AZE | RUS | ENG |


Nəzarət altında saxlanılan şagird – Keçmişdəki mən

Nəzarət altında saxlanılan şagird – Keçmişdəki mən
İlham Namiq Kamal: “İstedadlılara kömək etmək lazımdır, kömək olmayanda da gərək mane olmayasan”


 
Deyir ki, insanı saflaşdıran, ona xeyirlə şəri, yaxşıyla pisi aşılayan yeganə vasitə kitabdır. Onun fikrincə, gənclərimiz kitabdan nə qədər uzaqlaşsalar, bugünkü nəsil bir o qədər geri gedəcək. Buna görə də həmişə deyir ki, kitab, kitab, yenə də kitab. Müsahibimiz Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru kafedrasının müdiri, professor,  Azərbaycan Dövlət Musiqili Teatrın aktyoru və rejissoru, Şöhrət ordenli xalq artisti, Prezidentin fərdi təqaüdçüsü İlham Namiq Kamaldır.   
 
"Kitabxanada oxumadığım kitab qalmamışdı”
 
Əslən Şamaxıdan olsa da, Bakıda dünyaya göz açıb. Babası Ağacəfər Əhmədov manufaktura tacirlərindən olub və 1902-ci ildə Şamaxıda baş verən zəlzələdən sonra ailəsini götürüb Bakıya gəlib. Atası Namiq Kamal mühəndis-energetik olub, uzun illər zavodda çalışıb. Anası evdar qadın olub. Ailədə böyüyən üç qardaşdan ikisi aktyorluq sənətini, kiçik qardaş isə babasının yolu ilə gedərək biznesi seçib.
Uşaqlığı həm Bakıda, həm də Şamaxıda keçib. Orta məktəbdə yaxşı oxuduğundan, fəal şagird olduğundan özünə arxayınlığı ilə seçilib. 5-ci sinifdə oxuyanda evlərinin yaxınlığındakı kitabxanada, demək olar, kitabların hamısını oxuduğunu bildirir: "O vaxt kitaba böyük həvəs var idi. Tələbələrimə də həmişə deyirəm ki, insanı saflaşdıran, ona xeyirlə şəri, yaxşıyla pisi aşılayan yeganə vasitə kitabdır. Gənclərimiz kitabdan nə qədər uzaqlaşsalar, bugünkü nəsil bir o qədər geri gedəcək. Ona görə də həmişə deyirəm ki, kitab, kitab, yenə də kitab”.
Müsahibimiz məktəbdə oxuduğu dövrlə bağlı maraqlı xatirəsini də bizimlə bölüşdü: "Sinif rəhbərimiz Əli Heydər Qasımzadə idi. O vaxt biz sinifdən sinfə keçəndə bizə xasiyyətnamə yazırdılar. Xasiyyətnamənin yazıldığı iş dəftərini indi də saxlayıram. Yeddinci sinifdə xasiyyətnaməmdə belə yazılmışdı: İlham Namiq Kamal oğlu çox fəaldır, şagird yoldaşları arasında böyük hörməti var. Təşkilatçılıq qabiliyyəti həddindən artıq yaxşıdır. Axırda da bir cümlə yazılmışdı: nəzarət altında saxlanılan şagirdlərdən biridir. Yəni, şuluq uşaqdır, boş buraxmaq olmaz (gülür – L.M.)”.
 
Teatra maraq necə yaranır?
 
İ.Namiq Kamal aktyorluğa, teatra yaranan marağını da bizimlə bölüşdü: "Məktəbdən bizi tez-tez teatrlara aparırdılar. O vaxt Bakıda böyük teatr bumu var idi. İndi gəncləri idmana cəlb etmək yönündə işlər görülürsə, o vaxt gənclər teatra həvəsləndirilirdi. Azərbaycanın elə bir ucqar kəndi yox idi ki, orada dram dərnəyi olmasın. Biz instituta daxil olanda artıq sənət haqqında bütün kitabları oxumuşduq, teatr, aktyorlar, rejissorlar haqqında məlumatımız var idi. Bizi orta məktəbdən teatrlara o qədər aparırdılar ki, nəticədə bu sehrli aləm məni özünə çəkdi. Bütün mədəniyyət saraylarında teatr dramları var idi. Həvəs də oradan da yarandı”.
Qardaşı Cəfərlə birlikdə 4-5-ci sinifdən Yasamal rayonundakı  Mədəniyyət Evində əməkdar artist Məmmədağa Dadaşovun dərnəyinə getməyə başlayırlar. Sonra isə 26-lar adına Mədəniyyət Sarayındakı xalq teatrında xalq artisti Lütfi Məmmədbəyovun rəhbərliyi altında bu sənətlə həvəskar şəkildə məşğul olmağa başlayır. Bu həvəs ixtisas seçimi zamanı özünü göstərir: "Xalq Teatrında həm də İncəsənət İnstitutunun  imtahanlarına hazırlaşırdıq. Xalq Teatrı elə bil hazırlıq kursu idi. Lütfi müəllim də həddindən artıq qayğıkeş, nəcib, alicənab insan idi”.
 
"Evdə elə bilirdilər ki, bu, həvəsdir”
 
Orta məktəb dövründə məşqlərə getməsi valideynlərini narahat etmir: "Onlar elə bilirdilər ki, bu bir həvəsdir. Qohumlar da düşünürdülər ki, mən filologiya fakültəsini seçəcəyəm. İncəsənət İnstitutunda imtahanlar iyunda, başqa institutlarda avqustda idi. Mən sənədlərimi İncəsənət İnstitutuna verdim və qəbul olduqdan sonra tələbə biletimi valideynlərimə təqdim etdim. Dedilər ki, bizim nəsildə heç aktyor olmayıb və s. Amma sonradan yavaş-yavaş alışmağa başladılar”.
SSRİ xalq artisti Adil İsgəndərovun və Azərbaycanın xalq artisti Rza Təhmasibin kursunda təhsil alır. Tələbə vaxtı fransız ədibi Jan-Batist Molyerin "Jorj Danden” satirik komediyasının tamaşasında baş qəhrəman rolunu uğurla oynayır. Onu institutun Tədris Teatrının aktyor truppasına qəbul edirlər: "İkinci kursdan işə başladım, 1968-ci ildən artıq mənə əmək kitabçası açıldı. Həm əyani şöbədə oxuyur, həm də aktyor kimi fəaliyyət göstərirdim. Ayda 95 rubl maaş alırdım. Bu, böyük pul idi. O vaxt qoyun ətinin kiloqramı 2 rubl, mal əti 1 rubl 90 qəpik idi. Mən, 95 rubla hər ay özümə bir kostyum ala bilirdim. Evdən mənim puluma ehtiyac olmadığından bu pulla özümü rahat dolandıra bilirdim”.
 
Gəncləri sevmək lazımdır
 

Professional səhnədə ilk rolu Tədris Teatrında olur. Anton Çexovun "Elçilik” tamaşasında Lomov rolunu alır: "Əsəri isə rejissorluq fakültəsində oxuyan Ceyhun Mirzəyev səhnələşdirirdi. Tələbələrin hazırladığı bir tamaşanın çox uğurlu olması o vaxt çox səs-küyə səbəb oldu”.
Daha sonra fəaliyyətini Akademik Milli Dram Teatrında aktyor kimi davam etdirir. 20 mart 1989-cu ildə istedadlı gənc rejissor Hüseynağa Atakişiyevin təşkil etdiyi Gənclər Teatrında (indiki Azərbaycan Dövlət Gənclər Teatrı) aktyorluğa davam edir. Dövlət Gənclər Teatrında işləməklə yanaşı, eyni zamanda 1989-1991-ci illərdə paralel olaraq Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktyorluq edir. 1993-cü il iyun ayının 14-də bu truppadan çıxıb, özünün "İlham” Miniatür Teatrını yaradır. Hazırda direktor və bədii rəhbər olduğu bu teatrda həm quruluşçu rejissor, həm də aktyor kimi çalışır. Teatrda hazırlanan bütün tamaşalara quruluş verir və onların əksəriyyətində baş rolda oynayır. 1995-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir, "Estrada sənəti” kafedrasının müdiridir.
İstedadlı tələbələrinə əlindən gələn köməyi etdiyini deyir: "Gəncləri sevmək lazımdır. Bir çox tələbələrimi teatra elə mən gətirmişəm. İstedadlılara kömək etmək lazımdır. Kömək olmayanda da gərək mane olmayasan”.
Öz dövrünün tələbələri ilə indiki dövrün tələbələrini müqayisə edən İ.Namiq Kamal deyir ki, o dövrdə instituta qəbul olana qədər gənclər bir çox kitabları sistemləri oxuyub gəlirdilər: "İndi isə instituta qəbul olandan sonra biz onları məcburən oxutdururuq. İndi telefonlar, telefonlardakı oyunlar gənclərin başını qatır. Bu, bir bəladır. Həm də tək bizim sahənin deyil, bütün sahənin bəlasıdır. Bəlkə də bu bəladan nə vaxtsa qurtulacağıq, bilmirəm... İndiki cizgi filmləri də uşaqlarda xeyirxahlığa meyllilik deyil, əsəb, bir-birinə qarşı düşmənçilik duyğuları yaradır. Biz baxdığımız cizgi filmlərində isə mehribanlıq aşılanırdı. İndi bir tısbağa tapança çıxarıb o biri tısbağanı vurur, o biri də bunu vurur. Bu da uşaqlara psixoloji təsir göstərir, uşaqlar arasında düşmənçilik, aqressiya yaradır. Döyüşmə, bir-birini məhv etmə bizi bir az zalım dünyaya aparır”.
 
Lalə MUSAQIZI










 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0043
GEL 1 Gürcü larisi 0.6280
GBP 1 İngilis funt sterlinqi 2.2440
TRY 1 Türk lirəsi 0.4395
KWD 1 Küveyt dinarı 5.6270
SEK 1 İsveç kronu 0.2015
EUR 1 Avro 1.9941
CHF 1 İsveçrə frankı 1.7189
USD 1 ABŞ dolları 1.7002