• çərşənbə, 24 Aprel, 04:49
  • Baku Bakı 14°C

“Nəticə çəkdiyim bütün əziyyətlərə dəydi” - Fotolar

21.07.17 09:30 2436
“Nəticə çəkdiyim bütün əziyyətlərə dəydi” - Fotolar
İyulun 10-15 tarixlərində İtaliyada keçirilən "Garda Lake Music Festival”da respublika müsabiqələri laureatı, adı "Qızıl kitab”a düşən ifaçımız Cəmilə Əsgərzadə ölkəmizi təmsil edib. Festivaldan dönər-dönməz, ifaçı "Kaspi”-nin suallarını cavablandırdı. Yaşının az olmasına baxmayaraq, bir çox uğurlara sahib olan və istedadı ilə beynəlxalq festivallarda münsiflər heyətini heyran qoyan Cəmilə festivalda Kamil Sen–Sansdan "Rondo Capriccioso”-nu ifa edib.Səlis danışıq qabiliyyəti və zəngin dünyagörüşü olan C.Əsgərzadə festival barədə təəssüratlarını bizimlə bölüşdü. Hazırda Qəbələdə keçiriləcək festivala hazırlaşan müsahibimiz davamlı olaraq öz üzərində çalışır və hədəflərinə doğru addım-addım getməyə səy göstərir. Yalnız belə olan halda, böyük nailiyyət əldə edə biləcəyini düşünür.
- İstərdik, iştirak etdiyiniz festival haqqında bizi bir qədər məlumatlandırasınız. Festivala yollanmamışdan əvvəl orada kimlərin olacağı və festivalın əhəmiyyətindən xəbərdar idiniz?
- Əlbəttə ki, bu festival haqqında ora getməmişdən əvvəl kifayət qədər məlumatlı idim. İtaliyada hansı dünyaca məşhur və böyük nüfuza malik olan musiqiçilərlə qarşılaşacağımı da öncədən bilirdim. Ona görə də bu festivala çox ciddi hazırlaşırdım. Orada iştirakçıları gördükdə isə, yanılmadığımın şahidi oldum. Ümumiyyətlə tanınmış musiqiçi V.Tretyakovun qarşısına çıxmağa cəsarət edən ifaçıların səviyyəsi başqa cür ola da bilməzdi. Bu mənim məsuliyyətimi və özümə qarşı tələbkarlığımı daha da artırdı. 13 yaşımdan dünyanın müxtəlif ölkələrində festival və ustad dərslərində iştirak etmişəm, ancaq heç bir zaman bu qədər həyəcanlı olmamışdım. Çünki SSRİ xalq artisti, Rusiya Federasiyası Dövlət Mükafatı laureatı, Köln Konservatoriyasının professoru, sözün əsil mənasında ən güclü rus violin məktəbinin ən güclü təmsilçisinin qarşısında bacarığımı göstərəcəkdim. Bundan başqa, digər iştirakçıların bioqrafiyasını oxuduqca, bu festivaldakı iştirakçıların daha potensiallı və istedadlı olduqlarını anlayırdım. Onlarla bir səhnəni bölüşmək isə mənim üçün daha çox məsuliyyətli idi. Orada Çaykovski adına gənclərin musiqi müsabiqəsinin ilk üç qalibi, Venyavski adına müsabiqənin qalibi, "Juliard Music school”un, eyni zamanda Moskva, Berlin konservatoriyalarının tələbələri oldu.
- "Garda Lake Music Festival”ı fərqləndirən cəhətlər nələr idi?
- Mənim qatıldığım festival sayca 5-ci idi. Bu festivalın fərqliliyi ondadır ki, tədbirdə müxtəlif alətlərdə sənətkarlar konsert proqramları ilə çıxış edirdilər. Daha öncədən bizim göndərdiyimiz video baxışla sənətkarların özlərinin seçdikləri gənclərə ustad dərsləri keçirdilər. Bu dərslərdə fərqlənən gənclər ustadlarla birgə eyni səhnəni paylaşır, solo ifalar edirdilər. Bu festival tam bir musiqi bayramıdır. Çünki bu qədər böyük musiqiçiləri bir arada görüb, onları dinləmək fürsəti bizim üçün böyük şans və əsil bayram idi. Mənə görə Viktor Viktoroviç Tretyakov əsl dahi, əvəzolunmaz musiqiçidir. Onu canlı dinləmək mənim üçün böyük xoşbəxtlikdir. Ondan dərs almaq şərəfinə nail oldum. İnanın, əsl musiqiçilər nə demək istədiyimi çox yaxşı anlayarlar. Bu mənim həyatım boyunca unutmayacağım bir uğurumdur.
- Bəs necə oldu ki, belə bir festivalda iştirak etmək qərarı verdiniz?
- Mən bu festival haqqında məlumat üçün təşkilat komissiyasına yazanda, onlar mənə cavab olaraq Tretyakovun sadəcə 8 tələbə qəbul edəcəyini və onları videoları izlədikdən sonra şəxsən özünün seçəcəyini bildirdilər. Bu yazışmadan bir ay sonra "təbriklər, siz seçildiniz” məktubu alanda çox sevinmişdim.
- Oradakı musiqişünaslar, mütəxəssislər sizin ifanız haqqında hansı fikirləri səsləndirdilər?
- Festivala seçildikdən sonra müəlliməm Fatimə İdyatulinayla çox ciddi məşğul olmağa başladıq və festivala hazırlaşarkən o, paralel olaraq məni konservatoriyadakı imtahanıma da hazırladı. Hər gün saatlarla çalışmaq çox çətin idi. Amma nəticə bütün çəkdiyim əziyyətlərə dəydi. Tretyakov heyranı olduğum ifaçı kimi əlimi tutub mənə ən xoş sözlərini bildirdi. Mənim bu sənət üçün yarandığımı, Azərbaycanı dünyada ən gözəl şəkildə təmsil etmək üçün bütün xüsusiyyətlərə sahib olduğumu və bütün iştirakçılar arasında məndən xüsusilə razı qaldığını deyirdi. Bundan gözəl nə ola bilər ki? Konsert çıxışımdan sonra italyanların da diqqətini çəkə bilmişdim. Çıxışımdan sonra yaxınlaşıb, məni təbrik edir, Azərbaycan haqqında soruşurdular. Mənə təəccüblü də gəlsə, əllərimdən öpürdülər.
- Eşitdik ki, Qəbələdə keçirilən festivalda da çıxış edəcəksiniz.
- Elədir. Bu il Qəbələdə keçirilən musiqi festivalında Bakı Musiqi Akademiyasının tələbələrinin iştirakı ilə konsert olacaq. Bu konsertdə mən də iştirak edəcəm. Orada Sen–Sansdan "Rondo Capriccioso”-nu ifa edəcəm. Ümid edirəm ki, bu da böyük və maraqlı bir musiqi bayramı olacaq.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər