• cümə, 26 Aprel, 18:51
  • Baku Bakı 22°C

Nobel Mükafatı laureatından poeziya və şeirlər haqqında

24.11.15 12:12 3734
Nobel Mükafatı laureatından poeziya və şeirlər haqqında
Poeziya bilikdir, ruhun xilasıdır, fədakarlıqdır. Eyni zamanda bu, dünyanı dəyişən hərəkətdir, axı poetik aktın təbiətində bir inqilabilik var. Bu, ruhi məşq, daxili azadlığa çatmaq üsuludur. Poeziya bizə bu dünyanın mahiyyətini açır və başqa bir dünya yaradır. O, seçilmişlərin çörəyidir, amma quru qabıqdır, hər kəsin dişi batmaz. O, ayırır, xüsusiləşdirir və birləşdirir. Səyahətə və eyni zamanda doğma yerlərə qayıtmağa dəvətdir. Vəcddir, nəfəsdir, əzələ nümayişidir. Səhrada yalvarışdır, gözəgörünməzlə söhbətdir. O, nifrət, qüssə, ümidsizliklə qidalanır. Bu, dua, xahiş, vəhy, ruh halıdır. Şər qüvvələrin lənətidir, cadu, sehrdir. Şüursuz olanın sublimasiyası, kompensasiyası, kondensasiyasıdır. İrqi, milli və sinfi şüurun tarixi ifadəsidir. Həm də tarixi inkar edir, çünki bütün mövcud münaqişələr orada həllini tapır və nəticədə insan dərk edir ki, tarixin əlində alət deyil, daha böyük qüvvədir.
Poeziya təcrübə, hiss, həyəcan, intuisiya, məqsədyönlü düşüncədir. Hadisənin övladı və eyni zamanda məntiqin balasıdır. Ali tərzdə danışmaq sənətidir. İbtidai dildir. Qaydalara əməl etmək və yeni qaydalar yaratmaqdır. Qədimlərin təqlidi, reallığın əksi və ideyanın əksinin özünün əks olunmasıdır. Ağılsızlıqdır, vəcddir, Sözdür. Bəşəriyyətin uşaqlığa qayıdışıdır, qovuşmaqdır, itirilmiş cənnət, onun qapıları, cəhənnəm üçün darıxmaqdır. Oyun, məşq, əməkdir. Etirafdır. Anadangəlmə məziyyətdir. Xəyal, musiqi, simvoldur. Analogiyadır: balıqqulağındakı olduğu kimi poeziyada da bəşəri musiqi səslənir, onun ritm və qafiyələri ahəngdən, dünya harmoniyasının əks-sədasından başqa bir şey deyil. O, məktəb, əxlaq, bilik, kəşf, rəqs, dialoq, monoloqdur. Xalqın səsi, seçilmişlərin dili, zahidin sözüdür. Pak və murdar, müqəddəs və şeytani, xəlqi və elitar, kollektiv və fərdi, çılpaq və geyim-keçimli, şifahi, yazılı, mənzərəlidir. Bütün sifətləri əks etdirir, amma bəziləri deyirlər ki, onun siması yoxdur, çünki şeir insanın bütün əməllərinin saxta əzəmətinin parlaq sübutu olan boşluğun taxdığı maskadır.
Bütün bu formulların arxasında onlara həyat və anlam verəni – şairi necə görməyəsən? Bu formullar təcrübədən keçirilib, bizə yalnız razılaşmaq, onlardan biri naminə o birini inkar etmək qalır. Bu təyinlərin inkarolunmazlığı özü ondan xəbər verir ki, onların əsasında fundamental təcrübə dayanır və o, təklif olunan heç bir formula sığmır. Deməli, poetik həyəcanın birbaşa sübutu və məhsulu olan poetik əsərə müraciət etmək lazımdır. Poeziyanın tamlığını yalnız poetik əsərlə birbaşa ünsiyyətdə dərk etmək olar. Amma poeziyanın mahiyyətini poetik əsərdən sormaqla səhv etmirik ki? Axı hələ Aristotel deyirdi ki, “Homerlə Empedoklu yalnız ümumi metrika birləşdirir, amma ədalət naminə onlardan birincisini şair, ikincisini təbiət filosofu adlandırırlar”. Həqiqətən də, heç də hər poetika və ya metrika qanunlarıyla yazılan mətndə poeziya olmur. Bu o deməkdirmi, müəyyən ölçüylə yazılan hər şey poetik əsərdir, yoxsa bu, didaktika, ritorika, sənət nümunəsi də ola bilər? Məsələn, hər hansı sonet ədəbi formadır, o, yalnız bir halda poetik əsər ola bilər: ritorik quruluş – beytlər, qafiyələr, ölçü poeziyaya aid olsun. Qafiyələməyi bacaran maşınlar (bötük ehtimalla, söhbət avtomatik qafiyə tapmağı bacaran kompüter proqramlarından gedir – tərc.) var, amma heç bir qurğu poeziya yarada bilməz. Poeziya poetik əsərdən kənarda - peyzajlar, adamlar, hadisələrdə də ola bilər. Poeziya fəhm, iradəmizdən kənar qüvvə və vəziyyətlərin üst-üstə düşməsi kimi təqdim olunanda biz poetik başlanğıcla qarşılaşırıq. Şair qəsdən ya təsadüfən yaratdığı xəyali ya gerçək poeziya cərəyanını ötürə bilirsə, əsər yaranır. Poetik əsər məhsuldur. Poeziya toplanır, kondensasiya olunur və insan fəaliyyətinin məhsuluna – şəklə, mahnıya, faciəyə çevrilir. Poetik əsərdə poeziya əriyir, halbuki əsərin özü tökmədir, bərkimiş formadır. Poeziya bütünlükdə yalnız poetik əsərdə boy verə bilir. Onun mahiyyətini də məhz poetik əsərdən xəbər almaq lazımdır, amma bununçun ilk növbədə əsəri istənilən məzmunla doldurula biləcək forma kimi qəbul etməkdən çəkinməlisən. Poetik əsər ədəbi forma deyil, amma o, poeziya ilə insanın görüş yeridir. Bu, poeziyanı təşkil edən, doğuran, yayan söz qurğusudur. Forma ilə substansiya eyni şeydir.
Amma diqqətimizi ümumiyyətlə poetik olandan çəkib, əsərə cəmləyən kimi onun çoxüzlü olması gözümüzə dəyəcək. Biz elə bilirdik, o, birüzlüdür. Hər bir poetik əsər hər dəfə tamam başqa sifət alırsa, onu necə dərk etmək olar? Ədəbiyyat barədə elm janr təsnifatına iddialıdır, poetik əsər formalarının başgicəlləndirən müxtəlifliyi oraya tətbiq olunur. Burada iki qüsur var. Poeziyanı bir neçə formaya – epos, lirika, dram - aid ediriksə, bəs romanları, mənsur şeirləri, “Avreliya” (“Avreliya və ya Arzu və həyat”- fransız vizioner nasiri Jerar de Nervalın (1808–1855) avtobioqrafik qeydləri), “Maldoror nəğmələri” (fransız romantiki, novator nasir Lotreamonun (1846–1870) mənsur şeirlər toplusu) və ya “Nadya” (Bretonun lirik romanı) kimi qəribə əsərləri neyləməli? İstisna kimi aralıq formalar – dekadans poeziyası, ibtidai poeziya, profetik (peyğəmbəri) poeziya – düşünsək, sonsuz kataloq yaranacaq. Məsələ ondadır ki, heç bir leksik mənası olmayan nidadan tutmuş məntiqlə qurulmuş ifadələrədək hər bir söz hadisəsi dəyişə və poetik əsər ola bilər. Janr təsnifatının başqa və daha ciddi qüsurları var. Ümumiyyətlə, təsnifatlaşdırmaq nəinki mahiyyətə varmaq, heç anlamaq da deyil. Bütün sxemlər kimi bu da faydalıdır. Amma söhbət zahiri nizamdan daha incə mətləblərə gəlincə, bu, effekt vermir. Tənqidi əsərlərin böyük əksəriyyəti elə məhz ənənəvi sxemlərdən sui-istifadəyə meyllidir. Oxşar qınağı tənqidin əsaslandığı digər nizamlamalara, o cümlədən, üsluba və psixoanalizə də ünvanlamaq olar. Üslub səciyyəvi söz üsullarının təhlilindən çıxış etməklə bizə poetik əsərin nə olduğunu anladır. Psixoanaliz mətnin simvolikasına üz tutur. Üslubi metodu Mallermenin poeziyasına da, adi cızma-qaralara da tətbiq etmək olar. Psixoanaltik interpretasiya, bioqrafiya və digər araşdırmalar barədə də eyni şeyi demək olar, bizə poetik əsərin niyə və necə yazıldığını bu yollarla izah etməyə çalışırlar və bəzən bu alınır. Hansısa əsəri öyrənmək üçün ritorika, stilistika, sosiologiya, psixologiya və digər metodlar əvəzolunmazdır, amma onlar poetik mahiyyət barədə bir söz demir.
Poeziyanın minlərlə müxtəlif formaya malik olması faktı hansısa ideal poetik əsər tipini yaratmaq ideyası oyada bilər. Amma nəticə uğursuz olacaq... Poeziya heç də bütün poetik əsərlərin məcmusu deyil. Hər poetik əsər bitkin mətndir. Hissə bütünə bərabərdir. Hər poetik əsər unikal, bənzərsiz, təkrarolunmazdır. Beləcə, Kvedonun sonetləri, Lafontenin təmsilləri və "Ruhani nəğmə" (ispan şairi San-Xuan de la Krusun şeiri, ispandilli ədəbiyyatın şedevrlərindən hesab olunur) kimi müxtəlif mətnləri eyni cür adlandırmağa heç bir əsas olmadığını düşünən Orteqa-i-Qassetlə razılaşırıq.
İlk baxışdan bu müxtəliflik tarixin meyvəsidir. Hər dil və hər xalq müəyyən tarixi məqamda məhz bu cür yalnız özünəxas poeziya yaradır. Amma tarixə istinad heç nə vermir, üstəlik, problemləri artırır. Axı hər cəmiyyətdə daim eyni qarışıqlıq hökm sürür: Nezval və Hüqo da Velakses və Rubens, Valeri və Appolliner kimi bir-birinin müasirləridir. Və yalnız etinasızlıq üzündən biz eyni adı veda poemalarına və yapon haykularına tətbiq edirik, amma San-Xian de la Krusun və onun dünyəvi prototipi Qarsilasonun (Qarsilaso de la Veqa (1503-1536) - ispan liriki, poetik dili yeniləyən şair) şeirləri kimi fərqli şeyləri eyni cür adlandırmaq elə bir o qədər etinasızlıq deyilmi? Məhz aramızdakı zaman məsafəsinin nəhs nəticəsi olan tarixi perspektiv əslində kontrast və ziddiyyətlərlə zəngin mənzərəni ümumi şəkildə, təfərrüatlarsız görməyə məhkum edir. Bu üzdən Sofoklun Evripidlə və Tirsonun (Tirso de Molina, XVI-XVII əsrin ispan dramatik şairi) Lopeylə nədə fərqləndiyini unuduruq. Bu fərqlər heç də tarixi dəyişikliyin nəticəsi deyil, daha incə və az sezilən məsələ - insan şəxsiyyəti ilə bağlıdır. Demək, poetik əsəri anlamaqda bizə tarix deyil, bioqrafiya açar olur. Amma buradaca yeni bir əngəl ortaya çıxır: axı istənilən şairin yaradıcılığındakı istənilən əsər unikal, önəmlidir və başqa üsullarla ifadə oluna bilməz. "Qalateya" və "Parnasa səyahət" "Don Kixot"u izah etmir, "İfigeniya" (Hötenin "Tavriddə İfigeniya" əsəri) qətiyyən "Faust"u, "Qoyun çeşməsi" "Doroteya"nı (Lope de Veqanın əsərləri) xatırlatmır. Hər əsərin öz taleyi var. Bəzən bir əsər digərini inkar edir: Lotreamonun heç vaxt çap olunmamış şeirlərinə "Müqəddimə" "Maldoror nəğmələri"ni yanlış açıqlayır, "Cəhənnəmin içindən" (Artur Rembonun mənsur şeirlər toplusu) "Aydınlanma"nın söz sehrini ağılsızlıq sayır. Tarix və bioqrafiya hansısa mərhələnin ümumi xarakterini və kiminsə həyatının özəlliklərini anlamağa, əsərin sərhədlərini, müəllif üslubunu müəyyənləşdirməyə, hansısa tendensiyaları anlamağa, poetik əsərin necə və nə üçün məhz bu cür yazıldığını başa düşməyə kömək edir. Amma onlar bizə poetik əsərin nə olduğunu deyə bilməz. Rəssam tablosundan tutmuş dülgərin hazırladığı kətilədək bütün sənət əsərlərinin yeganə ümumi cəhəti onların insan fəaliyyətinin məhsulu olmasıdır. Amma poetik əsərlər çox qəribə nəsnələrdir, onlar arasında sənətdə açıq-aşkar görünən doğmalıq sezilmir. Texnika və yaradıcılıq, sənət və poeziya məhsulları mahiyyətcə fərqli gerçəkliklərdir. Texnika - üsuldur, üsul isə səmərəsinə, başqa sözlə, istifadə müddətinə görə qiymətləndirilir. O, yeni üsul yarananadək dəyərlidir. Texnika təkmilləşən və ya deqradasiyaya uğrayan təkrar, varislik və islahatdır: ox-yay tüfənglə əvəzlənir. Amma "Eneida" "Odisseya"nı əvəz edə bilməz. Hər bir poetik əsər uyğun "texnikanın" köməyilə yaradılan unikal predmetdir, o, predmetin özünün yarandığı andaca ölür. "Poetik texnika" adlandırılan bu nəsnə ötürülməzdir, bu, reseptura deyil, yalnız onu uyduran üçün yararlı olan xəyaldır. Doğrudur, üslubu hansısa sənətkar qrupuna və ya mərhələyə aid tərz kimi qəbul etsək, bu, texnikaya bənzəyir, axı o da ötürülür, dəyişir və kollektiv malıdır. Üslub hər cür yaradıcılıq üçün başlanğıc nöqtəsidir. Amma elə məhz buna görə də hər bir sənətkar tarixən yaranmış ümumi üslubu aşmaq istəyir. Şair üsluba, tərzə yiyələnəndə şairlikdən çıxır, ədəbi artefaktların konstruktoruna çevrilir. Qonqoranı barokko şairi adlandırmaq, bəlkə də, ədəbiyyat tarixi nəzərindən düzgündür, amma onun mətnlərini anlamaq istəyənlər üçün poeziya bunun fövqündədir. Bəli, bu kordovalının şeirləri barokko üslubunun ən ali nümunələridir, amma unutmaq olmaz ki, Qonqora üçün səciyyəvi olan və bu gün bizim Qonqora üslubu adlandırdığımız ekspressiv formalar əvvəl yalnız tapıntı, söz yaradıcılığı idi və yalnız sonra bütün bunlar üsula, təcrübəyə, qaydaya çevrildi. Şair öz epoxasının dil sərvətini - dövrünün üslubunu istifadə edir, özünə uyğunlaşdırır, bu materialı unikal əsərə çevirir. Damaso Alonsonun (ispan liriki, filoloq, Qonqora və barokko poetikası barədə əsərlərin müəllifi) da yazdığı kimi,. Qonqoranın ən yaxşı obrazları məhz onun sələflərinin və müasirlərinin ədəbi dilini dəyişdirmək istedadı ilə bağlıdır. Əlbəttə, şair üsluba məğlub da ola bilər (Bu heç vaxt onun üslubu olmur, şairin üslubu yoxdur: bu, onun dövrünün üslubudur). O zaman uğursuz obraz yenidən dövriyyəyə buraxılır, gələcəkdə tarixçilərin və filoloqların qənimətinə çevrilir. Bu və digər daşlardan tarixin bədii üslub adlandırdığı binalar qurulur.
Mən üslubların mövcudluğunu inkar etmirəm. Eyni zamanda şairin boşluqdan nəsə yaratması iddiasında da deyiləm. Hər bir şair kimi Qonqora da dilə - danışıq dilindən daha təmiz və dəqiq olan ədəbi dilə, üsluba əsaslanır. Amma kordovalı şair bu dil çərçivəsindən çıxır, daha doğrusu, bu dili poetik aktda, obrazlarda, rənglərdə, ritmdə, xəyallarda əridir; Qonqora barokko, Qarsilaso toskan, Ruben Dario modernizm üslubunun fövqünə qalxır. Üslublar şairi qidalandırır, doğulur, yetişir və ölür. Poetik əsərlərsə qalır.
Şəkillər, heykəllər, sonatalar, rəqslər də poetik əsərlər kimi bənzərsiz və unikaldır. Onların hər birinə yaradıcılıq və üslub nəzərindən poetik sənət əsəri kimi baxmaq olar. Aristotel üçün sənət, heykəltaraşlıq, musiqi və rəqs də eposla faciə kimi poetik formalardır. Buna görə də müasirlərinin poeziyasında gerçək müsbət xarakterlərin olmadığından danışarkən o, hansısa faciə şairini deyil, rəssam Zevksisi (b.e.ə V-IV əsrlərin yunan rəssamı) misal çəkir. Həqiqətən də, şəkillə himn, simfoniya ilə faciə fərqlənsə də, onların ümumi nəsə birləşdirir. Rəsm, heykəl, rəqs mahiyyətcə poetik əsərlərdir. Onlardakı biçim sözdən yaranan şeirlərdəki biçimdən çox da fərqlənmir. Sənətlərin müxtəlifliyi onların vəhdətinə əngəl olmur, əksinə, bu vəhdəti vurğulayır.
Sözün, səsin, rəngin bir-birinə bənzəməməsi faktı sənətin gerçək vəhdətinə şübhə yaradır. Poetik əsər səsə, rəngə və mənaya malik ikiüzlü sözlərdən təşkil olunur. Rəsm və sonata daha sadə elementlərdən - özlüyündə heç bir məna daşımayan forma, səs, rəngdən ibarətdir. Tətbiqi sənət və musiqi məna daşımayan elementlərdən yarandığı halda, amfibiya kimi iki sahədə yaşayan poetik əsər anlam kəsb edən sözdən əmələ gəlir. Bu ayrıntını vasvasılıq sayıram, düşünürəm ki, o, mahiyyəti ifadə etmir. Axı rəng və səslərin də mənası var.
Ardı var
Rus dilindən tərcümə edən: Rəbiqə Nazimqızı
banner

Oxşar Xəbərlər