• şənbə, 27 Aprel, 03:41
  • Baku Bakı 14°C

Nikolun “Yeni Ermənistan” xülyası

09.01.20 17:49 1749
Nikolun “Yeni Ermənistan” xülyası
Baş nazirin qardaşı oğlu, uşaqlıq dostu, qohumu, xanımının rəfiqəsi, vaxtilə işlədiyi qəzetin işçiləri müxtəlif vəzifələrə təyin olunublar

Nikol Paşinyanın inqilabdan sonrakı müddətdə ölkədə ciddi iqtisadi və siyasi nailiyyətlərin əldə olunduğu, korrupsiya və rüşvətə son qoyulduğu barədə iddiaları erməni siyasiləri və ekspertləri tərəfindən tənqid atəşinə tutulur. "Vətəndaş şüuru” təşkilatının rəhbəri Narek Simonyan baş nazirin "Yeni Ermənistan” barədə fikirlərinin alt-üst edib. O, Nikolun dilə gətirə bilmədiyi 101 real fakt barədə keçirdiyi mətbuat konfransında danışıb. İlk olaraq bildirib ki, Paşinyan konstitusiyanı və qanunları ayaq altına ataraq nazirlərin, müavinlərin, müxtəlif dövlət qurumlarında çalışanların əmək haqlarını iki dəfə artırıb. Nəticədə nazirlərin əmək haqları hazırda 1,5 mln. drama çatıb. Eləcə də hökumətin aparat rəhbəri və özünün müavinlərinin də əmək haqlarını iki dəfə artırıb. Faktiki olaraq baş nazirin müavini və nazir prezident və spikerdən daha çox maaş alır. Ötən ilin 10 ayı ərzində parlament 14 deputatı və parlament işçisinə 2 mln. dollar məbləğində mükafat verib. Parlamentə əlavə olaraq 900 mln. dram məbləğində mükafat və ezamiyyə pulu ayırıb. Parlamentin müxtəlif avadanlıqlar alması hər hansı bir müsabiqə və mənbə göstərilmədən həyata keçirilib. Bu da özlüyündə korrupsiya riski yaradır. Təsdiq olunan məlumatlara görə, spiker Ararat Mirzoyan Qarabağa səfər zamanı büdcə hesabına restoranda ən bahalı içkilər və təamlar sifariş edib və bu da nə az, nə çox, düz 2 mln. drama başa gəlib. Baş nazir yanında dövlət nəzarəti xidməti işçiləri də hər ay mükafatla təmin olunublar. Onlar yanvar- noyabr aylarında 180 min dollar mükafat alıblar. Rəsmi məlumatlara görə, ötən il Ermənistandan 20 minə yaxın inan miqrasiya edib. Əhali sayı ötən ilin oktyabr ayına olan məlumata görə, 12 min azalıb. 110 min vətəndaş ABŞ yaşayış hüququq verən "Green Card” lotereya oyunlarında iştirak üçün müraciət edib.
Ən əsası, ölkəyə birbaşa investisiyaların həcmi xeyli azalıb. İlin 9 ayı ərzində bu rəqəm cəmi 68 mln. dollar təşkil edib. Nikolun "Vətəndaş müqaviləsi” partiyası "Mənim addmımım” parlament fraksiyasının seçki fonduna dörd dəfə ən yüksək – 100 mln. dramı keçən ödəmələr həyata keçirib. Əldə olunan məlumatlara görə, bu vəsaitlər oliqarxlar tərəfindən köçürülüb. Nikolun xanımı Annanın fonduna 10 mln. dram ianə köçürülüb ki, bu vəsaitin də arxasında korrupsiya riski olduğu istisna edilmir. Baş nazirin xanımının saç ustası və stilisti hökumətdə işə götürülüblər. Onlara dövlət büdcəsi hesabına 19 mln. dram mükafat, ezamiyyə xərcləri ödənilib.
Son 15 ildə ilk dəfə olaraq ötən il Ümumerməni "Ayastan” Fondunun hesabına ən az məbləğdə vəsait daxil olub. Halbuki, N.Paşinyan xarici səfərlərində erməni icmasının nümayəndələri il çoxsaylı görüşləri ilə yadda qalıb. Payızda isə Los-Ancelesdə ümumerməni toplantısında iştirak edib. Baş nazirin ABŞ-a işgüzar səfəri üçün dövlət büdcəsindən 350 min dollar, səfərin təşkili üçün isə 500 min dolar ayrılıb - bu isə presedentsiz hal hesab edilir. Dekabrın 12-də isə hökumət xarici səfərlər üçün büdcədən əlavə 100 mln. dram ayırıb.
"Vətəndaş şüuru” təşkilatının rəhbəri Narek Simonyan onu da qeyd edib ki, İcevanın keçmiş meri cinayət məsuliyyətinə cəlb edilmək qorxusu altında istefa ərizəsini təqdim edib, onun yerinə isə Paşinyanın xaç atası Ayk Qalumyan təyin edilib. Vəzifələrə qohum əqrəba və dost tanışların təyin olunmasına narazı olan Nikol baş nazir olduqdan sonra bu prinsipi aradan qaldırıb. Qardaşı oğlu, uşaqlıq dostu, qohumu və xanımının rəfiqəsi, vaxtilə işlədiyi qəzetin işçiləri müxtəlif vəzifələrə təyin olunublar. Onun məxfi imzaladığı qərarla büdcədən Ararat Mirzoyanın mülkü üçün 2 mln. dollar ayırıb. Ötən il Paşinyan və xanımına xidmət üçün iki ədəd dəyəri 550 min dollar olan zirehli Mercedes-Benz S-klass (S 600 W 222) alınıb.
Baş nazir üçün ən ciddi problemlər sırasında "Amulsar” qızıl yatağını göstərmək olar. Ucuz təkliflərə baxmayaraq, hökumət dövlət büdcəsindən ekspertiza üçün xarici şirkətin hesabına 400 min dollar köçürüb. Baş nazirin kitabını nəşr edən "Antares” nəşriyyat evinə heç bir müsabiqə keçirilmədən 100 min dollar verilib. "Ölüm liftləri” və "ümidsizlik qazelləri”ni ləğv edəcəyini vəd edən Paşinyan bu sözünü də tutmayıb. Şəhərin nəqliyyat problemi həllini tapmayıb, liftlər dəyişdirilməyib. Yerevan meriyası yeni il şənliklərinə əvvəlki dövrlərlə müqayisədə xeyli çox vəsait ayırıb. Bu il Yerevan büdcəsindən şəhərin zibildən təmizlənməsinə 900 mln. dram ayrılacaq. İqtisadi rəqabətdən dəm vuran Nikolun idarəçiliyi dövründə Yerevan meriyası biznesmenlərdən "hədiyyə” kimi zibil yıxan texnika və qar təmizləyən qurğu alıb. Başqa sözlə ifadə etsək, meriya ciddi korrupsiya riskləri olan sövdələşməyə gedib. Baş prokurorluq bu sövdələşməni araşdırır, parlamentdə isə xüsusi istintaq komissiyası yaradılıb. "İqtisadi inqilab” elan etməsinə baxmayaraq, Paşinyanın dövründə xarici dövlət borcu 125 mln. avro və 500 min. dollar artaraq, ümumdaxili məhsulun 60 faizini təşkil edib. Əvvəllər deputat olanda Paşinyan xarici borcun artırılması ilə bağlı olan hər bir sənədə qarşı çıxırdı. Bildirirdi ki, 30 faiz yoxsulluq həddində yaşayan ölkə üçün borca girmək düzgün deyil. O da bildirilir ki, Paşinyanın yaxın dostu Vaqe Qriqoryan Konstitusiya Məhkəməsinin heç bir iclasında iştirak etməyə-etməyə altı ay ərzində əmək haqqı alıb. Onun hakim təyin olunması üçün digər üzv hakimlərə hədə-qorxu gəlinib. Baş nazirin tərəfdarları "Ayeli” mətbuat evinə hücumları ilə də yadda qalıblar. Ölkənin ali rəhbərliyində korrupsiyanın olmadığını bildirsə də, onun dövründə xeyli rəhbər şəxs bu ittiham üzrə işdən qovulub.
Ən maraqlısı isə baş nazirin psixi vəziyyəti ilə bağlıdır. Bu barədə ciddi məlumatlar yayılır. Baş nazir özünü İsa peyğəmbərlə, Tumanyanla çar Papla eyniləşdirir. Eləcə də, İctimai Televiziyanı onun hakimiyyətinin maraqlarına xidmət etməyə məcbur edib. Təşkilatın sədri Paşinyan və yoldaşlarını Ermənistanla separatçı Dağlıq Qarabağ rejimi arasında fikir ayrılıqları yaratmaqda da ittiham edib. Baş naziri işğal altında olan Azərbaycan torpaqlarını "quldur yuvasına” çevirməkdə ittiham edib. Əlavə edib ki, əvvəlki bəyanatlarında "Aprel müharibəsi”nin Rusiya tərəfindən qızışdırıldığını bəyan edən baş nazir bu istiqamətdə heç bir araşdırma aparmaq istəməyib.

Azər NURİYEV
banner

Oxşar Xəbərlər