• cümə, 29 Mart, 15:44
  • Baku Bakı 14°C

Nişanında gətirilən xonçaların qiymətini öyrəndi və... - FOTOLAR

20.03.21 09:30 2986
Nişanında gətirilən xonçaların qiymətini öyrəndi və... - FOTOLAR
Türkan Səfərli: "4 il ərzində 10-20 il bu sahədə çalışanlarla eyni səviyyəyə gəlib çıxmağı bacarmışıq”
Nişanında ona gətirilən xonçaların qiymətini öyrənəndən sonra bu sahədə biznes qurmaq ideyası yaranır. Elə tələbə vaxtı öz işini qurur. İşləri yaxşı gedir, qısa müddətdə istədiyinə nail olur və artıq xonça işini dayandırıb, toy planlaşdırma xidmətinə keçir. Söhbət "Safarli Wedding Design” şirkətinin qurucusu Türkan Səfərlidən gedir.Qeyd edək ki, T.Səfərli Azərbaycan Dövlət İqtisad Universitetində texnologiya mühəndisi ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda təhsilini həmin ixtisas üzrə magistr pilləsində davam etdirir.

- Türkan xanım, adətən, ilk işini quran şəxslərdə biznes ideyasının yaranmasının maraqlı təkanverici səbəbləri olur. Sizdə bu fikir necə yarandı?
- Yoldaşımla universitetdə təhsil aldığımız dönəmdə tanış olduq. Mən 3-cü kursda oxuyanda - 2016-cı ilin əvvəli nişanlandıq. İdeya da elə nişan dönəmində yarandı. Nişanım ərəfəsində qayınanamgil mənim ürəyimcə olsun deyə, hansı dizaynda xonça istədiyimi öyrənmək üçün fərqli xonça şəkilləri göndərirdilər. Qaynanam dedi ki, istədiyini seç, hər bir şeyi alıb xonçaları evdə özüm düzəldəcəyəm. Qaynanam fərqli bacarıqları olan xanımdır. İndi də bəzi dekorlarımın güllərini o hazırlayır. Nə isə, nişanımda çox qəşəng dizaynda xonçalar yığmışdı. Sonra maraqlandım ki, o cür xonçaları hazır sifariş versək, 80-150 manata başa gələrdi. Düşündüm ki, bu biznesə girməyə dəyər. İdeya belə yarandı.


- Biznes ideyası çox adamda yaranır, amma heç də hamısı öz işini qurmur. Bu səbəbdən, "Biznesdə əsas olan başlamaqdır” deyirlər. Bəs nə zaman işə başladınız?
- Nişandan sonra ideya yarandı və araşdırma apardım. Özüm iqtisadiyyat yönümlü təhsil aldığım üçün bazar araşdırması aparmağın vacib olduğunu bilirdim. 2016-cı ilin sonu 2017-ci ilin əvvəlləri - 4-cü kursda oxuyanda, artıq başladım. İdeya xonça ilə yaranmışdı, elə ilk olaraq da özümə sosial şəbəkə səhifəsi açıb xonçalar hazırlayıb internet üzərindən satmağa başladım. 3-4 il əvvəl internet üzərindən bu işi qurmaq, satış etmək mənim üçün böyük iş idi. Amma sifarişlər gəldi və davam etdik.

- İşi quranda, tələbə olubsunuz. Tələbələrin əlində elə də böyük maliyyə olmur. İlkin xərcləri necə qarşıladınız?
- Sıfır manatla başladığımı deyə bilərəm. Xonça sifarişi götürəndə, müştəridən beh alırdım, onunla işin xərclərini qarşılayırdım, hazır olanda da tam ödənişi edirdilər. Ona görə işə başlamaq üçün xüsusi maliyyəyə ehtiyac olmadı. Təşkilatçılıq işlərini görmək üçün də böyük maliyyə lazım deyildi, burda əsas zəhmət çəkmək idi. Gəliri də yaxşı olurdu. Ümumiyyətlə, bu sahədə işə başlamaq üçün müəyyən qədər beh verilməlidir. Mən də o cür işləyirdim. Heç nədən başlamışam və müəyyən bir yerlərə gəlmişəm. 4 il ərzində 10-20 il bu sahədə çalışanlarla eyni səviyyəyə gəlib çıxmağı bacarmışıq.

- Xonça ilə başlayıbsınız, amma bu gün göstərdiyiniz xidmətlər siyahısında xonça hazırlanması yoxdur. Bir az da biznesinizin necə genişlənməsindən danışaq.
- Xonça hazırlanması ilə hardasa 3-4 ay məşğul oldum və o müddətdə yaxşı müştəri yığa bilmişdim. Xonça işi ilə çox davam etmədim, dayandırdım. Çünki xonça çox zərif, incə, diqqət və vaxt tələb edən işdir. Ona sərf etdiyim vaxtda daha çox iş görə biləcəyimi düşündüm. Sonra bu siyahıya təşkilatçılıq da əlavə etdim. Evlənəndən sonra dekor işinə də keçdim. Xına, toy, nişan, nikah dekorları və s. əlavə etdik. Əvvəllər dekorları mən başqa adamlardan götürüb iş danışırdım. Amma sonra dekorlarımızı da özümüz hazırladıq. Belə-belə xidmətlərin siyahısı artdı, zamanla böyüdük. Böyük restoranların bəzədilməsinə qədər hər xidməti göstəririk. Öz dekorlarım olmayan vaxtda belə, bunu edirdim. Sonra hər bir şey özümə aid oldu.4 il ərzində zaman-zaman iş böyüdü və xidmətlərimizin siyahısı artdı. Bu gün həri, nişan, nikah süfrələrinin bəzədilməsi, özəl günlər üçün fotostendlər, xınayaxdı təşkili, ad günü dekorasiyaları, evlilik təklifi təşkili, ketrinq, banket və s. xidmətlər siyahımızda var. Bir məclisin yeməyindən dekoruna qədər hər xırda nüansını təşkil edirik. Ev yiyəsi əlini ağdan-qaraya vurmur.

- Biznesiniz üçün ad seçiminə də toxunaq. Səfərov yoldaşınızın soyadıdır? Çünki siz işinizi quranda, hələ evli olmayıbsınız...
- (Gülür) Təsadüfən elə alınıb ki, yoldaşımın da soyadı Səfərovdur, mənim də. Yəni evlənəndən sonra soyadımı dəyişməmişəm.

- Bu işi yoldaşınızla bir yerdə idarə edirsiniz, ya tək?
- İş olaraq özüm idarə edirəm. Amma mənəvi və elə iş cəhətdən də daim dəstəkləyir, kömək edir. Ümumiyyətlə, biz bütün bu işləri ailə olaraq idarə edirik. Məsələn, bütün dekorları qayınatam hazırlayır. İstənilən dekorun şəklini göstərirəm, hazırlayır. Qaynanam da bu işdə bacarıqlı biridir, o da kömək edir. Yəni ailə olaraq əl-ələ verib bu işləri görürük.

- Necə tanındınız, müştəri cəlb etdiniz?
- Qeyd etdiyim kimi, ilk olaraq sosial şəbəkə üzərindən başladıq. İlkin müştərilər belə gəldi, sonra məşhurlara, bloggerlərə də dekorlar yığdıqca, daha da tanındıq. Amma deyim ki, müştərini gətirən "Instagram” deyil. Tanınmaqda, müştəri cəlb edilməsində önəmli olan işin keyfiyyətidir. Bizim sahədə müştəri keyfiyyət, gözəllik və yaxşı xidmət istəyir. Bir də güvənli şirkət olmalısan. Bu zaman müştəri müştəri gətirir. Elə dekor yerləri var ki, vəd etdiyi ilə gördüyü iş tamam başqa olur. Bu da müştəriləri qaçırır. Biri razı qalmırsa, başqalarına da məsləhət görmür. Bizim iş prinsipimiz elə deyil ki, bu gün bu müştəriyə iş gördük, pulumuzu aldıq, razı qalıb-qalmamağı fərq etməsin. Hər birinə fərqli yanaşırıq. Bəyənib-bəyənmədiklərini soruşuram. İndiyə qədər bəyənmədiyini deyən olmayıb.

- Toyla bağlı hər bir nüansa cütlüklər çox həssas yanaşırlar. Yəqin ki kaprizli müştərilər çox olur.
- (Gülür) 100 müştəridən 90-ı kaprizli olur. Hər kəs özəl gününün mükəmməl keçməyini istəyir. Bu səbəbdən sualları, istəkləri həddindən çox ola bilir. Kaprizlilərlə yanaşı, çox rahat müştərilər də olur. Bir dəfə bir xanım müştəri var idi, xına mərasimini təşkil edəcəkdik, beh də vermişdi. Xınaya 2 gün qalmışdı, amma xanım bizi arayıb-axtarmır. Axırda özüm zəng vurdum ki, bəs siz maraqlanmırsınız, bəlkə pulu almışam, heç o işi görməyəcəyəm (gülür). Deyir ki, sizinlə söhbət etmişəm, saxlama mərkəzinizdə olmuşam, hər şeyin ən yaxşısını edəcəyinizi bildiyim üçün arxayınam.Narahat olan, tez-tez arayıb hər detalı ilə maraqlanan adamları da başa düşürük. Bizim xidmətlə bağlı nə istəyirlərsə, arzu etdikləri kimi hazırlayırıq. Həm onların kaprizləri, narahatlıqları aradan qalxır, həm də biz bunu etdikcə müştəri müştərini gətirir.


- Koronavirus pandemiyası ilə əlaqədar olaraq ən çox zərər görən sahələrdən biri də toy xidmətləri sahəsində fəaliyyət göstərən bizneslər oldu. Bu müddət sizin biznesiniz üçün necə keçdi?
- Təbii ki çətin oldu. Karantin yeni tətbiq olunanda, demək olar ki, heç bir sifariş almadıq. Çünki vəziyyət qeyri-müəyyən idi. Çox adam düşünürdü ki, bir müddət sonra toylara icazə veriləcək, əvvəlki qaydada toylarını edəcəklər. Bir müddət sonra gördülər ki, heç də elə deyil. Bundan sonra, artıq ailə içində məclislərlə həri, nişan, nikah etməyə başladılar. 5-6 nəfər ailə üzvləri ilə qeyd edirdilər və bizə də buna uyğun sifarişlər verildi. Çox vaxt bir dekor sifariş edirlər, qarşısında şəkil çəkilir, məsələ yekunlaşır. Restoranlar üçün dekorlar işləyirdik, indi o müştəri kütləmizi itirmişik. Böyük restoranların sifarişləri də böyük olurdu. Restoranlarda toylar olmadığı üçün belə sifarişlər də vermirlər. Əvvəlki dövrlə müqayisə edəndə, biznesimdə müəyyən çətinliklər var, amma sifarişlərim olur. Düzdür, bəzən 30-40 nəfərlik məclis sifariş edənlər də olur, amma mən onları götürmürəm. Karantin rejimidir və onun qaydalarına uyğun sifariş olanda, edirəm. Əks halda yox.

- Pandemiya toylara yanaşmanı da dəyişdi. "Daha əvvəlki toylar olmayacaq” deyirlər. Sizcə, bu yanaşma dəyişikliyi sizin biznesinizə necə təsir edəcək?
- Pandemiya dövrü göstərdi ki, toysuz da evlənmək olurmuş. Artıq xərclər olmadan da toy etmək mümkün imiş. Bir toyda edilən israf heç yerdə olmur. Nə qədər yemək-içmək qalır. Dünyada bu qədər aclıq-səfalət baş verdiyi dövrdə toylarda bu qədər israfa yol verilməməlidir. İndiyə qədər toylarımızda iştirak edən adam sayı hər birimizə məlumdur. 500-600 və hətta 1000 nəfərlik zallarda belə toylar keçirilirdi. Yaxın bir neçə ildə o cür toylar yəqin ki olmayacaq. 4-5 ilə tədricən o toylar bərpa edilə bilər. Amma hələ ki 50 nəfərdən çox adamın iştirakına icazə veriləcəyinə inanmıram. Virus azaldıqca, bu rəqəm 100 ola bilər.Toylara icazə verilsə, biz yenə işimizi görəcəyik. Nəyəsə tələbat olmayacaqsa, deməli, başqa istiqamətdə tələb yaranacaq və biz o işi görəcəyik. Az adamın iştirakı ilə açıq hava toylarının sayı arta bilər. Bu, bizim üçün yaxşıdır. Açıq hava toylarında dekor etməyi sevirəm.Xarici toylara baxanda, stolların üstündə daha çox bəzək olur. Bizdə isə yemək-içmək o qədər çox olur ki, dekorasiyanı stolun üstündən götürürlər. Avropasayağı toylar çoxala bilər. Hansı formada etsələr, bizim üçün iş olacaq (gülür).

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər