• cümə axşamı, 28 mart, 14:03
  • Baku Bakı 16°C

“Nəsimi Passion” tamaşasının premyerasında Nəsimi obrazını canlandıracaq müğənni

24.12.19 11:30 1043
“Nəsimi Passion” tamaşasının premyerasında Nəsimi obrazını canlandıracaq müğənni
Taleh Yəhyayev: "Fidan Hacıyeva, Samir Cəfərov, Fərid Əliyev, İnarə Babayeva kimi tanınmış opera ifaçıları ilə bir səhnədə çıxış etmək, mənim üçün böyük fəxrdir”

Gənc yaşlarından çoxsaylı uğurlara imza atan, böyük səhnələrdə musiqi mədəniyyətimizi təbliğ edən, Heydər Əliyev fondunun "Gənclər mükafatı”nın "Ən gənc opera ifaçısı” adına layiq görülən, beynəlxalq müsabiqələr laureatı Taleh Yəhyayev Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) məzunu, "Solo oxuma və opera hazırlığı” kafedrasının dosenti Sevda Məmmədovanın sinfini bitirib və Azərbaycan Respublikasının Xalq artistləri Fidan və Xuraman Qasımovalardan, Vittoria Lucia (İtaliya), Tom Kraus (Finlandiya), Yelene Obratsova, Karneliya fon Korsanburq, Teymuraz Quqişvili, Larisa Borisovna, Lyuba Stuçevskaya kimi tanınmış pedaqoq və professorlardan ustad dərsləri alıb.
Taleh Yəhyayev bir çox xarici ölkələrdə - Almaniya, Macarıstan, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Rusiya, Çexiya, Qazaxıstanda keçirilən festivallarda, müsabiqələrdə tanınmışdirijorlarla birgə çıxış edərək? iki qızıl medal qazanıb. 2015-ci ildə Yunanıstanda keçirilən beynəlxalq müsabiqədə "Qran pri” mükafatına layiq görülüb. Həmçinin "Ü.Hacıbəyli”, "Mstislav Rostropoviç”, "Qəbələ”, "İpək yolu” və digər Beynəlxalq musiqi festivallarının daimi iştirakçısıdır. 2016-cı ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Azərbaycan Dövlət Televiziyasının və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının ən gənc solistidir.
- Gənc ifaçı üçün repertuar seçimi nə dərəcədə önəmli və vacibdir?
- Repertuarım, demək olar ki, kifayət qədər zəngindir. Belə ki, Ü.Hacıbəylinin "Koroğlu”, "Leyli və Məcnun”, "Əsli və Kərəm”, Z.Hacıbəyovun "Aşıq Qərib”, F.Əmirovun "Sevil”, R.Mustafayevin "Vaqif”, C.Cahangirovun "Xanəndənin taleyi”, G.Puççini "Manon Lesko”, P.Maskaninin "Kənd namusu” operalarında ifa etmişəm.
- Bəs ifa etmək arzusunda olduğunuz opera hansıdır?
- C.Verdinin "Riqoletto” operası... Amma yaşım az olduğu üçün düşünürəm ki, bu operanı ifa etmək mənim üçün hələ tezdir.
- Bəyəndiyiniz vokal ifaçı kimdir? Ümumiyyətlə, professional cəhətdən bəhrələnmək üçün kimi
dinləyirsiniz, axı bu gün bunun üçün geniş imkanlar var?
- Bir neçə vokal ifaçılarının adlarını çəkə bilərəm. Müslüm Maqomayev, Fidan və Xuraman Qasımovalar, Renato Brusson, George Zankanaro, Yelena Obratsova. Onlara qulaq asanda çox şeyləri əxz edirəm.
- Hansı opera bəstəkarlarının əsərlərini sevə-sevə ifa edirsiniz?
- Üzeyir Hacıbəyli, Fikrət Əmirov, V.A.Mozart, Cuzeppe Verdi, Pietro Maskani ən çox sevdiyim opera bəstəkarlarıdırlar.
- Bilirik ki, bu yaxınlarda "Trubadur” operası səhnəyə qoyulmuşdu. Bu tamaşada hansı obrazı canlandırdınız?
- Görkəmli İtalyan bəstəkarı Cüzeppe Verdinin "Trubadur” operası bəstəkarın 29 günə yazdığı dünyaca məşhur bir əsərdir. 4 pərdəli bu operanın librettosunu Salvatore Kammarano tanınmış ispan dramaturqu Antonio Qarsia Quterresin eyniadlı əsəri əsasında yazmışdır. Noyabrın 30-u Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan "Trubadur” operasının dirijoru Əməkdar artist Əyyub Quliyev, rejissoru Hafiz Quliyev idi. Bu operada qraf di Luna obrazını canlandırırdım. Qeyd edim ki, bu obrazı canlandıran ən gənc ifaçıyam. Buna görə,
özümdə böyük məsuliyyət hiss edərək, çox həssaslıqla yanaşdım bu obraza və düşünürəm ki, öhdəsindən gələ bildim. Daima gnclərə böyük dəstəyinə və akademik səhnədə bizə yaratdığı şəraitə görə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, Əməkdar incəsənət xadimi Akif Məlikov cənablarına və bütün işçi heyətinə dərin təşəkkürümü bildirirəm.
- Bu ay "Viva Opera” qala konserti baş tutmuşdu, mümkündürsə, oradakı çıxışınızdan və bütövlükdə, tədbirdən danışın?
- 2019-cu il 7 dekabr tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin "Viva Opera” adlı möhtəşəm qala konserti keçirildi. Konsertdə Jorj Bizenin "Karmen” operasından "Eskamilyonun kupletləri”ni ifa etdim. Çox uğurlu və tamaşaçılar tərəfindən maraqla qarşılanan bir konsert oldu. Fidan Hacıyeva, Samir Cəfərov, Fərid Əliyev, İnarə Babayeva kimi tanınmış opera ifaçılarımız ilə bir səhnədə çıxış etmək mənim üçün böyük fəxrdir.
- Yaxın gələcəkdə tamaşaçıların qarşısına hansı yeni obrazda çıxacaqsınız, yaradıcı planlarınızı bizimlə bölüşə bilərsinizmi?
- Bəli, yeni bir tamaşanın premyerasına hazırlaşırıq. Artıq iki aydır ki, gərgin məşq prosesləri gedir. Məlumdur ki, bu il dahi şair Nəsiminin 650 illiyi ölkəmizdə müxtəlif tədbir və konsertlərlə qeyd olunur. Bu münasibətlə "Nəsimi ili”nin yekunu olaraq, cənab prezident İlham Əliyevin tapşırığı ilə 2019-cu il dekabr ayının 27-də Heydər Əliyev adına sarayda tanınmış bəstəkar Firəngiz Əlizadənin Nəsimiyə həsr olunan "Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerası olacaq. Qeyd etmək istərdim ki, "Nəsimi Passion” vokal-xoreoqrafik tamaşasının premyerasında Nəsimi obrazını Azərbaycanda ilk dəfə olaraq mən canlandıracağam. Tamaşanın rejissorluğu isə Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən Rusiyanın xalq artisti, quruluşçu rejissor, professor Edvald Semirnova həvalə edilib.
BMA-nın Mətbuat xidmətinin əməkdaşı,
musiqişünas Ofelya İsgəndərova
banner

Oxşar Xəbərlər