• cümə, 26 Aprel, 03:36
  • Baku Bakı 16°C

Nömrəsində defisi olmayan sürücülərə güzəşt edilməyəcək

14.11.17 11:30 4888
Nömrəsində defisi olmayan sürücülərə güzəşt edilməyəcək
Noyabrın 13-də Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə və avtomobil sahiblərinə mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanları standartlarının tələbləri ilə əlaqədar verdiyi möhlət başa çatıb. Bəzi sürücülər guya daha gözəl göründüyünü düşünərək nömrələrin üzərinə həkk olunmuş defis simvollarını bilərəkdən müxtəlif üsullarla silirlər, lakin bu hərəkət qayda pozuntusu hesab edilir. Yəni sürücünün adi kiçik xətt hesab etdiyi simvolun pozulması dövlət qeydiyyat nişanları standartının tələblərinin pozulması kimi qiymətləndirilir. Bu da nəticədə yol polisi tərəfindən sürücünün cərimə olunmasına şərait yaradır.
Bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsi oktyabrın 12-də nəqliyyat vasitələri sahiblərinə və sürücülərə nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarında qanunvericiliklə nəzərdə tutulmuş standartların tələblərinin pozulması (defis simvollarının, çərçivə xəttinin silinməsi) hallarının aradan qaldırılması üçün 1 ay müddətində vaxt vermişdi. Və həmin müddət noyabrın 13-də bitdi.
Məsələ ilə bağlı media nümayəndələrinin münasibətini öyrəndik.
Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı deyir ki, bəzi sürücülər tənbəllik edərək bu problemi həll etməyiblər: "İstəməzdim belə xırda bir məsələ böyüyüb bu səviyyəyə çatsın. Hər halda bunu zamanla da həll etmək olardı. Məsələn, sürücülər texniki baxış üçün müraciət edəndə və ya avtomobillərin alqı-satqısı, qeydiyyat və təkrar qeydiyyat zamanı bunu mərhələli şəkildə, heç kimi incitmədən, bu qədər hay-küy salmadan yoluna qoyma mümkün idi. Amma artıq qərar belə verilibsə, buna əməl etmək lazımdır. Şəxsən mənim avtomobilimdə də nömrələrdən birində defis işarəsi yox idi. Əvvəlki sahibindən o formada almışam. İki həftə bundan qabaq nömrəmdəki problemi aradan qaldırdım. Və deyərdim ki, Dövlət Yol Polisi humanist bir addım ataraq bir ay ərzində bu məsələni pulsuz həll etməyi təklif edib. Sadəcə, bəzi sürücülər tənbəllik edərək nömrələrindəki bu problemi həll etməyiblər”.
"Gündəlik Teleqraf” MMC-nin direktoru, publika.az və teleqraf.com saytlarının rəhbəri Aynur Camanl bildirir ki, maşının nömrəsində defis işarəsi əvvəldən var idi. Və qeyd etdi ki, əgər hansısa nömrədə defis yoxdursa, bu aiddiyatı orqanın günahıdır. Heç kim dövlət nişanlarını özü hazırlamır. Və burada qanuna zidd hərəkət varsa, sürücü ilə birlikdə məmur da cəzalanmalıdır.
Modern.az saytının baş redaktoru Elşad Eyvazlı deyir ki, qoyulan hər bir qərara, qanuna əməl etmək lazımdır: "Bu məsələyə normal yanaşıram. Mənim maşınımın nömrələrindən birində defis işarəsi silinmişdi və bərpa etdirdim. Mən həmişə həmkarlarıma da bu kimi mövzularda problem yaşamamaları üçün qoyulan qayda və qanunlara əməl etmələrini məsləhət görmüşəm”.
Ölkə.az saytının baş redaktoru Məmməd Gülməmmədov bildirir ki, bu məsələyə görə sürücüləri cərimələmək insafdan deyil: "İlk olaraq onu qeyd edim ki, həmin defis olmayan nömrələri də Dövlət Yol Polisi verib. Heç kim özü gedib haradasa, xüsusi bir nömrə çap etdirib, maşınına vurmayıb. Problemin həlli üçün də qısa müddət veriblər. Buna görə sürücüləri cərimələmək məncə, bir az insafdan deyil. Axı bu defis elə də qlobal bir məsələ deyil. Və düşünürəm ki, qayda bundan sonra verilən nömrələrə şamil edilsəydi daha yaxşı olardı. Mənim maşınım da isə bu məsələ ilə bağlı bir problem yox idi. Bunu da qeyd edim ki, belə xırda məsələlər ictimaiyyətə qlobal bir problem kimi təqdim edilməməli idi”.
Azvision.az saytının baş redaktoru Vüsal Məmmədovməsələnin detalları ilə tam tanış olmadığını və maşının nömrəsində də hər şeyin qaydasında olduğunu deyir.
Bəzi media nümayəndələrinin iradlarını nəzərə alaraq Bakı şəhər Baş Dövlət Yol Polisi ilə əlaqə saxlayıb məsələni aydınlaşdırmağa çalışdıq.
Baş DYPİ-nin şöbə rəisi, polkovnik Kamran Əliyev "Kaspi”yə açıqlamasında bildirdi ki, nömrələrin defissiz çapı mümkün deyil və dövlət qeydiyyat nişanlarının 90-95 faizi defislə verilir: "Nömrədə olan defis işarəsinin silinməsi ilə bağlı bir sıra faktlar olduğu üçün həmin sürücülərə müəyyən müddət verildi ki, onlar bu məsələni həll etsinlər. Və sürücülərin çoxu da bu müddətdən yararlanaraq həmin nöqsanı aradan qaldırıb. Əgər sürücü bu müddət ərzində bir neçə dəqiqəyə həll olunacaq bir məsələni həll etməyibsə, bu halda təbii ki, inzibati məsuliyyətə cəlb olunacaq. Necə ola bilər ki, nömrələr defissiz verilsin? Dövlət qeydiyyat nişanlarının 90-95 faizi defislə verilir. Biz hətta nömrələrin çap olunmasını çəkib ictimaiyyətə göstərmişik ki, bu proses hansı formada həyata keçirilir. Nömrələrin defissiz çapı mümkün deyil. Sadəcə sürücülər hansısa bir metodla həmin defisi siliblər. Və bu qoyulan standartın tələblərinin pozulması deməkdir. Biz sürücülərin bu qayda pozuntusuna görə əlavə vəsait ödəməmələri üçün möhlət verdik. Hətta bildirdik ki, sürücülər istənilən yol polisi bölməsinə yaxınlaşıb, həmin defisləri bərpa etdirə bilərlər. Bu məsələ ilə bağlı kiminsə irad bildirməsini, narazılıq etməsini doğru hesab etmirəm. Çünki biz məsələnin həlli üçün kifayət qədər vaxt vermişdik. Yəni istənilən məsuliyyətli sürücü iki dəqiqə vaxt ayırıb, defis işarəsini qoydura bilərdi. Əgər kimsə bunu etməyibsə, bu artıq sürücünün məsuliyyətsizliyindən, intizamsızlığından xəbər verir”.
Günel Azadə
banner

Oxşar Xəbərlər