• cümə axşamı, 28 mart, 22:51
  • Baku Bakı 13°C

Nəsimi yaradıcılığı:insan, təbiət və kainat

17.11.19 13:00 1663
Nəsimi yaradıcılığı:insan, təbiət və kainat
Nəsimi yaradıcılığı bənzərsiz bədii fakt kimi Azərbaycan ədəbiyyatının, orta əsr Şərq poeziyasının nadir incilərindəndir. Onun ədəbi irsinin əsasında vahid dünya modeli dayanır. Bu modelin cövhəri insan, təbiət və kainatın vəhdətindən ibarətdir.
Mütəfəkkir Nəsiminin ən kamil insan konsepsiyası sevən və sevilən lirik qəhrəmanın arzu və istəklərindən təşkil olunub. Nəsiminin qəzəllərində sevən Aşiq fədakarlıq nümunəsidir. O, sələfləri ilə müqayisədə heç kəsi təkrar etmir, xələflərindən Xətayinin "Dəhnamə”sindəki sevən qəhrəmanı isə xeyli qabaqlayır. Nəsimidə sevən aşiq məqsədində ardıcıldır, bütün maneələri dəf edə bilir, eyni zamanda, heç vaxt vədinə xilaf çıxmır. Amma sevgilisinə yaxınlaşdıqca ondan daha da uzaqlaşır, bu, Tanrı işidir, deyəsən, onun özü də qovuşmaq istəmir. Aşiq müqəddəsliyin itməsindən narahatdır, sevgi duyğusunun tükənməsindən qorxur.
Nəsimi yaradıcılığında Aşiqin sevgilisi dünya gözəlidir, siz ona Aşiqin, ya da elə Nəsiminin gözü ilə baxın:
Səni bu hüsni-camal ilə, bu lütf ilə görən,
Qorхdular həq dеməyə, döndülər insan dеdilər.
Bu gözəlin bir yerdə eybi yoxdur, ay və günəş onun ayaqlarına düşür, ondan utanır.
Nəsiminin sevən və sevilən kamil insanı təbiətlə vəhdətdədir. Mütəfəkkir şairin yaradıcılığında insan və təbiət münasibətlərinin harmoniyası xüsusi yer tutduğuna görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Nəsiminin 650 illik yubileyi münasibətilə bir gündə respublikamızda 650 min ağac əkilməsi böyük şairin xatirəsinin bu kontekstdə genişmiqyaslı, yaddaqalan tədbirlə əbədiləşdirilməsi ölkəmizin yaşıl, çiçəklənən diyara çevrilməsinə, ətraf mühitin sağlamlaşdırılmasına verilən dəyərli töhfədir.
Nəsimi yaradıcılığında kamil insan təbiəti dəyərləndirmək intellektini həmişə təkmilləşdirir. Bülbülün yerinin gülüstan olduğunu bilir. Lalə, nərgiz, bənövşənin bəzədiyi çəmən insanın ruhunun şəklidir. Nəsiminin qəzəllərində təbiət gözəldir, füsunkardır, sevən və sevilənin qəlbini oxşayır. Aşiq öz sevgilisini təbibim, loğmanım, dinim, imanım adlandırmaqla yanaşı:
Bənövşəm, sünbülüm, vərdim, rəyahim, zanbağım, laləm,
Əbirim, ənbərim, udum, gülüm, qönçəm, gülüstanım.
– deyə şərəfləndirir. Böyük söz ustasının kamil insanı təbiətin içindədir, təbiət də onun qəlbinə hopmuşdur.
Nəsiminin təbiəti duyan kamil insanı hissinin əsiri deyil, o, həm də əql, düşüncə adamıdır. Harada lirik qəhrəman cəmiyyət, təbiətə və insana ağlının gözü ilə baxır, o yerdə həmin qəhrəman elə Nəsimi özüdür. Ona görə ki, Nəsiminin qəzəlləri yalnız hissin deyil, eyni zamanda ağılın təntənəsidir. Əgər belə olmasaydı, həmin qəzəllərin elmi yükü də bir o qədər görünməzdi. Nəsiminin qəzəllərinin bədii keyfiyyətləri onun elmi təfəkkürünə də borcludur. Bu təfəkkür Nəsimi yaradıcılığına insanın kainatla vəhdətinin təsdiqini gətirmişdir:
Nəsiminin məkanı laməkandır.
Bu, kainatın sonsuzluğu haqqında olan bilgidir.
Nəsimi XIV-XV əsrlərin şairidir. Nəsiminin yaşadığı dövrdə Kopernik heliosentrik nəzəriyyəsini kəşf etməmişdi, Qaliley və Nyuton isə hələ doğulmamışdılar. Amma Nəsrəddin Tusi öz ömrünü çoxdan yaşamışdı və teleskop da bəlli idi. Orta əsrlərdə kainatı teleskopla yenidən dərk etmək imkanı yaranmışdı və dərk edildi də. Nəsimi isə bütün alimlərdən fərqli olaraq kainata teleskopla yox, qəlbinin gözü ilə baxdı:
Meraca çıxdı ruhi-Nəsimi Buraq ilə.
Bu, peyğəmbərlik iddiası, yaxud da kainata meydan oxumaq deyil. Öz hərəkəti ilə kainatın hərəkətini uzlaşdırmaqdır. Nəsimi insanın, təbiətin və kainatın harmoniyasını hərəkətdə gördü və özünün ən ali prinsipini elan etdi:
Dünya duracaq yer deyil, ey can, səfər eylə.
Bu, Nəsimi sözünün meraca çıxması və yeni söz sahibliyi idi, onu dar ağacına aparan da məhz yeni söz sahibliyi oldu.
Kamran ƏLİYEV
AMEA-nın müxbir üzvü,
Əməkdar elm xadimi


banner

Oxşar Xəbərlər