• cümə axşamı, 25 aprel, 05:55
  • Baku Bakı 19°C

“Nəsimi xalqımızın milli-mədəni sərvətidir”

16.10.19 18:19 1079
“Nəsimi xalqımızın milli-mədəni sərvətidir”
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik konfransının keçirilməsi ilə bağlı layihə üzrə seminar təşkil olundu. Seminarı AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev giriş nitqiylə açıq elan edərək, gələn qonaqları salamladı. K.Əliyev qeyd etdi ki, bugünkü seminar noyabr ayında keçiriləcək "İmadəddin Nəsimi və folklor” adlı respublika elmi-praktik konfransına bir növ hazırlıqdır: "Biz bura ona görə toplaşmışıq ki, konfransda müzakirə olunacaq məsələləri, mövzuları əvvəlcədən danışaq, veriləcək təklifləri dinləyək. Düşünürəm ki, bu cür toplantı konfransın xeyrinədir”.
Kamran Əliyev ilk olaraq sözü AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fidan Qasımovaya verdi. O, respublika elmi-praktik konfransına hazırlığın vəziyyəti barədə çıxış etdi. Daha sonra Fidan xanım 2019-cu il – "Nəsimi ili”ndə bütün respublika üzrə keçirilmiş bir sıra tədbirlərdən, onların mahiyyətindən danışdı. Bu konfransın da həmin tədbirlərin bir davamı olduğunu bildirdi: "İmadəddin Nəsimiylə bağlı nə qədər danışsaq da, yazsaq da, yenə azdır. Hesab edirəm ki, onun yaradıcılığı yenə də araşdırılmalı, öyrənilməlidir”. Daha sonra natiq seçilmiş məruzələrdən danışdı. Məruzələrin müxtəlif universitetlərdən qəbul olunduğunu qeyd edən Fidan xanım, bu işə tələbələrin, magistrların da qatıldığını, bu konfransın onların gələcək həyatında böyük əhəmiyyət kəsb edəcəyini vurğuladı: "Konfransa müxtəlif mövzularda məruzələr qəbul olunub. Mən onlardan bir neçəsinin adını çəkmək istərdim: Akademiyanın müxbir üzvü Kamran Əliyevin "Folklorumuzda mifologizmlərin Nəsimi şeirinin poetikasına təsiri”, professor Səhər Orucovanın "Nəsimi yaradıcılığında rəqəmlərin sirri” və sair. Bu mövzularla tanışlıq zamanı bizə aydın oldu ki, Nəsimi ancaq bir istiqamətdə deyil, müxtəlif tərəflərdən araşdırılıb. Bu çox sevindirici haldır”.
Daha sonra seminarda AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat” şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytac Abasova çıxış üçün söz aldı. Aytac xanım folklorla bağlı Nəsimi qəzəlləri və musiqi mövzusunda danışdı. "Biz həmişə Nəsimi adını çəkdikdə, adətən onun fəlsəfi ideyalarını düşünürük, lirikasını xatırlayırıq. Amma bu gün bizim araşdırmalarımız daha fərqli, yeni bir formada özünü göstərir. Mənim məruzəm "Nəsimi və musiqi”dir. Biz araşdırdıqca görürük ki, misraların sətiraltısında həm humanitar, həm elmi, həm də fəlsəfi fikirlər var. Onun dahi bir insan olduğuna əmin oluruq. Elm adamlarının araşdırmaları göstərir ki, o həm də xalq yaradıcılığının yaxşı bilicisi olmuş və bu biliklərini qəzəllərində istifadə etmişdir. Nəsimi yaradıcılığında folklordan başqa, bir musiqi duyumu da var”. Aytac xanım on beş muğam adının Nəsiminin qəzəllərində keçməsindən, onun muğamın şöbələrindən, pərdələrdən, zəngulələrdən danışmasından və xüsusilə də sazın adının çəkilməsindən danışdı. Qeyd etdi ki, UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınan saz bizim xalq musiqi aləti olduğu kimi, Nəsimi də bizim xalqımızın özünə məxsus olan milli-mədəni sərvətidir. Onu sevib, qoruyub, indiyə qədər olduğu kimi, bundan sonra da nəsillərdən-nəsillərə ötürməliyik.
Seminarın davamında çıxış üçün söz Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Zülfüqarovaya verildi: "Nəsimi elə bir dahi şəxsiyyətdir ki, bütün türk elləri onu özününküləşdirib. Nəsimi yeganə şairdir ki, həyatı, yaradıcılığı əfsanəyə çevrilib. Onun haqqında çoxlu rəvayətlər qoşulub. Rəvayətləri də, bildiyiniz kimi, xalq ancaq sevdiyi adamlara qoşur. Mən düşünürəm ki, Nəsimi həddindən artıq sevilən bir sənətkardır”. Daha sonra Aygün xanım İmaddədin Nəsimi, folklor və orta məktəbdə tədrisi məsələləri barədə geniş danışdı. Bu baxımdan bir sıra problemlərin olduğunu dedi. Müəllim qeyd etdi ki, orta məktəb dərsliklərinə mütləq şəkildə Nəsimini qavramağa, öyrənməyə, onu daha yaxından tanımağa, sevməyə vasitə və vəsilə ola biləcək qəzəlləri salınmalıdır: "Onun axıcı, rəvan, diləyatan beytləri, rahatca yadda qalan gözəl qəzəlləri çoxdur. Qəzəl seçimində məhz bu cür – məktəblilərin rahat anlaya biləcəyi, oxuyanda anlaşılan qəzəllərə üstünlük verilməlidir”.
Daha sonra çıxış edən şair İslam Sadıq Nəsimi yaradıcılığından danışdı: "Nəsimi yaradıcılığı elə zəngin bir xəzinədir ki, onu oxuduqca oxumaq, öyrəndikcə öyrənmək, araşdırdıqca araşdırmaq, çözələdikcə çözələmək lazımdır. Niyə? Çünki Nəsimi şeirlərindəki hər sualdan təzə bir sual doğur. Hər sirrin içindən bir sirr boylanır. Və biz də çalışırıq ki, bu sualların cavabını tapaq, sirləri açaq. Ona görə də bu il biz şahidi oluruq ki, doğrudan da Nəsimi yaradıcılığıyla bağlı çox geniş, əhatəli şəkildə araşdırmalar aparıldı. Ona görə də mən Nəsimi yaradıcılığını araşdıranlara bu sualların cavabını tapmaq, sirləri açmaq arzusu ilə uğurlar arzu edirəm”.
Seminarda Laçın rayon M.Səfərov adına Qozlu kənd tam orta məktəbinin X sinif şagirdləri də iştirak edirdilər. Şagirdlər hazırladıqları "Kimdir Nəsimi?!” adlı ədəbi-bədii kompozisiyanı seminar iştirakçılarına təqdim etdilər. Kompozisiya zamanı şagirdlərdən birinin tarda ifasının müşayiəti ilə Nəsiminin "Hardasan?!”, "Mənəm mən”, "Yanaram”, "Etməgil”, "Ağrımaz”, "Sığmazam” adlı qəzəlləri digər şagirdlərin ifasında səsləndi. Qeyd edək ki, uşaqlar şeirləri çox böyük şövq və sevgiylə deyir, tarın həzin səsi isə onlara xüsusi bir gözəllik, həzinlik qatırdı. Əslində, onların Nəsimi dünyasına bu yaradıcı münasibəti daxillərindəki sevginin, ehtiramın böyük göstəricisidir.
Seminarın sonunda kompozisiyanı təqdim edən məktəblilərə təşəkkürnamələr verildi.

Xanım Aydın



banner

Oxşar Xəbərlər