AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Nəyə və niyə gülürük?

Nəyə və niyə gülürük?

08 Mart 2020, 10:30 1998
İnsanı əsas güldürən şeyin nə olduğu mövzusunda əsaslı bir teorem yoxdur, ancaq komediya deyəndə ağla ilk gələn başı bəlada olan bir adamdır; böyük adam kiçik adama qarşıdır..
Cerri Levis


Yumor keyfiyyəti.
 
Trend olmuş bir mövzu haqqında sosial şəbəkələrdə ciddi bir təhlilə, müzakirəyə çox az hallarda rast gəlirik. Amma milyonlarla profil yeni, orijinal zarafat tapıb həmin mövzunu məsxərəyə qoymağa çalışır. Görürsən ki, iki super güc arasında münaqişə yaranıb və coğrafiyada əhəmiyyətli şeylər baş verəcək. Ana səhifəni yeniləyirsən, qocadan uşağa qədər hamı o proses haqqında soyuq lətifələr, lağlağılar qoşub paylaşıb. Ya da ciddi bir xəstəliyin carçılarına cəmiyyətin səngərindən gələn cavab atəşləri gülməli, "haha”lı tərzdə olur. Son zamanlar və ümumən sosial şəbəkələr dövründə bu cür hallar hər gün qarşımıza çıxır. Adamlar yeni trend, yeni gündəm axtarır ki, onunla məzələnsin. Yoxsa həyatın nə dadı, nə tamı? Sosial təbəqələşmənin məğlub etdiyi, bununla belə məşhur "Cəsur yeni dünya” romanında təsvir edilən kimi cəmiyyətdə heç bir status daşımayan insanlara əyləncə, komediya, TV kimi məşğuliyyət verib onları ciddi proseslərdən uzaqlaşdıranlar nəyi necə etdiklərini yaxşı bilir və illərdir əkdikləri toxumun barını götürürlər. Bəli, bu gün sıradan bir insan olmaq status deyil. Baş verənlərdən kənarda qalmaq, ümumiyyətlə, yaşamaq deyil.
 
Dağın başında çiy kərpicdən evində odun sobasına qızınan bir çobanı da dindirsən mütləq politoloq kimi hər şeyi çözməyə çalışacaq. Hələ əlinə bir smartfon verib facebbok-la tanış edib salam-kəlam kəsdirsən, o dəqiqə sənə dediklərinin beş-altı mislini daktilo kimi döşəyəcək ora. Məsələ bir başa təbəqələşmə və orta sinfin elit təbəqəni qəbul etməməsi, hər addımda səhv axtarması və psixoloji olaraq özünü o yerdə görməsi ilə bağlıdır. Mən balaca hərflərlə yazıram, siz böyük hərflərlə oxuyun: Xislət. İnsanın mahiyyəti nələrləsə lağlağı etmək, gülmək və yenə də gülmək üzərində qurulub. Bu isə faciədir. Çünki gülüşün əsas özülündə faciə, natamamlıq, anormallıq dayanır. Öz başımıza gəlsə ağlayacağımız, başqalarında görsək güləcəyimiz şeylərdi komediya. Yunan və Roma filosoflarının əksəriyyəti komediyanın və yumorun alt siniflərə aid olduğunu düşünür. Cəmiyyətin elitası qarşısındakı problemə həll yolu axtarır, orta sinif nümayəndələri bu həll istiqamətləri ilə razılaşmır və onları axmaq göstərmək üçün məsxərəyə qoyurlar, kasıb təbəqənin isə bu şeylər vecinə deyil. Bir xalqın ən əsas xüsusiyyətlərindən biri, onu tanıdan əlamətlərindən biri, bəlkə də birincisi nəyə gülməsidir.
 
Yumor və psixologiya
 
Nitsşe özünün "Şən elm” əsərində komediya haqqında danışanda bənzətmələrdən aldığımız zövqü maskaya və bir obraza bürünməyə olan ehtirasımızla eyniləşdirir. Daha doğrusu, birini digərinin nəticəsi kimi göstərir. Bu obraz sevdası, marağı, əslində, altşüurun faciədən qaçışını, onu etiraf edə bilməmək cəsarətsizliyini təlqin edir. Bu obrazlar daha çox səfeh və axmaq davranışları ilə diqqət çəkmək istəyirlər. İnsanlar qarşısındakı insanı ondan daha ağılsız, daha bacarıqsız görəndə gülə bilir, ruhən bundan razı qalır və öz eqosunu bəs qədər "yemləyir”. Ağıllı adam o cür vəziyyətlərə düşməz və ya o cür sözlər söyləməz deyə özünə isbat etməyə çalışır ki, səhnədəki obrazlardan daha şanslıdır. Səhnə psixologiyası haqqında Karl Qustav Yunq yazarkən, bu mövzudakı ən yaxşı nümunələri məhz komediya üzərindən verə biləcəyindən danışır. Sənətçi və tamaşaçı arasındakı psixoanaltik situasiyanı ən yaxşı komediyada anlamaq olar. Yumor həm də ictimai-sosial təfəkkürü də izləməyə imkan verir. Kütləni nə güldürür sualı kütləyə nə lazımdı sualı ilə bərabərdir.
 
Qara yumor, satira, absurd komediya
 
Yumor sənətin ən əsas şərtlərindən biri olmaqla yanaşı, həm də onu kütləyə təqdim edən ən effektiv vasitədir. Satira və ironiya isə yumor sənətinin ictimai proseslərə, sosial məsuliyyətə olan münasibətini kəskinləşdirdi. Cəmiyyətin problemini, onun anlaşılmazlığını və yeni problemlərin proqnozunu yumor verməyə başladı. Avropada, Şərqdə, eyni zamanda Orta Şərqdə maarifçiliklə paralel yaşayan satira sadəcə nöqsanları deməklə və onlarla məsxərə etməklə kifayətlənirdi. Maarifçilik, xüsusən Cənubi Qafqazda çıxış yolu ola bilmədiyi ki, elə yumor sənətinin "qara tərəfi” satira da bu toplumlardan baş aça bilmədi. Komediya əvvəlki səfeh obrazları ilə yenə də adamları güldürür, düşündürmədən sənətin içində gözü yumulu gəzdirib yenə atırdı reallığa – güldüyü hadisələrin içinə. Zaman dəyişdikcə insanlar hansı həqiqətlərə güldüyünü anladı və onları təəccübləndirməkdə həyat və reallıq çətinlik çəkməyə başladı. Sanki olub-bitən hər şey yaşandı. Absurdizmin yaranma səbəblərindən biri bu idi. O özüylə təkcə yeni təxəyyül, yeni hadisələr, yeni həqiqətlər gətirmədi, həm də yeni faciələr və buna ekvivalent yumor da gətirdi. Absurd komediya sənətin əsas vəzifəsini – alternativ həqiqət tapmağı öz üzərinə götürdü. Bu gün qonşu Türkiyənin serial və kino sektorunda bu janr hegemondu. Avropada bu janr artıq öz üslub fərqlilikləri ilə yeni cərəyanlar yaradır. Absurdizm məktəbi qara yumoru güclü silaha çevirə bildi.
 
Gülməyin mahiyyəti
 
Siserona görə hekayələri gülməli edən gözlənilən sonluğun deyil, başqa bir sonluğun danışılmasıdır. Bizi bu situasiyada güldürən şey gözləntilərimizin boşa çıxmasıdır. İmmanuel Kant eyni fikirləri zamanla əlaqələndirib yazır: "Qəhqəhə yüksək gözləntilərin bir heçliyə doğru ani düşməsindən doğan reaksiyadır”.
Güldürmək üçün saatlarla stəndap şouları göstərən sənətçi vaxt qazanmalıdır, bu da ritm yaradır və komediyanı hərəkətə gətirir. Bir azdan izləyici də, sənətçi də özünü dalbadal uydurulmaqda olan uğursuzluqların, nəticəsizliklərin içində tapır. O danışır, onlar qulaq asır, gülürlər.
 
Günümüzdə bloqerlər, stəndap şoular, instaqram səhifəli üçün çəkilən bir dəqiqəlik hadisə komediyaları yumorun populyar tərəflərini daha qabarıq göstərməkdədir. Kommersiya filmlərinin əksər hissəsi komediya janrındadır. Çünki güldürmək asandır. Zövqlərin dayazlaşdığı dünyada şivə ilə danışmaq, adamları aldatmaq, qorxutmaq kimi kənardan çox mənasız görünən hərəkətlər yumordur. Amma bizim ümidimiz yenə sənətədir. Günümüzün roman sənəti, poeziyası yumoru ana mövzu kimi seçir, oxucunu bu yolla öz müstəvisinə çəkə bilir. Postmodern ədəbiyyatın hər şeyə ironiya etməsi, karnaval üslubu, ciddi yanaşmamaq, hər şeyə, olub-keçən bütün əhəmiyyətli hadisələrə şübhə ilə yanaşması özü də yumor sənətinin oxucuya uzanan qollarıdır. Amma bu cür yumor hazırlıqlı oxucu, intellektli izləyici, dünyagörüşü və zövqü olan dinləyici istəyir. Bununla belə faniliyə bir o qədər pessimist yanaşmayan postmodernizm də, ondan qaynaqlanan digər cərəyanlar da yumorun, gülüşün əsas mahiyyətini dəyişmədi. Tragediya. Gülüşün arxasındakı son dayanacaq faciə olaraq qalır. Biz güləndə fiziki olaraq nəfəs orqanlarımız və beynimiz bir-biri ilə fəaliyyətdə olur. Güldüyümüz zaman nəyə güldüyümüzü düşünmürük. Ya əvvəl, ya sonra bu bizi maraqlandırır, düşündürür. Güldüyümüz zaman, qəhqəhə çəkdiyimiz vaxt isə düşünmürük. Qəribədir, hə? Buna beynin zərərsiz şok keçirməsi deyirlər. Bu cür tibbi hadisə bir də çox ağır travma alanda, hönkürəndə baş verir. Gülmək və ağlamaq eyni hadisənin fərqli nöqtədən izlənməsidir bu baxımdan. İkisində də nəticə dəyişmir: biz qısa müddət də olsa düşünmürük və eqomuzu sərbəst buraxırıq. Eqomuzu azad buraxdığımız an rahatlanırıq. Hərdən mənə elə gəlir ki, bu dünyada insana verilən ən böyük cəza eqosudur.
 
Cerri Levisin komediya haqqında dediyi hələ də populyar olan o fikrə qayıtmaq istəyirəm. Sosial təbəqələşmə, uduzmaq, faciə, yolunda getməyən tale, əzik obrazlar, həmişə uğursuz olan insanlar – bütün bunlar komediya, yumor üçün xammaldır. Siz yolda gedərkən yıxılıb dizinizi əzsəniz bu canınızı ağrıdacaq, ekrandan eyni hadisəyə obrazın mimikaları ilə baxsanız, güləcəksiniz. Yumor böyük, iddialı adamların kiçik adamları əzməsindən başlayır. Çağdaş dövrün trend siyahıları da bunu göstərir. Bizi maraqlandıran böyük hadisələr bizə nələrləsə lağ-lağı etməyə imkan yaradır. Bizlər bundan xoşbəxt ola bilirik, təəssüf!
 
Rəvan Cavid