AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nikol yenə də sərsəmlədi

Nikol yenə də sərsəmlədi

Siyasət
21 Fevral 2020, 16:48 1210
Baş nazir Tonoyanı da qurban verir?

Nikol Paşinyan yenə öz ampluasındadır. Sərsəm, başıpozuq, bir-birini təkzib edən bəyanatları ilə gündəmi tutmaqda davam edir. "Münxen fiaskosu”ndan qurtula bilməyən erməni baş nazir cəmiyyətdə ona qarşı yönəlik bəyanatları növbəti sərsəm açıqlaması ilə zərərsizləşdirməyə çalışıb. Ermənistan İctimai Televiziyasına müsahibəsində əvvəlcə prezident İlham Əliyevlə son görüşünü "dönüş əhəmiyyətli” olduğunu  bildirən baş nazir, Münxen debatını "uğuru” kimi qələmə verməyə çalışıb. Bununla da özünü erməni sosial şəbəkələrində gülüş obyektinə çevirib. Sanki neçə gündür ki, erməni sosial şəbəkələrində, mediada, siyasi dairələrdə tənqid olunan, gülüş obyektinə çevrilən Nikol deyil. Baş nazir özünü təmizə çıxarmağa çalışaraq bildirib ki, 2018-ci ilin mayından Azərbaycan beynəlxalq ictimaiyyəti inandırmağa çalışır ki, Ermənistan Qarabağın həlli prosesində destruktiv mövqe tutur. Onun qənaətincə, Münxendə diskussiya beynəlxalq ictimaiyyətə çox dəqiq şəkildə göstərdi ki, Ermənistan konstruktiv, Azərbaycan isə destruktiv mövqe tutur. Baş nazir Qarabağa dair növbəti avantürist bəyanatla çıxış edərək işğal edilmiş ərazilərin Azərbaycana qaytarılmasını istisna edib. Paşinyan birmənalı şəkildə deyib ki, işğal edilmiş ərazilərin qaytarılması barədə Azərbaycanla danışıqlar aparmaqdan imtina edir. "Bu haqda söhbət belə gedə bilməz”, - erməni baş nazir bildirib. Onun sözlərinə görə, Azərbaycanla ancaq Dağlıq Qarabağdakı rejimin "təhlükəsizliyi məsələsi” üzrə danışıqlar apara bilər. "Ərazilər məsələsi yoxdur, təhlükəsizlik məsələsi var”, - o, əlavə edib. Beləliklə, Paşinyan artıq neçənci dəfədir ki, müxtəlif formalarda avantürist bəyanatlar verərək danışıqlar prosesini pozur, faktiki olaraq danışıqların davamını istisna edir. Maraqlıdır ki, Paşinyana elə erməni siyasiləri və politoloqları cavab verir. "Bu cür formatlı ilk görüşə yüksək pilotaj səviyyəsində hazırlaşmaq lazım idi, lakin əslində gördük ki, Paşinyan bir çox məsələlərdə kifayət qədər biliklərə sahib deyil”. Bunu erməni politoloq Manuk Sukiasyan Münxendə baş tutmuş Əliyev-Paşinyan görüşü və debatına toxunarkən bildirib. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin tarixi, hüquqi, siyasi nüanslarının ABŞ, Rusiya və ya Fransa üçün tapmaca olduğunu və Nikol Paşinyan, yaxud İlham Əliyevin bunu aşkara çıxarmalı olduğunu düşünmür. Sukiasyanın sözlərinə görə, debat zamanı Paşinyanın əsas səhvi budur ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində o, beynəlxalq ictimaiyyətdən dinc nizamasalınma ilə bağlı çağırışlar gözləyir.
Sözsüz ki, Nikolun yuxarıda qeyd olunan avantürist açıqlama verməsinin səbəbi ölkə daxilində vəziyyətin gərginləşməsi ilə bağlıdır. Ən son əsgər ölümləri ilə bağlı vəziyyət kritik həddə çatıb. Tənqidlər və övladları hərbi hissələrdə ölən əsgərlərin analarının aksiyaları ölkəni bürüyüb. Yeri gəlmişkən, hökumət binası qarşısında aksiyalar səngimir. "Ayrı-ayrı şəxsiyyətlərdən başlayaraq rəsmi şəxslər bizə açıqlama verməlidirlər ki, niyə bizim əsgərlərimiz orduda rəqib gülləsindən yox, öz daxilimizdə ölürlər?” Bunu Ermənistan hökumət binası qarşısında etiraz edən bir qrup şəxs bildirib. Etiraz aksiyasının koordinatoru, "Helsinki Assosiasiyası” ictimai təşkilatının sədri Nina Karapetyants bildirib ki, son 40 gün ərzində Ermənistan ordusunda nəsə qəribə bir şey baş verir, çünki əsgərlər anlaşılmaz şəraitdə ölürlər. "İki vacib problem barədə söhbət gedir: sərhədlərimizin və ordunun təhlükəsizliyi. Orduda çox qəribə şeylər baş verir və söhbət uşaqlarımızdan gedir. Onlar başa düşmürlər ki, hansı şəraitdə rəqib gülləsindən yox, daxildə ölürlər”, - deyə o bildirib.
"1in.am” nəşrinə açıqlamasında erməni hüquq müdafiəçisi Vardan Harutyunyan Ermənistan ordusunda baş vermiş intihar hadisələrinə toxunarkən bildirib ki, orduda baş verənlər intiharlar mahiyyətcə qətldir, çünki gənclər intihar edirlər və onlar bu addımı yalnız o halda ata bilərdilər ki, onları intihar həddinə çatdıraydılar. Yəni bu hərbi hissələrdə elə şərait yaradılır ki, gənc özünə atəş açmaqdan başqa çıxış yol tapmır. Onun sözlərinə görə, nizamnamədənkənar münasibətlər hər zaman ordularda bu cür vəziyyət yaradıb. "Qeyri-qanuni varlananların siyahısının böyük hissəsi hərbçilərdir: əsgərlə məşğul olmaq əvəzinə bizneslə məşğul olublar”, - deyə Harutyunyan bildirib. Ermənistan parlamentinin "Mənim addımım” fraksiyasının deputatı Kristine Poqosyan da son həftələrdə orduda baş verən ölüm hadisələrinə istinad edərək bildirib ki, vəziyyət faciəvi olaraq qiymətləndirilir: "Baş verənlərin hamısı çox pisdir. Orduya mənfi təsir göstərə biləcək duyğulara və uyğun olmayan hərəkətlərə tab gətirə bilmərik. Ordu-cəmiyyət ayrılması (bölgüsü) olmamalıdır və olmayacaq da. Bu barədə danışanların hamısı, Ermənistan Respublikasının təhlükəsizliyinə ən pis xidmət edənlərdir”. Erməni hərbi və ictimai xadim Gevorq Gevorqyanın sözlərinə görə, Ermənistan ordusunda hökm sürən "isti” atmosferin bir nömrəli cavabdehi Nikol Paşinyandır. "Nikol Paşinyanın bölüşdürücü xətlərinə görə, orduda bu cür atmosfer var. Ordu haqqında danışmazdan əvvəl ordunu tanımaq lazımdır”, - deyə Gevorqyan bildirib. Bütün bunların fonunda isə çox güman ki, Paşinyan müdafiə naziri Davit Tonoyanı istefaya göndərəcək. Onun başı üzərində qara buludların toplandığını erməni mediası yazır. Orduda son zamanlar qeydə alınmış 10-dan artıq ölüm hadisəsi fonunda Tonoyanın mövqeləri kifayət qədər zəifləyib.

Azər