• çərşənbə, 17 Aprel, 01:20
  • Baku Bakı 14°C

Nəyə görə onlara olar, bizə yox?

08.07.14 09:38 1307
Nəyə görə onlara olar, bizə yox?
Ukraynada yaşanan gərginliklər yeni istiqamətə yönəlib. Belə ki, işğal olunmuş ərazilər rusiyapərəst separatçılardan tam təmizlənməsə də, hökumət onlara qarşı hərbi əməliyyatları bərpa edərək bir qismini tutduqları bölgələrdən qovmağa müvəffəq olub. Əvvəlcə, separatçıların ən çox qüvvəsinin yerləşdiyi Slovyansk, Kramatorsk, daha sonra isə Artemovs və Drujovka işğalçılardan azad edilib, zəbt olunmuş binaların üzərinə yenidən Ukrayna bayraqları qaldırılıb. Yaranan yeni situasiya torpaqları işğala məruz qalan digər postsovet ölkələri üçün ümidverici məqam kimi qiymətləndirilir. Bildirilir ki, hazırkı şəraitdə Ukrayna hadisələri digər işğal faktorları üçün presedent rolunu oynaya bilər. Bəs hazırda Ukraynada yaşananlar fonunda Azərbaycan hansısa addımları ata bilərmi? Ölkəmizin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda edə biləcəkləri, mümkün imkanları barədə politoloqların fikirlərini öyrəndik.
Politoloq Elxan Şahinoğlu bizimlə söhbətində hazırda Ukraynada baş verənlərin həm onların özü, həm Azərbaycan, həm də digər işğaldan əziyyət çəkən dövlətlər üçün yaxşı məcraya yönəldiyini söylədi. Bildirdi ki, Ukrayna ərazilərinin get-gedə separatçılardan təmizlənməsi müsbət presedent hesab oluna bilər: “Məlumdur ki, Azərbaycan 20 ildən artıqdır ki, işğala məruz qalan dövlətdir. Ona görə də Ukraynada tutulan ərazilərin separatçılardan təmizlənməsi bizim üçün də ümidverici məqam kimi qiymətləndirilə bilər. Düşünürəm ki, bu, təkcə bizim üçün yox, digər işğala məruz qalan, separatizmlə üzləşən dövlətlər üçün də əhəmiyyətli məsələdir. Bu mövzuda ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasının önəmini də qeyd etmək lazımdır. Mənə elə gəlir ki, Ukraynada yaşanan hadisələr olmasaydı, bəlkə də Bakı bəyannaməsində dövlətlərin ərazi bütövlüyü məsələsi ön plana çıxarılmazdı. Bilirsiniz ki, Bakıdakı toplantıda ən çox haqqında danışılan mövzu Ukraynadakı hadisələr oldu. Təbii ki, Ukraynanın ərazi bütövlüyü, sərhədlərinin pozulmaması Bakı üçün də vacib məsələdir. Bu məqam Azərbaycanın da torpaqlarının işğalda olduğunu və onları separatçılardan təmizləməyə tam haqqının olduğunu bir daha hamının yadına salır”.
E.Şahinoğlu qeyd etdi ki, Qərb anlamalıdır ki, Azərbaycan üçün də ən vacib məsələ işğal olunmuş torpaqların geri qaytarılmasıdır: “Həm Bakı bəyannaməsinə görə, həm də digər məlum sənədlərə əsasən, ölkəmizin sərhədləri bərpa olunmalıdır. Ukraynada olduğu kimi, bizim ölkənin işğal olunmuş əraziləri də separatçılardan təmizlənməli, ərazi bütövlüyümüz təmin olunmalıdır. Azərbaycanın buna tam haqqı çatır. Əgər danışıqlar nəticə verməsə, ölkəmiz separatçılara qarşı güc tətbiq etmək yolunu seçərsə, Qərb Ukraynada olduğu kimi, bizə də anlayışla yanaşmalıdır”.
Politoloq Azərbaycanın hərbi əməliyyatlara başlamasının öz istəyimizdən asılı olan məsələ olduğunu da nəzərə çatdırdı. Söylədi ki, əgər biz özümüzü buna tam hazır hiss edəriksə, ölkəmiz hərbi yolu seçə bilər: “Artıq danışıqlar nəticə vermir. Güc yolu ilə torpaqlarımızı azad edə biləriksə, bu məsələdə heç bir təhlükə hiss etmiriksə, əlbəttə ki, Azərbaycan bu yola baş vura bilər. Buna isə heç kim etiraz edə bilməz. Çünki Azərbaycanın yetərincə tutarlı səbəbləri var. Elə bir nümunə kimi, Ukraynanı misal göstərə bilərik. Sual verə bilərik ki, nəyə görə onlara olar, bizə yox? Bu mənada, beynəlxalq aləmdən müəyyən təzyiqlər gələrsə, ölkəmizin kifayət qədər əsaslandırılmış cavablar verəcəyinə əminəm”.
Politoloq Mübariz Əhmədoğlu da Azərbaycanın işğal altındakı ərazilərini, həm Dağlıq Qarabağı, həm də ətraf rayonları hərbi yolla azad etməyə tam ixtiyarının olduğunu dedi: “Beynəlxalq hüquq bu məsələdə Azərbaycanın haqlı tərəf olduğunu ortaya qoyur. Qeyd edim ki, burada söhbət təkcə beynəlxalq hüququn bizə verdiyi ixtiyardan getmir. Əsas məsələ odur ki, Azərbaycanın buna yetərli gücü, geniş imkanları var. Ona görə də düşünürəm ki, heç Ukrayna hadisələri olmasaydı belə, Azərbaycanın torpaqlarını hərbi yolla geri qaytarmaq üçün kifayət qədər səbəbi var. Yəni, ölkəmiz bu hadisələri qarışdırmadan da, torpaqlarını istədiyi an müharibə etməklə işğaldan azad edə bilər. Azərbaycanda artıq başa düşülür ki, dinc yolla, danışıqlar vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsini həll etmək mümkün deyil. Amma bizə lazımdır ki, daha bir neçə dəfə danışıqlar baş tutsun. Bu yolla ölkəmiz sübut edir ki, Ermənistanın münaqişəni sülh yolu ilə tənzimləmək niyyəti yoxdur. Ehtimal var ki, prezidentlərin Fransa görüşü baş tutacaq və bu zaman Dağlıq Qarabağ mövzusu növbəti dəfə müzakirə olunacaq. Dünya ictimaiyyəti dərk etməlidir ki, sülh yolu ilə məsələnin həllinə nail olmaq mümkün deyil. Çünki işğalçı Ermənistan buna imkan vermir. Beynəlxalq ictimaiyyət bunu tam olaraq dərk edəndən və qəbul edəndən sonra Azərbaycan hərbi əməliyyatlara başlayacaq. Çünki belə olan halda, bizim başqa yolumuz qalmır”.
M.Əhmədoğlunun fikrincə, heç kimin bizi qınamaması üçün mütləq danışıqları davam etdirməli, kimin kim olduğunu göstərməliyik: “Əslində, danışıqlar aparmaqla, beynəlxalq aləmə də şans vermiş oluruq. Qoy onlar da müzakirələrə qoşulsunlar və Ermənistana işğalçı siyasətindən əl çəkməsi üçün təzyiq etsinlər. Əgər beynəlxalq qurumlar Ermənistanı düz yola çəkmək istəmirlərsə, “işğal etdiyin torpaqları geri qaytar” demirlərsə, onlar hansı üzlə Azərbaycanı nədəsə günahlandıra bilərlər? Bir vacib məqamı da xatırladım. Mayın 12-də ATƏT-in Minsk qrupu atəşkəs rejimi ilə bağlı bəyanat yaydı. Orada Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal olunmuş ərazilər kimi göstərilir. Hesab edirəm ki, bu, çox vacib dəyişiklikdir. Beynəlxalq ictimaiyyət münaqişəni tənzimləyən əsas qurum kimi Minsk qrupunu hesab edirsə, gördüyünüz kimi, həmin qrup torpaqlarımızı işğal olunmuş ərazi kimi göstərir. Bu, birbaşa, Ermənistanın işğalçı adlandırılmasıdır. Belə məqam, artıq hərbi yola imkan verir. Əgər bacarırlarsa, buyursunlar, münaqişəni sülh yolu ilə həll etsinlər. Bacarmırlarsa, onda, Azərbaycanı qınamasınlar”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər