• cümə, 26 Aprel, 02:21
  • Baku Bakı 16°C

Nikolay Nikolayeviçə çevrilən Fərəc bəy Ağayev

22.07.16 11:33 2773
Nikolay Nikolayeviçə çevrilən Fərəc bəy Ağayev
Bəzən həyatda elə ağıllı məsləhətlərlə, qayğı ilə qarşılaşırsan ki, bütün ömrün boyu səni doğru yola istiqamətləndirir, çətinliklərdə sənə dayaq olur. Milli mətbuatımızın bünövrəsini qoyan Həsən bəy Zərdabi istər birinci dərəcəli Tiflis gimnaziyası, istərsə də Moskva Dövlət Universitetində oxuyarkən ona himayədarlıq etmiş general-leytenant Fərəc bəy Ağayevin ağıllı məsləhətləri (Həsən bəy 1861-ci ildən onun himayəsində yaşamışdır) bütün ömrü boyu Həsən bəyin həyat devizinə çevrilmişdir.
F.Ağayev H.Zərdabinin atası Səlim bəyin doğma dayısı idi. Lakin o zaman daha çox Nikolay Nikolayeviç kimi tanınan Fərəc bəyi qohum-əqrəba rus qızı ilə evləndiyi üçün "Rus Fərəc” deyə sevmirdi. Əslində Fərəc bəy özü də bu "sevgi”nin arxasınca getdiyi üçün çox peşman olmuş, illər sonra peşmançılığını Həsən bəyi Moskvaya oxumağa yola salarkən bildirmişdi. Bu haqda yazıçı-publisist Sona xanım Vəliyeva "İşığa gedən yol” kitabında yazır: "Bax, oğlum, sənə nəsihət vermək fikrindən çox-çox uzaq olsam da, bir şeyi unutmamağını tövsiyə edirəm. Gənclik illərində buraxılmış bir səhv sonra ömrümüz boyu bizi izləyir, həyatımız istəmədiyimiz axarda davam edir. Söhbət gələcək ömür-gün yoldaşı seçimindən gedir. Mən həyatımda bir səhv buraxmışam, istəmirəm sən də belə gənclik səhvini təkrarlayasan. İstəyirəm gələcək seçimində öz dəyərlərinə, ruhuna uyğun bir xanımla, öz məmləkətimizdən olan birisi ilə ailə qurasan. Bunu unutma! Ailəni kişi qurur, lakin qadın yaşadır və qoruyur. Övladları cəmiyyət üçün ilk növbədə analar hazırlayır. Sevgi gözəl hissdir, lakin gələcəkdə ailə qurduqdan sonra bu sevgi gözlədiyin nəticəni verməyəcəksə, onun ardınca getməyinə dəyməz!”
Bu ağıllı məsləhət ömrü boyu Həsən bəyin qulağında qalmış və onu çox bəlalardan hifz etmişdi. Yeri gəlmişkən, bir faktı da qeyd etmək istərdim ki, H.Zərdabi haqqında əksər tədqiqatlarda bu məsələ haqqında məlumat verilib.
Həsən bəy 1861-ci ilə qədər general-leytenant F.Ağayevin himayəsində yaşayır, onun mülahizələrini dinləyir, çəkdiyi iztirablara, ağrı-acısına şahidlik edir. Çar ordusunda bütün şöhrətli məqamlara yüksələn, Tiflisdə aldığı böyük məbləğdə fərdi təqaüdlə zəngin həyat sürən, istefada olan general-leytenantın ağır günlər yaşaması, iztirab keçirməsinin səbəbi yəqin ki, ilk baxışdan qəribə görünə bilər. Ancaq Fərəc bəy həqiqətən də ağır günlər keçirir, öz xalqından, milli adət-ənənələrdən, çoxəsrlik islam qanunlarından uzaq düşməsinin sarsıntılarını yaşayırdı.
H.Zərdabi tədqiqatçılarından olan Fərhad Ağazadə (Şərqli) də əsərlərində Həsən bəyin Tiflisdə təhsil alarkən boş vaxtlarında Fərəc bəylə keçirdiyi görüşlərdən bəhs edərək yazırdı: "Bəzi saatlarını general Fərəc bəy Ağayevin evində keçirərdi. Bu məşhur general gözəl bir rus qızına aşiq olub aldığına görə çar hökumətinin dəhşətli qanunlarının tələbi ilə xristianlığı qəbul etməyə məcbur olmuşdu. Cəbrən xristianlığı qəbul etmiş Fərəc bəy türklərin və başqa qafqazlıların tənəzzülünü görüncə çox kədərlənərdi. Onların arasına girib, faydalarına çalışmaq istədisə də, istibdad və xristianlıq qanunları buna imkan vermədi və qanunları onun üzünə bağladı”. Yazılanlardan o da məlum olur ki, bu əhvalatın Həsən bəyə çox böyük təsirləri olmuşdu.
Bütün bunlar bir daha təsdiq edir ki, H.Zərdabinin formalaşmasında mənəvi atası, onun Tiflis gimnaziyasında və Moskva Dövlət Universitetində təhsil almasının əsas təşkilatçısı F.Ağayevin çox böyük rolu olmuşdur.
Bəs F.Ağayev kim idi və nə üçün onu Nikolay Nikolayeviç adlandırırdılar? F.Ağayev haqqında ilk məlumat Tiflisdə çap olunan "Kavkaz” qəzetinin 8 dekabr 1891-ci il və "Kavkazski kalendar” jurnalının 1873-1874-cü il tarixli saylarında verilib. Geniş məlumata isə hərbi jurnalist, tədqiqatçı alim Şəmistan Nəzərlinin araşdırmalarında rast gəldim.
F.Ağayev 1811-ci ildə Şuşada adlı-sanlı, təhsilli bəy ailəsində anadan olub. Uşaq vaxtından hərbçi olmaq arzusunda olan Fərəc ilk hərbi təhsilini Tiflis kadet korpusunda alıb. 1837-ci ildə isə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Təbiətən çox ciddi, nizam-intizamlı olan, hündür boylu, mavi gözlü "tatar balası”nı orduda çoxları sevməsə də, o, xidmətinin yeddinci ili ən yaxşı qvardiya rotmistri kimi Peterburqda I Nikolayın xüsusi qvardiya kazak polkunda leyb-qvardiya komandiri vəzifəsinə təyin olur.
Hər şey də bu təyinatdan sonra baş verir. Çoxlarının qibtə edəcəyi "xoşbəxt” tale Fərəc bəyi ömrü boyu doğmalarından, vətənindən, əzizlərindən uzaq salır. Özü demiş: "Yüzlərlə adamın arasında özümü həmişə tənha hiss etmişəm”.
Yeni təyin edilən gənc komandir qeyri-adi hərbi qabiliyyəti, nizam-intizamı və yaraşığı, boy-buxunu ilə tez bir zamanda I Nikolayın və onun arvadının diqqətini cəlb edir. Onlar 1844-cü ildə bu igid qafqazlı zabiti əldən verməmək üçün xaç suyuna çəkib oğulluğa qəbul edirlər. Bundan sonra F.Ağayev dönüb olur Nikolay Nikolayeviç. Uzun müddət Peterburqda Rusiya imperatorunun şəxsi mühafizəçisi olan Fərəc bəy rus qızı Mariya Fyodorovna ilə ailə qurur. Amma bu ailə, bu "sevgi” Fərəc bəyi xoşbəxt etmədiyi üçün o deyirdi: "Cəmiyyətdəki mövqeyim, ötkəmliyim, qürurum, bacarığım həm də ailədən, evdən qaynaqlanan sevinclə ahəng yaratmadı...”.
1850-ci ilə kimi Peterburqda qüsursuz xidmət edən polkovnik F.Ağayev həmin il Əlahiddə Qafqaz Ordusunun sərəncamına göndərilir. 1853-cü ildə Krım müharibəsi başlayır. Bu zaman Fərəc bəy azərbaycanlılardan ibarət süvari alay yaradaraq onlara komandirlik edir. Fərəc bəyin bu alaydakı igidlikləri haqqında Ş.Nəzərli yazır: "Müxtəlif arxiv sənədləri, komandanlığa göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şuşalılardan ibarət süvari polku Kürəkdərə uğrunda gedən döyüşlərdə altmış minlik korpusa qarşı dönməz bir iradə ilə vuruşmuşdur. 1854-cü ildə osetinlərdən təşkil olunmuş milli alay da Fərəc bəyin alayına təhkim edilir”.
Arxiv sənədlərindən aydın olur ki, Fərəc bəy 1853-56-cı illərdəki sərkərdəlik fəaliyyətinə görə general-mayor rütbəsinə layiq görülür. Birinci dərəcəli "Müqəddəs Anna” ordeni ilə təltif edilən həmyerlimiz hərbi xidmətlərinə görə daha bir neçə orden və medallarla mükafatlandırılır.
Ömrünün 40 ilindən çoxunu rus imperiyasının ordusunda xidmət edən Fərəc bəy 1882-ci ildə general-leytenant rütbəsi ilə istefaya çıxaraq Tiflisdəki Xeyriyyə Cəmiyyətində çalışır və rus xanımı ilə yaşamağa davam edir. O, 1891-ci ildə, 80 yaşında Tiflisdə dünyasını dəyişir və öz vəsiyyətinə görə müsəlman adəti ilə dəfn edilir. "Nə kavaler olaraq, nə polkovnik olaraq, nə general olaraq, nə Nikolay Nikolayeviç olaraq... doğulduğu və dəfn olunduğu torpağa xidmət etmədi. Sonda peşman olub, "mənim ömrumu yedilər” deyibən getdi. Onu bağışlamaq olarmı?”
Bu gün 141 yaşını qeyd etdiyimiz milli mətbuatımızın yaradıcısı olan H.Zərdabinin ictimai-siyasi xadim kimi yetişməsində və həyati səhvlərə yol verməməsində onun əzizlərinin əməyi olduğu kimi Fərəc bəyin də böyük rolu olmuşdur. Elə buna görə də Fərəc bəyi bağışlamaq olar. Çünki Həsən bəy xalqı üçün sıradan biri olmayıb.
Qərənfil Dünyamin qızı
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər