“Niyyət və istək varsa, lazım olan büdcəni tapmaq asandır” - Biznes
Məmməd İsayev: "Bu zaman anlayırsan ki, adam ətirlə
"çimib”
Düşünür
ki, sevdiyin işi görmək önəmlidir. Əgər sevdiyi işi tapa bilmirsə, ən azından
çox yaxşı bələd olduğun sahəyə yönəlməlisən. Onun hələ məktəb vaxtından parfüm
işinə marağı olub və hazırda bu istiqamətdə biznesini qurub. Düzdür, hələ ki,
istehsalı ilə yox, qablaşdırması ilə məşğul olur, ancaq gələcəkdə istehsalı
haqqında da düşünür.
"Biznes” rubrikamızın
budəfəki qonağı "Shelli” ətir markasının
təsisçisi Məmməd İsayevdir.
Qeyd edək
ki, Məmməd İsayev 1990-cı ildə anadan olub. Azərbaycan Dövlət İqtisad
Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Universiteti bitirdikdən sonra şəxsi inkişafı üzərində işləyib. Qonşu ölkələrdə
keçirilən təlim və seminarlarda iştirak edib. Bir sıra biznes sahələrində
çalışıb.
- Biznesə marağınız necə yarandı?
- Bunu həyat şəraiti,
böyüdüyüm mühit, örnək götürə biləcəyim insanlarla əlaqələndirmək olar. Hətta uşaq
vaxtından bizneslə məşğul olduğumu deyə bilərəm (gülür). Həmin dövrdə
alüminium, dəmir, butulka yığıb satırdıq. Yadıma gəlmir ki, nəyəsə görə evdən
pul götürüm. Pulumu özüm qazanmağa çalışırdım. "Sədərək” ticarət mərkəzində
qohumlarımızdan birinin topdansatış mağazası var idi. Məktəbin son illərində
yay tətilində onlara kömək etməyə gedirdim. Beləcə, uşaq vaxtından alqı-satqı
işinin içində olmağım, məndə biznesə maraq yaratdı, zaman və şərait elə gətirdi
ki, öz biznesimi qurdum.
- Hazırda hansı sahələrdə biznesiniz var?
- İşə
başladığım ilk dönəmlər informasiya texnologiyaları sahəsində biznes qurmağı
düşünürdüm. Lakin tədris sahəsinə keçdikdən sonra anladım ki, mən bu sahəni
daha çox sevirəm. Parfümeriyaya da məktəb vaxtından marağım olub. Ona görə də,
indi həm tədris, həm də parfüm sahəsində biznesim fəaliyyət göstərir.
- İki müxtəlif sahədə biznesi olan biri kimi, necə
düşünürsünüz, biznesi qurmaq üçün ilkin mərhələdə insana nələr lazımdır?
-
Bilirsiniz, nədənsə, insanlar düşünürlər ki, hansısa işə başlamaq üçün mütləq
böyük məbləğdə pul və ya yaxşı əlaqələr olmalıdır. Əslində isə bunların heç
birinə ehtiyac yoxdur. İlk olaraq görəcəyin işi sevməlisən ki, ən çətin məqamda
belə yorulmayasan. Ona görə, məncə, birinci, insan sevdiyi işi tapmalıdır. Tutaq
ki, lap sevdiyi işi tapa bilmirsə, ən azından çox yaxşı bələd olduğu sahəyə
yönəlməlidir. Yəni həmin işin ən xırda detalına qədər bütün nüanslarını
bilməlidir. Daha sonra da minimum büdcə ilə bir yerlərdən başlaya bilmək gücünə
sahib olmalıdır. Əgər niyyət və istək varsa, lazım olan büdcəni tapmaq asandır.
Ola bilər ki, bu gün sənin 10.000 pulun yoxdur, amma onu qazanmaq gücün var.
Bundan başqa, işçi olmadan, rəhbər olmaq mümkün deyil.
- Öz biznesini quranlar kifayət qədərdir. Lakin bir
çoxu müəyyən müddət sonra rəqiblərinə məğlub olub bazardan çıxırlar. Necə
düşünürsünüz, qurulan biznesin davamlılığını təmin etmək üçün nə etmək olar?
- Bunun
üçün davamlı böyümək və davamlı inkişaf etmək lazımdır. İnkişaf davamlı
deyilsə, demək ki, davamlı tənəzzül var. Biznesdə bir nöqtədə durmaq olmaz,
davamlı olaraq önə addım atmaq lazımdır. Sabah da bu gün olduğun nöqtədə
qalacaqsansa, burada inkişafdan danışmaq olmaz. Hər zaman fərqli olmaq,
dəyişmək, inkişaf etmək mütləqdir.
- O zaman belə bir sual yaranır ki, bir
biznesin inkişafına gedən yol nədən keçir?
- Biznesdə inkişaf, həmin işə
məsul olan şəxslərin inkişafından keçir. Həm sahibkarın, həm işi görən
kollektivin inkişafı çox vacibdir. Ən önəmli nüans budur ki, qurduğun biznes
sən olmadan da inkişaf etsin. Bunun üçün də işdəki məsuliyyət bölgüsünü
çoxaltmaq lazımdır. Yəni özünü inkişaf etdirəcək şəxs bir nəfər olmamalıdır.
İşə yanaşma bütün kollektivdə eyni olmalıdır.
- Bir çox gəncin biznes planı var. Amma təəssüf ki,
bu planlar ya fikirdə, ya da ən yaxşı halda kağız üzərinə köçürülməklə qalır.
Necə düşünürsünüz, bu planların reallaşmama səbəbi nədir?
-
Günümüzdə kütləvi şəkildə hər kəsin startaplara, biznesə meyilli olmağı kiminsə
tabeliyində işləməmək, hansısa müəssisənin işçisi olmamaq, şirkətlər tərəfindən
qoyulan nizam-intizam qaydalarına uymamaq istəyindən, "öz əlim, öz başım
olsun”, "kimsə mənə göstəriş verməsin” kimi düşüncələrdən irəli gəlir. Yəni bir
az araşdırsanız, gənclərin əksəriyyəti sırf bu məqsəd üçün şəxsi bizneslərini
qurmaq istəyirlər. Bu isə qarşıya qoyulan ciddi məqsəd deyil. Sadəcə, eqodan
irəli gələn düşüncədir və iş planı reallaşdırmağa, yəni lazım olan addımı
atmağa gələndə, gənclər dilemma qarşısında qalır, tərəddüd içində olurlar. Bu
da həmin gənci zaman baxımında geri salır. Ona görə də, qarşıya daha ciddi
məqsədlər qoymaq lazımdır.
- Maraqlıdır, günümüzdə izlədiyiniz və uğurlu
olduğunu hesab etdiyiniz bizneslər var?
- Xüsusi olaraq izlədiyim
yoxdur, amma ideyalarını bəyəndiyim bizneslər var. Düşünürəm ki, insanın rəqibi
də, örnək götürəcəyi şəxs də özüdür. Ən böyük rəqibimiz özümüzük, sən bugünkü
sənlə mübarizə aparmalı, müqayisə etməlisən.
- Hər ideyanı biznesə çevirmək mümkündür?
- Əslində, həm hə, həm yox (gülür). Çünki
bazarda hər bir məhsulun öz alıcısı olur. İdeya varsa, mütləq ondan nə isə
alınar. Amma baxır, onu kim həyata keçirir.
- Biznesin inkişafında reklam nə dərəcədə rol
oynayır?
- Məncə, reklam məhsul ilə
istehlakçı arasında olan əlaqənin ən önəmli nöqtələrindən biridir. Təbii ki,
reklam böyük bir fəaliyyətin son, tamamlayıcı halqasıdır. Bundan əvvəlki
halqalar isə məhsulun keyfiyyəti, qablaşdırılması və qiymətidir.
- Bir az parfüm işinizdən danışaq. İşinizin çətin
tərəfləri nələrdir?
- İnsan
işini sevirsə, çətin heç nə yoxdur. Bu, kənardan kiməsə çox çətin gələ bilər,
amma məndən soruşsanız, elə də çətin deyil. Ona görə ki, işimi sevirəm. Hazırda
bazarda istər onlayn şəkildə, istərsə də mağazada müştəriyə parfüm təklif
edənlər çoxdur. Bunların arasında seçilmək, müştəriyə öz məhsulunu satmaq çox
çətindir. Amma işə bir az sevgi, dəyər, fərqlilik, özünəməxsusluq qatanda,
seçilən olursan.
- Bəs, işin zövqverici tərəfləri nələrdir?
- Təbii ki, müştəri
məmnuniyyəti. Məsələn, elə müştəri olub ki, bir parfüm alıb, növbəti dəfə 1 yox,
5-ni götürüb. Bu, işi doğru gördüyümüzün isbatıdır deyə, zövq verir. Elə alıcı
olur ki, necə bir parfüm istədiyini bilmir. Onun həyat tərzinə, iş mühitinə,
xarakterinə uyğun bir qoxu təklif edib, məmnun olduğunu görmək çox böyük zövq
verir.
- Bir markanın inkişafında ad da müəyyən qədər rol
oynayır. Siz "Shelli” seçimini nəyə əsasən etdiniz?
-
Ümumiyyətlə, hansısa məna daşıyan, nələrləsə əlaqələndirilən adları sevmirəm.
Düşündüm ki, insanların ilk dəfə bizdə eşidəcəkləri bir ad seçmək lazımdır ki,
zamanla bu ad deyiləndə, bizim istədiyimizi düşünsünlər. Yəni "Shelli”
deyiləndə ilk olaraq ağıla, münasib qiymət, yüksək keyfiyyət gəlsin.
- Qiymətdən danışmışkən, qiymətlər necə formalaşır?
- Bu tamam
fərqlidir. Belə ki, parfümun qiyməti həm bazara, həm də məhsula görə formalaşa
bilir. Məsələn, ölkəmizdə parfüm sektorunda eyni qoxunun keyfiyyətinə, yaxud da
təqdimatına görə müxtəlif qiymətləri var. Biz çalışırıq ki, məhsulumuzu yüksək
keyfiyyətlə, münasib qiymətə təklif edək.
- Kişilər, yoxsa qadınlar parfüm seçimində kaprizli
olurlar?
- Xanımlar
daha kaprizli olurlar, amma ən çox alanlar da elə onlardır. Məsələn, bir
xanımın davamlı olaraq istifadə etdiyi parfüm var. Amma iş yoldaşının vurduğu
bir qoxunu daha çox bəyənib, parfümü dəyişə bilər. Lakin kişilərdə belə deyil.
Onların konkret seçimləri var, nə istədiklərini bilirlər. Xanımlar nə alacağını
bilsələr də, yenə bütün qoxuları testdən keçirirlər.
- O zaman "ətir insanın xarakterinin göstəricisidir”
deyə bilərikmi?
- Əlbəttə,
ətir insanın xarakterini açıqlayır. Düzdür, bəzən yanlış anlaşılmalar da olur,
amma çox zaman istifadə edilən parfümə əsasən, onun necə biri olduğunu demək
mümkündür. Məsələn, elə satış mütəxəssislərimiz var ki, nə istədiyini bilməyən
müştəri ilə bir neçə dəqiqəlik söhbətdən sonra lazım olan qoxunu ona təqdim
edir və müştəri də kifayət qədər razı qalır.
- Maraqlıdır, tünd və ya açıq qoxuları sevən
insanlar necə xarakterli biri olurlar?
- Məsələn,
davamlı şəkildə klassik geyimdə olan şəxslər tünd, amma narahat etməyəcək
tündlükdə olan ətirlərə üstünlük verirlər. "Tünd ətir nizam-intizamın
çağırışçısıdır” desək, yanılmarıq. Amma tutaq ki, saat 2-də bir insan idman
geyimindədirsə, demək ki, rahat həyat sürür. Onun seçimi isə yüngül qoxulu
ətirlər olur. Təbii ki, bəzi məqamlarda yanılma da ola bilir. Bundan başqa,
insanın qoxunu vurub hara gedəcəyi də önəmlidir. Ona görə parfüm satışı zamanı
mütləq şəkildə müştəri ilə həmsöhbət olmaq, onun xarici görünüşünü, həm də
xarakterini analiz etməyi bacarmaq lazımdır.
- Qoxunun qalıcılığı nədən asılıdır və ən yaxşı
halda nə qədər müddət qalmalıdır?
- Əslində,
qoxunun qalıcılığı ən çox çətinlik çəkdiyimiz məsələlərdən biridir. İnsanlar
düşünürlər ki, qoxu çox qalırsa, deməli, keyfiyyətlidir. Amma elə deyil.
Qoxunun qalıcılığı əsas etibarilə tərkibindən asılıdır. Daha çox orqanik
tərkibə məxsus olan ətirlər az qalmalıdır. Tamamilə təbii tərkibli olan qoxular
8 saatdan artıq qalmır. Ətrin, geyimin tamamlayıcı aksesuarı olduğunu nəzərə
alaraq, bəzən müştərilərimizə məsləhət görürük ki, əgər qoxunun daha çox qalmasını
istəyirsinizsə, ətri axşam, səhər geyinəcəyiniz paltara vurub dolaba qoyun.
Səhər sadəcə vurduğunuz yerdən yox, bütünlükdə sizdən həmin qoxu gələcək.
- Yəqin ki, siz də qarşılaşıbsınız, qoxu çox qalıcı
olsun deyə, sözün əsl mənasında "çimirlər”. Ətirdən necə istifadə etmək lazımdır?
-
Haqlısınız (gülür). Təbii ki, bu qədər çox vurmaqla deyil. Qoxu yaxın məsafədən
hiss edilməlidir. Qoxunun həddən artıq yayılması, ictimai nəqliyyatda yüksək
səslə musiqi dinləmək kimidir. Qoxu qışqırmamalıdır ki, mən bu ətri vurmuşam.
Elə adamlar var ki, parfümü alır, bir həftə sonra yenidən gəlir. Normalda iki
həftəyə bitməli idisə, bir həftəyə bitirib. Bu zaman anlayırsan ki, adam ətirlə
"çimib” (gülür).
Günel
Azadə