• cümə, 29 Mart, 17:52
  • Baku Bakı 14°C

Nigeriyalı Nik Azərbaycan vətəndaşı olmaq istəyir – Ailə

17.02.14 08:18 4947
Nigeriyalı Nik Azərbaycan vətəndaşı olmaq istəyir – Ailə
“Lalə qohumlarımızın gördüyü ilk azərbaycanlı idi və onlarda belə bir təəssürat yarandı ki, Azərbaycanda bütün qızlar Lalə kimi gözəl, mehriban, qoçaq, zəhmətkeş və ailəcanlıdır. Mənə dedilər ki, Lalə kimi on dənə qız olsa, övladlarımız üçün alardıq”.
“Biz bir gümüş üzüklə evlənmişik. Toyumuzda xonçalar da olmadı. Amma ailə qurandan sonra qohum-qonşunun toyuna gedəndə heç vaxt Nikin üzünə vurmamışam ki, qızılım yoxdur, niyə mənə qızıl gətirməmisiniz və s. Maddi cəhətdən imkanımız zəif olanda heç vaxt ayaqlarımı dirəmirəm ki, “mütləq mənə bunu almalısan”. Nə isə əskik olanda ancaq yoldaşımı fikirləşirəm ki, təki onu incitməyim”.
Bu sözləri bizimlə söhbətində Nigeriyadan olan Nik Nvolisa və onun azərbaycanlı həyat yoldaşı Lalə Nvolisa bildirdi. Qeyd edək ki, sözügedən cütlük 7 ildir ki, ailə qurub Azərbaycanda yaşayırlar və iki övladları var: Joel və Ancella. Redaksiyamıza təşrif buyuran qonaqlarımızla yaxından tanış olduq.
“Əksər azərbaycanlılar kimi toyda tanış olmuşuq”

Nik Nvolisa deyir ki, 23 yaşında ikən Azərbaycanda təhsil alan əmisi oğlunun məsləhəti ilə 2005-ci ildə ölkəmizə oxumağa gəlib. Nigeriyada neft şirkətində çalışan Nik Azərbaycanda Slavyan Universitetinin Jurnalistika fakültəsini bitirib. Elə oxuya-oxuya əvvəlcə Beynəlxalq Avrasiya Mətbuat Fondunda könüllü kimi çalışıb, sonra proqram rəhbəri olub. Hazırda işləmir və Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə Diplomatiya Akademiyasında MBA (biznesin təşkili və idarə edilməsi üzrə magistratura – L.M.) təhsili alır. Lalə ilə tanışlığının tarixçəsinə gəlincə, gülərək deyir ki, əksər azərbaycanlı oğlanlar kimi o da Laləni toyda görüb bəyənib: “2007-ci ildə ortaq dostumuzun toyu idi. Eyni masada əyləşmişdik. O qırmızı geyinmişdi və diqqətimi cəlb etdi. Elə toydaca söhbətləşməyə başladıq”.
Toyda Nik də Lalənin diqqətindən qaçmır: “Dost kimi danışdıq, gördüm ki, düşüncələri fərqlidir, savadlı və maraqlı insandır. Sonra mən sürücülük vəsiqəsi aldım və bu, görüşməyimiz üçün bir bəhanə oldu. Toyda tanış olduğumuz bir neçə uşaqla yığışıb sürücülük vəsiqəsi almağımı qeyd etdik. Bundan sonra Niklə münasibətlərim daha da möhkəmləndi”.
“Ailə qurandan sonra xristianlığı qəbul etdim”

Nigeriyalı oğlanla ailə qurmağa necə qərar verməsinə gəlincə, Lalə deyir ki, uşaqlıqdan düşüncələri fərqli olub: “Mənə elə gəlirdi ki, məni heç kim başa düşmür. Amma Niklə söhbətimiz tuturdu. Anama ürəyimi açdım. Əvvəlcə razılaşmadı ki, əcnəbi, özü də Afrikadan. Dedim “gəlsin, görüşün, xoşunuz gəlməsə, evlənmərik”. Amma əslində “yox” demək fikrində deyildim. Nik bizə gəldi və mən anam, qardaşım və Nik arasında tərcüməçi rolunu oynadım. Eyni zamanda, Nik əllə-qolla da fikirlərini izah etməyə çalışırdı. Anamgil Niki çox bəyəndilər, istiqanlı olduğunu dedilər. Beləliklə, tanış olduğumuz ili də ailə qurmağa qərar verdik. Yeni ailə qurduğumuz ilk illərdə insanlar bizi başa düşmürdü. Yolda bəzi xoşagəlməz sözlər deyirdilər, amma cəmiyyətin fikri mənim üçün önəmli deyildi. Düşünürdüm ki, əsas mənim xoşbəxtliyimdir. Amma indi bizi uşaqlarla görəndə insanların çox xoşuna gəlir, tanımadığımız adamlara da maraqlı gəlirik”.
Nik deyir ki, Nigeriyada oğlanlar yaxşı iş, ev və maşın sahibi olandan sonra evlənirlər: “Amma Azərbaycanda bu, belə deyil. Gördüm ki, Azərbaycanda bunlarsız da 25 yaşında evlənmək mümkündür. Düzdür, könüllü kimi çalışdığım təşkilatda azərbaycanlı qızla evlənmək istədiyimi deyəndə, mənə gülürdülər. Sonra Nigeriyada yaşayan atama dedim. Atam bildirdi ki, hərdən ürəyin istədiyin şeyi əldə etmək çətin olur, amma sən ürəyinin səsinə qulaq as. Mən də belə etdim. İndi məndən haralı olduğumu soruşanda, Azərbaycandan olduğumu deyirəm. Çünki sizdə belə bir misal var ki, həyat yoldaşın haralıdırsa, sən də oralısan”.
Nigeriyalı müsahibimizin xristian olması həmyerlimiz üçün problem yaratmayıb: “Əslində Nikin xristian olmasına çox sevindim. Çünki İsaya böyük məhəbbətim vardı. Hələ evlənməmişdən əvvəl birlikdə tez-tez kilsəyə gedirdik. Ailə qurandan sonra mən də xristianlığı qəbul etdim”.
“Təzə evlənəndə mən od, Nik su olurdu”

Lalənin sözlərinə görə, evliliklərinin ilk dövrlərində bütün ailələrdə olduğu kimi kiçicik söz-söhbətləri olub: “Təzə evlənəndə həmişə mən od, Nik su olurdu. Amma Nikdən çox şey öyrəndim. Mənim qonşuda, evdə gördüklərim tamam fərqli idi. Əgər mən onlarla getsəydim, ailəmiz dağılardı. Nik hərəkətləri ilə mənə göstərirdi ki, cütlüklər bir-birinə güzəştə getməyi bacarmalıdır. Mən başa düşməyəndə, qarşısına qoyub başa salırdı ki, “bu sözü belə desəydin, daha yaxşı olardı”. Elə adam var ki, mənfi cəhətini bilir, amma dəyişmək istəmir. Amma mən Nikin köməkliyi ilə mənfi xasiyyətlərimin üzərində işlədim və düzəltdim”.
Ailə kurslarına getdiklərini deyən Lalə bunun onlar üçün çox böyük əhəmiyyəti olduğunu bildirdi: “Kilsədən tanış olduğumuz 30 il evli olan əcnəbi dostlarımız öz evlərində yaxın adamlar üçün ailə kursları keçirdilər. Kurs çox maraqlı idi, DVD-də müxtəlif filmlər göstərir, oxumaq üçün kitablar, ev tapşırıqları verirdilər. Bu kursun ailəmizin təməlini qoymaqda çox böyük köməyi oldu. Kilsədə indi də hər bazar günü ailəni necə saxlamaq lazım olduğundan, insanlarla rəftardan, bir-birinə hörmət və sevginin vacib olduğu barədə söhbətlərə qulaq asırıq”.
Evlənərkən iki müxtəlif xarakterli insanın bir yerdə yaşamağa qərar verdiyini deyən Nikin fikrincə, əsas olan bu müxtəliflikdə ortaq məxrəc tapmaqdır: “Həyatda çətinliklər olur, amma biz xoşbəxt olmağa çalışırıq. Mən demirəm ki, hər şey 100 faiz əladır. Əsas odur ki, nəsə problem yarananda ondan nəticə çıxarır və nəsə öyrənirik”.
Lalə deyir ki, problemləri olanda öz aralarında həll etməyə çalışırlar: “Amma bunun üçün gözləyirik ki, hirsimiz soysun, sonra söhbətləşək”.
Qeyd edək ki, müsahiblərimiz 2 uşaqla birlikdə 7 ildir ki, 1 otaqlı mənzildə kirayədə qalırlar. Ancaq dediklərinə görə, bu, heç vaxt onlar üçün problem yaratmayıb. Lalə çətin də olsa, öz ayaqları üstündə dayanmağa çalışdıqlarını bildirdi: “Mən hazırda beynəlxalq məktəbdə müəllim köməkçisi kimi çalışıram. 7 ildir ki, ailəliyik və əl-ələ verib işləyib ailəmizi saxlayırıq. Maddi cəhətdən çətinliklə üzləşdiyimiz vaxtlar da olur, amma bunu problem etmirik və nə tapırıqsa, şükr edib, onunla da dolanırıq. Çalışırıq ki, heç kimdən asılı olmayaq”.
“Təşəkkür etməyi və üzr istəməyi bacarırıq”

Əcnəbi həmsöhbətimiz ailələrinin möhkəm olmasının sirlərində də danışdı, hətta azərbaycanlı gənclərə məsləhətlərini də əsirgəmədi: “Hesab edirəm ki, ilk növbədə ər-arvad daim bir-biri ilə ünsiyyətdə olmalıdır. Əks təqdirdə bir-birini başa düşməyəcək. Hər hansı bir problem olanda qarşı tərəfə nə hiss etdiyini demək və onun nə hiss etdiyini mütləq öyrənmək lazımdır. İkincisi, bir-birinə hörmət vacib şərtdir. Üçüncüsü, ailədə sevgi olmalıdır və bunu hər zaman qarşı tərəfə bildirməlisən. Dördüncüsü, cütlüklər daim bir-birinə kömək etməlidir. Ev işindən tutmuş digər işlərə qədər hər bir işi birlikdə görməlidirlər”.
Lalə də ailə təcrübəsini bizimlə bölüşdü. Onun sözlərinə görə, ilk növbədə bağışlamağı bacarmaq lazımdır: “Atamla anam mən anadan olmamış ayrıldıqlarına görə atasızlığın nə olduğunu bilirəm. Heç vaxt istəmərəm ki, uşaqlarımız valideynsiz böyüsün. Buna görə hər ikimiz maksimum dərəcədə ailəmizin möhkəm olmasına çalışırıq. Hər gün bir-birimiz, uşaqlarımız və dostlarımız üçün dua edirik. Həmişə yeni ideyalarımızı bir-birimizlə bölüşürük. Hər gün bir-birimizə yaxşı sözlər deyir, tərifləyir, sevgimizi bildiririk. Təşəkkür etməyi və üzr istəməyi bacarırıq. Bibliyada yazıldığı kimi, qürur saxlamırıq. Yoldaşım mənə evdə uşaqlarla bağlı işlərdə çox kömək edir. Bütün azərbaycanlı qızlara belə oğlan arzulayıram”.
“Nikin atası anasından qalma üzüyü mənə bağışladı”

Lalənin fikrincə, evləndikdən sonra cütlüklər birlikdə əylənməyi unudurlar: “Amma bizdə belə deyil. Vaxtımız olduqca və ən əsası maddi imkanımız olduqca təzə tanış olduğumuz vaxtlardkı kimi Niklə görüşə çıxırıq. Özəl günlərdə evdəki ab-havanı romantik etməyə çalışıram. Şamlar, qızıl gül ləçəkləri və s. Bu, Nikin çox xoşuna gəlir. Normal günlərdə çalışırıq ki, uşaqları yatırandan sonra rahat bir yerdə əyləşib sevdiyimiz yeni filmləri izləyək. Hərdən futbola da baxırıq. Heç vaxt bir-birimizin valideynləri haqqında pis danışmırıq, qeybət etmirik. Evləndikdən sonra Nikin atası öz anasından qalma üzüyü mənim üçün göndərmişdi. Özümü onda şahzadə kimi hiss etdim. Mənə dəyər verildiyinə görə çox sevinmişdim”.
Lalə bizimlə söhbətində dönə-dönə qızlarımıza məsləhət gördü ki, əgər ailələrinin dağılmasını istəmirlərsə, analarına heç nə deməsinlər: “Analar adətən qızlarının ailə işinə qarışır və özləri də bilmədən övladlarının ailəsini dağıdırlar”.
Uşaqlar iki dildə danışır

Nik deyir ki, onlar maksimum dərəcədə xırda şeylərlə də xoşbəxt olmağa çalışırlar: “Çox vaxt uşaqlarla birgə evdə ailəvi oyunlar oynayırıq. Ailə ilə birlikdə vaxt keçirmək çox vacibdir. Uşaqlar da bunu xoşlayır, sevildiklərini hiss edirlər”.
Uşaqları hansı adət-ənənələrlə tərbiyə etdiklərinə gəlincə, Lalənin sözlərinə görə, onları həm Azərbaycan, həm Nigeriya, həm də digər ölkələrin ən yaxşı adət-ənələləri ilə böyüdürlər: “Çalışırıq ki, onlarda kompleks olmasın və fərqli dinə, dilə, görünüşə malik insanlara pis yanaşmasınlar. Oğlum Joel bu il birinci sinfə gedəcək. Qızım Ancellanın isə dörd yaşı var. Mən uşaqlarla Azərbaycan, Nik isə ingilis dilində danışır. Buna görə də həm Azərbaycan, həm də ingilis dilini bilirlər. Çox istərdik ki, uşaqlarımız ingilis dilli orta məktəbdə oxusunlar, amma hələ ki, buna imkanımız çatmır”.
“Azərbaycan vətəndaşı olmaq istərdim”

Azərbaycanlı gəlin əcnəbi həyat yoldaşının ailəsi ilə evləndikdən 6 il sonra, ötən il görüşə bilib: “Nikgil bir qardaş, 3 bacıdırlar. Anası müəllimə, atası biznesmendir. Qardaş və bacıları hər ikisi ali təhsillidir. Nigeriya çox isti olduğuna görə düşündük ki, uşaqları ora aparsaq, hava dəyişkənliyinə dözməzlər. Buna görə Nikin qohumlarının çoxu Amerikada yaşadıqlarından onun valideynləri ilə sözügedən ölkədə görüşdük. Yalnız bundan sonra özümü ailənin içində hiss etdim”.
Lalə deyir ki, Nik təhsilini başa vurandan sonra növbə ona çatacaq: “Nik 4-cü universitetdir ki, təhsil alır. Ona demişəm ki, professor adını al, sonra mənim növbəmdir. Çünki hər ikimiz oxusaq, uşaqlarla çətin olar”.
Nik də gələcək planlarından danışdı. Bildirdi ki, planları arasında çox varlı olmaq da var: “ADA-da təhsilimi başa vurub yaxşı bir işdə işləmək və həyat yoldaşıma, balalarıma yaxşı bir həyat bəxş etmək istəyirəm. Eyni zamanda, Azərbaycan cəmiyyətinə əlimdən gələn köməyi etmək fikrindəyəm. Buna görə də hazırda da bir sıra QHT-lərlə könüllülük prinsipi ilə çalışıram. Azərbaycanı öz ana vətənim sayıram. Çünki ailəm buradadır. Gələcəkdə Azərbaycan vətəndaşı olmaq istərdim”.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər