Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Qəzənfər Xalıqov

Nizami Gəncəvinin portretini yaradan ilk rəssam - Qəzənfər Xalıqov

Mədəniyyət
16 Dekabr 2019, 15:07 213
Azərbaycan rəssamlıq sənətinin ilk peşəkar nümayəndələrindən biri, Xalq rəssamı Qəzənfər Xalıqov 1898-ci ildə anadan olub. Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil alıb. "Molla Nəsrəddin” və "Kirpi” jurnallarında karikaturaçı kimi çalışıb.
AZƏRTAC xəbər verir ki, bu gün Xalq rəssamı Qəzənfər Xalıqovun anadan olmasının 121-ci ildönümü tamam olur.
Qəzənfər Xalıqov dünya şöhrətli Azərbaycan şairi Nizami Gəncəvinin portretini yaradan ilk rəssamdır. Onun yaradıcılıq təxəyyülünün məhsulu olan bu əsərdən sonra Nizami Gəncəvinin cizgilərini əks etdirən onlarla portret yaradılıb, heykəl qoyulub.
"Leyli və Məcnun”, "Əsli və Kərəm” kimi məşhur tamaşaların da səhnə və geyim tərtibatı Qəzənfər Xalıqova məxsusdur.
Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində tələbələrinə uzun illər təsviri sənətin sirlərini öyrədən Q.Xalıqov öz dövrünün aparıcı mətbu orqanlarında karikaturaçı rəssam kimi fəaliyyət göstərib.
Xalq rəssamı, həmçinin bir sıra plakatların, teatr tamaşalarına eskizlərin, "Neft buruqları” silsilə qrafik əsərlərin müəllifidir. Azərbaycan Milli İncəsənət Muzeyində müəllifin "Firdovsinin dəfni” və "Nizaminin portreti” əsərləri nümayiş olunur.
Qəzənfər Xalıqov həmçinin teatr və kino rəssamı kimi fəaliyyət göstərib. "Abbasın bədbəxtliyi” cizgi filmində, "Sehrli xalat”, "İstintaq davam edir” bədii filmlərində quruluşçu rəssam kimi çalışıb.
Görkəmli rəssam Qəzənfər Xalıqov 1981-ci ildə Bakı şəhərində vəfat edib.