Nəyi yazmaq daha asandır?
«Necə
oldu siz yazıçı oldunuz?» - deyə rus yazıçısı Yuri Pavloviç Kazakovdan
soruşanda, dilində qüsur olan yazar «Ürəyimdə çoxlu sözlər var idi. Danışa
bilmirdim, hislənirdim. Demək istədiklərimi yazmaq qərarına gəldim. Bu, mənim
üçün daha asan oldu» cavabını verib.Təbii
ki, qələm adamlarının hər biri öz ürəyindəki sözləri, düşündüklərini istədiyi,
ona asan və rahat görünən formada qələmə alır. Kiminə xatirələrini, kiminə gəzib-gördüklərini,
kiminə başına gələnləri və ya araşdırmalarını, kiminə isə qeydlərini, təəssüratlarını
və ya fantaziyasını və s. yazmaq daha asan görünür."Müzakirə”mizdə
yazarlara ünvanladığımız "Sizin üçün nələri yazmaq daha asandır?” sualına
maraqlı cavablar aldıq.
"Yazmağın asanı olmur”
Yazıçı Seyran Səxavət istənilən yazını yazmağı çətin hesab edir: "Mən tələbə
olanda məktublar yazırdım. Bu da asan deyildi. Çünki orada mənim arzularım, istəklərim
var idi. Tələbə qayğılarımla bağlı valideynlərimə yazırdım. Bunun üçün fikirlərimi
daha dəqiq çatdırmağa çalışırdım”. Yazıçının fikrincə, yazmaqla müqayisədə,
danışmaq daha asandır: "Adam var, yaxşı danışa bilir, ancaq danışdığı kimi yaza
bilmir. Yazmaqla danışmaq fərqlidir. Mövzudan asılı olmayaraq, yazı masası
arxasında oturub – qeyd, xatirə, başına gələnlər, təəssüratlar, araşdırma və s.
yazırsan və bunu yazılı hala gətirirsənsə, bu, doğurdan böyük məsuliyyətdir. Bu
prosesin asanı və rahatı olmur. Mən kompüterlə işləmirəm. Ondan əvvəl makina ilə
də işləməmişəm, həmişə əllə yazmağa üstünlük vermişəm. Əgər yazmağa
oturursansa, yazıya çevrilən heç bir iş asan deyil. Çətin olmasa, adam heç nə
yaza bilməz. Yazının gözəlliyi də, mürəkkəbliyi də yazmaqla bağlıdır. Bu, fərqli
bir prosesdir. Bu hazırlıq prosesi məişət prosesi səviyyəsindən çox-çox
uzaqdır. Bir sözlə, yazmağın asanı olmur».
Gündəlik ictimai-siyasi həyat hadisələrinin qələmə
alınması
Yazmaq
istədiyi bütün yazıların onun üçün rahat
olduğunu deyən yazıçı Aslan Quliyevin
fikrincə, istər xatirələr, istər gündəlik hadisələr və ya görüb-eşitdiklərinin
yazıya çevrilməsi yazı qabiliyyətidir: "Onun hansı səviyyədə ərsəyə gəlməsi isə
insanın yazı qabiliyyətinin necəliyindən asılıdır. Ona görə də mən ümumiyyətlə,
yaradıcılığın bütün növlərinə eyni dərəcədə yanaşıram və eyni həvəslə işləyə
bilirəm. Məncə, bu məsələdə insanın yazı qabiliyyəti müraciət olunan mövzunun
xarakterindən daha önəmlidir”. A.Quliyevin fikrincə, bütün yazıları eyni həvəslə
işləyə biləcəyinə baxmayaraq, mövzuların içərisində gündəlik vacib olanını və cəmiyyət
üçün önəmli əhəmiyyət kəsb edənini yazmaq daha əhəmiyyətlidir: "Gündəlik
ictimai-siyasi həyatımızda baş verənləri qələmə almaq, məsələn, xatirələri yazmaqdan
və ya nə zamansa eşitdiklərimizi yazmaqdan daha vacibdir. Çünki xatirələrimizi
və ya eşitdiklərimizi qələmə almaq bir növ hobbidir. Ancaq insanın öz
funksional borcu çərçivəsində müəyyən materialların yazılması fərqli işdir. Yəni
gündəlik ictimai-siyasi həyat hadisələrinin qələmə alınmasında iki əsas nüans
var: ilk növbədə redaktorun və ya jurnalistin yazı qabiliyyətinin hansı səviyyədə
olması və onun özünün funksional vəzifə borcuna nə dərəcədə məsuliyyətlə
yanaşması tematika daxilində çox vacibdir. Burada yazı qabiliyyəti ilə məsuliyyət
məsələsi bir-birini tamamlayır və həmin tematikanı önə çıxarır. Bu baxımdan,
daha vacib olanı cəmiyyətimiz və onun həyatı üçün lazım olanın oxunaqlı yazı şəklində
təqdim olunmasıdır. Bu, bizim funksional borcumuzdur. Digər yazılar isə hobbi çərçivəsində
olmaqla zaman-zaman yazıla bilər».
Dəftərçəmə yazmağı çox sevirəm
Gənc yazar Günel Eyvazlı qeyd dəftərçələrinin həmişə mövcud olduğunu deyir:
"Yadıma ibtidai sinifdə oxuduğum zamanlar gəlir. Hələ o vaxtlar oxuduğum hər
şeyi kiçik sərlövhələrlə qeyd dəftərçəmə yazmağı çox sevirdim. İndiyə qədər bu
adət məndə davam edir. Evimizdə bəlkə də kitabdan çox bloknot, qeyd dəftərçələri
var”. Yazarın sözlərinə görə, yaradıcılığında araşdırma yazılara hekayə janrına
qədəm qoyduqdan sonra başlayıb: "Bu tip araşdırmaları, elmi bədii paralelləri
birbaşa hekayələrimdə əks etdirməyi çox sevirəm. Xatirələri isə son iki ildə qələmə
alıram. Daha doğrusu, bunu bir öhdəçilik və lazımlı bir iş olaraq qarşıma məqsəd
kimi qoymuşam. Bacardığım qədər xatirə kitabçamda səmimi olmağa çalışıram.
"Kimsə oxuyacaqmı” qorxusunu özümdən rədd edərək, hər şeyi bəzəksiz-düzəksiz,
parıltısız qələmə alıram. Bədii mətn deyil, gerçək hiss və düşüncələrimi
yazaraq heç kimə deyə bilmədiklərimi dəftərimlə bölüşürəm. Düşündüklərimi, ədəbi
sferada baş verənləri, ətrafımda olan insanları, şəxsi həyatımda baş verən
olayları, hadisələri, önəmli bildiyim məlumatları orada qələmə alıram. Yəqin
ki, bu xatirə qeydlərim mən dünyada olmayandan sonra ortaya çıxacaq”.
Keçmişdən xilas olmanın yeganə yolu - səmimi
etiraflar
"Əslində yazı prosesi çox ağır, çətin
prosesdir, çətin olduğu qədər də zövqverici bir işdir” deyən Kənan Hacı xatirə yazıları da,
araşdırmalar da, sənədli roman da yazdığı nı vurğuladı: "Heç biri asan
yazılmayıb. Hamısı yuxusuz gecələr bahasına başa gəlib”. Çox tez memuar yazmağa
başladığını deyən yazar "bunu yazanda anladım ki, əslində ən çətini elə memuar
yazmaqdır” deyir: "Çünki keçmişlə bağlı xatirələri yazıya köçürərkən hiss edirsən
ki, beynin qeyri-ixtiyari hadisələri redaktə edir. Tam səmimi olmağa
çalışırsan, bəzən alınır, bəzən yox. Nələrisə təfərrüatı ilə yazmaq özünüzü öz
yumruğunuzla yerə yıxmaq deməkdir. Özünüzə qarşı qəddar olursunuz, amma yenə də
tam səmimi ola bilmirsiniz. Zamanın dəyişdiyi olaylar yenidən, bu dəfə sizin əlinizlə
təhrifə uğrayır. Yanlış anlaşılmaqdan qorxursunuz. Beləliklə, bizim eqomuz
xatirələrimizin qatı düşməninə çevrilir. Öz düşüncələrini dəstəkləmək üçün
uydurduqları hekayələrin arxasında gizlənən yazıçılar, gerçəyin üzünə dik baxa
bilmirlər. İş xatirə yazmağa gələndə, mütləq gerçək hadisələrin onlara toxunan
tərəflərini ixtisar edirlər və ya detaldan yan keçirlər. Halbuki hadisənin
mahiyyəti məhz o detalda gizlənir. Keçmişin insana utanc gətirən məqamları yazılmadıqca
yazıçıya iztirab verir, yazdıqda isə onun əleyhinə işləyir: "Bəs nə etməli?
Keçmişi tərəfindən rahatlığı pozulan insanların bu keçmişdən xilas olmasının
yeganə yolu səmimi etiraflardır”.
Qeyd yazmaq vərdişi
Yazar Səxavət Sahilin fikrincə, yazmağın asan olduğunu qəbul edən və gecə-gündüz
durmadan yazan adam üçün yazının janrı və forması o qədər də önəmli deyil. Belə
ki, yazı vərdişi olan adam həmişə yazır: "Romandan yorulanda köşəyə keçir, köşədən
yorulanda gündəliyə keçir və s. Yazmağı həyat tərzinə çevirən şəxslər
formasından, növündən asılı olmayaraq həmişə yazmağa üstünlük verirlər. Belə
olanda heç bir janr üçün yazmaq çətinliyi qalmır”. Qeyd yazmağın onda vərdişə
çevrildiyini deyən yazar, hətta kiçik hekayə yazanda da qeydlər etdiyini, sonra
onun əsasında hekayəni yazdığını deyir: "İsanın qadını” romanını qeydlər əsasında
yazmışam. Məncə qeydlər əsasında yazılmayan roman və hekayələr qeyri-peşəkardır.
Siz təsəvvür edə bilərsinizmi "Madam Bovari” kimi bir roman birnəfəsə yazılıb?
Yaradıcı şəxsin həmişə yanında qeydlər edə biləcəyi nəsə olmalıdır - bloknot,
telefon və s. Sonradan bu qeydlər istifadə olunur. Hətta adicə köşə yazanda da,
görürsən ki, bir müddət əvvəl etdiyin qeyd sənə maraqlı gəlir, oradan bir
detalı götürüb istifadə edirsən. Mənim üçün də ən rahat olan qeydlər yazmaqdır
ki, sonradan köməyimə gəlir”. S.Sahilin sözlərinə görə, başına gələnləri yazmaq
onun üçün o qədər də önəmli deyil: "Yaradıcı təfəkkürü olmayan, düşünə bilməyən
yazarlar başına gələni yazmaqla yazıçı kimi görünməyə çalışırlar. Məncə başına
gələn hansısa hadisəni tam yazmaqdansa, oradan hansısa detalı götürüb istifadə
etmək olar. Təbii ki, başına gələni yazmaq olar, lakin bunu adını roman və ya
hekayə qoymaq qeyri-ciddilikdir”. Yazar araşdırma yazmağı ciddi və məsuliyyətli
proses hesab edir: "Bunun üçün araşdırma mövzusuna daxil olan kitabları və mənbələri
oxumaq, onları analiz eləmək və nəticə çıxarıb öz fikrini, münasibətini ortaya
qoymaq lazımdır. Mənbə və istinad olmadan araşdırma yazmaq düzgün deyil. Qərbdə
araşdırmaçılar həddindən çox istinad və mənbədən istifadə edirlər. Belə olan
halda, araşdırmaçının öz düşüncəsi, öz yozumu bir o qədər də nəzərə çarpmır.
Bizim təcrübədə isə daha çox öz düşüncəsini yazmaq əsasdır. Düşünürəm ki, həm
istinad, həm də öz düşüncən bərabər olmalıdır. Lakin misal gətirdiyin fikrə və
düşüncəyə alternativ olaraq, öz fikrini yazmalısan ki, nəyisə araşdırıb,
hansısa nəticəyə gəldiyin aydın nəzərə çarpsın. Getdiyin yerdən, gəzdiyin ölkələrdən
nəsə yazmaq maraqlı olsa da, burada yazı forması əsasdır. Necə təqdim etməkdən
başqa, gərək bu təqdimatda şəxsi fikrin orijinal görünüşü üstələməsin. Belə
olan halda, gedib gördüyün, gəzdiyin məkanlar subyektiv təsvir nəticəsində
oxucuya çatacaq. Televiziya operatoru kimi gördüklərini çatdırmalısan. Lakin hər
gördüyünü də yazmaq olmur. belə yerdə yaradıcı təfəkkürün "oxucuya nə maraqlı gələ
bilər” sualını verib işə düşməlidir. Yəni obyektlə oxucu arasında tərəfsiz
vasitəçi olmalısan”.
Təranə Məhərrəmova