• çərşənbə, 24 Aprel, 08:11
  • Baku Bakı 13°C

“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi”

08.12.17 14:50 2859
“Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi”
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda "Nizami Gəncəvi Azərbaycan və dünya ədəbiyyatının dahisi kimi” mövzusunda elmi konfrans keçirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılıq irsindən, qüdrətli söz ustadının ölməz əsərlərinin Şərq və dünya ədəbiyyatındakı yeri və mövqeyindən ətraflı bəhs edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin "Oxunması zəruri olan kitablar haqqında” 28 avqust 2017-ci il tarixli Sərəncamını xatırladan alim bu sənədin yeni nəslin dünyagörüşünün inkişaf etməsinə, möhkəmlənməsinə, vətənpərvərlik ruhunda yetişməsinə xidmət etdiyini vurğulayıb.
Daha sonra institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun "Nizami Gəncəvinin "Sirlər xəzinəsi” poeması və aforizmlər”, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimovun "Nizami Gəncəvinin "Hikmətlər və nəsihətlər” kitabında intibah humanizmi” mövzusunda məruzələri dinlənilib. Məruzəçilər Azərbaycan xalqının dünya mədəni irsinə bəxş etdiyi görkəmli şəxsiyyətlər sirasında dahi Azərbaycan şairi Nizami Gəncəvinin müstəsna yerindən bəhs ediblər. Qeyd olunub ki, Nizami Gəncəvi məhz özünü elm, bilik, humanist ideallar, bəşəri dəyərlər əxz edən yaradıcılığı ilə bütün bəşər və dünya xalqlarının ehtiramla mütaliə etdiyi bilik mənbələrindəndir. Bu görkəmli sənətkarın həyatı və yaradıcılığının mükəmməl şəkildə öyrənilməsi ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətinin ilk illərində təşəbbüsü və cəsarəti ilə qəbul edilən "Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında”kı qərarından sonra başlanılıb və söz ustadının yubileyləri davamlı olaraq qeyd edilib, adı əbədiləşdirilib.
Diqqətə çatdırılıb ki, N. Gəncəvinin zəngin əxlaqi-mənəvi dəyərlər əxz edən yaradıcılığının xüsusi qiymət kəsb etməsindəndir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı oxunması zəruri olan kitablar haqqındakı sərəncamında xüsusi yer tutur. Bildirilib ki, bu böyük Azərbaycan mütəfəkkir şairinin "Sirlər xəzinəsi” poeması və aforizmləri gənc nəsillər üçün əsl humanist dəyərlər, vətənpərvərlik, əməksevərlik, xalqa bağlılıq təlim edən zəngin dərslik kitabıdır.
banner

Oxşar Xəbərlər