• şənbə, 27 Aprel, 06:18
  • Baku Bakı 12°C

Nikolun yaratmaq istədiyi ölkə çökür

16.10.20 16:33 819
Nikolun yaratmaq istədiyi ölkə çökür
Rusiyanın hərbi nəşri Ermənistanın baş nazirini aşağıladı
Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək istiqamətində apardığı əməliyyatlar dünya mediasında ən müxtəlif prizmadan şərh və analiz edilir. Obyektivlik naminə qeyd etmək lazımdır ki, "Azadlıq” adını alan mübarizəmizlə bağlı dərc edilən məqalə, reportajların içində hadisələrə obyektiv qiymət verilməsi halları da çoxluq təşkil edir. Xüsusən də Rusiya prezidenti Vladimir Putinin "Azərbaycan işğal altında olan torpaqlarda müharibə aparır” ifadəsi Rusiya mediasında böyük rezonans doğurub. Obyektivliyi ilə seçilən Rusiya nəşrləri bunu da xüsusi qabardıblar. Bu dəfə Rusiyanın nüfuzlu "Voennoe obozrenie” nəşri Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbin müəyyən dairələrinin sifarişi ilə hərəkət etdiyinə toxunub. Müəllif yazır ki, Ermənistan dost ölkə olması statusunu bir neçə il bundan əvvəl itirib.
"Dünya bir partiya və bir şəxsin timsalında nəinki ölkənin vektorunun, eləcə də, ağıllı, işləyən insanların taleyini necə dəyişdiyinin şahidi oldu. Ermənistan Qərb, daha dəqiq ifadə etsək, Soros təbliğatının altına düşən bir postsovet ölkəsinə çevrilib. Və bu gün Belarusu da onun gününə salmaq istəyirlər. Ermənistan qərb texnoloqlarının köməyi ilə ölkəni dəyişməyə çalışır. Təsadüfi deyil ki, Rusiyada yaşayan xeyli sayda erməni Yerevan üçün ikinci sort insanlar, Ermənistanın siyasi həyatına layiq olmayan insanlar hesab edilir”, - deyə məqalədə bildirilir.
Məqalədə, əvvəlcə dərsliklərdən başlanılır. Qeyd edilir ki, "istənilən "məxməri inqilab”ın məqsədi Rusiyaya və ruslara nifrət, onları bütün bədbəxtliklərin səbəbkarı hesab etməkdən ibarətdir. Bu proses demokratiya adı altında, bütün əhalinin istəyi adı altında aşılanır. Xalq əvvəlcə həqiqətən də inanır ki, hakimiyyət "xalq”ın uğrunda çalışan şəxslərin əlinə keçəcək. Lakin qısa zaman kəsiyində bəlli olur ki, demokratik dövlət əvəzində inqilab, avtoritar üsulla, konstitusiyanın və qanunların aliliyinə əməl etmək əvəzinə, hansısa bir QHT və yaxud siyasi partiyanın, azlığın nizamnaməsini əldə əsas tutaraq idarə olunur. Moskvaya nifrət gözləri tutur. Ölkə getdikcə Qərbin siyasi maraqlarına daxil olur. Nəticədə, onun mədəniyyəti, təhsili, ənənəsi, iqtisadiyyatı və s. cəmiyyətə yeriyir. Nikol Paşinyanın ölkənin siyasi arenasında görünməsi təsadüfi deyil. Və bunu xalqın iradəsi adlandırmağa da adamın dili gəlmir. Seçkilərdə 7 faiz səs toplayan "Çıxış” Partiyasının lideri 2018-ci il aprelində etirazlar nəticəsində xalqın liderinə çevrilir. Etirazlar da məhz bu partiya tərəfindən təşkil olunmuşdu. Bəs necə oldu ki, erməni xalq birdən birə hansısa bir şəxsə baş nazirliyi verdi? Belə bir metamarfoza, əslində siyasilər üçün təsadüfi deyil. Əslində hadisələrin əsas günahkarı devrilmiş prezident Serj Sarkisyandır. İnqilabı da hazırlayan elə Sarkisyandır. Məhz onun tapşırığı ilə Ermənistan 2010-2017-ci illər ərzində öz vektorunu mütəmadi olaraq dəyişməyə doğru irəliləyib. Ölkəyə Qərbin xeyli sayda qeyri-hökumət təşkilatları, fondları, sektaları və s. cəmiyyət və təşkilatlar daxil oldu. Məhz onlar da mütəmadi olaraq ölkədə hakimiyyəti ələ keçirməyə başladılar. Misal olaraq erməni politoloqu Suren İonisyanın ötən il nəşrdə dərc olunan məqaləsindən sitatlar gətirək. Orada bildirilirdi ki, Ermənistanda dövlətlərin məhvi ilə məşğul olan Corc Sorosun "Açıq Cəmiyyət” Fondu, "Yeqova şahidləri” sektası, mormonlar və s. fəaliyyət göstərir. Bu sektalar əhali sayı 2,5 milyon olan ölkədə 200 min tərəfdara malikdirlər. Bəzi məlumatlara görə, Ermənistanda 3,5 min QHT fəaliyyət göstərir. Onların çoxu Qərb dövlətləri tərəfindən maliyyələşir.
Müəllif yazır ki, Nikol Paşinyan hakimiyyətin ilk vaxtlarından Rusiyadakı erməni icmasını hədəfə aldı. Onların sayı da iki milyondan çoxdur. Faktiki olaraq onları ikinci sorta, "həqiqi erməni olmayanlara” çevirib. Xalqda belə bir fikri formalaşdırır ki, müxtəlif səbəblərdən Rusiyada yaşayan ermənilər, erməni yox, rusdurlar. Bu informasiyanı sadə vətəndaşların yoxlamasının qarşısını almaq üçün hökumət, ölkə ərazisində yayımlanan Rusiya tele və radio kanallarının yayımını dayandırır. Səbəb kimi də, onların erməni qanunvericiliyini pozmalarını göstərir.
Hələ baş nazir olmamışdan əvvəl Nikol aktiv şəkildə ölkə ərazisində Rusiya hərbi bazalarının iştirakına qarşı çıxırdı. Lakin sonradan bu mövzu barədə susmağa üstünlük verdi. Buna baxmayaraq zaman-zaman baza məsələsi ətrafında müzakirələr səngimədi. Erməni tərəfi, xüsusilə bunu Rusiyanın onlara satdığı qaz məsələsində qabartmağa başladı. Bildirirdi ki, ruslar müləq qazın satışında güzəştlərə getməlidir. Nəzərə alaq ki, indiki hakimiyyət tam şəkildə ABŞ təsiri altına düşüb. Bundan çıxış edərək deyə bilərik ki, bazanın çıxarılması mütləq şəkildə qaldırıla bilər. Rusiyanın Cənubi Qafqazda təsiri tam şəkildə aradan qaldırılmalıdır. Sonda da onu Amerika nüfuzu altına salmaq hədəfi qoyulub. Bəs bu ehtimallar hansı faktlar üzərində qurulub? Sadə cavabı var. Ermənistan yəni o qədər böyük dövlətdir ki, burada ABŞ səfirliyi əməkdaşları sayına görə ən pik həddədir - dünyada ikinci. Birinci yerdə isə İraqdır. Erməni jurnalistlərinin məlumatına görə, səfirliyin 1200-1400 əməkdaşının əksəriyyəti xüsusi xidmət orqanları və xüsusi təyinatlı qüvvələrinin əməkdaşlarıdır. Axı amerikalılara bu qədər qüvvə nəyə lazımdır? Bəlkə məxfi biolaboratoriyaları qorumaq üçün? Pentaqonun pulu hesabına tikilən bu laboratoriyalar guya Ermənistana aiddir. Məqalədə daha sonra Ermənistan hökumətində çalışan şəxslərin Qərb QHT-lərinin əməkdaşları olduqları bildirilir. Siyahıda xeyli sayda ən yüksək postu tutmuş şəxslər - baş nazirin müavini Tiqran Avinyandan tutmuş nazirlərə qədər var.
Müəllif sonda yazır ki, sözün əsl mənasında erməni baş nazirin halına acıyır. Şəxsi intriqalar içində ilişib qalan baş nazir indi də ətrafından qorxur, yazıq hala düşüb. Lakin başqa bir tərəfdən 2018-ci ildə ilk vaxtlarda etdikləri yada düşür. Onun gəlməsi ilə ölkədə repressiya dalğası yarandı. "Amulsar” qızıl yatağı, ona qarşı çıxanları "asfalta döşəmək” və s. Ən əsası, ölkədə faşizm ideyalarını yaymaqda davam edir. Vaxtilə almanlarla əməkdaşlıq etmiş Qaregin Njdenin qəhrəmanlaşdırılması buna misal ola bilər. Sonradan bəlli oldu ki, onun babası da vaxtilə Njdenin faşist dəstələrində çıxış edib.
Yekun olaraq onu demək olar ki, Nikolun yaratmaq istədiyi Ermənistan artıq çökür. Bir neçə günlük Qarabağ döyüşləri də bunu tam sübuta yetirdi. Avantürist açıqlamaları ilə erməni xalqını uçuruma yuvarladığı göz önündədir.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər