“Nəzəri-konseptual sayıqlamalar”
Bilgə
Pippalada deyir ki, "həyat qüvvəti”, yəni can, ruh GÜNƏŞ, onu şəkilləndirən,
maddiləşdirən isə AYdır.
Bilirik
ki, Ay saçdığı işığı, əslində, Günəşdən alır. Aktyor və rejissor münasibətləri
də, təxminən, belə formalaşır. Bu cür teatr düşüncəsinə görə, aktyor
müəlliflərin (dramaturq və rejissor) fikrini şəkilləndirən, biçimləndirən
materiyadır. Yəni işıq, əslində, rejissor və əsər müəllifindən gəlir, aktyor
isə onu əks etdirən güzgü-materiya rolunu oynayır. Fövqəlmarionet ideyasının
müəllifi Q.Kreq hesab edirdi ki, insanın fərdiyyəti və bədəni təsadüfi
informasiyalarla doludur: "Sənət heç bir təsadüf tanımır, buna görə də aktyorun
bizə (özbaşına) təqdim etdiyişey sənət deyil”. Q.Kreqin fövqəlmarioneti
aktyorun "bədənsizləşmiş bədən”i (E.F.Lixte) üzərində quraşdırılmış yeni
"teatral bədən-loqos bədən” idi. Rus teatr məktəbində isə məsələ bir az
da mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən səhnədə hərəkətin "üzvi surətdə”
doğmalı olduğunu deyən "urus”lar digər tərəfdən tamaşanın bütün
informativliyini rejissorun təyin etdiyi mizan partiturasına yükləyir, mizan
partiturasını rejissorun "dil sistemi” adlandırırdılar. Deməli, aktyorun "üzvi
hərəkəti” rejissorun çərçivəsi – konseptual sxemi içərisində doğulmalı idi. Ona
görə V.Meyerhold aktyor üçün "tabelik içində azadlıq” formulunu irəli sürür və
fikrini belə ifadə edirdi: "Səhnədə hər şey aktyorun ruhunun "pərdə”lərini
açmağa xidmət etməlidir. Bu ruh isə əvvəlcə (rejissor vasitəsiylə) dramaturqun
ruhuyla bütövləşməlidir”. Şərq teatrında isə aktyor, sadəcə, lövhədir. Məsələn,
Kathakali teatrında bu lövhəyə bütöv bir gələnək, bütöv bir dastan, bütöv bir
fəlsəfə yazılır. Aktyorun bədəni işarələrin harmonik birgəliyinə – "semiotik
sistem”ə çevrilir. Şərqdə teatr öz ritual başlanğıcını qoruyub saxlayır, hər
bir tamaşa sakral ünsiyyəti modelləşdirir, aktyoru öz hisslərini,
emosiyalarını, bədənini idealizə etmək imkanından məhrum edir. Burada davranış
və bədən real yaşantılara və davranış qəliblərinə tamamilə yadlaşır – "qutsal
bədən” və "qutsal davranış”a çevrilir. Nədən ki, sən Tanrıları öz öləri
hisslərinlə, öləri bədəninlə "təmsil” edə bilməzsən. Tanrını "yaratmaq” üçün
əvvəlcə özün itib-batmalı, "mən”indən qurtulmalı, emosiyalarını "neytral
nöqtə”yə endirməli, YOX (!) olmalısan.
Təxminən,
keçən əsrin əvvəllərindən etibarən psixoanalitik konsepsiyalar və fərdin
mürəkkəb psixoloji aparatı sənətin "diqqət mərkəzi”ni tamamiylə işğal etdi.
Teatr başladı "mən”in bilinməzlikərindən boylanan mətləblərlə əlləşməyə,
modernizmin sənətə pərçimlədiyi universal fikir, "bəşəri ideya” imperativləri,
postmodernizmin "meyarsız sənət” genişliyində itib-batdı və postdramatik teatr
artıq, necə deyərlər, fərdin "təntənəsi”nə çevrildi. Bu vaxtadək hər hansı
ideyanı güzgüləyən aktyor artıq özü dönüb "ali ideya” oldu, teatrda aktyor
yaradıcılığı rejissor yaradıcılığı ilə kəllə-kəlləyə dayandı. Məsələn, Mixail
Çexovun Rudolf Şteynerin antroposofiya təlimindən bəhrələnib yaratdığı aktyor
"texnikası” teatr sənətində aktyor yaradıcılığının dominantlığını tanıyır.
Düşünürəm, postdramatik teatrda zaman və məkan fərdin "mən”inin
koordinantlarında qurulur, onun ekzistensial dünyasını eyhamlaşdırır. Deməli,
bu dəmdə aktyor özünü oyununun həm ideyasına, həm də materiyasına çevirir.
Amma
və bütün deyilənlərə rəğmən, teatr özünün "O-MƏN-SƏN” gerçəkliyini qoruyub
saxlayır. Bu teatrın ünsiyyət formuludur. Ünsiyyət teatrın fenomenidir, yəni
özəyi, mahiyyəti, yeganə dəyişməzliyi, mütləq həqiqətidir. Yuxarıda da
göstərdiyimiz kimi, bəzi teatr konsepsiyalarına görə O (müəllif, ideya, loqos),
dominantlığını qoruyub saxlayır, "MƏN”i (aktyor) özünün "ifadə vasitəsi”nə
çevirir, bir başqalarında isə "MƏN”(aktyor) "O”nu özü üçün bəhanəyə çevirib
oynayır. İstənilən halda "O” ilə "MƏN” bir-biriylə simbioz münasibətdə özlərini
dərk edirlər və istənilən halda "SƏN”, yəni tamaşaçı ilə ünsiyyətə can atırlar.
Əgər bu ünsiyyət varsa, teatr var. "SƏN” (seyrçi, tamaşaçı) heç bir konsepsiya,
filan qəbul etmir, ona sadəcə ünsiyyət və bu ünsiyyətdən doğan "mənəvi proses”
maraqlıdır!
Beynimi
kəndirləyib teatr sənətinin quyusuna "sallamağa” çalışdım. Heç bir-iki metr
enməmişdi ki, "yandım…yandım!” çığırdı. Ondan yana HƏLƏ Kİ, çox dərinə getmirəm
(gedə bilmirəm!), eləcə aktyor sənəti haqda bir dənə "TƏRİF” qondarıb aradan
çıxıram: "Aktyor səhnədə özünü rejissorun ona təklif etdiyi prizmadan bir daha
(bir daha… bir daha… bir daha…) kəşf edən və kəşf etdiyini resipientlə
(seyrçiylə) bölüşməyi bacaran yaradıcı şəxsiyyətdir”.
Bu növ
pay-bölüşə psixologiyada kondision ünsiyyət deyilir, yəni "psixi və fizioloji
vəziyyətin mübadiləsi” ilə müşayiət olunan ünsiyyət.
(ardı
var…)
Dağlar Yusif