• cümə, 29 Mart, 15:17
  • Baku Bakı 14°C

Niyə pessimizmə qapılmalıyıq?

07.04.16 11:35 2450
Niyə pessimizmə qapılmalıyıq?
Aprelin 2-5-i arası ermənilərin yenidən atəşkəsi pozması, dinc sakinlərə atəş açması və onların evlərini dağıtması üzündən Azərbaycan tərəfinin də düşmənə cavab verməyə məcbur olması səbəbindən baş verən müharibə yenidən atəşkəslə yekunlaşdı. Qələbə ruhuna köklənən insanlar bu qərarı birmənalı qarşılamır. “Gərək torpaqlarımız alınana qədər müharibə davam edəydi” -deyə insanlar xüsusən sosial şəbəkələrdə öz fikirlərini paylaşırlar. Aralarında qələbəyə inamlarını itirənlər də var. Ancaq 4 gün ərzində baş verənlərin böyük dərs olduğunu, atəşkəsin ən düzgün qərar olduğunu söyləyənlər daha çoxdur. Onların fikrincə, nikbinliyi itirməyə heç bir əsas yoxdur.
Ermənilər yenə atəşkəsi pozarlarsa...
«Müharibəyə biz başlamamışıq. Biz düşmənin cavabını verməyə məcbur olduq. Çünki dinc əhaliyə o qədər təcavüz oldu ki, onun qarşısını almağa məcbur olduq. Bununla da Azərbaycan ordusu öz qüdrətini və gücünü göstərdi» - deyə millət vəkili Aqiyə Naxçıvanlı dünyanın artıq bizim ordunun gücündən xəbərdar olduğunu qeyd edir: «Ermənilər də bunu bildi. Onlar itkilərini indiyə kimi gizlədirlər. Öz insanlarımız da ordumuzun qüdrətinə inandı». Müharibəni sülh yolu ilə həll etmək istəyən ölkə prezidentinin fikirlərini dəstəkləyən millət vəkili belə bir məqamda atəşkəsin ən gözəl addım olduğunu bildirir: «Hesab edirəm ki, ruh düşkünlüyü lazım deyil. Qoy yuxulayan Minsk qrupu ayılsın. Mürgüləyən digər beynəlxalq təşkilatlar da qoy bir az hərəkətə gəlsinlər. Qoy bilsinlər ki, Azərbaycan xalqının hissləri ilə oynamaq olmaz. Yəni bu xalq lazım olan məqamda pələng kimi qalxmağı bacarır. Biz gücümüzü dünyaya göstərdik. Ona görə bu fasilənin özü gözəl məqamdır. Biz bunu təkcə özümüz üçün eləmirik, həm də dünyaya «Siz belə istəyirsinizsə gəlin, məsələni həll edin» mesajını veririk. Çünki Qarabağ təkcə Azərbaycanın deyil, dünyanın problemidir. Dünyanın hegemon dövlətləri var ki, başqa dövlətlərə öz gücünü hiss etdirmək istəyirlər. Qoy indi onlar gəlib bu məsələni həll etsinlər. Biz bəyəm Ermənistanın torpağına təcavüz etmişik?”
Ermənilərin dünyaya yalan və böhtan yaydıqlarını qeyd edən millət vəkili indi də onların dinc xalqa təcavüz etdiklərini - insanların evini dağıtdıqlarını, onları öldürdüklərini bildirir: “Biz heç vaxt dinc əhaliyə qarşı bu cür hərəkətlər etməmişik. Biz öz torpağımızı və vətəndaşlarımızı müdafiə edirik. Erməni tərəfi bilməlidir ki, bircə qarış torpağımızı da onlara verməyəcəyik. Bütün bu məsələlər həll olunana kimi Azərbaycan xalqı sakitləşməyəcək. Münaqişə dondurulmuş da qala bilməyəcək. Bizim məqsədimiz bu idi və bunu da göstərdik. Ermənilər yenə atəşkəsi pozarlarsa, yenə də cavablarını alacaqlar». Orduya getmək üçün prezidentə və Müdafiə Nazirliyinə müraciət edən gənclərin çoxluğundan fərəhləndiyini bildirən millət vəkili bu axının qarşısını almağın mümkünsüzlüyünü bildirir: «Bu, artıq xalq selidir. Biz hamımız müharibəyə getməyə hazırıq. Bu baxımdan heç bir ruh düşkünlüyünün olacağına inanmıram. Əksinə, bu zəfəri xalq neçə illər idi gözləyirdi. Bu, böyük qələbədir. Biz bütün dünyaya gücümüzü sübut etdik. Mən hesab edirəm ki, ruh yüksəkliyi bir az da yüksəlməlidir. Artıq bütün Azərbaycan xalqı ayağa qalxıb. İnsanlar yaralı əsgərlər üçün qan verməkdən ötrü hospitallara axışırlar. Əslində bizim kifayət qədər qan ehtiyatımız var, ancaq bunu camaat özü istəyirdi. Çünki xalq artıq ermənilərin torpaqlarımızı işğal etməsindən və dinc əhaliyə zülm etməsindən bezib”. Torpaqlarımız alınmayana qədər Azərbaycan xalqının sakitləşməyəcəyini bildirən millət vəkili bircə qarış torpağımızı da heç kimə verməyəcəyimiz qənaətindədir: “Biz 4 gün ərzində gedən müharibə ilə bunu sübut etdik».
Hücuma da, müdafiəyə də hazırıq
Millət vəkili Jalə Əliyevanın fikrincə, son günlərin hadisələri, cəbhədə qazandığımız uğurlar birmənalı olaraq deməyə əsas verir ki, Azərbaycan həqiqətən də yüksək döyüş hazırlığı həyata keçirib: “Sözün həqiqi mənasında qüdrətli bir orduya malik olmağımızı əməldə sübut etdik. Xalq arasında ruh yüksəkliyi çox böyükdür. Bu gün yeniyetmə, yaşı çatmayan gəncimiz də orduya yazılmağa tələsirsə, bu, özü ruh yüksəkliyindən xəbər verir. Ancaq müharibənin öz şərtləri, cəbhə taktikasının öz sirləri var. Əgər iki tərəf arasında atəşkəs elan olunursa, bunun da əsası var. Bu mətbəxə dərindən bələd olmadan hansısa düşkünlüyə qapılmağın əsası yoxdur”. Millət vəkili hesab edir ki, hazırda sosial şəbəkələrdəki «Gərək atəşkəs olmayaydı, sonadək gedərdik» kimi fikirlər bütün xalqın deyil, ayrı-ayrı fərdlərin fikridir: “Onu yazanlar da unutmasınlar ki, ölkənin rəhbəri, Ali Baş Komandanı var. Əgər bu məsələdə ermənilərin şərtlərini qəbul etsəydik, məsələ çoxdan öz həllini tapa bilərdi. Ancaq bizim rəhbərimiz öz şərtlərini irəli sürdü və qarşı tərəf həmin şərtlərə əməl etməlidir. Bizim şərtimiz birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, erməni tərəfinin beynəlxalq şərtlərə əməl etməsidir. Həmçinin bölgədə ikinci bir Ermənistan Respublikası qurula bilməz”. Azərbaycanın torpaqları çərçivəsində ikinci Ermənistan qurulmasına imkan verməyəcəyimizi bildirən J.Əliyeva bizim prinsipial mövqeyimizin olduğu üçün hər kəsi bədbinliyə düçar olmamağa çağırır: “Azərbaycan ordusu öz qüdrətini göstərdi. Bundan sonra da həmin əzmkarlıqla bu mübarizəni davam etdirəcək. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. Ölkə başçısı da bunu dəfələrlə bəyan edib. Ancaq bütün danışıq imkanları tükəndiyi zaman əlbəttə, Azərbaycan ordusu hücuma da, müdafiəyə də hazırdır və sona qədər gedərək hər bir qarış torpağını düşməndən azad edəcək. Ölkənin hər bir sakini də əmin olmalıdır ki, bu qətiyyətimiz davam edəcək və ölkənin üçrəngli bayrağı Şuşada, Xankəndidə dalğalanacaq».
Bu, siyasətdir...
25 ildir ki, dövlətimiz və onun strukturlarının torpaqlarımızın azad edilməsi istiqamətində kəskin mübarizə apardığını bildirən Xalq artisti Oqtay Mirqasımov hesab edir ki, biz bu məsələdə siyasətçilərimizə güvənməliyik: “Mən də istərdim ki, bir anın içində – gecə yatıb səhər duranda Şuşada, Xankəndidə bayrağımızın asıldığını görüm. Bu, siyasətdir. Bu, kiçik bir futbol oyunu deyil ki, tərəflərdən birinin qapısına top vurasan». Xalq artisti diplomatiyanın, siyasətin çətin və ağır iş olduğunu xatırladır: «Ölkə prezidenti bu məsələni həll edir. Biz nə üçün nigarançılıq keçirməliyik? Baxın, 4 gün ərzində nə qədər uğurlar əldə olundu. Biz niyə bu məsələdə pessimizmə qapılaq? Bizim cavanlar bir qədər çılğındırlar. Mən onları sakit olmağa çağırıram. İnanıram ki, bu məsələ öz ədalətli həllini tapacaq. Çünki dünyada ali ədalət qanunları var. Ancaq bu, heç vaxt asanlıqla əldə olunmur. Bizim siyasətimiz, mentallığımız, milli ənənələrimiz səmimiyyət üzərində qurulub. Xəyanət və ikiüzlülük üzərində qurulmayıb ki, kiminsə haqqını yeyək».
Ən optimal yol
Problemin həllinin iki yolu - güc və sülh yolu olduğunu bildirən professor Şahlar Əsgərov sülh yolunun tərəfdarı olduğunu deyir: “Mən aprelin 2-5-i arası göstərilən gücün tərəfdarıyam. Bütün dünyaya Azərbaycan tərəfindən “Biz sülhə razı olsaq da, gücümüz də var”-deyə mesaj verildi. Cənab prezidentin dediyi kimi, nəinki Azərbaycan analarının, heç erməni analarının da göz yaşı bizə xoş deyil. Biz istəmirik şəhidlər olsun. Mənə elə gəlir ki, sülh danışığı daha məqbul yoldur. Biz müharibənin görünən hissəsini görürük. Görünməyən hissəsi bizə məlum deyil. Dağın görünməyən tərəfini ölkə başçısı görür. Çünki aparılan söhbətlərin hamısı kütlə üçün deyil. Avropa da istəmir ki, müharibə olsun”.
Ekspertin fikrincə, münaqişənin həllinin sülh yolunu axtarıb tapmaq lazımdır: “Bu müharibə Avropanı, Rusiyanı və qarşı tərəfi sülh masası arxasında oturmağa məcbur edəcək. Azərbaycan artıq bir nümunə göstərdi. Və demək istədi ki, dünyada gedən prosesləri də nəzərə alaraq sizlə də hesablaşırıq. Gücün göstərilməsi yaxşı oldu. Bu, milli ruhu, vətənpərvərlik ruhunu qaldırdı. Baxmayaraq ki, bütün bunlar neftin qiymətinin düşməsi fonunda baş verdi, ancaq əhali heç o barədə düşünmədi. Vətənpərvərlik hissi onlara güc gəldi. Mənə elə gəlir ki, 4 günlük müharibədə sülh hələ ən optimal yoldur. Biz artıq gücümüzü bir qədər tətbiq elədik. Bu o deməkdir ki, bir dəfə tətbiq olunan güc dalbadal tətbiq oluna bilər».
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər