Nəzarətsiz ərazilər narkotiklərin yetişdirilməsi üçün istifadə edilir
Dağlıq Qarabağın və ətraf rayonların Ermənistan tərəfindən işğal
edilməsi Azərbaycana çox ciddi maddi və mənəvi ziyan vurub. Bundan başqa,
nəzarətsiz ərazilər separatçılar tərəfindən narkotiklərin əkilməsi və daşınması
üçün "münbit” bölgəyə çevrilib. Uzun illərdir ki, Azərbaycan rəsmiləri,
deputatlar və eləcə də qeyri-hökumət təşkilatının nümayəndələri iştirak
etdikləri beynəlxalq təşkilatlarda, tədbirlərdə bunu açıq şəkildə bəyan
edirlər. Bir neçə gün əvvəl Milli Məclis sədrinin birinci müavini Ziyafət
Əsgərovun başçılığı ilə nümayəndə heyəti Rusiya Dövlət Dumasında
"Parlamentarilər narkotiklərə qarşı” adlı beynəlxalq konfransda bu məsələyə
yenidən diqqətə çatdırılıb. Belə ki, konfransın plenar iclasında çıxış edən Z.Əsgərov
narkotik vasitələrin yayılması və ticarəti ilə mübarizə qlobal miqyasda,
beynəlxalq səviyyədə əməkdaşlıq şəraitində aparılmalı olduğunu qeyd edib: "Müxtəlif
şüarlar, eləcə də öz müqəddəratını müəyyən etmə hüququnun beynəlxalq hüquq
prinsiplərinə uyğun olmayan interpretasiyası altında suveren dövlətlərin
ərazilərində istənilən qanunsuz fəaliyyətin, o cümlədən narkotiklərin qeyri-qanuni
dövriyyəsinin həyata keçirildiyi "boz zonalar” yaradılır. Bu, Azərbaycan
Respublikasında, xüsusilə Dağlıq Qarabağla bağlı ciddi narahatlıq doğurur.
İşğal olunmuş Dağlıq Qarabağda ölkənin mərkəzi hakimiyyətinin fəaliyyəti
tamamilə istisna edilib. Bu isə müxtəlif cinayətkar qrupların, o cümlədən
narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupların fəaliyyəti
üçün münbit zəmin yaradır”.
Dəfələrlə Azərbaycan tərəfinin bu məsələyə diqqəti cəlb etməsinə
baxmayaraq, nədənsə, beynəlxalq aləm buna laqeyd münasibət göstərir. Görəsən,
dünya ictimaiyyəti Qarabağdakı narkotiklərin əkilməsinə və daşınmasına niyə göz
yumur?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki,
problem təkcə Azərbaycanın deyil, dünyanındır: "Həqiqətən də nəzarətdən kənarda
olan işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonlardakı vəziyyət bu gün
narkotik vasitələrin yetişdirilməsi və narkotrafikin bir hissəsinə çevrilməsi
üçün çox ideal bir şərait yaradır. Dünya bu gün təhlükənin haradan gəlməsini
görməlidir. Çox təəssüf ki, dünyada ikili standartların olması bu məsələnin
ictimailəşməsinə mane olur. Hesab edilir ki, bu gün erməni millətçilərinin
Azərbaycan torpaqlarına iddiasını müdafiə etməklə, bu "xırda hadisəni” də
ört-basdır etmək olar. Nəticədə isə Avropa gözlənildiyindən daha ağır
faciələrlə üzləşir”.
A.Mirzəzadə əlavə etdi ki, vaxtı ilə erməni separatizminə əhəmiyyət
verilməməsi Kataloniya hadisələrinə gətirib çıxardı: "Azərbaycanın Dağlıq
Qarabağ problemi və həmin ərazidə narkotik vasitələrin yetişdirilməsi dünyanı
ciddi narahat etməlidir”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, harada
separatçı bölgə varsa, orada qeyri-qanuni iqtisadi fəaliyyət mövcuddur: "Dağlıq
Qarabağdakı ermənilərin də hər zaman maliyyəyə ehtiyacı var. Bu nəzarətsiz
bölgədir və həmçinin İranla sərhəddədir. Müxtəlif zamanlarda bizim İranla sərhədimizdə
də hüquq-mühafizə orqanları tərəfindən narkotiklər saxlanılıb. İstisna deyil
ki, Qarabağdakı nəzarətsiz bölgədən İrandakı mafiya qrupları da öz məqsədləri
üçün istifadə edir. Normal ölkə heç vaxt bu cür qazanca razı olmaz. Amma işğal
olunmuş Azərbaycan əraziləri separatçıların əlindədir. Böyük ehtimalla erməni
separatçıları narkotiklərin əkilməsi və onun daşınması ilə məşğuldurlar. Eyni
zamanda, Ermənistan da separatçılara dəstək verir ki, onların əlavə maliyyə
mənbələrinə çıxış imkanları olsun”.
E.Şahinğolunun sözlərinə görə, uzun illərdir ki, Azərbaycan
rəsmiləri, vətəndaş cəmiyyəti institutları bu problemi beynəlxalq
təşkilatların, siyasətçilərin diqqətinə çatdırılır: "Amma çox təəssüf ki, ciddi
reaksiya yoxdur. Ona görə də Dağlıq Qarabağ üzərindən narkotrafikə son
qoyulmasının yeganə şərti torpaqların işğaldan azad olunması və orada
Azərbaycanın nəzarətinin gücləndirilməsidir. Bu səbəbdən də məsələnin
beynəlxalq təşkilatların, xarici diplomatların diqqətinə çatdırılmasının əsas
məqsədlərindən biri də budur ki, Dağlıq Qarabağ üzərində nəzarət təmin
olunmalıdır. Bu olmadan Qarabağdakı separatçı rejim "boz bölgə” kimi istədiyini
edəcək. Çünki Qarabağdan keçirilən narkotik maddə birinci növbədə Avropa
ölkələrinin vətəndaşlarını zəhərləyir. Ona görə də Avropa ölkələri əslində bu məsələyə
maraq göstərməlidirlər”.
Bəxtiyar MƏMMƏDLİ