• cümə, 19 Aprel, 15:40
  • Baku Bakı 25°C

Nəvələrimlə nəfəs alıram - Mənim nəvəm

30.01.17 12:43 8427
Nəvələrimlə nəfəs alıram - Mənim nəvəm
Əsildir nəvə, nəsildir nəvə
Övladdan da şirindir, şirindir nəvə
Dövlətdə dəvə, övladda nəvə,
Deyib bu sözü atalar belə...


Nəvə evin tacıdır, deyirlər. Bu fikri "Mənim nəvəm” rubrikasının qonağı - sevimli sənətkarımız, xalq artisti Mənsum İbrahimov da təsdiqləyir. Onun 4 övladı və 2 nəvəsi var. Özünü dünyanın ən xoşbəxt atası və babası hesab edir.

Böyük nəvəsi Dənizin 5 yaşı var. Kiçik nəvəsi Nilufər isə yaşyarımlıqdır. Dəniz xalq artistinin böyük qızının övladıdır. O, Macarıstanda böyüyüb. Belə ki, valideynləri bu ölkədə çalışaraq Azərbaycanın haqq sözünü dünyaya çatdırıblar. Dörd il orada çalışdıqdan sora hazırda vətənimizdə fəaliyyət göstərirlər. Müsahibimiz deyir ki, Dəniz Macarıstanda Azərbaycan səfirliyinin ən kiçik nümayəndəsi hesab olunurmuş.

M.İbrahimovun iki övladı Bakı Dövlət Universitetini qırmızı diplomla bitirib. Biri diplomat, digəri isə məmurdur. Digər qızı Tibb Universitetini bu il bitirəcək. Kiçik övladı İbrahim isə şagirddir. O da bacıları kimi dərslərini yaxşı oxuyur. Asudə zamanlarında karate və şahmatla məşğul olur, beynəlxalq yarışmalarda iştirak edir.

- Mənsum müəllim, sizi ifaçı kimi çox gözəl tanıyırıq, indi isə bir baba kimi daha yaxından tanımaq istəyirik.
- Ailəmə, övladlarıma bağlı insanam. Övladlarım mənim üçün çox dəyərli varlıqlardır. Ancaq nəvə tamam başqa bir hissdir. Nəvələrim bizdən ayrı yaşasalar da, istəklərini yerinə yetirməyə çalışıram. Zamanım olduğu müddətcə onları özümlə bərabər gəzdirir, ürəkləri istəyənləri alıram. Onların heç bir istəyini nəticəsiz qoymuram. Nəvələrimlə nəfəs alıram. Şükürlər olsun ki, bu gözəl nemətdən dadmaq mənə də qismət olub. Övladlarıma təşəkkür edirəm ki, mənə baba statusunu qazandırdılar.

- Deyirlər ki, nəvə övladdan da şirindir. Doğrudan da elədirmi?
- Bəlkə də nəvə ona görə şirindir ki, o sənin övladının övladıdır. Canına daha yaxındır. Nəvələrimin hər ikisini çox istəyirəm. Onların addım atdıqlarını, yeriməklərini, danışmaqlarını görəndə çox sevinirdik. Bu, sözlə ifadə olunacaq hisslər deyil. Onlar bizim nəslimizin davamçılarıdırlar. Hər bir valideynə nənə-baba olmağı arzu edirəm. Bu çox gözəl hissdir. İstəyirəm nəvələrimin sayı daha da çox olsun.
Biz ailədə 9 övlad olmuşuq - 7 qardaş, iki bacı. Ailədə çox uşaq olmağa öyrəşmişik. Təsəvvür edin ki, hər hansı ailə tədbirində hamımız toplaşanda, böyük bir məclis edir. Bundan gözəl nə ola bilər ki? Ailədə çox uşağın olması yaxşı haldır. Belə ki, onlar böyüyəndə bir-birinə dayaq, dəstək olurlar. Uşaq tək olanda onun üçün bir qədər çətin olur.

- Amma indiki zəmanə ilə əvvəlki dövr də eyni deyil. İndi uşaq saxlamaq, onu böyütmək çox çətindir.
- Başa düşürəm ki, maddi cəhətdən bir az sıxıntı olur, zəmanə daha çətindir. Ancaq unutmayaq ki, Allah verdiyi hər bir övladın ruzisini ondan qabaq göndərir. Əvvəllər ailələrdə uşaqların sayı daha çox idi. Elə bilirsiniz, onda maddi vəziyyət bundan yaxşı idi? Bəlkə də rayon yerində o qədər çox uşaq dünyaya gətirirdilər ki, onlar böyüyüb valideynlərinə təsərrüfat işlərində kömək etsinlər. Ona görə uşaq sayı çox olub ki, hərə bir işin dalınca getsin (gülürük). Zəmanə hər nə qədər dəyişsə də, azuşaqlılığın əleyhinəyəm. İndi Azərbaycan xalqının sayı daha çox olmalıdır. Çünki bizim düşmənimiz var. Millət olaraq sayımız artmalıdır.
- Övladlarınız sizin nəvələrinizə olan sevginizi görüb, qısqanclıq hissləri keçirirlərmi?
- Əksinə, kiçik oğlum bacısının uşağını görməyəndə darıxır, onlarla daha çox zaman keçirməyə çalışır. Bizim ailəmiz müəllim ailəsidir. Qeyd edim ki, xanımım əməkdar müəllimdir. Deməyim odur ki, ailədə valideynlər necədirsə, uşaq da o tərbiyəni götürür. Valideyn övlad üçün şəxsi nümunədir. Heç kim istəmir ki, övladı pis insanların çevrəsində olsun. Hamı övladına deyir ki, ağıllı ol, yaxşı yolun yolçusu ol. Əgər valideyn övladına "yalan danışma” deyib, özü yalan danışırsa, o uşağın gələcəkdə seçdiyi yol da bəllidir.

- Nəvələriniz sizi efirdə görəndə hansı hissləri keçirir?
- Bir dəfə qızım böyük nəvəm Dənizin şəklini çəkib göndərmişdi. Dənizin iki yaşı var idi. Təsadüfən məni efirdə görüb. Mən onda televiziyada münsif kimi çıxış edirdim. O məni ekranda görəndə, gedib televizoru öpüb. Bu mənim üçün əvəzsiz hədiyyə oldu. Hər dəfə məni efirdə görəndə, anasına mənə zəng etdirir.

- Nəvələrinizə nağıl danışırsınızmı?
- Açığını desəm, mənim ona nə vaxtım, nə də səbrim var. İşlərim çox olduğu üçün evə yorğun gəlirəm. Xanımım onlara nağıl danışır, onlarla oyunlar oynayır. Bu çox vacib məqamdır.

- Mənsum müəllim, övladlarınız müxtəlif sahələrdə təhsillərini uğurla başa vurub, fəaliyyətlərini davam etdirirlər. Maraqlıdır, onların təhsilini uğurla bitirməsində sizin rolunuz olubmu?
- Oğlumun biri hələ çox balacadır. Əsas odur ki, ölkəmizə, vətənimizə layiqli övlad olsunlar. Digər övladlarım yüksək balla universitetə qəbul olublar. İndiyə kimi heç bir övladımı kiməsə tapşırtmamışam. Təhsil məsələsi çox vacibdir. Sabah onlar mütəxəssis olacaqlar. Oxumasalar, necə peşəkar ola bilərlər? Təhsil insanın ən böyük var-dövlətidir. Əgər övladın ağlı yerindədirsə, o, sabah cəmiyyət içərisində öz yerini tapacaq. Biz bir valideyn kimi hər zaman onların arxasında, yanındayıq. Mən Ağdamda çoxuşaqlı bir ailədə böyümüşəm. Asəf Zeynallı adına musiqi kollecinə qəbul olandan sonra atam xəbər tutdu ki, xanəndəlik sənətini seçmişəm. Öz zəhmətimlə, əziyyətimlə bu səviyyəyə qədər gəlib çıxmışam. Həyatda əziyyətsiz heç nə əldə etmək mümkün deyil. Heç bir övladımı öz sənətimə doğru həvəsləndirməmişəm. Onlar öz seçimlərini özləri edib, bu sahədə onları dəstəkləmişəm.

- Sizin ailəniz, uşaqlarınız, nəvələriniz haqqında mətbuatda heç bir informasiya yoxdur. Halbuki, dünən səhnəyə çıxan ifaçıların ailədaxili problemlərinə qədər hər şeylərindən xəbərdarıq...

- Bizim ailədə sistem başqa cürdür. Heç zaman istəməmişəm ki, ailəmlə, evimlə gündəmdə olum. Çalışmışam ki, sənətimlə gündəmə gəlim. İki övladımın toyu oldu. Qızlarım məndən xahiş etdilər ki, bizi efir üçün çəkməsinlər. Toylarının televiziyada görünməsindən imtina etdilər. Toydan sonra saytlar övladımın toyunun olduğunu yazsalar da, şəkil tapmadıqları üçün şəkilsiz vermişdilər. Övladlarım heç zaman efirə düşmək, tanınmaq sevdasında olmayıblar. Dəfələrlə ailəvi şəkildə verilişlərə dəvət alsam da, ailə üzvlərim buna qarşı çıxıb. Mən də onların fikirlərini dəstəkləmişəm. Əslində sənətkarın açıq şəkildə ailəsinin reklamına birmənalı olaraq qarşıyam. Bu baxımdan, bir az qapalı insanam. Ailə hər bir insanın müqəddəs yeridir. Mən bunu valideynlərimdən belə görmüşəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər