışlar onu məhv edir və yararsız hala salır. Bu da məhsuldarlığa təsir edən amillərdəndir. Amma ümumilikdə pambıq əksərən aran rayonlarında əkilir. Həmin rayonlara düşən yağıntının miqdarı isə o qədər də yüksək olmur. Yağıntılar daha çox dağlıq zonalara və Abşeron bölgəsinə düşdü”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər