• çərşənbə axşamı, 16 aprel, 17:18
  • Baku Bakı 19°C

Nigar Arpadarai: Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı var

24.03.20 17:30 817
Nigar Arpadarai: Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı var
65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağa tətbiq etməklə dövlətimiz risk qrupuna daxil olan yaşlı vətəndaşlarımızı qorumağa çalışır.
Bunu Trend-ə Milli Məclisin deputatı Nigar Arpadarai deyib.
Deputat xatırladıb ki, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejimin tətbiq edilməsi haqda qərar qəbul edilib:
"Qəbul olunmuş qərarda göstərilən ilk müddəa 65 yaşdan yuxarı insanların evdən çıxması ilə bağlı qadağanın qüvvəyə minməsidir. Bu qərar gözlənilən idi, çünki dövlətimiz yaşlı vətəndaşlarımızı qorumağa çalışır. Eyni zamanda başa düşürəm ki, bu məhdudiyyət ağsaqqallarımız üçün mənəvi cəhətdən narahatlıq yarada bilər. Bu çətin məqamda biz yaşlılarımıza dəstək olmalıyıq. Az da olsa, bacardığımız qədər onların gündəlik qayğılarının həll olunmasına çalışmalıyıq.
Xüsusilə, tənha yaşayan yaşlı qohum, qonşunuzu göz önünə alın. Onlara həm mənəvi, həm maddi dəstək olmalıyıq. Önəmlisi odur ki, yaşlı qohum-qonşumuzu yoluxdurmamaq üçün onlarla ünsiyyət zamanı gigiyena qaydalarına riayət etməyi unutmayaq.
Məhz belə məqamlarda biz birləşib dövlətimizə və bir-birimizə arxa ola bilərik! Yaşlılarımızı qoruyaq, çünki onların buna ehtiyacı var”.
Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Qaydalara uyğun olaraq 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir.
Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsinin təmin edilməsi tapşırılıb.
banner

Oxşar Xəbərlər