• cümə, 29 Mart, 13:48
  • Baku Bakı 14°C

“Niyə efirə çıxmaq üçün pul verməliyəm?” – Şou-biznes

12.05.14 09:33 5378
“Niyə efirə çıxmaq üçün pul verməliyəm?” – Şou-biznes
Musiqi aləmi sanki ucsuz-bucaqsız bir dəryadır. Bu sahənin sirlərinə bələd olan insan, ixtisasından asılı olmayaraq, incə, bədii zövq sahibi və əsl ziyalı kimi cəmiyyətdə daim yüksək rəğbət qazanır. Elə bizim gənc istedadlı ifaçımız Amil Həsənoğlu kimi.
Ötən gün Amil Həsənoğlu “Gənclik qəzeti”nin qonağı oldu. Səmimi söhbəti marağımızı çəkdiyindən gənc ifaçı ilə uzun müddət söhbət etdik. Gənclərin bugünkü efir problemlərindən, teatr səhnəsindən, şou biznesin gündəmi zəbt etmə məsələsindən danışaraq gənclərin bu sənətə olan marağından söhbət açdıq.
18 ildir ki, səhnədə olan Amil Həsənoğlunun 10 yaşı olarkən musiqiyə olan həvəsi, böyük marağı valideynlərinin diqqətini çəkib. Belə ki, atasının doğum günündə onu mahnısı ilə təbrik edən Amil səsi ilə hər kəsin təəccübünü qazanıb. Onun ifasını dinləyən məclis iştirakçıları Amilin səsinə heyran olub. Çox keçmir ki, atası onu yaxın dostu Qorxmaz Əlili ilə görüşdürüb. Həmin illəri Amil Həsənoğlu belə xatırlayır: “Qormaz Əlili səsimi dinləyib dedi ki, bu uşaq başdan-ayağa bir istedaddır. O zaman məni Bülbül adına Orta İxtisas Məktəbinin direktoru Nigar xanımın yanına apardılar. O məni yoxladı və sinfinə qəbul etdi. Taleyim o gündən sonra dəyişdi”.
“Yerində sayan ifaçılardan deyiləm”
- Az yaşınızda çox uğur qazanmısınız. Bu gün həmin uğurların davamı varmı?
- Bilirsinizmi, indi hər şey əvvəlki kimi deyil. Əvvəllər şou-biznes deyilən bir anlam var idi, ancaq bu səviyyədə deyildi. O zaman say-seçmə müğənnilər mövcud idi ki, onların içərisində ən gənci mən idim. Xarici dövlətlərdə keçirilən tədbirlərdə Azərbaycanı mən təmsil edirdim. Onda beynəlxalq konsertlər, tədbirlər daha çox idi. İndi yarışmalar çoxalıb və belə olan halda ifaçıların da sayı artıb. Bu qədər çox ifaçıların içərisindən efirlərə çıxmağa elə də önəm vermirəm. Ancaq onu deyim ki, yerində sayan ifaçılardan da deyiləm.
Kiçik yaşlarımdan oxumağa başlamışam. Yəni Bülbül adına Orta İxtisas Məktəbini bitirdikdən sonra Bakı Musiqi Akademiyasına daxil oldum. Bu dövrlərdə də mən boş dayanmamışam. Orada oxuya-oxuya beynəlxalq müsabiqələrin qalibi olmuşam. Az yaşımda etdiyim nailiyyətlərin hazırda bəhrəsini görürəm. İndi Amil Həsənoğlu deyəndə hər kəsin gözü qarşısında onun uşaqlığı, az yaşda səhnədəki nailiyyəti, xarici qastrolları yada düşür. İnsanlar ulu öndər Heydər Əliyevin birbaşa olaraq diqqətində olan bir uşaq, onun qayğısını görən, onun təqaüdünə layiq görülən bir uşağı xatırlayır. Çox sevindirici haldır ki, tamaşaçılar məni məhz bu istiqamətdə tanıyırlar. Şou biznes nümayəndələri kimi müəyyən ləqəblə yox, eləcə Amil Həsənoğlu kimi.
Mən uşaqlıqdan ağır janrlı mahnıların ifaçısı olmuşam. Ancaq illər ötdükcə konservatoriyada kamera sinfini bitirmişəm. Mənim üçün önəmli o idi ki, ölməz sənətkarımız Rəşid Behbudovun qoyduğu yolla davam edim. Rəşid Behbudovun da janrı qarmaqarışıq olub. O mənim uşaqlıqdan kumirim olub. Gənc ifaçı olaraq onun yolunu davam etdirməyə çalışıram. Bu günə qədər çalışmışam ki, repertuarımda dəyərli musiqilərə yer ayırım. Bayağı musiqilər, gündəmdə olan mahnılar mənim repertuarımda yoxdur. Mənim təbiətim buna yol vermir. Bəstəkarlar mənə mahnılar təqdim etdikdə onlara qulaq asıram, ürəyimcə olmur. Bu günə qədər arxivimdə 360 mahnı var. Gərək o musiqiləri silim ki, həmin o yeni mahnıları ifa edim. Bu mənim öz yolumdur.
–Sizin kimi gənc ifaçılar bizdə azlıq təşkil edir.
–Bizim konservatoriyada hər hansı vokal sinfinin qapısını açsanız, inanın ki, oradan gözəl səslər eşidəcəksiniz. Ancaq onların efirə çıxması çox çətin məsələdir. Bir ifaçını təqdim etmək üçün müəyyən miqdarda madiyyat lazımdır. Hətta mənim özümə də verilişə çağırmaq üçün zəng edib verilişə dəvət edirlər, deyirlər ki, ancaq verilişimiz ödənişlidir. Təəssüf ki, indi şou-biznes mövzulu verilişlər daha baxımlıdır. O, verilişdə də milli musiqilərimizi, milli əsərlərimi səsləndirmək lazımdır ki, gələcək nəsil öz mahnılarını unutmasın. Gənclər mahnılarımı eşidəndə gəlib deyirlər ki, bu bizim mahnımızdır, bunu kim yazıb?
Gənclər bizim musiqiçiləri tanımırlar. Elə başa düşülməsin ki, efirlərin ifaçıdan madiyyat tələb etməsinə də qarşı çıxmıram. Onlar onu o ifaçıdan ala bilərlər ki, gecə-gündüz toylarda olub 20 min manat qazanırlar. Onu həmin ifaçılardan almaq olar. Mən dövlətdən maaş alıram. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi orkestrinin solistiyəm. Nə üçün xalq musiqisini efirdə pul verib ifa etməliyəm? Elə efirlər var ki, onlar özləri dəvət edirlər. İmkan yaradırlar ki, sözümü deyim. Bu kimi efir şəraiti ancaq 20 faiz təşkil edir. Yerdə qalanlar isə sənət adamından yalnız maddiyyət güdür. Elə bizim də problemimiz budur.
- Bu gün toylara daha çox yüngül janrlı oxuyan ifaçılar dəvət olunur. Elə efirlərə də.
- Əslində mən böyük səhnəyə toydan gəlmişəm. Elə vaxtlarım olub ki, restoranda da işləmişəm. Toy müğənni üçün böyük bir səhnədir. İstedadı elə belə kəşf etmək olmur.
Həyatımı dəyişən xəbər
- Bir anda ulduzunuz necə parıldadı?
- O zaman Rastropoviç Azərbaycana gəlmişdi. Ulu öndərimiz Heydər Əliyev onu qarşıladı. Bakı Musiqi Akademiyasında mənim ifama qulaq asdı. Daha sonra konservatoriyada ustad dərsləri keçirildi. Ustad dərslərinin sonunda Azərbaycan musiqiçilərindən ibarət yarım saatlıq konsert olacaqdı. Rastropoviçlə bərabər, Heydər Əliyev və məsul şəxslər də o tədbirdə iştirak edirdi. Həmin proqramda mənim adım yox idi. Nigar xanımın təkidi ilə o proqrama mənim də adımı saldılar. Orada gənc bəstəkar Pikə Axundovanın “Hayıf ki, yoxdur” romansını ifa etdim. O romansı ifa etdikdən sonra alqışlar səhnəni bürüdü və məni buraxmadılar. İkinci mahnını səsləndirməyimi istədilər, ikinci dəfə isə italyan əsərini ifa etdim. Konsert bitdikdən sonra bizə evə zəng gəldi, söylədilər ki, sizi təbrik edirik, adınız Qızıl kitaba daxil edilib və təqaüd ayrılıb. Xəbəri eşidəndə çox təəccübləndik. Əslində Heydər Əliyevin musiqiyə olan sevgisi, marağı belə bir kitab yaratmağa səbəb olub.
- “Gənc istedadların Qızıl kitabı”na düşmək sizdə hansı hisləri oyatdı?
- Adımın bu kitaba salınması mənə böyük bir stimul oldu. İndi o kitabda 100-dən artıq gənc ifaçıların adı var. Tarixdə ən azından bizim adımız var. Mənim üçün xalq, əməkdar artistindən, Şöhrət Ordenindən daha önəmlidir bu ad. Düzdür, titullar da lazımdır, ancaq 10 yaşında bu mükafat hər bir gəncə nəsib olmur.
- Bu sənətə vokal ifaçısı kimi gəlmisiniz. Sonradan müxtəlif janrlara müraciət etməniz zamanın tələbidirmi?
- Bu yolu mən özüm seçmişəm. Sırf bir janrın ifaçısı olmaq, bir yolun davamçısı olmaq deməkdir. Səsimin tembiri imkan verir ki, mən başqa janrlarda da mahnı ifa edim. Yəqin ki, bu mənim ifaçı kimi xoşbəxtçiliyimdir. Allah tərəfindən mənə verilən gözəl mükafatlardan biridir. Elə ifaçılarımız var ki, opera ifa edirlər, toylara gedəndə xalq mahnıları səsləndirəndə çox biədəb görsənir.
Gənclərin diqqət mərkəzində olmasını istəyirəm
- Müsahibələrinizin birində söyləmisiniz ki, kinoya çəkilmək istəyirsiniz. Kinoya sizi cəlb edən nədir?
- Bəli. Filmlər sənətkarı daha da ölümsüz edir. Misal üçün “Bəxtiyar” filmi Rəşid Behbudovu bizə daha da yaxın edib. Biz onsuz indi də ondan öyrənirik. İstəyirəm ki, ya sponsor tapılsın, ya dövlət tərəfindən maliyyə ayrılsın, “Bəxtiyar” filmi yeni bir obrazda çəkilsin. Orada mən baş rolu ifa edim. İnanıram ki, orada qoyulan musiqiləri yüksək səviyyədə ifa edə bilərəm. Hətta bu obraza görə 20 kilo arıqlamağa da razıyam. Bizim o qədər gözəl aktyorlarımız var ki, səhnədə Yusifi, Saşanı rolunu oynaya bilərlər. Demirəm ki, məhz “Bəxtiyar” filmini çəksinlər, yeni bir rejissor gəlsin, elə bir film çəksin, gələcək nəsil üçün indiki gənclərimizi tanıtsın. Gənclərin diqqət mərkəzində olmasını istəyirəm.
- Musiqili teatrda ifa edərkən hansı hisləri keçirirsiniz?
- Teatr məbəddir. Elə hesab edin ki, 800 nəfər bir anda sənə baxır, bütün diqqət səndədir. Mən o səhnədə dəfələrlə çıxıb mahnı ifa etmişəm. Ancaq obraza girmək tamam fərqli bir şeydir. Teatrımızın açılışı günü 3 gün dalbadal zalda bir yer boş deyildi. 3 gün dalbadal öz monoloqumu ifa etmişəm. Orada peşəkar aktyorların mənə olan münasibəti başqadır. Onlar məni övladları kimi qəbul ediblər. Məni o teatr bağlayan insanların biri də rəhmətlik Hacıbaba Bağırov olub. O, çox istəyirdi ki, mən Musiqili Teatrda çalışım. O, mənə çox doğma idi. İndi də mən o doğmalığı teatrın direktoru Əliqismət Lalayevdən alıram. Teatrda işləməyimdən çox məmnunluq duyuram. Teatrda Əli obrazını oynamamışdan əvvəl 94 kilo idim. İndi 82 kiloyam. Bu da mənim işimə olan diqqətin nəticəsidir.
- Özünüzü şou-biznesin nümayəndəsi hesab edirsinizmi?
- Şou-biznesin nümayəndəsi olmaq üçün gündəmdə olmaq lazımdır. Ya gərək dava edəsən, ya da açıq-saçıq geyinəsən. Şou-biznesin zirvədə parıldayan ulduzlarının hamısı ilə münasibətim çox yaxşıdır. Düşünürəm ki, elə Amil Həsənoğlu kimi gündəmdə qalmaq daha yaxşı olar.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər